XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2020 - 23:35

ŞİMALİ KOREYANI “QARA PULLAR”LA YAŞADAN ŞAHZADƏ- KXDR liderinin 32 yaşlı bacısı milyardları ölkəyə hansı yollarla daşıyır?

Şimali Koreya (KXDR) lideri Kim Çen In, təxminən, 20 gün gözlərdən itəndə, bu qapalı ölkənin daha bir yetkilisi diqqət mərkəzinə gəlmişdi. Bu, Kim Çenin kiçik bacısı Kim Yo-Çjon idi.

Dünya 32 yaşlı Yo-Çjonla bundan əvvəl də tanış idi. O, yaddaşlara Pxenyanla Vaşinqton arasında dialoqun qurulmasındakı xidmətləri, həmçinin 2018-ci ildə yarımadanın cənubunu uzun fasilədən sonra (1953-cü ildən bəri) ziyarət edən ilk hakim ailə təmsilçisi kimi həkk olunmuşdu.

Yo-Çjon liderin əsas köməkçisi və ən etibarlı adamıdır. Əmək Partiyasının təbliğat və təşviqat şöbəsinin müdir müavini olaraq Kim Çenin imicinə və ictimai açıqlamalarına cavabdehdir. 2017-ci ildən Siyasi Büronun üzvüdür.

Kim Çenin yoxa çıxdığı günlərdə dünya mətbuatı onu məhz Kim Yo-Çjonun əvəzləyəcəyinə dair ehtimallar səsləndirmişdi. Şimali Koreya lideri mayın 1-də ictimaiyyət arasına sağ-salamat çıxdı. Lakin bu qayıdış belə, xanım Yo-Çjonun populyarlığını kölgədə qoya bilmədi. O, indi ölkəsinin ən nüfuzlu simalarından hesab olunur.

Deyilənlərə görə, Yo-Çjon atasının sevimli qızı olub. Kim Çen İr onu “şirin şahzadə” deyə çağırar, iti siyasi zəkaya sahib olduğunu deyərmiş. O, qardaşı ilə birlikdə Pxenyandakı Çanqkvanq iqamətgahında boya-başa çatıb. Və uşaqlığının ilk illərində gözlərdən uzaq qalaraq ictimaiyyət önünə çıxmayıb.

Kim Yo-Cjon

Sonradan Kim Çen Ir iki övladını – Kim Çen In və Kim Yo-Çjonu təhsil almaq üçün İsveçrənin paytaxtı Bernə göndərib. Bacı-qardaş orada 6-cı sinfə qədər mühafizəçilərin əhatəsində oxuyublar. Bundan sonra təhsillərini harada davam etdirdiklərinə dair məlumat yoxdur.

Bəzi məlumatlara görə, Şimali Koreya lideri özü Kim İr Sen adına Univerisitetin fizika, bacısı isə siyasi iqtisadiyyat fakültəsində təhsil alıb.

KXDR – qadınların cəmiyyətdəki rolunun az, hüquqlarının məhdud olduğu ifrat patriarxal dövlətdir. Burada son illərə qədər qadının iki əsas vəzifəsi olub – həyat yoldaşı və ana olmaq. Bu ölkə həm də cinsi zorakılıq, ayrıseçkilik hallarının geniş yayıldığı yer kimi də tanınır.

Yarımadanın cənubunda vəziyyət fərqlidir. Burada prezident postunda qadın olub. Pak Kın Xe 2015-ci ildə Cənubi Koreyanın prezidenti seçilib. Düzdür, sonradan korrupsiyaya yol verdiyinə və dövlət sirlərini açıqladığına görə parlament ona impiçment elan edib. Və o, hələ də məhbəs həyatı yaşayır.

Şimali Koreyaya gəlincə, burada qərar mərkəzinə yaxın olan iki qadın var – Kim Çenin bacısı və xanımı.

Lakin gənc Kim Yo-Çjon hakimiyyətin konsolidasiyası üçün qardaşı ilə müqayisədə daha çox səy göstərməli olacaq. Atasının dəfnində o, ilk dəfə ictimaiyyət arasında çıxış etdi. Həmin andan da karyerasında yalnız irəliləyiş oldu. 2011-ci ilin sonlarında Milli Müdafiə Komissiyasına rəhbərlik etməyə başladı. Bu, onun ilk rəsmi vəzifəsi idi.

2015-ci ildə partiyanın təşviqat və təbliğat şöbəsinin müdir müavini təyin olundu. Müavin olmasına baxmayaraq, faktiki olaraq şöbəni o idarə edir.

Kim Yo-Çjon qardaşını bütün səfərlərdə müşayiət edir. Üç il sonra onun adı Birləşmiş Ştatların qara siyahısına düşdü. İnsan hüquqlarını pozmaqda ittiham edilsə də, əslində səbəb başqa idi. Bu haqda bir qədər sonra.

2018-ci ildə Qış Olimpiya Oyunlarının açılışında iştirak etmək üçün Cənubi Koreyaya səfər edəndə onu “Şimali Koreyanın İvanka Trampı” adlandırmışdılar. Vyetnamın Hanoy şəhərindəki uğursuz zirvə görüşündən sonra isə Kim Yo-Çjon qısa müddətlik Siyasi Bürodan çıxarıldı. Xanım Kim Təşkilat və İdarəetmə (OGD kimi tanınır) departamentində direktor müavini oldu. Bu departament məmurların təyinatına və fəaliyyətinə nəzarət edir.

“Keçmiş direktor Li Man Qonun işdən çıxarıldığını nəzərə alsaq, bu o deməkdir ki, Kim Yo-Çjon əslində onun vəzifəsini icra edir. Kim Çen Inın razılığını tələb edən bütün məsələlər onun əlinin altından keçir. Partiya ondan qorxmalı və hörmət etməlidir”, – deyə Pentaqonun veteranı Robert Kollins yazır.

Yo-Çjon Kim ailəsinin siyasəti, məmurların yüksəlişləri və enişləri, həmçinin nüvə-raket proqramına dair hər şeyi bilir. İndi o, yalnız təbliğat məsələlərinə deyil, qaçaqmalçılığa da nəzarət edir.

“Ofis 39” (Pxenyanda yerləşən partiya qurumu) Kim ailəsini xarici valyuta ilə zənginləşdirməyə çalışan bir təşkilatdır. Büro Kim rejiminə ildə 500 milyondan 2.5 milyard dollara qədər pul gətirir. “Ofis 35” (xarici kəşfiyyat) və “Ofis 38”-lə (qanuni maliyyə əməliyyatları) birlikdə KXDR-in ən nüfuzlu qurumlarını (“Üçüncü Mərtəbə”ni) formalaşdırır.

“Ofis 39” onlardan ən böyüyüdür. Çox güman ki, hamısı KXDR-in paytaxtındakı partiya binasında – Kim Çen Inın keçmiş ofislərində yerləşiblər. Qurucuları da Kim İr Sendir.

Əvvəllər “Ofis 39” qızıl və digər faydalı qazıntıların satışını təşkil edirdi. Onlar Çinə gətirilərək Çin malı kimi satılırdı. Bir vaxtlar bu təşkilata işləyən, sonra Şimali Koreyadan qaçan mötəbər mənbənin sözlərinə görə, KXDR Çinin sayəsində BMT-nin sanksiyalarından rahatlıqla yayına bilirdi.

KXDR şirkətin adını dəyişərək onu müxtəlif ölkələrdə aça bilirdi. Saatlar, lüks mallar, spirt, avtomobillər, kağız pullar… Bu yolla hətta Kim Çen Ina yaxta da almışdılar.

Məhz buna görə “mərtəbə”nin işçiləri xaricdə (əsasən səfirliklərdə) yerləşdirilirlər. Orada Şimali Koreya elitasının arzuladığı şeylər alınaraq qeyri-qanuni olaraq KXDR-ə daşınır. Kim Çen Inın avtoparkı da bu yolla böyüyür. Bu avtoparkda “Mersedes”, hətta “Rolls-Royce” da var.

“Ofis 39” həmçinin 100 dollarlıq əskinasların saxtalaşdırılması, KXDR-də məşhur olan ağır narkotiklərin istehsalı, həmçinin siqaret və silah qaçaqmalçılığı ilə də əlaqəli idi.

İddialara görə, Kim Çen In məhz bu ofis vasitəsilə siyasi loyallığı satın alır və özünün silahlanma proqramını maliyyələşdirir.

Saxta dollar “super əskinas” kimi tanınırdı və çox keyfiyyətli idi. “Ofis 39″ KXDR-ə pul gətirən hər şeyi inhisara alır. İnsanlar yoxsulluq içində yaşayarkən mənfəətin 30-40 faizi yuxarılara gedir.

Lakin zaman dəyişib və indi “Ofis 39”-un əsas maliyyə əməliyyatları kiberhücumlardır. Bu, ölkəyə demək olar ki, eyni həcmdə gəlir gətirir. 2016-cı ildə KXDR hakerləri Nyu-York Federal Ehtiyat Sistemindən, təqribən, 1 milyard dollar oğurlamışdılar.

Qarşısı alınana qədər KXDR Banqladeşdən 81 milyon dollar oğurlamışdı. Sonra da “WannaCry” virusu işə salınmışdı. Hakerlər pulla yanaşı, Cənubi Koreyadan müdafiə sənədlərini də oğurlamışdılar.

“Mərtəbə”nin əməkdaşları üçün internet – idarə edilməsi çətin olan ideal bir döyüş meydanıdır. Kim Çen Inın gənc bacısı bura necə daxil oldu? Deyilənə görə, “Ofis 39”-dan keçən pula nəzarəti o və əri (parlamentin spikeri Çxve Ryon Xenin oğlu olduğu deyilir) həyata keçirir.

Bəs, Kim Yo-Çjon 2017-ci ildə ABŞ-ın sanksiyalar siyahısına niyə düşdü? “Heç kim KXDR-də insan haqlarının vəziyyətini dəyişdirməyə cəhd edəcək qədər sadəlövh deyildi. Şimali Koreyada bu olmayacaq. Sanksiyaların məqsədi Kim ailəsinin həyat standartlarını pozmağa və yaşamaq üçün ehtiyac duyduqları “loyallığın” satın alınmasını çətinləşdirməyə yönəlmişdi”, – deyə keçmiş  rəsmilər “TIME”a bildiriblər.

Kim Yo-Çjon rejimin yaşamasını təmin edən kritik sahələrə nəzarət edir. Ehtimal ki, bu işdə böyük bacısı Kim Sol Son da iştirak edir. Kim Sol Son da Kim Çen İrin qızıdır, lakin başqa qadından.

Və nəhayət, Şimali Koreya liderinin sağlamlığı hələ də böyük sual altındadır. Bu səbəbdən Kim Yo-Çjonun nə vaxtsa ölkəyə rəhbərlik edəcəyini də istisna etmək olmaz.

Strateq.az