XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

23 Oktyabr 2015 - 13:10

Azərbaycanda iqtisadi islahatlar kursu necə aparılacaq? – İctimai etimad üçün “Gürcüstan təcürübəsi”

Ilham-Eliyev-24.jpg

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və dövlət xərclərinin azaldlması üçün tədbirlərin həyata keçirilməsi davam edir. Əvvəlki təhlillərimizdə qeyd etmişdik ki, Prezidentin başlatdığı “iqtisadi inqilab” çərçivəsində atılan addımlar davam edəcək və miqyası genişlənəcək. Dünən, nəhayət ki, növbə gömrük sektoruna da çatdı: Prezident İlham Əliyev gömrük qaydalarının sadələşdirilməsi ilə bağlı olduqca mühüm bir Fərman imzaladı…

Hazırda aparılacaq mümkün iqtisadi islahatlarla bağlı cəmiyyətdə və ekspert dairələrində qızğın müzakirələr gedir və dəyişikliklərlə bağlı proqnozlar səsləndirilir. Uzun müddətdir ki, belə radikal dəyişikliklər görməyən Azərbaycan cəmiyyətində bu addımlar gizlədilməyən həyacanla izlənilir. “Ölkədə nə baş verir?” – sualı hər kəsin dilindədir. 

Geniş izahata yol vermədən, bu suala qısa cavab vermək olar: Hökumət neft gəlirlərinin kəskin aşağı düşməsi ilə yaranmış yeni situasiyaya adaptasiya olunmağa çalışır; hələllik gündən-günə daha çox hiss olunan böhranın təsirlərini yumşaltmaq və ölkədə işgüzar təşəbbüskarlığı stimullaşdırmaq üçün önləyici ilkin addımlar atır. Bu ilkin addımlar indiki mərhələdə orta və kiçik biznesin böhran şəraitində ayaqda durmasını təmin etməyə hesablanıb.

Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, bu, yalnız ilkin addımlardır və daha çox “təcili-təxirə salınmaz tibbi yardım” xarakterindədir. Atılan addımlar, şübhəsiz ki, qısa zaman kəsiyində səmərə verəcək. Eyni zamanda, gözləmək olar ki, iqtisadiyyatda islahatlar kurusu davam etdiriləcək.

Hələlik, islahatların dinamikası barədə indidən qəti fikirlər söyləmək tezdir. Təxminlərimizə görə, hökumət situasiyaya uyğun hərəkət edəcək.

Bəs, bu islahatlar vəziyyətdən çıxış üçün yetərli olacaqmı? Bu suala isə birmənalı şəkildə "yox" cavabı vermək olar.  Ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi üçün daha genişmiqyaslı addımların atılmasına ehtiyac yaranıb. Bu məsələdə qonşu Gürcüstanın təcrübəsini xatırlamaq yerinə düşər.

 

Gürcüstan təcrübəsindən nə öyrənə bilərik?

 

Saakaşvili islahatları dövründə Yanğından Nəzarət Xidməti ləğv olundu.

Avtonəqliyyat vasitələrinin məcburi texniki baxışdan keçməsi ləğv edildi.

Tikintiyə icazə verilməsi qaydaları çox sadələşdirildi, əvəzində bu sahədə qanunsuz əməllərə görə sanksiyalar çox sərtləşdirildi. 

Əmtəələrin könüllü standartlaşması tətbiq olundu və məcburi sertifikatlaşdırma ləğv edildi.

Sənədlərin məcburi notarial təsdiqi ləğv olundu.

Özəlləşdirmə sahəsində çox radikal ishalatlar aparıldı. O zamankı iqitisadi inkişaf naziri Kaxa Bendukidzenin aforizm olmuş kəlamı bu prosesi daha yaxşı xarakterizə edir: “Vicdandan başqa hər şeyi satmaq olar. Dövlət mülkiyyətində yalnız böyük kral möhürü ola bilər”.

Bu yanaşma xəstəxanalar və su təchizatı ilə bağlı qurumlardan tutmuş mehmanxanalara qədər hər şeyi özəlləşdirməyə imkan verdi. Paytaxt Tbilisidən başqa, ölkədə torpaqların təyinatlı istifadəsi prinsipi ləğv olundu.

Səhiyyə sistemində uzun müddət ərzində profili dəyişdirlməmək şərti ilə xəstəxanalar özəl sektora verildi.

Əhalinin aztəminatlı hissəsinə tibbi xidmətlərdən istifadə edilməsi (baza tibbi xidmətlər) üçün vauçerlər verildi. Digər vətəndaşlar özləri tibbi sığorta və tibbi xidmətləri ala bilərlər. Sosial xarakterli xəstəliklər dövlət hesabına müalicə olunur. Eyni zamanda, 3 yaşına qədər uşaqlar və 60 yaşdan yuxarı vətəndaşların bütün tibbi xidmətləri dövlət hesabına həyata keçirilir. “Ucuz sığorta” sistemi orta təbəqə təmsilçilərinə tibbi sığorta almağa imkan verir.

Vergi sistemində də inqilabi dəyişikliklər həyata keçirildi. Vergi amnistiyası verildi və total “kadr təmizlənməsi” aparıldı. Vergilərin sayı 22-dən 7-yə endirildi. Gəlir vergisi 15% müəyyən olundu və kapital xərclərin tezləşdirilmiş amortizasiyasına icazə verildi. Şirkətlər özlərinin 100% kapital xərclərini xərclərin edildiyi ildə xərclər hissəsində göstərə bilər. Əgər bu zaman artıq xərclər mənfəətdən artıq olarsa, onda onu 5 il ərzində tam ödənilənədək hesabatda göstərmək və deməli, gəlirdən vergi ödəməmək olar.

Gömrükdə çox böyük  liberallaşma aparıldı.  15 müxtəlif gömrük rusumu əvəzinə  (bunlardan ən yuxarısı 35% idi) 0%, 5% və 12% olmaqla 3 vergi rüsumu müəyyənləşdirildi. 0% rüsum isə malların, təxminən, 90%-nə şamil olundu.

Əsas fondlara investisiya zamanı ƏDV-nin dərhal qaytarılması tətbiq olundu. Gəlir vergisi ilə sosial vergi birləşdirilərək 20% həcmində müəyyən edildi.

Gürcüstanda 10 il ərzində bürokratik aparatda və büdcədən maliyyələşən təşkilatlarda 50 faiz ixtisar aparıldı.

 

Azərbaycan hansı yolu seçməlidir?

 

Şübhəsiz ki, hər bir ölkənin təcrübəsi unikaldır və onu olduğu kimi təkrarlamaq heç bir halda fayda vermir. Bununla belə, islahatlar siyasətinin öz unversal qanunauyğunluqları var. İlk növbədə, islahatlar kompleks xarakterli olmalıdır. Yəni müasir iqtisadiyyat və iqtisadi proseslər çox mürəkkəb əlaqə və qarşılıqlı təsirləri ilə fərqlənir. Bir sahədəki tədbirlər digər sektorlarda da davam etdirilməlidir.  

İkincisi, uğurlu islahatlar müvafiq kadrlar və institutlar tələb edir. İslahatlar eyni zamanda qərarların qəbulu prosesinin dəyişməsini və bu məsələdə texnokrat hökumətin ön plana çıxmasını şərtləndirir.

Bu baxımdan Azərbaycan təcrübəsi və son 10 ildə formalaşmış iqtisadi sistemin xüsusiyyətləri nəzərə alınmaqla, islahatların yuxarıda qeyd olunan qanunauyğunluqlar əsas götürülməklə aparılması daha çox fayda verərdi.

Əlbəttə ki, Azərbaycan reallığında islahatlardan danışarkən, bir çox şərtləri nəzərə almaq lazım gəlir. Amma unutmaq da lazım deyil ki, böhran və iqtisadi vəziyyətin dəyişməsi bu şərtləri də çox tez dəyişir. Hökumət üçün indi əsas vəzifə elə addımların atılmasıdır ki, bu şərtlər müsbətə doğru dəyişsin. Bu gün çox az resurs sərf etməklə əldə olun biləcək nəticə üçün sabah daha çox resurs lazım olacaq…

Hökumətin son qərarları göstərir ki, bu zərurət artıq aydın anlaşılır. Hökumət tərəfindən ilkin addımlar atılır. Bununla belə, artıq real və uzunmüddətli islahatlar strategiyasına ehtiyac  yaranıb. Cəmiyyət üçün də aydın olmalıdır ki, hökumət tərəfindən nələr təklif olunacaq, dəyişikliklər hansı istiqamətdə aparılacaq. Məhz bu amillər islahatlar üçün çox vacib olan ictimai etimad mühitini yaradacaq. Biznes üçün çox yaxşı siqnal olacaq…

Zaur İbrahimli 

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə