XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

15 May 2020 - 12:18

İSMƏT PAŞA VƏ ATATÜRKÜN DOSTU, RZA ŞAHIN SİLAHDAŞI, “FAŞİST”… –Gəncəli Cavad xanın İranda yaşamış xələfi

Əziz Rzazadə

Strateq.az

 

XIX əsrin əvvəlində rus işğalı, Azərbaycanın özü kimi, insan talelərində də dərin iz qoyub. Hakim xan sülalərinin daxilində nifaq toxumları, demək olar ki, hamını bir-birinə düşmən vəziyyətinə gətirib. Pərən-pərən düşmüş əsil-nəcabətli ailələrin bir qismi çar Rusiyasının təbəəliyində qalıb, digərləri naçarlıqdan yeni vətən seçimi ediblər.

Gəncə hakimi Cavad xanın xələflərinin aqibəti alayı bir hekayətdir. Bu nəslin Araz çayının bu tayında qalmış, Ziyadxanlılar kimi tanınan davamçıları ilə yanaşı, yaşının az olduğuna görə işğalçıların təəccüblü şəkildə rəhm etdikləri və sonradan Qacarlara sığınan bir nümayəndəsi var.

Uğurlu xan 2-ci rus-Qacar müharibəsində döyüşmüş sərkərdə olub. Onun şəcərəsi yeni dövlətdə rişələnib. İranın Xoy şəhərində məskunlaşmış sülalənin Arazın o tayında bir çox tanınmış nümayəndələri var. Mərhum ordu komandanı Məhəmməd Sadiq xan Kupal da əslən, soy-kökünə görə gəncəlidir.

Riyahinin ““Aləmarayi-Nadiri”yə şərhlər”i və Mehdi Müctəhidinin “Məşrutiyyə dövründə Azərbaycanın görkəmli simaları” kitablarında Kupalın tərcümeyi-halını da yer verilib. Sonuncu kitabda qeyd olunur: “Ordu komandanı Məhəmməd Sadiq xan Kupal İran ordusunun ən ləyaqətli, əxlaqlı, şücaətli, bilikli və vətənpərvər rütbə sahiblərindən biridir. O, Xoyda doğulub, ibtidai təhsilini həmin şəhərdə başa vurub, öz tacir atası Ağa Mirzə Məhəmmədlə İstanbula gedib, orta və ali təhsilini Bosfor sahillərində tamamlayıb”.

Kupal İstanbul Hərbi Məktəbinin yetirmələrindən olub, oranın artilleriya bölməsində təhsil alıb. O, böyük türk şəxsiyyətləri və generalları ilə həmməktəb və həmdərs olub, həmin vaxtlardan onlarla dostluq edib və bu dostluq sonralar da davam edib. “Onların sırasında İsmət Paşa (İnönü), Kazım Paşa və Mustafa Kamal Paşa (Atatürk) Kupala səmimi münasibət bəsləyirdilər…”

Kupal hicri-qəməri 1310-cu ildə (1890-cı il) doğulub. Doqquz yaşından bəri xatirələrini qələmə alıb. Bu xatirələri oxumaqla, bir şəxsin timsalında İranın müasir tarixinin bütöv bir mərhələsini izləmək mümkündür.

General-mayor Məhəmməd Sadiq xan Kupal Türkiyədən İrana qayıtdıqdan sonra jandarma qoşunlarında xidmət edib və hərbi xidmətini də orada başa vurub.

Müxtəlif hərbi kampaniyalarda iştirak etmiş peşəkar hərbçi bir müddət Fars vilayətində Jandarma İdarəsinin rəhbəri olub. Sonralar Kermanşah və İran Kürdüstanında jandarma qüvvələrinə başçılıq edib. Daha sonra Tehrana çağırılıb, yeni ordunun təşkilində iştirakçı olub.

Vali, nəhayət, briqada generalı rütbəsi almış Kupalın polisə rəhbərlik etdiyi zaman Rza şah Pəhləvi dövrünə (ilk fotoda 2-ci şəxs) təsadüf edir. Pəhləvi xanədanının möhkəmlənməsində onun yaxın iştirakı var.

O, çılğın siyasi zəmanədaşları Teymurtaş, Davər və Nüsrətüddövlə kimi XX əsrin əvvəllərinə tarixi damğasını vurub. Həm də Rza şahın siyasi rəqibləri ilə amansız rəftarı ilə tanınıb.

1930-cu illərdə Qərbi Azərbaycan əyalətinin valisi olub və hətta bir müddət saxta faşist ittihamı ilə həbsdə yatıb. Həbsdən azad edildikdən sonra yenidən orduya qayıdıb. General-mayor rütbəsi ilə bütün ölkənin jandarma qüvvələrinə rəhbərlik edib və daha sonra baş polis təyin olunub. Sonuncu vəzifədə yalnız bir il qaldıqdan sonra istefa verib və təqaüdə göndərilib.

Məhəmməd Sadiq xan Kupal Baş Qərargah rəisindən Türkiyədə hərbi attaşeliyə qədər müxtəlif vəzifələr tutub. O, İran ordusunda 20 il briqada generalı olaraq xidmət etmiş yeganə hərbçidir.

“Salar-e Nezam” titulu daşıyan general-mayor Kopal 1955-ci ildə 65 yaşında Tehranda vəfat edib və İbn Babuyə Şəhrəridə torpağa tapşırılıb.