XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 22:32

Putinin ABŞ tərəfə keçmiş kurs yoldaşından Azərbaycan maliyyə nazirinə şok ittiham:"Üç ölkənin agenti olub"

Yuri Şvets

 

Sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın “Qordon” agentliyinə müsahibəsində Azərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib. O, özünün yeni kitabı haqda danışarkən Azərbaycanın yüksək siyasi elitasında təmsil olunan və hazırda Kremlə işləyən “üçqat agentdən” də bəhs edib.

 

Andropov adına Xarici Kəşfiyyat İnstitutunda Putinin kurs yoldaşı olmuş Yuri Şvets bütün dünya üzrə fəaliyyət göstərən və bu gün də işləməkdə davam edən sovet və Rusiya agenturası barədə yeni kitab yazmağa başlayıb.

1980-ci illərdə soyuq müharibənin qızğın vaxtlarında Şvets ABŞ-da kəşfiyyatçı olub və Sovet İttifaqı Teleqraf Agentliyinin (TASS) müxbiri adı altında fəaliyyət göstərib. O, Amerikanın SSRİ-yə qəfildən mümkün nüvə zərbəsilə bağlı məlumatların toplanması və analizi ilə məşğul olurmuş.

Şvetsin ilk kitabı – “Vaşinqtonun rezidensiyası: Amerikada KQB-nin casusu kimi mənim həyatım” 1994-cü ildə ABŞ-da sığınacaq alandan dərhal sonra qələmə alınıb və müəllifi məşhurlaşdırmaqla yanaşı, həm də yaxşı satılıb.

Onun yeni kitabında haqqında danışılan Azərbaycanın yüksək vəzifəli məmuru isə maliyyə naziri Samir Şərifovdur. Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb.

– Yeni kitabınızda müxtəlif vaxtlarda Rusiya, Türkiyə və ABŞ xüsusi xidmət orqanlarına işləyən, hazırda isə yenidən Kreml tərəfindən ələ alınan üçqat agentdən bəhs edirsiniz. Üstəlik, iddia edirsiniz ki, həmin üçqat agent Azərbaycanın maliyyə naziri Samir Şərifovdur…

– Bunu mən özümdən demirəm. Bu məlumat Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrin məlumatıdır. Bu məlumatların üzərində hələ FTB-nin məşhur əməkdaşı, Narkotiklərə Qarşı Mübarizə Agentliyi və daha sonra mənim biznes tərəfdaşım Bob Levinson işləmişdi. Levinson ABŞ-ın hüquq-mühafizə orqanlarında 30 illik iş təcrübəsindən sonra şəxsi detektiv oldu və qısa müddətdə məşhurlaşdı. Bob biznes-kəşfiyyat və biznesin təhlükəsizliyi işində mənim birinci tərəfdaşım olmuşdu. Bobun Rusiya və Ukrayna üzrə bütün işləri praktik olaraq mənim vasitəmlə keçirdi. Biz Rusiyada yaşayan və Federal Təhlükəsizlik Xidməti tərəfindən ələ alınan bir neçə amerikalı ilə bağlı məsələnin üstünü açmışdıq. Rusiya xüsusi xidmət orqanlarının bəzi əməkdaşları ilə gizli işgüzar əlaqələr qurmuşduq, onlardan vacib agentura məlumatları alırdıq. İndi çoxlarına inanılmaz görünür, amma hələ 2003-cü ildə Rusiyanın Federal Təhlükəsizlik Xidmətində cəmi 30 min dollara bütöv agentura işini əldə etmək mümkün idi. Mən bu cür razılaşmaların baş tutduğu konkret halları da bilirəm.

– Qayıdaq Azərbaycanın maliyyə naziri Samir Şərifova. Sizin mənbəniz bu yüksək vəzifəli şəxs barədə konkret nə öyrənmişdi?

– Rusiyanın Federal Təhlükəsizlik Xidmətindəki mənbə bir neçə il əvvəl agentura məlumatı hazırlamışdı. Rusiya kəşfiyyat xidmətindəki mənbələr iddia edir ki, onların agentləri Türkiyə və ABŞ kəşfiyyatına daxil olub və nəticədə fəaliyyətdə olan agentura ilə bağlı vacib məlumatlar əldə olunub. Mənbələr dəqiqləşdirməyib ki, bu sızma konkret nə vaxt baş verib. Lakin qeyd ediblər ki, bu, Edvard Snoudenlə bağlı deyil və 2010-cu ilə qədər baş verib.

Mənbələrin sözlərinə görə, əldə olunan məlumatlar Rusiya kəşfiyyatına bu nəticəyə gəlməyə imkan verib ki, onların çoxdankı agenti – Azərbaycanın maliyyə naziri Samir Şərifov əslində üçqat agent olub və bəzən paralel olaraq Türkiyə və Amerika xüsusi xidmət orqanlarına da işləyib. Rusiyalılar əmindilər ki, Şərifovu Türkiyə kəşfiyyatı 1989-1990-cı illərdə Cənubi Yəməndə işlədiyi vaxtlardan ələ alıb. Sonradan o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsilə əlaqələndirilib və o vaxtdan vacib informasiya mənbəyi və təsir agenti kimi Amerika və Türkiyə xüsusi xidmət orqanlarına işləməyə başlayıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətindəki mənbənin sözlərinə görə, Samir Şərifov karyerasına atasının köməyilə başlayıb. Onun atası da Heydər Əliyevin yaxın ətrafına daxil olan şəxs olub. Bu əlaqələr sayəsində Azərbaycan hökuməti onu Kiyev Dövlət Universitetində beynəlxalq əlaqələr fakültəsində təhsil almağa göndərib. Əvvəlcə onu Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna oxumağa göndərmək planlaşdırılıb. Lakin onun sənədləri dövlət təhlükəsizlik orqanlarından keçməyib.

KQB ilə gizli əməkdaşlıq

Kiyev Universitetində təhsil aldığı müddətdə Şərifov KQB ilə gizli əməkdaşlıq edib. Sovet İttifaqının dağılmasından az əvvəl agentura işlərinin əksəriyyəti Ukraynadan Moskvaya gətirilmişdi. Onların arasında Şərifovun da agentura işi vardı.

Şərifovun işi ilə tanış olan KQB zabitlərindən biri kompromatla ələ alınıb. Onu “qara bazar”da qanunsuz əməliyyatlar zamanı tutublar. O, xarici valyuta ilə əməliyyatlar həyata keçirirmiş. Sovet İttifaqı zamanında bu cür böyük miqyaslı əməliyyatlar 10 ilə qədər həbs cəzasına, hətta ölüm hökmünə gətirib çıxara bilərdi. Amma Şərifovun “qara bazar”dakı əməliyyatlarının həcmi əhəmiyyətli dərəcədə böyük olmayıb və KQB ona göz yumub. Nəticə olaraq onun Kiyevdə təhsil aldığı dövrdə heç bir ciddi qalmaqal baş verməyib.
Kiyev Dövlət Universitetində təhsilini başa vurandan sonra Şərifov Bakıya qayıdıb və Azərbaycanın Xarici Ticarət Nazirliyinin xarici iqtisadi əlaqələr şöbəsində işləməyə başlayıb. 1988-cu ildə Heydər Əliyevin dəstəyilə Cənubi Yəmənə işləməyə göndərilib. Əvvəlcə tərcüməçi işləyib, daha sonra sovet hərbi texnikasının Cənubi Yəmənə göndərilməsilə məşğul olan qrupa düşüb. Bu vəzifədə o, KQB-nin xarici kəşfiyyatla məşğul olan Birinci Baş İdarəsinin nəzarəti altında agent kimi fəaliyyət göstərib. Ciddi xoşagəlməz hadisəyə qədər KQB onun əməkdaşlığından razı idi.

Şərifov Cənubi Yəməndə

Mənbənin sözlərinə görə, 1990-cı ildə sovet silahları ilə dolu iki böyük nəqliyyat Cənubi Yəmən yolunda yoxa çıxıb. KQB hərtərəfli araşdırma aparıb və müəyyənləşdirilib ki, “düşmən xarici kəşfiyyat xidməti Cənubi Yəməndə xidmət edən sovet agentinin ələ alınmasından sonra onun vasitəsilə bu nəqliyyatlar barədə xəbər tutub. Bu zaman Şərifov əsas şübhəlilərdən biri olub. Çünki KQB-nin Cənubi Yəməndəki rezidenturası onun Türkiyə kəşfiyyat xidmətinin nümayəndələri ilə konfidensial əlaqələri barədə sübutlar əldə etmişdi. Bu əlaqələr KQB ilə razılaşdırılmamışdı. Araşdırmaların davamı və sorğu-sual üçün o, dərhal Moskvaya çağrıldı. Az sonra Sovet İttifaqı dağıldı və bu da Şərifovu xilas etdi.

2005 hadisələrində Şərifovun rolu

KQB-nin əlində Şərifovun Türkiyə kəşfiyyatı tərəfindən ələ alınması və ikiqat agentə çevrilməsi barədə birbaşa sübutlar olub. Mənbənin sözlərinə görə, Türkiyə xüsusi xidmət orqanlarının nəzarəti altında agentin nəinki geniş informasiya imkanları olub, o, hətta Azərbaycan hökumətinin tərkibinə təsir göstərməyə qadir olub. Mənbə xüsusən onu qeyd edir ki, 2005-ci ildə Bakıda bir sıra yüksək vəzifəli şəxslərin həbsilə nəticələnən dövlət çevrilişi cəhdinin “üstünün açılması” üçün də Şərifovdan istifadə olunub. Təxminən bu vaxtlarda Şərifovun “məsləhət xidmətinə görə” ona Türkiyənin “Torcas” şirkəti vasitəsilə aybaay ödənişlər edilməyə başladı. Rusiyanın xüsusi xidmət orqanları belə hesab edirlər ki, Türkiyə NATO üzvü kimi, əldə etdiyi kəşfiyyat məlumatlarını ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsilə bölüşür. Hadisələrin sonrakı inkişafı Rusiya xüsusi xidmət orqanlarında əminlik yaratdı ki, Şərifov üzərində işə ABŞ kəşfiyyatçıları da qoşulub.

1992-ci ildə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinə gizli şəkildə xəbər verib ki, amerikalılar Azərbaycanın Beynəlxalq Valyuta Fonduna üzvlüyü ilə bağlı danışıqlarda Şərifovun da iştirakında israrlıdır.

BVF-nin Bakı ofisindən oğurluq

Bu, Sovet İttifaqının dağılmasından az sonra tutqun bir vaxta təsadüf edirdi. Ona görə də Azərbaycan hökumətində heç kim soruşmadı ki, amerikalılar niyə Şərifova görə canfəşanlıq edirlər. Bununla belə, Milli Təhlükəsizlik Nazirliyi buna şübhə ilə yanaşdı. Çünki Şərifov heç vaxt amerikalılarla işləməmişdi və ABŞ-la heç bir əlaqəsi olmamalı idi. Amerikalıların birdən-birə Şərifovla iş görmək istəməsi Bakıda və Moskvada böyük şübhə ilə qarşılandı. Azərbaycanın təhlükəsizlik nazirliyi Şərifovun ABŞ hökumətilə şübhəli əlaqələrini araşdırmağa başladı. Lakin birdən gözlənilməz hadisə baş verdi: Beynəlxalq Valyuta Fondunun Bakı nümayəndəliyinin ofisinə gecə yarısı naməlum şəxslər daxil olaraq 1992-ci ildəki danışıqlara aid bütün materialları oğurladılar. Şərifovla bağlı araşdırmalar yenidən tilsimə düşdü…

Xələf Xələfovun vasitəçiliyi

Rusiya KQB-sindəki mənbənin sözlərinə görə, bir müddət sonra ABŞ-ın kəşfiyyat icmasına sızmaq mümkün oldu. Nəticədə, bir çox başqa məsələlərlə yanaşı, həm də o məlumat əldə olundu ki, Şərifov gizli agentə çevrilib. Əldə olunan məlumata əsasən, Şərifov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Yucin Boll (qanun pozuntusundan qaçmaq üçün soyad dəyişdirilib) tərəfindən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun köməyilə ələ alınıb. Xələfovun özünün də ABŞ xüsusi xidmət orqanları ilə gizli əlaqələri vardı…

Şərifovun “xəyanəti”

Şərifovun “xəyanəti” ilə bağlı əlavə araşdırmalar aparmaq məqsədilə Rusiyanın xüsusi xidmət orqanları onun ABŞ-da və Böyük Britaniyada mümkün bank hesabları barədə məlumatlar əldə etməyə cəhd göstərdilər. Bu məqsədlə onlar çirkli pulların yuyulması ilə bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırılan bir neçə işdən istifadə edərək İnterpola müraciət ediblər. Sorğuların köməyilə əldə olunan məlumatlar sübut edib ki, Şərifovun ABŞ və Böyük Britaniyadakı hesabları barədə məlumatlar bu ölkələrin xüsusi xidmət orqanları tərəfindən bloklanıb.

Rusiya xüsusi xidmət orqanları Şərifovun ABŞ tərəfindən yenidən ələ alınmasından məyus olsalar da, onunla işbirliyini davam etdirmək qərarı verdilər. Çünki o, çox məlumatlı və təsir gücü olan məmur idi və bu baxımdan onunla əlaqələrə son qoymaq məqsədəuyğun deyildi. Bundan başqa, ümid vardı ki, Rusiya ilə əməkdaşlıqda maliyyə maraqları onun ABŞ-dan dəstək almaq maraqlarına üstün gələcək. Başqa sözlə, onu satın almaq qərarı verilmişdi. Həmçinin Rusiya xüsusi xidmət orqanları hesab edirdi ki, əllərində Şərifovun öz ölkəsinə ciddi ziyan vurduğunu təsdiqləyən kifayət qədər sübutlar var. Bunun sayəsində şantaj yolu ilə onu yenidən əməkdaşlığa məcbur etmək olar. Bu məqsədlə Rusiya Federal Təhlükəsizlik Xidməti Şərifova Rusiyanın “Rosoboroneksport” və “”Rosvoorujenie” kimi müəssisələrilə spesifik hesab olunan danışıqlarda kömək elədi, həmçinin ona bir neçə dəfə böyük məbləğdə ödənişlər edildi. Bu ödənişlər “Lukoil” və “Uralsib” bankındakı depozit hesablar vasitəsilə həyata keçirilib.

“Çirkli” maliyyə əməliyyatları

Rusiya xüsusi xidmət orqanları eyni zamanda, Şərifovun “çirkli” maliyyə əməliyyatlarını da izləyirdilər. Xüsusən ruslar 2009-cu ildə “Nikoil” bankın Bakı filialı vasitəsilə həyata keçirilən maliyyə əməliyyatı zamanı 600 min barrel Azərbaycan neftinin Yeni Zelandiyanın “Semato Energy Group Limited” şirkətinə satışından Şərifovun “otkat” əldə etdiyini aşkarlamışdılar. Federal Təhlükəsizlik Xidmətindəki mənbələrin məlumatına görə, Şərifov mənzil-qərargahı Manilada yerləşən Asiya İnkişaf Bankı vasitəsilə də bir neçə dəfə “otkat” alıb.

Mənbənin sözlərinə görə, 2011-ci ildə Rusiya xüsusi xidmət orqanları belə qənaətə gəliblər ki, Şərifov Azərbaycan hökumətində mövqeyini kifayət qədər möhkəmləndirib və baş nazir olmaq üçün yaxşı şans əldə edib. Bununla əlaqədar qərara alınıb ki, onunla əlaqələr maksimum fəal şəkildə inkişaf etdirilsin.

Əgər ABŞ və ya Türkiyədə heç kim Şərifovun üçqat agent olmasını və hazırda Rusiyaya işləməsini bilmirsə, mən buna təəccüblənmərəm. Diqqət yetirin, bu məlumatlar analitik ehtimallar deyil, əməliyyat məlumatları ilə işləyən adamlardan alınmış konkret faktlardır.

Geosiyasi kontekst

 

– Əgər sizin mənbəniz haqlıdırsa və Azərbaycanın maliyyə naziri Rusiya xüsusi xidmət orqanlarına işləyirsə, bu informasiya hazırkı geosiyasi vəziyyətə necə təsir göstərəcək?

 

– Bu məsələyə məhz elə geosiyasi kontekstdə yanaşmaq lazımdır. Türkiyə NATO-nun cənub-qərb cinahında başlıca dayağı kimi, SSRİ-nin əsas rəqiblərindən biri olmaqla, vacib kəşfiyyat obyekti idi. Son vaxtlar Rusiya üçün də Türkiyə təxminən elə bu rolu oynayır. Azərbaycan isə Rusiyanın Türkiyədə kəşfiyyat əməliyyatları baxımından vacib obyektdir. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsilə təkcə Rusiya ilə Türkiyə arasında deyil, Rusiya ilə NATO arasında mümkün müharibə ehtimalı gündəmə gəldiyi bir vaxtda Azərbaycanda belə bir mənbənin olması Kreml üçün çox qiymətlidir. Bununla belə, anlamaq lazımdır ki, Şərifovun təsiri onun tutduğu vəzifənin imkanlarından daha artıqdır. Müəyyən mərhələdə ona, hətta baş nazir postuna real namizəd kimi yanaşılırdı.

 

– Mənbənin məlumatından belə aydın olur ki, Xarici işlər nazirinin müavini Xələf Xələfovla birlikdə fəaliyyət göstərib…

 

– Üstəlik, daxil olan məlumata görə, Şərifovun ələ alınmasına faktiki xarici işlər nazirinin müavini kömək eləyib.

 

– Elə düşünmürsünüzmü ki, Kremllə münasibətlərin gərginləşməsilə əlaqədar Türkiyə iki azərbaycanlı naziri yenidən öz tərəfinə çəkərək ələ ala bilər?

 

– Nəzəri cəhətdən bu mümkündür. Lakin indiki halda, mənə elə gəlir ki, vacib sual budur: kim bu işə daha çox pul xərcləməyə hazırdır?

 

– Bəs kimin pulu daha çoxdur: Türkiyə, yoxsa Rusiya kəşfiyyatının?

 

– Qoy, bu məsələni Türkiyə, ABŞ və Rusiya xüsusi xidmət orqanları aydınlaşdırsın.

 

– Üçqat agentlə bağlı məlumatı üzə çıxarmaqla, siz hansı xal qazandırırsınız? Siz Rusiya-Türkiyə münasibətlərinin Suriyaya görə pisləşdiyini və Putinlə Ərdoğanın hər ikisinin bu məsələdə öz maraqlarından çıxış etdiyini, yəqin ki, nəzərə alırsınız…

 

– Sözsüz ki, mən bu konteksti nəzərə alıram və başa düşürəm ki, agentura məlumatının yayılması və mənim gələcək kitabım Putin rejiminə zərbə vuracaq.

 

– Sizcə, prezident İlham Əliyev yaxın adamının əvvəl Rusiyaya, sonra Türkiyəyə, ardınca ABŞ-a, indi yenidən Rusiyaya işlədiyini biləndə necə addım atacaq?

 

– Anlayışım yoxdur. Amma prezidentin indi həll etməli olduğu məsələ kifayət qədər aydındır: üç xarici ölkənin xüsusi xidmət orqanlarına işləyən yaxın məmurla necə davranmalı. Və bunlardan da biri Azərbaycana dost olmayan ölkədir.

 

(azadlıq.info)




Yuxarı Əvvələ Ana Səhifə