XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

08 Avqust 2015 - 13:16

Avropa Birliyində “fermer inqilabı”: Ərzaq istehsalçıları nəyə etiraz edirlər? – Təhlil

Rusiyanın AB-dən “ərzaq məhsulları almaq” qadağası ixracatı dayandırıb

 

Avropa fermerləri, demək olar, hər gün küçələrə çıxırlar. Fransadan başlayan etirazlar Bolqarıstan, Belçika, Yunanıstan və başqa ölkələrə yayılıb. Etirazlar təkcə bu dövlətlərin gündəlik həyatına təsir etmir, həm də AB ölkələri arasında zaman-zaman gərginlik və problemlər də yaradır.

Güclü həmkarlar və kooperativlərin tərkibində ciddi və yaxşı təşkil olunmuş qüvvəni təmsil edən fermerlər – xüsusən də Fransada – idxala, vergilərə və kənd təsərrüfatı məhsullarının qiymətinin düşməsinə etiraz edirlər. Bu aksiyaların baş verdiyi fonu və onun Türkiyə üçün mümkün nəticələrini sıradakı kimi ümumiləşdirmək olar.

Son illərin islahatları və güclü aqrar sektorlu ölkənin dotasiyasının azalması nəticəsində (hər şeydən əvvəl Fransada) AB-nin 1950-ci illərdən tətbiq etdiyi "Vahid kənd təsərrüfatı siyasəti proqramı" çərçivəsində bir sıra üstünlükləri itirilib. Onlar müntəzəm şəkildə etiraz edərək öz hüquqlarını müdafiə etmək və hökumətin onların səsini eşitməyinə nail olmaq istəyirlər.

AB-nin Rusiyaya münasibətdə siyasəti qarşılıqlı embarqonun tətbiqinə gətirib çıxartdı. Rusiyanın AB ölkələrindən artıq bir ildən çox qüvvədə olan “ərzaq məhsulları almaq” qadağası ixracatı dayandırıb. Bölgə üçün önəmli bazar olan Rusiyanın bu cür mövqeyi Avropada aqrar məhsulların və ərzağın qiymətinin düşməsinə səbəb oldu.

Lakin Rusiyanın embarqosu yeganə amil deyil. Təkcə Avropada deyil, bütün dünyada kənd təsərrüfatı məhsulları və ərzağın qiyməti enir. İstehsalat xərcləri isə düşmür. Buna görə də fermerlər qiymətin düşməsinə görə ziyana düşürlər. Ziyanın əvəzlənməsi subsidiyalar və yaxud əlavə büdcə tələb etdiyi halda, dotasiyalar qismən də olsa, azalır. Nəticədə fermerlər  qiyam edirlər.

AB-nin üzv ölkələri "Vahid kənd təsərrüfatı siyasəti" çərçivəsində xeyli qaydalara əməl etməlidir. Lakin onların öz normaları da var. Bir sıra ölkələrdə, xüsusən də Fransada fermerlər daha yüksək vergi ödəyirlər. Az ödəyənlər daha əlverişli mövqedə görünürlər. Bu məsələ Fransada son etirazların gedişində ən populyar məsələlərdən biri oldu. Euronews-a əsasən, gənc fermerlər Həmkarlarının baş katibi Giyom Daru etirazların səbəbini Fransada qüvvədə olan qaydaların və məsələn, İspaniya və digər qonşu ölkələrdəki qaydalarla uyğunsuzluğu ilə izah edib. Qeyd olunub ki, yüksək vergilərin ödənildiyi Fransa ilə müqayisədə başqa ölkələrdə istehsalat xərcləri nəzərə çarpacaq dərəcədə aşağıdır.

Fermerlər təkcə öz ölkələrinin hökumətlərini deyil, başqa dövlətləri də tənqid edirlər. Məsələn, fransız fermerlər İspaniya və Almaniyadan ərzaq yüklü maşınları buraxmayıb hədəf qismundə bu ölkələri də seçirlər. Bütün bunlar da bu ölkələr arasında gərginlik yarada bilər. Bu yaxınlardakı etirzların gedişində idxal firmaları da nişana tuş oldu. Etiraz edən fermerlərin əksəriyyəti tər meyvə-tərəvəz və yaxud ət-süd məmulatı istehsalçılarıdır. Həm də bu sahələrin hər birində amansız mübarizə gedir. Bundan başqa, bu mallar tez-tez qiymətdən düşür. Belçika fermerlərinin sözlərinə görə, südün orta qiyməti 30 avro senti təşkil edir, lakin bu cür qiymət xərcləri bağlamaq imkanı vermir və onlar, ən azı, 40 sentə təkid edirlər.  

Fermerlər daha çox proteksionizm istəyirlər. Onlar milli istehsalata  daha fəal dəstək, idxalatın azalmasını (dayandırlmağa qədər), vergilərin endirilməsini tələb edirlər. Bütün bunlar mahiyyətcə "Vahid kənd təsərrüfatı siyasəti"nə, azad bazar iqtisadiyyatı normalarına, daha dəqiqi, AB-nin vahid bazar prinsiplərinə ziddir. Birliyə üzv ölkələr milli markalanma sisteminə keçməyə başlayıb. Məsələn, yerli süd məhsullarının istehlak səviyyəsini yüksəltmək və istehlakçını ölkə ərzağına yönəltmək istəyən Belçika bu cür addım atıb. Lakin daxili bazarda Belçikada istehsal edilən südün cəmi 1%-i istehlak olunur. AB-nin süd normasını ləğv etməyi və istehsalın artması müqabilində istehlakla ixracatın eyni dərəcədə çoxalmaması ciddi problemlərə gətirib çıxardır. Bir müddət əvvəl ət istehlakının azalması üzündən Fransa hökuməti fransızları yerli ət məhsulunu almağa çağıran kampaniyaya başladı. Fermerlər bu kampaniyanı müdafiə edir, lakin hesab edirlər ki, bu, yetərli deyil. Supermarketlərin qiymət siyasətinə müdaxilə onların tələbləri sırasındadır. Hökumətlərin Fransa, Belçika və başqa ölkələrdəki etirazlara münasibətdə mövqeyinə nəzər salanda dialoq qurmağa daimi cəhdlər dərhal aydın olur.

Prezidentdən kənd təsərrüfatı nazirinə qədər bütün rəsmi şəxslər fermerlərin etirazlarını tamamilə ədalətli hesab edir və müəyyən tədbirlər görürlər. Mütəşəkkil strukturlarda birləşmiş fermerlər hökumətə tamamilə təzyiq göstərə bilərlər. Məmurlar bu məsələləri qaldırmağa və uyğun addımlar atmağa məcburdur. Eyni zamanda heç bir gözyaşardıcı qaz və yaxud suvuran yoxdur. Fransada təcili tədbirlər zərfi çərçivəsində fermerlərə 1,1 milyard avro vəd olunub, bunun 500 milyonu vergi yükünün ixrtisarı üçündür. Fransa hökuməti fermerlərin istehsal etdiyi məhsulun ərzaq müəssisələri tərəfindən alış dəyərinə və pərakəndə satış alverçilərinə təsir etməyə cəhd göstərdi, lakin hələlik səmərəsi yoxdur. Fransa kənd təsərrüfatının nazirliyinin açıqlamasına əsasən, fermerlərin 10%-i iflas həddindədir.

Beləliklə, Avropa fermreləri yerüzünün bir çox guşələrindəki kimi, çətin duruma düşüblər. Öz məhsullarını yüksək məsrəflə istehsal edən kiçik fermerlər yeni qaydalar şəraitində ziyana düşür və sistemin hüdularından kənarda görünürlər. Fermerlər həmkarların tərkibində fəal mübarizə aparır və etiraz aksiyaları keçirdirlər. Türkiyədə bu problem daha ağırdır. Lakin mütəşəkkil qüvvənin olmaması ona gətirib çıxardır ki, fermerlər müqavimət göstərə bilmir və kənd təsərrüfatını tərk edirlər.

 

Əli Əkbər Yıldırım

"Dünya" (Türkiyə), 07.08.2015