XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 18:09

SURİYA REJİMİNİN “PUL KİSƏSİ” ƏSMA ƏSƏDİN HƏDƏFİNDƏ…- Birinci ledi Bəşər Əsədin milyarder "qardaşını" niyə çökdürür?

Suriya elitasının nüfuzlu qrupları arasında qarşıdurma kəskinləşir. Bəşər Əsədin dayısı oğlu – Suriyanın ən varlı (sərvətinin 5 milyard dollar olduğu deyilir- red.) iş adamlarından olan Rami Maxluf son bir həftədə iki dəfə Dəməşqdəki hökumətə videomüraciət ünvanlayıb. Maxluf bu müraciətlərlə həm də Əsədlə konflikt yaşadığını, prezident sarayına birbaşa çıxış imkanının olmadığını nümayiş etdirimiş olub.

Bir neçə gün əvvəl yayılan birinci videomüraciətdə Maxluf bildirmişdi ki, Ramazan ayı münasibətilə həyata keçirmək istədiyi xeyriyyəçilik fəaliyyətinə görə ciddi təhdidlərlə üzləşib. “Hər şey nəzarətdən çıxıb. Ehtiyacı olanlara yardım təklif etməyə cəsarət etdiyimiz və “Əl-Bustan” fondunun maliyyələşdirildiyini elan etdiyimiz üçün təhdidlər alırıq”, – deyə Maxlufun ilk müraciətində deyilir.

İddialara görə, Maxlufa aid olan bu fondun əslində xeyriyyəçiliklə az əlaqəsi olub. Təşkilatın himayəsi altında Suriya hökumətinin maraqlarına xidmət edən hərbi qanad mövcuddur. Lakin son vaxtlar təşkilat ciddi problemlər yaşamağa başlayıb. “Daha çox qrant təklif etdikcə, daha çox lənət alırıq. Bunun səbəbi nədir?”, – Maxluf sual edib.

Əslində iş adamının narazılığı təkcə “Əl-Bustan”la bağlı deyil. Səudiyyə mətbuatının yazdığına görə, hökumət Maxlufa qarşı Suriya Mərkəzi Bankına milyonlarla dollar ödəməyə və ölkəni iflasdan qurtarmağa məcbur etmək səyləri çərçivəsində kampaniya başladıb. Zərbəyə məruz qalanlar arasında Maxlufun Suriyanın ən böyük telekommunikasiya şirkəti olan “Syriatel”dəki aktivləri də var.

Rami Maxluf

Bu yaxınlarda Suriyanın dövlət telekommunikasiya və poçt xidməti Maxlufa bağlı olan mobil operator şirkətlərinə dövlətin xeyrinə təqribən 456 milyon dollar cərimə ödəməli olduqlarını bildirib. Həm “Syriatel”, həm də MTN bu cəriməni mayın 5-dək ödəməlidir.

Ötən həftə isə Suriya Maliyyə Nazirliyi Beyrutda Maxlufa məxsus, neft və qaz nəqli ilə məşğul olan şirkətin (“Abar Petroleum Service”) aktivlərinə həbs qoyub. Rəsmi Dəməşq şirkətin gömrük qaydalarını pozduğunu iddia edib.

Gələk, ikinci videomüraciətə. “Facebook” səhifəsində yaydığı bu müraciətdə Rami Maxluf bəyan edib ki, rəhbəri olduğu şirkətin əməkdaşları yerli təhlükəsizlik qüvvələri tərəfindən həbs olunur.

“Kimin ağlına gələrdi ki, bu kəşfiyyat orqanları Rami Maxlufun şirkətinə gələrək işçilərini həbs edəcək. Halbuki mən bu orqanların ən böyük dəstəkçisi olmuşam”, – R.Maxluf bildirib.

Rusiya mətbuatı yazır ki, həbslər barədə məlumatlar doğrudursa, bu, Suriyanın ən nüfuzlu simalarından birinə – Suriya rejiminin sabitliyinə cavabdeh olan və ona dəfələrlə kömək edən şəxsə qarşı təzyiqlərin görünməmiş dərəcədə artmasına dəlalət edir. Hələlik ərəb respublikasında antikorrupsiya kampaniyasının aparıldığına dair heç bir dəlil yoxdur. Prezident sarayı isə Maxlufun çıxışlarına münasibət bildirməyib.

Qərb və ərəb mediası Maxlufa qarşı təqib kampaniyasını Rusiyanın ən nüfuzlu Suriya klanlarından birini zərərsizləşdirmək təşəbbüsü ilə əlaqələndirir.

Müşahidəçilər isə Maxlufa qarşı təzyiqlərin arxasında Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin durduğunu deyirlər.

Bəşər Əsəd və xanımı Əsma

Livan nəşrinin yazdığına görə, Maliyyə Palatasının rəhbəri olaraq iqtisadi işlərə nəzarəti ələ alan Əsma Əsəd bu qurumu ailəsinin rifahının yüksəldilməsi üçün mənbə hesab edir. Maxluf klanına görə isə bu qurum Dəməşqin maddi sabitliyini təmin etmək üçündür: “Tərəflər arasında münaqişə bir ilə yaxındır davam edir və Maxlufun ev dustaqlığı, Rusiyanın bu işlərə müdaxiləsi barədə məlumatlarla müşayiət olunur”.

Hazırda Moskvanın Əsəd ailəsinin üzvləri ilə bağlı bütün qalmaqalları ictimailəşdirəcəyindən ehtiyat edirlər. Buna səbəb kimi rəsmi Dəməşqin Kremlin arxasından iş çevirərək Abu-Dabi ilə maliyyə əlaqələrinin inkişaf etdirməsi göstərilir.

Eyni zamanda Maxluf İran yönümlü siyasətçilərdən hesab olunur və onun siyasi elitadakı iştirakı təsir qrupları mübarizəsinə açıq müdaxiləyə tələsməyən Rusiya üçün olduqca əlverişsizdir. Ehtimal olunur ki, münaqişə genişlənsə, Moskva hakim rolunda çıxış edərək Maxluf klanını meydandan çıxaracaq.

2012-ci ildə ölkəni tərk edən keçmiş suriyalı diplomat Bassam Barabandi da əmindir ki, Maxlufa qarşı başladılan təzyiqlərin səbəbi onun Bəşər Əsədin həyat yoldaşı Əsma ilə qarşıdurmasıdır: “Suriyada vətəndaş qarşıdurmasının qızğın dövründə Maxlufun fondları və şirkətləri hökumət təşəbbüslərinin maliyyələşdirilməsində mərkəzi rol oynamış və Əsədin də mənsub olduğu ələvi icmasının Suriya liderinə qarşı loyallığını təmin etmişdi. Lakin görünür, Əsma hakimiyyətin bu “arxitekturasına” müdaxilə etməyə və nüfuz iddialarını bildirməyə cəhd etdi”.

Yeri gəlmişkən, iş adamı ikinci videomüraciətində mesaj verib ki, Maxluf klanı olmasa, Bəşər Əsəd ələvi icmasının dəstəyindən məhrum qala bilər.

Hələlik rəsmi Dəməşqin Maxlufla problemi köklü şəkildə həll etməyə nə qədər hazır olduğu qeyri-müəyyəndir. Lakin nüfuzlu iş adamının məlum videoları çox güman ki, Əsəd rejimini radikal addımlara vadar edəcək.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə