XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

03 May 2020 - 04:30

RUSİYANIN SİYASİ HƏYATINDA ÇALXALANMA BAŞLAYIB:Putin hakimiyyətdaxili qrupların mübarizəsinə nəzarəti saxlaya biləcəkmi? - TƏHLİL

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, 02 may 2020-ci il

 

Baş nazir Mişustinin koronavirusa yoluxma xəbəri rəsmi Moskvanın arxa səhnəsində dedi-qoduların səslənməsinə rəvac verib.

Normalda, bu, hər zaman olur: qeyri-şəffaf cəmiyyətlərdə xırda hadisələr yayılan şayiə və söz-söhbətlərlə bir qədər də zənginləşdirilir.

Rusiyada pandemiyasonrası siyasi gərginliyin səhnədə yer tutması diqqətdən kənar qalmayacaq qədər önəmli məsələdir. Səbəbi bəllidir. Virus isə bəhanədir. Putinin konstitusiyaya dəyişiklik arzusu, iqtisadi zəiflik, embarqolar Rusiyada təbii olmayan yollarla siyasi dəyişiklik istəyini alovlandırıb.

Bu barədə Rusiyanın tarixinə nəzər saldıqda, mənzərəni daha açıq görmək olur. İstər keçmişdə olsun, istərsə də yaxın siyasi tarixdə – dövlət başındakı fiqurlar ya təbii xəstəlik, qocalıq kimi hallarda oyundan xaric edilib, ya da dominant ittifaqlar tərəfindən iflic vəziyyətinə salınıb. Leninin öldürülməsi, Stalinin hakimiyyətə gəlişi, Stalinin ölümündən sonra Xruşşovun gətirilməsi və nəhayət, Qorbaçovun gətirilməsi, sonra isə istefası kimi məsələləri misal çəkə bilərik.

İndi Putin Rusiyasında zəngin oliqarxların ortaya çıxması və hakimiyyətə can atan komandaların sayı artıb. Pulu həddindən artıq olan siyasi qüvvələr Putinin ömrünün sonunadək hakimiyyətdə qalma istəyinə qarşı çıxmağa, uzun zamandan bəri, fürsət axtarırdılar. Virusun gəlişi bu siyasi qüvvələrə əlverişli zəmin yaratmış olub.

Moskvada yayılan dedi-qodulara görə, Mişustinin xəstəlik xəbərləri də elə bu yeni siyasi dizaynın bir hissəsidir.

Burada iki versiya var – ya Mişustin bu siyasi komandaların dizaynında tərəf seçməkdən kənara çəkilib, ya da hakimiyyət daxilindəki qüvvələrin təhdidi ilə oyundan kənarlaşması istənilib. Başqa sözlə, indi Mişustinin xəstəliyi mövzusuna təbii baxa bilməyən Rusiya gerçəyi müzakirə məsələdir. Bunun da yeganə səbəbi ortada şəffaf mənzərənin olmamasındadır.

İndi isə Şimali Qafqazdan Moskvadakı siyasi seçimlərə münasibət sərgilənəcək. Pandemiyasonrası siyasi zəminin necə olacağı və Putinin bu vəziyyəti idarə edib-edə bilməyəcəyi Rusiyanın gələcəyini formalaşdıracaq önəmli prosesdir.

“Güc nazirləri” ifadəsi keçmiş sovet ölkələrində əhəmiyyətli ifadələrdəndir. Yəni, söhbət silahı, ordusu olan güc strukturlarından, nazirliklərdən gedir. Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik kimi güc nazirliklərinin baş verən hadisələrə münasibətində hər zaman həlledici rol mövcuddur.

Yayılan məlumatlara əsaslansaq, bu siyasi qruplarda da fikir ayrılıqlarının olduğunu görə bilərik.

Təbii ki, müxalif səsləri həmişə dövlətdaxili qüvvələrin yönləndirməsi gerçəyini də bir kənara qoymaq olmaz. Ən azından, bu, Rusiyada həmişə belə olub. Uzun müddət hakimiyyətdə qalmağın və bu müddət ərzində, Putin istisna olmaqla, digər siyasi fiqurların da zənginləşməsi kütlənin bir çox təbəqələri arasında onların nüfuzlu söz sahiblərinə çevrilməsini şərtləndirib. Məsələn, Müdafiə naziri Sergey Şoyqu kimi hərbi-siyasi fiqurların bu ərəfədə hansı yolu tutacaqları Rusiyanın gələcək siyasi rəngini formalaşdıracaq amillərdəndir. Eyni zamanda, Moskva meri Sergey Sobyaninin siyasi fiqur kimi səhnəyə gəlməsi və ya gətirilməsi də dövlət daxilində necə dərin qrupların işlədiyindən xəbər verir.

Bütün bunlar baş verdiyi bir vaxtda, ABŞ-la münasibətlərin yaranması, birlikdə hansısa işlərin planlaşdırılması da yayılan dedi-qodular sırasındadır.

Bəli, tarixə nəzər salmadan, siyasi vəziyyəti şərh etmək mümkün deyil! Tarix təkrarlardan, oxşar situasiyalardan ibarətdir. Rusiya cəmiyyəti başqa cəmiyyətlərlə müqayisə edilməyəcək dərəcədə ayıqdır. Unutmamalıyıq ki, ruslar asanlıqla yoldan çıxarılacaq millət də deyillər. Ancaq yoldan çıxarılsalar, nəticənin necə dəyişəcəyini hər birimiz görəcəyik. Söhbət oxuyan, araşdıran, təhlil edən bir cəmiyyətdən gedir – daxili azadlığı yüksək olan, çarlardan, prezidentlərdən qorxmayan xarakterə malik bir xalqdan.

Sevmək məcburiyyətindədirlər. Sevgisini və etibarını itirərsə, hakimiyyət daxilindəki güclərin hərəkətə keçməsi ilə xaricdə olan gücü hərəkətə gətirmək Rusiyada asandır.

Bir sözlə, Rusiyada daxili dinamika oynamağa başlayıb. Koronavirusla yanaşı, dövlət daxilindəki qüvvələr də bu daşları hərəkət etdirməyə başlayıblar. Putinin nəzarəti ələ alıb-ala bilməyəcəyi, Şimali Qafqaz və Tatarıstanın kimin yanında yer tutacağı, erməni və yəhudi lobbisinin kimə meyl göstərəcəyi isə pandemiyasonrası Rusiyanın yeni mənzərəsini formalaşdıracaq.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə