XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 17:08

POSTNEFT DÖVRÜ ÜÇÜN MOLLA NƏSRƏDDİN LƏTİFƏSİ:YAP-ı utandıra bilməyən icra başçıları və 8 ildir icra olunmayan fərman...

Əziz RZAZADƏ

Strateq.az

 

Deyir, günlərin bir günü, bir kasıb kişi aşxananın yanından keçirmiş. Qazandan yüksələn yemək ətri onu iştahaya gətirir. Torbasından bir parça çörəyi götürüb qazandan qalxan buğa sarı uzadır, sonra da yeyir. Aşxana sahibi kişinin yaxasından tutub deyir ki: “Qazanımdan çıxan buğdan istifadə etdiyin üçün pul verməlisən!”

Camaat hay-küyə toplaşıb mübahisəyə şahid olur. Bu zaman yoldan keçən Bəhlul Danəndə də, istər-istəməz, hakim vəzifəsini öhdəsinə götürür.

Bəhlul Danəndə: “Bu adam bişirdiyin yeməyi yeyibmi?”

Aşpaz: “Xeyr, amma qazanın buğundan istifadə edib”.

Bəhlul cibindən bir neçə gümüş sikkə çıxarıb yerə atır və aşpaza deyir: “Pulun səsini eşitdin?”

Aşpaz: “Bəli”.

“Yemək qoxusunun haqqını istəyən aşpaz müştərisindən ancaq pulun səsini ala bilər”.

Bu ibrətamiz əhvalatın təbdilində yoxsul kişi – sıravi azərbaycanlılar, aşpaz – Azərbaycan hökumətidir. Sizi bilmirəm, mənim gözümdə belə görünür. Sadəcə, mübahisəmizi çözəcək zəmanəmizin Bəhlul Danəndəsi, yəni, tərəfsiz hakimi yoxdur.

PostCOVİD-19 dövrünə dair indidən çoxsaylı ehtimallar, fərziyələr, proqnozlar verilir. Əslində, qlobal iqtisadiyyatın hələ pandemiyadan əvvəl Böyük Tənəzzülə qədəm qoyduğu bəlli idi, gələcək onilliyin ABŞ-Çin qarşıdurması ilə yadda qalacağı da.

Bizə, eləcə də mənə bir köynəkdən də yaxın məsələ budur: “…biz postneft dövrünə hazırlaşmalıyıq və əslində postneft dövrü artıq göz qabağındadır”.

Qısa və daha aydın olsun deyə, düşündüyüm budur: postkoronavirus dövründə necə yaşayacağıq?

Neçə illərdir Cənubi Qafqazın digər dövlətlərinə göz dağı verərək qürrələndiyimiz neftin qiyməti dəyərini itirir, deməli, büdcəmizi yarısını təşkil edən neft gəlirlərinə də daha arxayın olmağa dəyməz. “Əsrin müqaviləsi”ndə iştirak edən 2 xarici şirkətin paylarını sataraq Azərbaycandan getməsi də çətin zamanlara işarədir. Rəsmi Bakı ilk dəfə “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində neft hasilatını azaltmaq üçün BP şirkətinə müraciət edib. Apreldə xam neft-qaz satışından bütün gəlirlər cəmi 212 milyon dollar olub. Yəni görünən kəndə bələdçi lazım deyil, bundan sonra vəziyyətin necə olacağını və çıxış yollarını düşünməliyik.

Amma belə məlum olur ki, hökumət sosial-iqtisadi sektordan ciddi şəkildə narahatlıq keçirsə də, hakim partiyada təlaşı duyan yoxdur. Deputat Pərvin Kərimzadə deyir ki: “Koronavirus pandemiyası sabit və dayanıqlı iqtisadiyyatı olan dövlətimizin qarşısında əlacsız qalıb”.

Halbuki bunu mən yox, iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: “Azərbaycan iqtisadiyyatı karantin rejiminə görə gündəlik 120-150 milyon manat itirir”.

Pərvin Kərimzadəyə xatırladım: Azərbaycanda martın 24-dən başlayan xüsusi karantin rejimi mayın 31-dək uzadılıb. İndi məlum müddəti gündəlik 150 milyon manata vursun…

Başqa bir deputat – İlham Məmmədov da, həmkarı kimi, buğda yeyib cənnətdən çıxmış kimi görünür: “Azərbaycan pandemiyaya qarşı mübarizədə dünyaya bir nümunə təqdim edib”.

O hansı nümunədir, görən? Yəqin, İlham Məmmədovun xəbəri yoxdur ki, BMT-nin hesabatında pandemiyaya hazırlıq məsələsində 189 ölkə arasında Azərbaycan son sıralardadır, hətta Ekvadordan da geri qalır! COVID-19-a yoluxmadan ölmüş, sahibsiz meyitlərin küçəyə qoyulduğu Ekvadordan!

Ümumiyyətlə, diqqət yetirsəniz, artıq başlamış postkoronavirus, postneft dövründə yeni siyasət yürüdən dövlət başçısı ilə hakim partiya təmsilçilərin ritorikasında üst-üstə düşməyən xeyli məqam var. Dövlət başçısı ilə ayaqlaşa bilmirlər. Bir addım irəli, iki addım geri.

Prezident isə son nitqində postneft dövrünün sosial-iqtisadi vəzifələrini sadalamaqla bərabər, cəmiyyətdə siyasi qütbləşmənin aradan qaldırılması yönündə atılacaq addımları sıralayıb: “Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq, demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq öz müsbət münasibətini bildiriblər. Beləliklə, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaq… Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir”.

Bunun qarşılığı olaraq, YAP-da eyni ahəngin hakim olacağı gözlənilirdi. Təəssüf ki, Yeni Azərbaycanın təmsilçiləri hələ də “əcinnə ovu”nu davam etdirirlər. Mən YAP-çı deputat Afət Həsənovanın “…son dövrlərdə dövlət başçısının tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçılarının həbs edilməsi, o cümlədən digər yüksək rütbəli məmurlarının korrupsiya cinayətlərinin ifşa edilməsi korrupsiyaya qarşı mübarizənin nə qədər ciddi olmasını göstərir” – açıqlamasını şübhəyə almaq niyyəti güdmürəm. Amma Afət Həsənovanın həbs olunan icra başçılarının müxalifətçi deyil, məhz hakim patiyanın üzvü olmalarını xatırlaması yaxşı olardı.

TV-də göstərilən videoda günün antiqəhrəmanı Mahir Quliyev öz əməlləri barədə: “Çox utanıram!” – deyəndə, YAP-çı deputatların nə düşündüyünü bilmək istərdim.

Deputat Cavanşir Feyziyev lap bu yaxınlarda demişdi: “Siyasət utananlar üçün deyil”. Eləsə, hakim partiya bu “utancaq” keçmiş başçını siyasətə niyə gətirib?

Əsas məsələ: məsləkdaşları bu “utancaq” sabiq başçıya görə utanırmı? Əgər utanmırlarsa, “çox peşmanıq” demirlərsə, biz, sıravi vətəndaşlar ümumən bütün YAP-çılar haqqında nə düşünməliyik? Axı bu partiyanın üzvləri, rəsmi açıqlamanıza görə, 700 min nəfərdir!

Normal ölkələrdə iqtidar partiyaları təqsirkarı sıralarından çıxarmaqla bərabər, həm də ictimaiyyət qarşısında üzr istəyir…

Sözgəlişi: bəzi həmkarlarım Koronavirusla Mübarizəyə Dəstək Fonduna kiçik ianələrinə görə oliqarx kimi tanınan keçmiş nazirləri hədəfə alıblar. Yada salım, sizdən çox-çox əvvəl, 2019-cu ilin sentyabrında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov da onları yıxıb-sürümüşdü: Mən konkretləşdirmək istəmirəm. Amma keçmişdə nazir vəzifəsində işləyiblər, yerinə yeniləri gəlib, onları nəzərdə tuturam… Aralarında YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də. Mən onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam!”

Siyavuş Novruzovun özü də, məncə, mövqe sərgiləməkdə çox gecikib. Bunu ən azı 3 baş nazirin – Artur Rasizadə, Novruz Məmmədov və Əli Əsədovun parlamentə hesabatı zamanı etməli idi. Sadə bir sualla: “Nazirlər Kabineti məmurların gəlir bəyannaməsinin vahid formasını niyə təsdiqləmir?”

Başqa sözlə, “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” Qanun (2005-ci il) və məmurların gəlir bəyannamələrinin elektron formada tətbiq edilməsi haqqında Prezidentin 8 ildir imzaladığı fərman niyə icra olunmur???

Elə çıxmasın ki, ətəyimə yığdığım bütün daşları iqtidar səngərinə atmaq üçün toplamışam. Yox, müxalifətin ünvanına deyiləcək sərt sözlər, iradlar da yetərincədir.

Mən Əli Kərimli ilə bir məsələ də razıyam ki, “müxalifəti iqtidar deyil, hakimiyyətdən narazı olan xalq seçir”. Amma hakimiyyətdən narazı qüvvə bolşevizmə yuvarlanıb “iqtidara gəlməliyik, vəssalam”, – deyə tutduğundan dönmürsə, ən əsası da ortaya hazırkı vəziyyətdən çıxış yolunu əks etdirən heç bir konseptual sənəd qoymursa, xalqın da etimadını geri çəkmək (söhbət AXCP-dən yox, ümumən müxalifətdən gedir), yəni, yeni müxalifət aramaq haqqı var.

Həqiqət budur ki, müxalifətin intellektual bazası çox-çox seyrəlib. İndi bir çox keçmiş siyasətçilər bitərəftək sosial şəbəkələrdə təkliflərini müntəzəm bölüşən ekspertlər rolunda çıxış edir. O cümlədən sağlam təhlilləri ilə seçilən Qubad İbadoğlu.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin də haqqı verilməlidir. İqtidarın dialoq təklifindən sonra “Demokratiyaya “yumşaq” keçid strategiyası” adlı konkret sənəd təqdim etmiş yeganə partiya rəhbəri odur.

Bəs qalanları? O cümlədən Milli Məclisdə təmsil olunan sistem müxalifəti? Xüsusi dəvət gözləyirlər?

…Deyir, bir gün Molla Nəsrəddin çağrılmamış məclisə təşrif gətirir. Ev sahibi deyir ki, axı mən səni dəvət etməmişdim. Molla cavab verir: “Ev sahibi dəvət etməyə bilər, amma mən vəzifəmi yaxşı bilirəm”.




Yuxarı Əvvələ Ana Səhifə