Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 12 oktyabr iclası bir çox yaddaqalan məqamlarla tarixə düşəcək. İlk növbədə Prezidentin mövcud iqtisadi problemlər və dövlət idarəçiliyindəki nöqsanlarla bağlı çox açıq danışması diqqət çəkdi. Dövlət başçısı bundan əvvəl 13 iyul müşavirəsində də problemlərdən söz açmışdı. Lakin ilk dəfə idi ki, İlham Əliyev bu cür açıq və sərt tonda nöqsanları qeyd etdi. Xüsusən onun iqtisadiyyatda, istehsal və idxal sahəsindəki monopoliya probleminin üzərində dayanması ayrıca vurğulanmalıdır. Yekun nitqində “Biz çalışmalıyıq ki, iqtisadi islahatları daha da dərinləşdirək və iqtisadiyyatı liberallaşdırmaq üçün əlavə tədbirlər görək”, – deyən dövlət başçısı inhisarçılıqla bağlı bunları vurğulayıb: “İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda. Burada da, bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır”.
Bir dövlət başçısı yalnız bu qədər açıq danışa bilərdi. Prezidentin monopoliya ilə bağlı ümumi yox, detallara qədər açıq danışması yaxın gələcəkdə, ola bilsin ki, 1 noyabr seçkilərindən sonra bu istiqamətdə tədricən dəyişikliklərin aparılmasını ehtimal etməyə əsas verir. Sirr deyil ki, Azərbaycan idxaldan asılı ölkələr sırasındadır. Ölkədə idxal inhisarçılığı mövcuddur, sektorlar üzrə inhisarçılar fəaliyyət göstərir və ölkəyə gətirilən malların qiyməti də onların diktəsi ilə formalaşır. Qeyri-rəsmi inhisaçılar kastası formalaşıb və onlar bazarda hökmran mövqeyə sahibdirlər. Xüsusən gündəlik tələbat, texnoloji avadanlıqlar, elektrotexnika məhsulları, ərzaq və uşaq yeməklərinin, tikinti materiallarının idxalında çox sərt inhisarçılıq və bölgü mövcuddur. İnhisarçılar fantastik dərəcədə çox böyük gəlir əldə edirlər.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvar-avqust aylarından idxal əməliyyatlarının həcmi 5.8 milyard dollar təşkil edir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 5 faiz yüksəkdir. 2015-ci ilin 8 ayı ərzində yeyinti məhsulları idxalı 3,08 faiz artaraq ümumi idxalın 11,13 faizini təşkil edib. Bu il ərzində ölkəyə 125,5 min ton kartof idxal edilib. Amma kiloqramı 6 qəpiyə alınan kartof ölkə bazarında 10-15 dəfə baha qiymətə satılıb. Hazırda xaricdən gətirilən kartofun kiloqramı 60-90 qəpiyə təklif edilir.
İstehsalda da təxminən eyni mənzərədir. Dövlət sifarişləri ilə bəslənmiş məmurlara yaxın iri holdinqlər rəqabətə imkan yaratmayıblar. Beynəlxalq Bank ətrafında baş verənlər göstərdi ki, biznes kreditlərin əksəriyyəti də məhz məmurlara yaxın iş adamlarına, onların qohumlarına məxsus şirkətlərə verilib.
Bu vaxta qədər yüksək neft gəlirləri bu problemlərin qabarmasına imkan vermirdi. Neft gəlirləri kəsin aşağı düşəndən sonra isə iqtisadi inkişaf, xaricdən sərmayənin cəlb olunması, işsizliyin artmaması, dövlət büdcəsinin formalaşması üçün “oyun qaydaları”nı dəyişmək zərurəti yaranıb. Xüsusən sərmayənin ölkədən qaçmaması üçün iqtisadiyyatda liberal islahatlar və inhisarçılığın aradan qaldırılması həm iqtisadi, həm də siyasi vəzifə kimi qarşıda durur. Azərbaycan üçün indi ən əsas vəzifə işgüzar fəallığın aşağı düşməsinin qarşısını almaq, əhalinin iqtisadi təşəbbüslərə təşviq edilməsdir. Buna isə yalnız inhisarçılığın aradan qaldırılması yolu ilə başlamaq mümkündür. İnhisarçılığın aradan qaldırılması bir çox problemlərin həllinə çox böyük təkan verə bilər. Xüsusən korrupsiyanın məhdudlaşdırılması, kölgə iqtisadiyyatının həcminin azalması, gəlirlərin ədalətli bölüşdürülməsi, vergi bazasının genişləndirilməsi ilə bağlı problemlərin həllinin ilkin şərti rəqabət mühitinin yaradılmasıdır. İqtisadiyyatda ishlahatlar öz ardınca digər dəyişiklikləri də labüd edəcək, istər qanunvericiliyin təkmilləşdirilməsi, dövlət qurumlarının fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması, məmur özbaşınalığının aradan qaldırılması və s. Azad rəqabətdə uğur qazanan iş adamı, biznes çevrələri üçün bütün bunların olması şərtdir. Bütün dövr və ölkələrdə islahatların əsas dayağı və hərkətverici qüvvəsi məhz iqtisadi fəal insanlar, sahibkarlar olublar.
Yuxarıda qeyd olunanlar məslənin iqtisadi tərəfinin başlıca məqamlarıdır. Hazırkı şəraitdə inhisarçılığın siyasi dayanıqlıq üçün də əsas problemlədən biri kimi nəzərdən keçirmək mümkündür. İnhisarçılılıq mahiyyəti etibarı ilə öz imtiyaz və güzəştlərini qorumaqda kompomisə getmək istəməməsi onu bütün cəmiyyətlə üz-üzə qoyur. Sırf öz mənfəətini düşünən oliqarx və monopolistlər müxtəlif sferalarda imtiyazlarını saxlamaq və fürsətdən faydalanaraq daha çox qazanmaq üçün cəmiyyətdə tarazlığı saxlamağa yönəlik təşəbbüsləri boykot edirlər. Bu cür mövqe isə sonda siyasi hakimiyyəti hədəfə gətirir.
Eyni zamanda neft gəlirlərinin azalması fonunda bir qrup inhisarçının idxala, istehsala nəzarət etməsi ehtimal olunan böhran məqamlarında çox böyük risklər yarada bilər. Həmçinin inhisarçı qruplar bir qayda olaraq transmilli şəbəkələrlə əlaqəli işləyirlər və onlar üçün əsas prioritet milli maraqlar deyil, biznes maraqlarının, onların söz sahibi olan düzənin saxlanmasıdır.
Görünən budur ki, yuxarıda qeyd olunan bu məsələlər artıq siyasi rəhbərliyin gündəliyindədir və bunla bağlı cəmiyyətə açıq mesajlar verilməsi qərara alınıb. Siyasi rəhbərlik cəmiyyətə hansı tərəfə kurs götürəcəyi ilə bağlı mesajlar verməklə öz mövqeyini nümayiş etdirir.
Gözləmək olar ki, seçkilərdən sonra cəmiyyət tədrici dəyişikliklərin şahidi olacaq. Ziya Məmmədov nümunəsi ilə siyasi hakimiyyət qətiyyətini bir daha nümayiş etdirir. Eyni zamanda bu prosesin özünün məqsədəuyun hesab etdiyi çərçivə və şərtlərlə aparılacağına işarə vurur. İstənilən siyasi hakimiyyət mühafizəkr olur və onun üçün siyasi sabitlik prioriteti hər şeydən önəmlidir. Siyasi hakimiyyət üçün də son 10 ilin proseslərinin müəyyənləşdirdiyi çərçivə və şərtlər mövcuddur. Çox böyük ehtimalla məhz bu çərçivə və şərtlər nəzərə alınmaqla yaxın gələcəkdə bir çox oliqarx və monopolistin tarixin arxvinə göndəriləcəyini müşahidə edəcəyik
Zaur İbrahimli
Strateq.az