XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

26 Avqust 2015 - 13:22

Çinin maliyyə böhranından necə nəticə çıxarmalı? – Təhlil

iqtisadi-bohran-5.jpgŞanxay fond birjasında bu gün səhər sessiyasında iki gün ardıcıl olaraq aşağı düşən indeks 0.53% artım nümayiş etdirib. Rusiyanın Praym agentliyinin  məlumatına görə,  Shanghai Composite Index 5.3% yüksəlib və 2980.79 bəndə çatıb. Shenzhen Composite Index isə 0,17% azalaraq 1746,08 bəndə qədər düşüb. Bu yüksəliş və eniş Çin Mərkəzi Bankının noyabr ayından bu yana həyata keçirdiyi beşinci faiz endirimindən sonra baş verib.

Çin birjalarındakı həyəcan ABŞ və Asiya birjalarına da mənfi təsir göstərib.  Sənaye indeksi Dow Jones 1.29%, geniş bazar indeksi S&P 500 1.33%, yüksək texnologiyalar indeksi  NASDAQ 0.44% aşağı düşüb.

“Sabun köpükləri” niyə partlayır?

Pekinin depozitlər və kreditlər üzrə faiz dərəcələrini azaltmaq, spekulyasiyaların qarşısını almaq üçün fyuçers müqavilələrinin bağlanması ilə bağlı qaydaların sərtləşdirilməsi qərarlarına baxmayaraq, birjalardakı vəziyyəti stabilləşdirmək və xarici investorlarda inam yaratmaq təşəbbüsləri hələlik istənilən nəticəni vermir.

Ekspertlər qeyd edirlər ki, dünya birjalarında vəziyyətin sabitləşdirilməsi üçün yalnız Çinin səyləri kifayət etməyə bilər. Başda ABŞ olmaqla, Avropa İttifaqı ölkələri və Asiya dövlətləri bazarların sakitləşməsi üçün zəruri addımlar atmalıdırlar.

Analitiklər qeyd edirlər ki, hazırkı problemlər gözlənilən idi, çünki 2008-ci ildən bəri  o zaman meydana çıxan maliyyə böhranından qurtulmaq məqsədilə hökumətlər faiz dərəcələrini çox aşağı salmış “ucuz pullar” bazarlara və banklara axmışdı. Bu pullar isə real sektora investisiyalar şəkilində qoyulmamışdı və birjalarda yenidən spekulyativ əməliyyatlara sərf olunmuşdu. Nəticədə birja indekslərinin yüksəlişi süni şəkildə stimullaşdırılmışdı və reallıqdan çox uzaq idi. Məhz indi bu “sabun köpükləri” partlayır və əslində birja indeksləri öz real vəziyyətlərinə qaydırlar.

Ekspertlər hesab edirlər ki, 2008-ci ildən bu yana maliyyə böhranının aradan qaldırılması üçün qlobal miqyasda real addımlar atılmayıb, zəruri islahatlar həyata keçirilməyib. Sadəcə, “ucuz pul”dan ağrıkəsici kimi istifadə edilib. İndi isə bu ağrıkəsici öz təsirini itirməyə başlayıb.

Böyük “iqtisadi depressiya”dan qaçmağın yolu

Bundan sonra qarşıdakı illərdə daha dərin iqtisadi və maliyyə böhranına yol verməmək üçün dərin islahatlar və hamı üçün münasib qlobal oyun qaydalarının işlənib hazırlanmasının zəruriliyinə diqqət çəkən analitiklər qeyd edirlər ki, bunu üçün “Böyük 7” lik ölkələri və Çin, inkişaf etməkdə olan dövlətlərin real əməkdaşlığına ehtiyac var. Əks halda bizləri qarşıda yeni “valyuta müharibə”ləri, ötən əsrin 30-ci illərindəki kimi qlobal "iqtisadi depressiya" gözləyir. Söhbət qlobal oyunçuların kompromislərinə əsaslanan valyuta kurslarının, ticarətin, maliyyə bazarlarına nəzarət, investisiyaların tənzimlənməsi kimi məsələlərdə  yeni oyun qaydalarının müəyyənləşdirilməsindən gedir.

“Böhran dərsləri” nə öyrətdi?

Çində iqtisadi geriləmə və birjalardakı həyəcanın müsbət tərəfləri də var. Belə ki, Çində vəziyyət belə davam edərsə, ABŞ Federal Ehtiyatlar Sistemi faiz dərəcələrinin qaldırılması ilə bağlı qərarın qəbulunu daha sonraya saxlaya bilər. ABŞ Federal Ehtiyatlar Sistemi bu ilin iyulunda yaxın gələcəkdə belə bir qərarın verilə biləcəyini açıq anons etmişdi. Bundan dərhal sonra ABŞ dolları yüksəlməyə başladı, bu isə öz növbəsində inkişaf etməkdə olan olan ölkələr üçün problemlər yaratdı. Dolların bahalaşması tendensiyası kapitalın inkişaf etməkdə olan ölkələrdən ABŞ maliyyə bazarlarına axınını şərtləndirir. Bu isə inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa təhdid yaradır.

Digər tərəfdən, Çində baş verənlər yeni “valyuta müharibələri”nin qlobal iqtisadiyyat üçün necə təhlükəli ola biləcəyini bir daha nümayiş etdirdi və hökumətlər, biznes üçün çox aydın siqnal oldu.  Eyni zamanda siyasətçilərin diqqətini bir daha qlobal miqyasda iqtisadi tənzimləmə alətlərinin təkmilləşdirilməsinin vacibliyinə yönəltdi. Həmçinin maliyyə sistemlərində spekulyasiyaların qarşısının alınması, real sektora investisiyaların qoyulmasının stimullaşdırılması tədbirlərinə ciddi ehtiyac yarandığını ortaya qoydu.

Zaur İbrahimli

Strateq.az