XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2015 - 13:17

Azərbaycan bir neçə unikal layihədə logistik mərkəzə və yolayrıcına çevrilir – Təhlil

Zaman elastikdir. O, son dərəcə dolğun və döyünən olur, bəzən isə ləng axır – boş və yüksüz. Çağdaş dünyanın inkişaf tempi və məntiqi bu cürdür ki, informasiya və pul şəhərlər və kəndlər, ölkələr və qitələr arasındakı böyük məsafəni saniyələr və dəqiqələr ərzində “yüyürür”, malların yerdəyişmə sürəti isə hələ də günlərlə, həftələrlə ölçülür. Buna görə də müxtəlif ölkə və bölgələri birləşdirmək iqtidarında olan beynəlxalq nəqliyyat-logistika layihələri həmişə aktualdır. Əlbəttə, onların perspektivliliyi, gerçəkliyi və ciddi-cəhdlə işlənməsi şərtilə. Qərbi və Quzey-qərbi Avropa ölkələrini Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə, həmçinin Xəzər dənizinin ətrafında nəqliyyat infrastrukturunun inşası ideyaları 2014-cü ilin sentyabrında Həştərxanda IV Xəzər sammitinin gedişində səsləndi. Rusiya prezidenti Vladimir Putin o zaman qeyd etdi ki, bu cür çoxtərəfli layihələr daimi təşkilati dəstək tələb edir. Nursulatan Nazarbayev bildirdi ki, Qazaxıstan “ölkə  ərazisinin ən böyük Avrasiya işgüzar tranzit xəttinə çevrilməsi üçün bütün zəruri şəraiti” yaradar. Türkmənistan lideri isə bölgəsəl Xəzər nəqliyyat-logistika mərkəzi yaratmağı təklif etdi. Planetin ən böyük materiki – Avrasiyanın Quzey-Şərqini və Şərq-Qərbini birləşdirməli olan irimiqyaslı və hətta nədəsə unikal layihələrin həyata keçirilməsi üzrə gerçək planlar göz qabağındadır.

Beləliklə, Güney Asiyada Hindistan, Fars körfəzi dövlətləri, İran, Xəzər hövzəsi və Rusiyadan Quzey Avropa ölkələrinə keçməli olan “Quzey-Güney” dəmiryol arteriyası.

Ekspertlərin fikrincə, bu qitəsəl önəmli layihənin gerçəkləşdirilməsi mövcud Süveyş kanalı ilə müqayisədə daşınma məsafəsini iki dəfə azaltmağa imkan verəcək.

Bu layihə üzrə ciddi irəliləyiş 2014-cü ilin noyabrında İran prezidenti Həsən Ruhaninin Bakıya rəsmi səfəri çərçivəsndə əldə edilib.

Həmin ilin noyabrda Azərbaycandan keçməklə İrandan Rusiyaya dəmiryolunun inşası RF Dövlət Dumasının spikeri Sergey Narışkinin Tehran səfərinin gedişində müzakirə edilib. Sonra yanvarın sonunda Rusiya müdafiə naziri Sergey Şoyqunun İrana səfəri oldu. Bu səfər Rusiya-İran hərbi, energetik və nəqliyyat layihələrinin inkişafı məsələsində yarğı sayılır.

Moskva, Bakı və Tehranın uzlaşmış fəaliyyəti Azərbaycan və Qafqaz ərazisi ilə Fars körfəzindən Qara, Aralıq dənizlərinə, Avropa ölkələrinin sahillərinə yeni nəqliyyat-logistika yolu salınmasına ümidlər oyadır. Azərbaycanla İranın coğrafi durumu onlara bir-biri üçün körpü-keçid rolu oynamağa imkan verir – İran üçün Avropa və Rusiya ilə, Azərbaycan üçün güney dəhlizləri ilə.

Rusiya, Çin, Hindistan, Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələrinin cəlbi ilə Azərbaycanın başqa formatlarda geniş əməkdaşlıqları da istisna deyil. Nəzərə alınsa ki, Baklı-Tiflis-Qars dəmiryolu artıq inşa olunur (magistralın yeni 105 km-lik qanadı salınır), onda aydın olur: Azərbaycan dərhal nəqliyyat marşrutları təzə olan yeni bir neçə unikal layihədə logistik mərkəzə və yolayrıcına çevrilir. Coğrafi durum Azərbaycanı yüklərin Avropadan Asiyaya nəqli üçün önəmli ölkə edir.

Digər nəhəng ideya Xəzər ətrafında dəmiryol “halqa”sı yaratmaqdır. Bu ilin sonunda Qazaxıstan, Türkmənistan və İran arasında “şərq yarımhalqası”nı inşa edib başa çatdırmaq planlaşdırılır. 2016-cı ildə Azərbaycan-İran “qərb yarımhalqası”nda işlər başa çatmalıdır. Məqsəd – Xəzərin əsas limanlarını birləşdirməkdir ki, vaxt və yüklərin daşınma dəyəri köklü şəkildə aşağı düşsün. Deməli, Xəzəryanı ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyəti yüksələcək.

İdeya tamamilə aydındır, lakin indiki anda sırf siyasi səciyyə daşıyır. Rusiya ilə Azərbaycanın Xəzərboyu yolu hələ sovet dövründən fəaliyyətdədir. İran, təxminən, eyni qanadın inşasını başa çatdırır. Qazaxıstanın qarşısında 200 km-lik kiçik dəmiryol arteriyası inşa etmək durur. Türkmənistanı isə xeyi dərəcədə uzun – mürəkkəb relyefdə 1,5 min km-lik lay salmaq gözləyir. Onların resursu bəs edəcəkmi və siyasi iddialar zəruri iqtisadi təchizatla möhkəmlədiləcəkmi? Düzünü desək,  hələlik aydın deyil.  

Ekspertlər cəmiyyəti Xəzər dənizi ətrafında dəmiryolunun inşası ideyasına son dərəcə ziddiyyətli yanaşır. Bəzi mütəxəssislər hesab edirlər ki, bu cür dəmiryolu bütün yönlərdən perspektivlidir və uzunmüddətli planda tamamilə gerçək iqtisadi əsaslara malikdir. Bu sayaq konsepsiya konkret texnologiyaları həyata keçirtməyə, Xəzəryanı bölgənin birinci növbədə nəqliyyat səviyyəsində logistikasını yaxşılaşdırmağa imkan verir. Layihə bölgənin bütün ölkələri üçün strukturyaradıcı başlanğıc rolunu oynaya bilər. Şübhə yoxdur ki, Xəzər ətrafındakı gələcək nəqliyyat “halqası” bütün infrastruktur komponentlərini – yük axını, maliyyə və digər axınları əhatə etməlidir. Hər şeydən başqa, Xəzərətrafı dəmiryolunun inşası bir neçə strateji vəzifəni həll etməyə imkan verəcək. Bu, həm də Xəzərin mineral resurslarının dünya bazarına tədarükü marşrutlarının müxtəlifyönlü edilməsidir. Həm də Avrasiya tranziti çərçivəsində əlavə kommunikasiya əlaqələrinin yaradılmasıdır. Və bütünlükdə dəmiryol nəqliyyatının inkişafıdır.

Şəkkaklar iddia edirlər ki, Xəzər dənizi ətrafında halqa dəmiryolunun inşasına kəskin ehtiyac yoxdur. Nəzəriyyədə hər şey gözəlmiş, əməldə isə oradan daşımağa bir şey yoxdur. Yol bahalıdır, faydalı iş əmsalı cüzidir. Hətta layihənin həyata keçiriləcəyi halda bütün magistral boyu yük dövriyyəsi həm tonlarla, həm də ton-kilometrlərlə cüzi olacaq. Həm də ki, transxəzər yükləri indiyədək dənizlə tamamilə uğurla daşınır.

Kimin tərəfini tutmağı oxucunun özü qət etməlidir. Lakn faktlar ondan xəbər verir ki, hər halda Rusiya və Azərbaycan həm “Quzey-Güney” layihəsinə, həm də Xəzərboyu dəmiryolu halqasına tamamilə ciddi yanaşır. "Rusiya dəmiryolları” şirkəti layihə işləmələri hazırlayır və Azərbaycandan keçməklə İrandan Rusiyaya dəmiryolu salmaq üçün vəsait axtarır.

Bakıda dəmiryolu arteriyası məsələsi ilə məşğul olası beştərəfli strukturun yaradılmasına hazır olmaq barədə bildirir və həmişə deyirlər ki, ölkənin gələcəyi Şərqlə Qərb arasında tranzit nöqtəsi kimi onun rolunun genişləndirilməsindən ibarətdir. Həm də Azərbaycan 2015-ci il iyulun 16-da rəsmən beynəlxalq yükdaşımalar haqda konvensiyaya  qoşuldu. Xəzəryanı ölkələrin dəmiryolu təşəbüsünün nə qədər perspektivli və həqiqi olduğunu gələcək göstərəcək. Lakin burada perspektiv və həqiqilikdən başqa problemin siyasi komponenti də olduqca önəmlidir. Bu komponentdə Rusiya və Azərbaycanın açar strateji prioritetləri su damlasında olduğu kimi əks olunur.

Vladimir Suxoy

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru

Moskva-Baku.ru, 05.08.2015