XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

20 Oktyabr 2015 - 13:11

Prezident İlham Əliyev “iqtisadi inqilab”a start verdi – Daha hansı sahələrdə dəyişikliklər gözlənilir?

prezident-9.JPG

Prezident İlham Əliyevin  Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  biznes mühitinin yaxşılaşdırılması, sahibkarların hüquqlarının qorunması ilə bağlı anonsunu verdiyi  mühüm addımların atılması özünü çox gözlətmədi.

Dövlət başçısının dünənki fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edildi. Eyni zamanda Nazirliyə xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi tapşırıldı.

Həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi ilə bağlı təkliflərini bir ay müddətində dövlət başçısına təqdim etməlidir.

Sahibkarlar üçün digər sevindirici xəbər isə Prezidentin qanunvericilik təşəbbüsü qismində 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində yoxlamaların iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanun layihəsinin  parlamentə təqdim edilməsi oldu.  Qanun layihəsində qeyd olunub ki, bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.

Layihədə göstərilib ki, qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar  Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.

Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Hal-hazırda Azərbaycanda təxminən 35 yoxlayıcı orqan mövcuddur.  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli 714-IVQ nömrəli Qanunu ilə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərində sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin hüquqlarının qorunması məqsədilə yoxlayıcı orqanların qarşısında müəyyən tələblər qoyur.

Qanunda  sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və bu bölgünün nəticəsindən asılı olaraq yoxlamaların aparılması tezliyi müəyyən edilir. Sahibkarların risk qrupları üzrə bölüşdürülməsi risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında hər yoxlayıcı orqan tərəfindən onun nəzarət sahəsinə uyğun həyata keçirilir və yoxladığı bütün sahibkarlara şamil edilir.

Yüksək risk qrupuna aid sahibkarların fəaliyyəti ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid olanlar iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupuna aid sahibkarlar isə üç ildə bir dəfədən çox olmayaraq yoxlanması nəzərdə tutulur. Plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 iş günündən, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılmalıdır.  Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə 3 günündən artıq olmamalıdır.

Bu qanunun qəbulu zamanına görə çox mütərəqqi addım kimi qiymətləndirilirdi və sahibkarlıq subyektlərinin tənzimlənməsi sahəsində müəyyən bəlli "oyun qaydaları"nın bərqərar olmasına kömək etmişdi.

Bununla belə, qanunun qəbulu sahibkarlıq subyektlərinin yoxlanması ilə bağlı subyektiv yanaşmaları müəyyən qədər məhdudlaşdırsa da, bu sahədə əsas problemlərin həllinə yardım edə bilmədi. Çünki risk qruplarının formalaşdırılması, sahibkarlıq subyektlərinin bu qruplara daxil edilməsində subyektivlik üçün çox böyük meydan qalırdı. Digər tərəfdən yoxlayıcı qurumların səlahiyyətləri məhdudlaşdırılmamışdı və plan üzrə yoxlamalar olduqda belə onların sui-istifadə hallarına yol verməmələri üçün əlavə mexanizmlər tətbiq edilməmişdi.

Bu baxımdan indiki iqtisadi böhran situasiyasında məhz radikal addımlar tələb olunurdu. Yoxlamaların iki il müddətinə dayandırılması məhz belə radikal addım oldu. Qeyd edək ki, qonşu Gürcüstanda sahibkarlıq subyektlərinin yoxlanması ilə bağlı bir çox yoxlayıcı qurumlar tamamilə ləğv edilib.

Ümumiyyətlə,  biznesə daha çox sərbəstlik verilməsi son illər bir dünya trendinə çevrilib. Dünya Bankının "Biznesin aparılması – 2015: Səmərəlilikdən daha çox" hesabatında qeyd olunur ki, tədqiqatın əhatə etdiyi 189 ölkədə 2013 ilin iyunundan 2014-cü ilin iyununa kimi biznesin tənzimlənməsi sahəsində 230 islahat aparılıb. Bu islahatlardan 145-i biznesin aparılmasının sadələşdirilməsi, izafi xərclərin azaldılması, 45-si isə normativ bazının təkmilləşdirilməsi ilə bağlı olub.

Ekspertlər qeyd edirlər ki, bu islahatlardan daha çox kiçik və orta biznes udur. Bu isə dayanıqlı inkişaf üçün çox vacibdir. Hazırda iqtisadi inkişafla bağlı qlobal geriləmə fonunda iqtisadi dayanıqlıq məhz kiçik və orta biznesi inkşiaf etdirməklə mümkün ola bilər.

Azərbaycanda son zamanlar atılan addımlar göstərir ki, siyasi hakimiyyət məhz bu prioritetdən çıxış edir.  Ölkədə məhz kiçik və orta biznesin daha çox dəstəyə ehtiyacı var. İri biznes subyektləri isə faktiki olaraq bir çox sahələrdə inhisarçı mövqeyindədirlər və onlar üçün əslində fərqli yanaşma tələb olunur.

MDB ölkələri də bu sahədə fəal islahatlar aparırlar. Məsələn, bu il iyul ayında Ukraynada fitosanitar nəzarətin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. Prosedurlar sadələşdirilib.Həmçinin  fitosanitar sertifikatların alınmasını məcburi edən halların sayı azaldılıb. Eyni zamanda Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün tədbirləri sürətləndirir, Astanada Dubay nümunəsində Azad İqtisadi Zona yaradılır.

Azərbaycan üçün də artıq iqtisadiyyatda radikal islahatlar həyatı vacib zərurətə çevrilib. Ehtimal etmək olar ki,  Prezidentin təşəbbüsü ilə yaxın gələcəkdə bu sahədə yeni addımların şahidi olacağıq. Söhbət dövlət başçısının anons etdiyi istehsalda və idxal-ixracda inhisarçılığın aradan qalıdırılması ilə bağlı  tədbirlərin görülməsindən gedir.

Böyük ehtimalla, bu sahələrdə tədrici islahatların şahidi olacağıq. Çünki  son 10 ildə formalaşmış struktur və şəbəkələrin bir zərbə ilə dağıdılması xeyirdən çox ziyan vura bilər.  Bu baxımdan yaxın 6 ayda bu sahələrdə də nəzərəçarpacaq irəliləyişlər müşahidə edə biləcəyik. Xüsusən istehsal və  ixracın stimullaşdırılması və gömrükdə liberallaşmanın aparılmasının əsas prioritet olacağını təxmin etmək çətin deyil.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə