XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

21 Oktyabr 2015 - 13:11

Hökumətdə yeni qüvvələr nisbəti formalaşır – Oliqarxlar arxa plana keçir

mushavire.JPG

Getdikcə özünü daha dərindən hiss etdirən iqtisadi böhran hakimiyyət müstəvisində artıq uzun illər müşahidə etdiyimiz dayanıqlı qüvvələr nisbətini dəyişməkdədir. İlk vaxtlar hakimiyyət piramidasındakı qüvvələr nisbətinin dəyişməyə başlaması o qədər də hiss olunmurdu. Ancaq artıq proseslər açıq müstəviyə keçib və görünən budur ki, dəyişikliklər davam edəcək və yekunda ənənəvi populyar oliqarx-nazirlərin ön plandan tədricən sıxışdırılıb çıxarılmasıyla nəticələnəcək.

Bir qayda olaraq, iqtisadi böhran, ilk növbədə, inkişaf potensialı olan sahələrə rəhbərlik edən fiqurların, həmçinin hökumətin iqtisadi blokunun ön plana çıxmasını şərtləndirir. 

Bu dalğa ilk olaraq bu ilin fevral ayında "Azərbaycan dəmir yolları" QSC-yə sədr təyin olunan Cavid Qurbanovu üzə çıxardı.  C.Qurbanov dəmir yollarının ölkənin tranzit potensialını artırmaqdakı imkanlarını aktuallaşdıra bildi və nəticədə "Azərbaycan dəmir yolları" QSC Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarıldı.  Daha sonra prezident İlham Əliyev  dəmir yollarının Azərbaycanın beynəlxalq nəqiyyat dəhlizlərində iştirakı üçün vacibliyini vurğuladı. Beləliklə, C.Qurbanov yeni səlahiyyətlər və yaxşı kart-blanş ala bildi.

Önə çıxan və yeni səlahiyyətlər əldə edən digər fiqur isə sənaye və iqtisadiyyat naziri Şahin Mustafayevdir.  Göz önündə olmağı xoşlamayan Ş.Mustafayev bundan sonra tez-tez görünməli olacaq. Lisenziyaların verilməsi, bu sahədə prosedurlarların təkmilləşdirilməsi və islahatlar aparılması məhz Sənaye və İqtisadaiyyat Nazirliyinə həvalə edildi. Hökumətdə və ekspert dairələrində sadəliyi , texnokrat-peşəkar imici ilə seçilən Ş.Mustafayev, yəqin ki, yaxın perspektivdə daha önəmli fiqura çevriləcək. İqtisadi sahədə islahatların aparılmasının əhəmiyyətli komponentlərinə rəhbərliyin də məhz ona həvalə ediləcəyini gözləmək olar.  Ş.Mustafayev keçmiş həmkarı Fərhad Əliyevin xüsusiyyətlərinə malik olmasa da,  iqtisadiyyatda islahatların aktuallaşması onu, istər-istəməz, hökumətin əsas simalarından birinə çevirəcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, həmçinin yüksək texnologiyalar və rabitə naziri Əli Abbasov üçün də yaxşı perspektiv açılır. Hər iki naziri yüksək işgüzarlıq, peşəkarlıq, komanda ilə işləmək bacarığı və çox yaxşı icraçılıq keyfiyyətləri birləşdirir.

S.Müslümov publika ilə də yaxşı işləməyi bacarır və islahatlara da çox meyillidir. Eyni zamanda bundan əvvəl işlədiyi sahələrdə Maliyyə Nazirliyində, Dövlət Gömrük  Komitəsində, Dövlət Sosial Müdafiə Fondunda fəaliyyəti ilə çox yaxşı təsir bağışlayıb və "çp"-siz işləyib. Həm gömrükdə, həm də  Dövlət Sosial Müdafiə Fondunda çox ciddi quruculuq işləri ilə yadda qalıb. Əmək və əhalinin sosial müdafiəsi naziri kimi də fəallığı və yenilikləri, ictimaiyyətlə ciddi işləməyi ilə fərqlənir.

Yüksək texnologiyalar və rabitə naziri Əli Abbasov Prezident komandasının ən bacarıqlı üzvlərindən sayılır. Onun karyerası sırf Prezidentin dəstəyi ilə bağlıdır.  2001-2004-cü illərdə Milli Məclisin deputatı və Avropa Şurasının Parlament Assambleyasına göndərilən nümayəndə heyətinin üzvü kimi, Prezidentin diqqətini çəkə bilib və 2004-cü ildən nazir postuna təyin olunub. Bu müddətdə peşəkar fəaliyyəti, islahatları, yenilikləri ilə diqqəti çəkib. Hazırda informasiya-texnologiyaları sahəsi ölkədə dinamik inkişaf edən sektora çevrilib. Ə.Abbasov ona həvalə edilən layihələri çox bacarıqla icra edib və xətasız işləyə bilib. 

Bu nazirləri xüsusi  qeyd etməyimiz təsadüfi deyil. Diqqətli müşahidəçilərin nəzərindən qaçmadı ki, 21 fevral devalvasiyasından sonra bu il 13 iyulda dövlət başçısının rəhbərliyi ilə keçirilən hökumət üzvlərinin müşavirəsində məhz bu iki nazir çıxış etmişdi. Mətbuata da yalnız onların çıxışının mətni yayılmışdı…

Müşahidəçilərin fikirincə, start götürən iqtisadi islahatlar fonunda hökumətdə gözlənilən dəyişikliklər bu iki nazir üçün də yaxşı perspektiv yarada bilər. Çünki hazırda məhz peşəkarlığı ilə seçilən, siyasətdən çox uzaq texnokrat kadrlar islahatların uğurla  aparılmasını təmin edə bilərlər.

Hökumətin iqtisadi blokunun digər üzvləri – maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, vergilər naziri Fazil Məmmədov da əvvəlki dövlərə nisbətən, son iki ildə daha önə çıxıblar. Düzdür, Beynəlxalq Bank ətrafında baş verənlər S.Şərifov və E.Rüstəmov üçün müəyyən problemlər yaradıb. Bununla belə, ölkədə bank və maliyyə sektorunun qeyri-rəsmi "baronu" Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin vurulması onları bu sektorda əsas söz sahibinə çevirib. Onlara yenidən etimad bəslənəcəkmi? Bunu zaman və proseslərin axarı göstərəcək.

Prezidentin 12 oktyabrdakı çox sərt tənqidindən sonra vergilər naziri F. Məmmədov əvvəlki kimi özünəinamlı görünmür. Halbuki, bu ilin iyuluna qədər onunla, demək olar ki, hamı hesablaşmaq məcburiyyətində qalırdı. Prezidentin vergilərlə bağlı tənqidləri və yoxlamalarla bağlı çox ciddi iradları, bu sahədə start verilən islahatlar, qohumu Binəqədi rayon icra hakimi Xaləddin  İsgəndərovun fəaliyyəti F.Məmmədovun karyera perspektivinə kölgə salıb. Bununla belə, F.Məmmədov vergi inzibatçılığı, bu sahədə elektron xidmətlərin təşkilində aparılan islahatlar, tapşırıqların yaxşı icrası ilə təriflənib. Ona yenə şans veriləcəkmi? Bu məsələdə nikbinlərlə bədbinlərin sayı, təxminən, bərabərdir.

Sonda qeyd edək ki, iqtisadi islahatlar dövründə hökumətin iqtisadi bloku üzvlərinin ön plana çıxması, qərarların qəbulunda peşəkar-texnokrat kadrların rolunun artması bir qanunauyğunluqdur.  Bu proses hətta Rusiyada da qabarıq nəzərə çarpır. Bir müddət əvvəl əhalinin əksəriyyətinin tanımadığı baş nazirin müavinərinin adları belə indi dillər əzəbəri olub.

Neft erasının bitməsi ilə oliqarx-nazirlərin də dövranı başa çatmaq  üzrədir. Artıq o zaman çatıb ki, oliqarxlar, inhisarçı nazirlərin münasibəti heç nəyi həll etmir. Əksinə,  bundan sonra texnokrat-peşəkar nazirlərin yanaşması, onların ideyaları hökumətin gündəliyini və siyasətini müəyyənləşdirəcək…

Zaur İbrahimli

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə