XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2015 - 13:18

Rusiyanın nüvə raketləri Amerikaya uça biləcəkmi? – Təhlil

Rusiya raketlərinin Amerika raketlərinin zərbəsindən yayınması üçün iki dəqiqəyə yaxın vaxtı var. Həm də bu iki dəqiqənin bəs edib-etməyəcəyi hələ sual altındadır. Rusiyanın cəbbəxanasında da (ABŞ və Böyük Britaniyadakı kimi) qitələrarası ballistik raketli sualtı qayıqlar var.

Rusiyanın nüvə vətənpərvərlərinin hesab etdiyi kimi, budur, Florida sahillərinin yaxınlığında dənizin dibində Rusyanın belə bir sualtı qayığı durub və öz saatını gözləyir. Və buraxılış əmri alanda Vaşinqtona və Mayami-Biçə – guppp!!! Vəssalam, Ağ Evin, oliqarxların Mayamidəki villalarının işi bitdi! Çünki raketlər Floridadan Vaşinqtona beş dəqiqəyə uçur və heç kim nəyisə müzakirə edib qərar çıxartmağa nail olmayacaq, heç kim reaksiya və cavab verməyə macal tapmayacaq. Lakin yüksələn riyazi ardıcıllığın tərifi haqda tələbə qızın cavabını şərh edən bir riyazi analiz müəlliminin dediyi kimi, bütün bunlar yenə də qız xəyallarıdır. Məsələ burasındadır ki, Florida sahilindəki sualtı qayığın raketi Vaşinqtona zərbə endirə bilməz – məsafə çox yaxındır. Bu raket müticəsinə uzağa uçacaq. Ballistika qanunlarının da, raket konstruksiyasının özəllikləri də bu cürdür. Müasir qitələrarası ballistik raket 8000 km-lik atəş məsafəsinə malikdir. Buna görə də Murmanskda dənizin dibində durub oradanca Amerikaya atəş açmaq olar. Lakin uçuş vaxtı yenə də 20 dəqiqə olacaq…

Lakin bu da hamısı deyil. Sualtı qayıq Rusiya prezidentinin əmri ilə istənilən vaxt raket buraxa bilməz. Çünki prezident Rublyovkada və yaxud Soçidədir. Sualtı qayıq isə Arktikada haradasa suyun altındadır. Həm də prezident suyun altına zəng edə bilmir. Belə bir telefon yoxdur. Sualtı qayıq buraxılış komandasını siqnalı 200 metrdən dərinə ötürə bilməyən sputnikdən alır. Sualtı qayıq buraxılış əmri almaq üçün suyun üzünə qalxmalı, antennanı çıxartmalı və əmri qəbul etməlidir.

Və suyun üzünə qalxıbsa, deməli, özünü ələ verib… Ən yaxşısı, suyun üzünə tez-tez çıxmamaqdır.

Sualtı qayıq məhz buna görə buraxılış əmri almaq üçün suyun üzünə qalxır. Həm də gündə bir neçə dəfə və ciddi müəyyən edilmiş vaxtlarda. Həm bu cür üzəçıxma zamanı raket buraxmaq əmri alınsa, bax, onda prosedurlar başlanacaq… Bunu təsvir etməyəcəyəm ki, “səlahiyyətli orqanları” acıqlandırmayım.

Lakin, bax, məkrli düşmənin diribaş çıxıb Rusiyanın buraxılış qurğularını, Komanda Mərkəzini, Kremli və Rublyovkanı raketlərlə yaxaladığı durumu təsəvvür edək. Və sualtı qayıqlara qisas zərbəsi xüsusunda əmr verməyə heç kim qalmayıb ki, onlarda da hər şey külə dönsün və hamı qırılsın. Düşünürsünüz ki, vəssalam? Amerika qələbə çaldı? Gəfəngiyyatdır! Bu durum üçün də bizdə ehtiyat görülüb.

Fentezi həvəskarları bu sistemə “Ölü əl”, mütəxəssislər şərti olaraq “Ən əsas raket” deyirlər. Mahiyyəti budur ki, haradasa Rusiyanın qərbində buraxılış quyusunda raket gizlədilib. O, nüvə başlığı ilə deyil, xüsusi aparatla təchiz olunub.

Və Rusiya nüvə güclərinin hücuma məruz qaldığı və Baş Komanda Məntəqəsinin, əlaqə və hərbi idarə kanallarının məhv edildiyi aydınlaşanda – bax, bu anda bizim raket də buraxılır… Niyə və kim tərəfindən – bu, böyük sirdir.

Bu raket Amerikaya deyil, şərqə – Rusiya ərazisinin üstündən uçur. Sibirdə və Uzaq Şərqdə strateji raketlərin yerləşdiyi bölgələr üzərindən uçmaqla komanda məntəqələrinə buraxılış əmri verir.Və salamat qalan nə varsa, quyulardan çıxır və Amerikanın işi onsuz da bitir! Çünki heç olmasa, nəsə uçub çatacaq!!!

Əsil qisas! Hamı məzara gömüləcək.

Lakin bu da hamısı deyil. Düşünürəm ki, müharibənin nə vaxt baş verəcəyi, hansı qərarların necə qəbul ediləcəyi, bu qərarların nəticələrinin necə olacağını anlamaq daha yaxşı olur. Bütün bunlar zülmət gecədir…

Bəs çıxış yolu hansıdır? Riyazi və kompüter modelləşdirməsinin tətbiqi ilə durumu proqnozlaşdırmaq cəhdi. Əslində, kompüter modelləşdirməsi bu gün nüvə silahı tətbiqinin nəticələri haqda təsəvvür əldə etməyin yeganə yoludur. Həm də təkcə bu silahın tətbiqi yox, onun durumu, döyüş imkanları haqqında. Axı nüvə sursatının zaman keçdikcə özəlliyini dəyişmək xassəsi var. Bombanın və yaxud döyüş başlığının əvvəlki işlək durumda olması və lazımi anda partlayacağına əmin olmaq üçün nüvə sursatını yoxlamaq, yəni partlatmaq lazımdır. Bunu isə artıq 20 ildir ki, etmək olmur. Çünki 1996-cı ildə bütün nüvə sınaqlarının dayandırılması haqda Müqavilə imzalanıb. Nüvə sursatının durumunu və parametrlərini ancaq atom parçalanmasının modelləşdirilməsi və yaxud nüvə sintezi yolu ilə mümkündür.

Xülasə, biz yenə də bu qənaətə gəldik ki, riyazi kompüter modelləşdirməsi stratreji oyun və beynəlxalq münaqişələrdə həyati önəmli amildir. Ölkənin kompüter modelləşdirməsi üçün resursları nə qədər çoxdursa, ölkə rəhbərliyi daha yaxşı anlayır ki, bu ölkəni və bütün dünyanı gözləyə bilər.

Baxaq görək, burada bizdə və rəqiblərimizdə işlərin durumu necədir?

Budur, dünyada artan xətt üzrə on ən yaxşı superkompüter siyahısı.

10-cu yer – Cray-SC Storm, ABŞ. Onun məhsuldarlığı 3,8 petaflopsdur (flops – bir saniyədəki əməliyyatların sayı). Yəni bu kompüter bir saniyədə 3,8 kvadrilyon əməliyyat yerinə yetirə bilər. Sıfırla yazsaq,  4 000 000 000 000 000 əməliyyat. Bu kompüter harada yerləşir, ABŞ hökuməti tərəfindən nə üçün istifadə edilir – sirr saxlanır…

9-cu yer – Vulcan Blue Gene/Q, ABŞ. Məhsuldarlığı 4,2 petaflopsdur. IBM şirkətinin mıəhsuludur və Ливеrмоr laboratoriyasında – ABŞ nüvə istehsalının mülkündə yerləşir. Həm də anomal təbiət hadisələrinin modelləşdirilməsində istifadə olunur.

8-ci yer – Juqueen — Blue Gene/Q, Almaniya. Məhsuldarlığı 5 petaflopsdur. Elmi araşdırmalar üçün istifadə edilir.

7-ci yer – Stampede-PowerEdge С8220, ABŞ. Məhsuldarlığı 5,2 petaflopsdur. İstisnasız olaraq dünyada ancaq elmi araşdırmalarda istifadə edilən kompüterlərin içində ən güclüsüdür. Stampede-yə istənilən elmi qrupun çıxışı var.   

6-cı yer – Piz Daint-Cray XC30, İsveçrə. Məhsuldarlığı 6,3 petaflopsdur. Yüksək enerjilərin fizikası kimi fiziki proseslərin hesablanması üçün istifadə edilir.

5-ci yer – Mira-Blue Gene/Q, ABŞ. Məhsuldarlığı 8,3 petaflopsdur. Açıqlanmış məlumata görə, elmi məsədlər üçün, xüsusən də iqlim hadisələri və seysmik proseslərin modelləşdirilməsində istifadə edilir.

4-cü yer – K Computer, Yaponiya. Məhsuldarlığı 10,5 petaflopsdur. Zəlzələ, sunami və tibb sahəsində modelləşdirmə üçündür.

3-cü yer – Sequoia-Blue Gene/Q, ABŞ. Məhsuldarlığı 17,2 petaflopsdur. Livermorda Milli Laboratoriyada yerləşir. Nüvə təhlükəsizliyi Milli administrasiyası üçün yaradılıb, tamamilə konkret məqsədlər – nüvə partlayışlarının modelləşdirilməsi üçün işlədilir.

2-ci yer – Titan-Cray XK7, ABŞ. Məhsuldarlığı 17,6 petaflopsdur. Rəsmən ABŞ energetika nazirliyinin sərəncamındadır. Elmi qruplar arasında bu kompüterə tələbat  o qədər böyük idi ki, kompüterdən istifadə olunacaq layihələri seçmək üçün özəl komissiya yaradılıb.

Və 1-ci yer – Tianhe-2/Süd Yolu-2. Harada yerləşir? Düzgündür, Çində! Məhsuldarlığı 34 petaflopsdur. Harada yerləşdiyi, nəyi modelləşdirdiyi və hesabladığı məlum deyil. Həqiqət xatirinə əlavə edim ki, ABŞ prezidenti Barak Obama Çininkini arxada qoyacaq kompüterin hazırlanması haqda sərəncam verib!! Bu iş 2020-ci ilə doğru başa çatmalı və Çinin kompüterini 20 dəfə arxada qoymalıdır.  

Rusiya birinci onluqda yoxdur. Heç ikincisində də yoxdur… Rusiyanın “Lomonosov” superkompüteri 1,85 petaflpos məhsuldarlıqla yalnız 22-ci yerdə qərarlaşıb. Dünya reytinqində Rusiyanın daha iki arifmometri var – 58-ci və 81-ci yerlərdə…

İndi isə sual: Rusiya rəhbərliyinin qəbul etdiyi qərarların əsaslandırma və nəticələri proqnozlaşdırma səviyyəsi necədir? Həm də təkcə nüvə silahının tətbiqi sahəsində yox…

 

Vladimir Bekiş

Stratreji təhlükəsizlik sahəsində ekspert

"Радио Свобода" (ABŞ), 15.08.2015