Gözlənildiyi kimi, ölkə gündəliyində iqtisadi xəbərlər, dolların məzənnəsi, iş yerlərinin ixtisarı, əmlak bazarı və s. ön plana çıxıb. Baxmayaraq ki, bir neçə gündən sonra iki aylıq parlament seçkiləri marafonu start götürəcək, siyasi mövzuda xəbərlər, təhlillər, demək olar ki, arxa planda qalıb.
Siyasi xəbərlərə maraq da gözlənilən səviyyədə deyil. Əhalinin gözü məzənnə kurslarında qalıb, qulaqlar isə Mərkəzi Banka və iqtisadçı ekspertlərə tərəf yönəlib…
Böhrandan yaxşı müəllim yoxdur
Hamı pis xəbərlər gözləyir. Pis xəbərlər isə ara vermir və bütün dünyada müşahidə olunan böhranın təsiri ölkədə hər gün keçdikcə daha aydın hiss olunur. "İqtisadi böhran" sözünü ilk olaraq jurnalistlər, daha sonra ekspertlər tez-tez işlətməyə başladılar və gündəliyə gətirdilər, rəsmi leksikonda isə hələ ki başqa sözlərdən istifadə olunur. Amma yaxın perspektivdə "iqtisadi böhran" sözünün rəsmilərin çıxışlarından da eşidəcəyimizə elə çox zaman qalmayıb.
Düzdür, əhali artıq pis xəbərlərə öyrəşib və milli mentalitemizin əsas prinsiplərindən olan “başlı başın saxlasın” prinsipini əsas götürüb. Fərdi olaraq indiki reallıqda bunun düzgün yanaşma olub-olmaması ilə bağlı mübahisə etmək olar. Amma fakt-faktlığında qalır ki, fərdi səviyyədə azərbaycanlıların ən çox üstünlük verdiyi yanaşma budur və yəqin ki, hələ uzun müddət də dəyişməyəcək.
Bəs cəmiyyət, toplum və dövlət olaraq iqtisadi böhrandan nə öyrənməliyik? Fərdi olaraq başımızı saxlamağa üstünlük versək belə, seçimimiz xeyli dərəcədə toplum, hökumət səviyyəsində verilən qərarlarla şərtlənir.
Düşünürük ki, “Böhrandan yaxşı müəllim yoxdur” gerçəyi əsas götürülməli və indiyə qədər keçilən yolu yeni reallıq kontekstində ciddi təhlil etməliyik. Səhvlərimiz olub. Bu, mübahisədən kənardır. Keçmişin səhvləri bəllidir. Bunun üzərində yox, "Necə edək ki, cəmiyyət, dövlət olaraq böhrandan yararlana bilək? Gələcək inkişaf üçün potensial və imkanlar yaradaq? Hazırda nə etməliyik?” sualları üzərində baş sındırmaq lazımdır.
Yorğanın ölçüsü məsələsi və iqtisadi islahatlar ön plana çıxıb
Bir daha xatırladaq ki, böhrandan yaxşı müəllim yoxdur. Böhranda ilk növbədə yorğanın ölçüsü çox vacib məsələ kimi ortaya çıxır. Hökumətimiz də, nəhayət, bunu etiraf etməli və vətəndaşları buna hazırlamalıdır.
Eyni zamanda hökumət özü də qənaətə öyrənməli və müvafiq addımlar atmalıdır. Böhranın idarəedilməsi siyasəti elə aparılmalıdır ki, əhali mümkün şok effekti verəcək qərarlara indidən hazır olsun. Məsələn, dövlət xərclərinin minumum 30 faiz azaldılmasına. Bu günlərdə dövlət xərclərinin necə ağına-bozuna baxmadan şişirdilməsinin bir daha şahidi olduq. Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsində “Dövlət bayrağının təbliği, beynəlxalq münasibətlər və hüquq şöbəsi, Beynəlxalq ələqələr və hüquqi məsələlərin tənzimlənməsi sektoru, Dövlət bayrağının təbliği, beynəlxalq münasibətlər və hüquq şöbəsinə baş məsləhətçi və məsləhətçi vəzifələrinə işə qəbulla bağlı müsabiqə elan olunub. İndi özünüz düşünün: Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi hansı beynəlxalq əlaqələlə malik ola bilər? Yaxud dövlət bayrağını niyə bu idarə təbliğ etməldir? Bu kimi şişirdilmiş və gərəksiz ştatlar minlərlədir. Şübhəsiz ki, bu istiqamətdə aparılacaq ixtisarlar işsizliyi artıracaq. Amma bu sınaqdan cəmiyyətimiz mütələq keçməlidir. Əks halda, yalnız təbii resurslar hesabına qidalanan cəmiyyətdən uzağa gedə bilməyəcəyik.
Digər mühüm məsələ real antokorrupsiya mexanizmlərinin işə salınmasıdır. Böhran bunun üçün çox gözəl fürsətlər yaradıb. “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na uyğun olaraq bunun işlək mexanizmi yaradılmalıdır. Milli Məclisdə dəfn edilən “Maraqlar toqquşması haqqında” Qanun da, nəhayət, qəbul olunmalıdır və bürokratik sistem “qohumlar şəbəkəsi”ndən təmizlənməlidir. Böhanın idarəolunması və düzgün qərarlar qəbul olunması çevik, peşəkar hökumət və bürokratiya tələb edir. İndiki yanaşma ilə hökumət, çətin ki, bu sınaqdan uğurla çıxa bilsin.
Real antikorrupsiya tədbirləri isə biznes üçün amnistiya və maliyyə amnistiyası, əmlakın toxunulmazlığının bərqərar olması təşəbbüsləri ilə müşaiyət olunmalıdır. Bu, neftdən gələn və son 10 ildə konkret çevrələrin əlində akkumlyasiya olan gəlirlərin yenidən ölkəyə və real iqtisadiyyata qoyulmasına şans yarada, nəhayət ki, oliqarxiyadan milli burjaziyaya keçidin təmin olunmasına yardımçı olar.
Gömrük sisteminin liberallaşdırılması, idxal və ixracın monopoliyarlardan xilas olunması, məmur holdinqlərinin leqallaşması və proteksiyadan uzaq iqtisadi fəaliyyət subyektinə çevrilməsi, geniş özəlləşdirmə prosesinin başladılması çox mühüm vəzifədir. Bunsuz cəmiyyəti hər hansı islahatların aparılmasına inandırmaq mümkün olmayacaq. Hər hansı addımların, islahatların uğur qazanması üçün isə əhalinin inamı əsas şərtdir. Bu inam olacaqsa, qazanılacaqsa, hökumət çəkinmədən gələcək dvidentlər üçün istənilən qurbanlara gedə bilər. Böhrandan gələcək inkişaf üçün yararlanmağın əsas şərti də elə budur: gələcək naminə qurban vermək, vətəndaşları müvəqqəti incitsə də, islahatlarla perspektiv üçün yaxşı fundament hazırlamaq.
Bütün bunlar isə, şübhəsiz ki, hətta Şərqin ənənəvi xüsusiyyətlərindən xali olmayacaq olsa belə, azad rəqabətin, normal deyə biləcəyimiz bazar iqtisadiyyatının formalaşmasına, sahibkarlıq təşəbbüslərinin stimullaşdırılmasına xidmət etməlidir.
İslahatlar niyyəti ciddi olarsa, hökumətin xalqdan çox bədgüman olmasına da ehtiyac oxdur.
Azərbaycan cəmiyyətinin mümkün islahatlara reaksiyası necə ola bilər?
Əvvəl yazmşdıq, bir daha xatırladırıq: Azərbaycan xalqı üçün sabitlik bir nömrəli prioritet olaraq qalmaqdadır. Mətbəx siyasəti və siyasətçilərinin mülahizələrindən tutmuş, ictimai nəqliyyatdakı müzakirələrin və akademik disputların əsas qayəsi və mübahisəsiz postulatı – “Azərbaycana hər şeydən əvvəl sabitlik lazımdır” fikridir. Yerləşdiyi geosiyasi məkandan dolayı, azərbaycanlılar üçün dinclik hər şeydən vacib amildir. Əsrlərdən bəri, bu yanaşma genetik kodun “alfa”sına çevrilib. Geosiyasi, geostrateji anlamda həssas bölgədə yerləşən Azərbaycan qlobal qarşıdurmaların təsirini hər zaman çox aydın şəkildə hiss edib. Bu qarşıdurmalar qarışıqlıq, yadelli əsarət və torpaq itkiləri ilə təzahür edib. Tariximiz elə bu qarşıdurmalar və onların fonunda formalaşıb. Bu baxımdan, azərbaycanlıların altşüurunda sabitlik prioriteti xüsusi önəm daşıyır.
Azərbaycan xalqı onu idarə edən hakimiyyəti də, ilk növbədə, ölkədə sabitliyi nə dərəcədə saxlaya bilməsi nöqteyi-nəzərindən qiymətləndirir. Bu indikator əhəmiyyətinə görə, digərlərini çox üstələyir. Məhz sabitliyin qorunması üçün elktorat digər zəiflikləri, yanlışlıqları o qədər də qabartmır və yaxud dözüm nümayiş etdirməyə üstünlük verir. Başqa sözlə desək, bu yanaşmanı seçənlər hər zaman çoxluq təşkil edir. İndi isə iqtidar üçün daha bir əsas göstərici məhz iqtisadi böhranın nə dərəcədə effektiv idarəolunmasından asılı olacaq.
Obrazlı ifadə etsək, insanların əksəriyyəti sosial tolerantlıq nümayiş etdirir. Proletar düşüncənin alternativi olaraq sosial tolerantlıq yanaşması sistem daxilində sonradan sistemin keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq islahatlar aparılmasını dəstəkləməyə hazırdır – ancaq heç bir halda proletar inqilabı niyyətini ortaya qoymur. Sosial tolerantlıq Azərbaycanda özünəməxsus şəkildə təzahür edir. İnsanlar müəyyən sosial təminatlar sisteminin mövcudluğu şəraitində varlı-kasıb bölgüsünə dözümlü yanaşır və sərvəti olan insanların imtiyazlarını da təbii qəbul edirlər. Bu sərvətin mənbəyi ilə bağlı da məsələlərdə təmkin nümayiş etdirməyə hazırdılar. Bu, nə dərəcədə düzgün yanaşmadır və yaxud qəbulediləndir? Yaxud, bu yanaşmanı dəyişmək lazımdırmı? Bununla bağlı mübahisə açmaq olar, ancaq yəqin ki, bu gerçəkliyi çox az adam inkar edər.
Azərbaycan cəmiyyəti, bir çoxlarının idda etdiyi kimi, qeyri-passionar deyil. Əksinə, Azərbaycan cəmiyyətində passionarlıq adaptasiya ilə ahəngləşir. Azərbaycan cəmiyyəti adaptasiya imkanları qalana qədər təmkin göstərir. Həmçinin, passionarlıq səviyyəsi "öncə sabitlik, sosial tolerantlıq" yanaşması çərçivəsində tənzimlənir. Azərbaycan cəmiyyətinin yalnız qorxu, manipulyasiya və “dəyənək siyasəti” ilə idarə olunması ilə bağlı iddialar da mifdən başqa bir şey deyil. Yalnız bu faktorlarla cəmiyyətin loyallığına nail olmaq mümkün deyil. Son 10 ildə isə biz cəmiyyətin hakimiyyətə loyallığını müşahidə edirik və bunun kökündə yuxarıda qeyd etdiyimiz amillər həlledici təsirə malikdir. Bütün dünyada qlobal geosiyasi qarşıdurmaların qabarması fonunda, manatın devalvasiyasından sonra da bu amillər öz təsir gücünü saxlamaqdadır.
Bununla belə, geniş planda “yuxarıdan islahatlar” üçün gözləntilər böyükdür və cəmiyyət hazırki reaksiyası ilə dəyişiklikləri təşviq edir. Şübhəsiz ki, cəmiyyət üçün yenə sabitlik prioriteti çərçivəsində islahatlar əsas gözləntidir. Orta perspektivdə bu gözləntilərin dəyişəcəyini söyləməyə əsas verəcək elə ciddi amillər, davranışlar müşahidə olunmur. Cəmiyyət öz mesajlarını aydın şəkildə ifadə edir və bunların ünvanı da iqtidardır.
Zaur İBRAHİMLİ
Strateq.az