ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni və xanımı Liz Çeyninin “Müstəsna ölkə: dünyaya niyə güclü Amerika lazımdır” kitabı sentyabrın 1-də nəşr edilib.
Kitabdan bir parçanı Strateq.az-ın oxucularına təqdim edirik:
ABŞ 1983-cü ildə Sovet İttifaqı tərəfdən qaynaqlanan təhlükəyə qarşı çıxarkən, prezident Ronald Reyqan Amerikanın üzərinə düşən özəl məsuliyyətdən danışırdı: “İndi çətin, lakin sülh və azadlığı qoruyub ən yaxşısına ümid etməklə tovlanıb bu borcu gözardı etmək arasında seçim etmək vaxtımız çatıb. Amma düşmən gündən-günə güclənir”.
Bu seçim o zaman və indi də qarşımızda durur, çünki biz özəl bir ölkəyik. Amerika dünya tarixində istənilən hər hansı ölkədən daha çox bəşəriyyətin böyük bir hissəsinin azadlıq və təhlükəsizliyini təmin edir. Bizim kimisi daha yoxdur və heç vaxt olmayıb. Ölkəmiz “insanlara Yaradan tərəfindən müəyyən ayrılmaz hüquqlar” qismət edilməsi haqda inqilabi ideyadan doğulub. Başlanğıcda dünya üçün azadlığın yol açdığı imkanlar nümunəsi idik. Biz II Dünya Savaşında azadlığın müdafiəçisi, soyuq müharibədən sonra isə dünyada yeganə fövqəldövlət olduq. Biz bu duruma can atmırdıq. O, ideallarımız, qüdrətimiz və ideallarımızın gücü sayəsində bizə qismət oldu. Britaniya tarixçisi Endryü Robertsin yazdığı kimi: “Amerikanın böyük yarandığı, əzəmətə çatdığı və yaxud bu əzəmətin ona bir iltifat olduğu haqda mübahisədə hər üç mövqe düzgündür”.
Başqa heç bir ölkə, heç bir beynəlxalq qurum, heç bir “millətlər cəmiyyəti” bizim etdiyimizi etməyə qabil deyil. Azadlığın təntənəsi üçün dünya məsələlərində bizim təkcə dolayı yolla iştirakımız vacib deyil. Bizim lider rolumuz heç də az önəmli deyil. Yüzilliyin xeyli qismi ərzində bütün dünya üzrə milyonlarla insanın azadlıq və təhlükəsizliyi Amerikanın hərbi, iqtisadi, siyasi və diplomatik qüdrətindən asılı olub. Həm də Barak Obama hakmiyyətə gələnə qədər biz əsasən uğurla hərəkət etmişik.
Franklin Ruzvelt 1940-cı ildə bizi “demokartiyanın cəbbəxanası” elan edəndən bəri bütün prezidentlər – həm respublikaçılar, həm də demokratlar – bütünlükdə başa düşürdülər ki, Amerika güclü olmalıdır. Trumen də, Nikson da, Kennedi də, Reyqan da dərk edirdilər ki, Amerikanın qüdrətinin və üstünlüyünün saxlanması zəruridir. 1940-cı illərdə Amerika liderliyi II Dünya savaşında qələbəni və milyonlarla insanın faşizm hakimiyyətindən qurtulmasını təmin etdi. Onun sayəsində soyuq müharibə dönəmində azadlıq salamat qaldı, Şərqi Avropa azad oldu, sovet totalitarizmi məğlub edildi. Bu əsrdə davakar İslam üzərində qələbə onsuz baş tutmayacaq.
Lakin terrorçu ideologiyanın və terror qurumlarının sürətlə artması, Yaxın Şərqin lap mərkəzində İslam xilafətinin meydana çıxması, nüvə silahının yayılması və İran, Çin, Quzey Koreya, Rusiya tərəfdən təhdidlərin çoxalmasına baxmayaraq, prezident Obama hər iki partiyanın prezidentlərinin 75 il ərzində dünyada Amerikanın üstünlüyünü təmin etmək ənənəsindən uzaqlaşdı.
O, İraqda boşluq buraxaraq oradan getdi və təəssüf ki, bu boşluğu düşmənlərimiz dərhal doldurdu. İndi də Əfqanıstanı taleyin ixtiyarına buraxmağa hazırlaşır.
O, Amerika silahlı qüvvələrini ixtisar etməklə təhlükəli addım atdı.
2011-ci il büdcə nəzarəti haqda Qanunu ilə nəzərdə tutulmuş sekvestrə (sekvestr – hər hansı bir mülk və malın dövlət mənafeyinə olaraq zəbt olunması və ya ondan istifadə olunmasının məhdudlaşdırılması-red.) uyğun olaraq, ABŞ quru qoşunlarının keçmiş komandanı Rey Odiernonun fikrincə, bu addım ordumuzun hazırlığını rekord səviyyədə aşağı salır. ABŞ HDQ-nin baş komandanı Conatan Qrinert bildirir ki, donanmanın hazırlığı bu gün “uzun illər ərzində ən aşağı nöqtədədir”.
HHQ qərargah rəisi Mark Uelşin dediyinə görə, “bütün tarix boyu bu gün Amerikanın təyyarə parkı ən kiçik və ən köhnəlmiş durumdadır”. Həm respublikaçı, həm də demokart prezidentlər yeddi onillik müddətində Amerikanın nüvə üstünlüyünün önəmini başa düşürdülər. Deyəsən, prezident Obama bunu dərk etmir. O, sadəlövh ümidlə nüvə gücümüzün azaldılması üçün çıxış edirdi ki, didərgin ölkələri ondan ibrət götürməyə inandırsın. O, nüvə cəbbəxanamızı modernləşdirmək və ona yardım etmək imkanlarımızı məhdudlaşdırdı. Həmçinin raketdən müdafiə sahəsində potesialımızı zəiflətdi.
O deyir ki, nüvə silahının yayılmasının qabağını almaq istəyir. Hər iki partiyanın prezidentləri 45 il sərasər nüvə silahının yayılmaması haqda müqavilənin əhəmiyyətini etiraf edirdilər. 190 ölkənin, o cümlədən İranın imzaladığı bu müqavilə, ehtimal ki, tarixdə silahlanma üzərində nəzarət haqda ən effektli, çoxtərəfli müqavilə olaraq qalır. Bununla belə, prezident Obama onu axtalatmaq istəyir. Onun İranla nüvə müqaviləsi digər təhlükəli tərəfləri ilə bərabər, NSYM-nin (Nüvə Silahının Yayılmaması Müqaviləsi-red.) nəzərdə tutduğu beynəlxalq yayılmama rejiminə çarəsiz ziyan vurur.
İranlılara uranı zənginləşdirmək imkanı verməklə və İranın nüvə proqramından bütün məhdudiyyətləri götürməklə Obamanın təklif etdiyi müqavilə, faktiki olaraq zəmanət verir ki, İranın tezliklə nüvə silahı olsun. Bu, NSYM-nin təməllərini sarsıdır.
Prezidentin İranla nüvə müqaviləsi haqda bizə dediklərinin, demək olar, hamısı yalandır. O deyirdi ki, müqavilə iranlılara nüvə silahı əldə etməyə imkan verməyəcək. Lakin əslində, müqavilə İranın silahlanmasına və nüvə cəbbəxanasını qanuniləşdirməyə kömək edəcək. O deyirdi ki, müqavilə nüvə silahının yayılmasını dayandıracaq, lakin proses sürətlənəcək. Çünki Amerikanın İranın nüvə layihəsi ilə mübarizə həvəssizliyini görən Yaxın Şərq ölkələri öz bombalarını əldə etməyə can atacaq.
Prezident Obama bizə deyirdi ki, inama əsaslanan sazişlə heç vaxt razılaşmaz. Onun administrasiyasının təmsilçiləri – energetika naziri və milli təhlükəsizlik müşavirinin müavini daxil olmaqla – iddia edirlər ki, müqavilə “istənilən anda birgə təftişi nəzərdə tutur”. Obamanın qəbul etdiyi şərtlər üzrə bunun əvəzində iranlılar təftişi aylarla yubada bilər. Üstəlik, hərbi obyektlərdə aparılan məxfi işlər haqda məsələ qalır. Bu obyektlərdəki yoxlamalara məxfi protokollarla qabaqcadan şərt qoyulur. Bu, sözsüz ki, tarixi qərardır, lakin prezidentin dediyi mənada yox. Məlumat verildiyi kimi, bu müqavilələr çərçivəsində iranlılar keçmişdə hansısa qaydanı pozub-pozmadıqlarını özləri yoxlayacaqlar. Gələcəkdə İranı fırıldaqda yaxalayarkən mütləq həmin presedentə istinad edəcək. Prezident bu uğursuz sazişi bizə sırımağa cəhd edir və inandırır ki, bunun yeganə altenativi müharibədir. Əslində isə, müharibə ehtmalı atrır. Müqavilə nüvə silahının Yaxın Şərqə yayılmasına şərait yaradacaq, sanksiyaların zəiflədilməsi isə iranlılara yüz milyardlarla dollar gətirəcək. Hətta Obamanın adiministrasiyası da etiraf edir ki, bu pullar terrorçuluğa dəstək üçün istifadə edilə bilər.
Müqavilə həmçinin İranı raket proqramı məhdudiyyətindən də azad edir, ona qeyri-nüvə silahlarının tədarükü qadağasını ləğv edir və İran İnqilab Keşikçiləri Korpusundan, “Qüds” bölməsindən və onun komandiri Qasım Süleymanidən sanksiyaları götürür. Hansı ki, “Qüds” cənab Süleymaninin başçılığı altında bütün Yaxın Şərqə zorakılıq və terror yayır. O, xüsusən də İraqda və Əfqanıstanda Amerka hərbçilərinin ölümünə görə məsuliyyət daşıyır.
Obamanın nüvə sazişini dəstəkləmək sülh və təhlükəsizlik uğrunda çıxış etməyi bildirmir. Bu, Tehranın məhvedici niyyətlərinə kömək olmağı ifadə edir.
Obamanın İranla bağladığı nüvə sazişi Britaniyanın baş naziri Nevill Çemberlenin 1938-ci ildə getdiyi Münhen müqaviləsini qorxunc şəkildə yada salır. Hər iki lider zəiflik mövqeyindən çıxış etdi və diktatorun sakitləşdirilməsi üçün istənilən güzəştə getməyə hazır idilər. Hitler Çexoslovakiyanı əldə etdi; Tehran mollaları milyardlarla dollar və nüvə cəbbəxanasına açıq yol əldə edəcəklər. Münhen II dünya savaşına gətirib çıxartdı; Obamanın sazişi İranın nüvə silahı əldə etməyinə, Yaxın Şərqdə şiddətli nüvə silahlanmasna və böyük ehtimalla Xirosima və Naqasakidən sonra ilk dəfə nüvə silahının tətbiqinə gətirib çıxardacaq. ABŞ Konqresi bu sazişi rədd etməli və İranı danışıqlar masasının arxasına əyləşməyə məcbur etmiş sanksiyalara qayıtmalıdır. İranın nüvə silahı əldə etməyinə mane olmaq mümkündür, lakin ABŞ bunun üçün Tehranla güc mövqeyindən danışmalı, həlledici məsələlərdə güzəştə getməməli və başa düşməlidir ki, iranlılar nüvə proqramından imtina etməsələr, güc üsullarına əl atmalıdır.
Hazırda təhlükəsizlik sahəsində təhdidlər artır, lakin biz ümidi və hərəkət etmək hazırlığını itirməməliyik. Bir prezident həlakedici yola qədəm qoyubsa, başqası bizi xilas edə bilər. Oval kabinetdəki münasib adam Amerikanın qüdrətini bərpa etməyə, müttəfiqləri qaytarmağa, düşmənlərə qalib gəlməyə və təhlükəsizliyimizi təmin etməyə qabildir. Əlbəttə, bu, asan olmayacaq. İmkanlar açıqdır, lakin yeni prezident son dərəcə məhdud müddətdə ağır qərarlar qəbul etməli olacaq.
Publisist Çarlz Krauthammerin yazdığı kimi, biz “tarixin dönüş anında yaşayırıq”. Prezident bizi bu sınaqlardan keçirtmək üçün lazımi səviyyədə olmalıdır. Amerikaya güclü lider lazımdır. Ölkəyə planetdə heç kimdən geri qalmayan silahlı qüvvələrin gərəkliyini anlayan lider lazımdır. Bütün dünyada sülh və təhlükəsizlik, bizim azadlığımız bundan asılıdır və buna görə də ağıllı seçim etməyimiz lazımdır.
Bundan başqa, bir vətəndaş kimi üzərimizə daha bir vəzifə düşür – tarximizi qorumaqla ideallarımızı və azadlığımızı müdafiə etmək. Biz bunu güdməliyik ki, övladlarımız bizim kim olduğumuzu, nə etdiyimizi və niyə məhz Amerikanın azadlığı müdafiə etməli olduğunu bilsinlər. Onlar vətəndaşları qaçmasınlar deyə, divar ucaltmış kinli və saxta imperiyanı və Amerika başda olmaqla dünyanın onun üzərində çaldığı qələbəni unutmamalıdırlar. Sentyabrın 11-də bizə hücum etmiş terrorçular, yanğınsödürənlərin və polislərin cəsarəti, 93-cü reysin sərnişinlərinin göstərdiyi qəhrəmanlıq haqda onlara danışmalıyıq. Onlar başa düşməlidirlər ki, döyüşkən İslamın qabağını almasaq, necə bir dünya yarana bilər.
Onlar keçmişimizin böyük adamlarını – Corc Marşallı, Duayt Eyzenhaueri, Harri Trumeni və Ronald Reyqanı unutmamalıdır. Övladlarımız bilməlidirlər ki, onlar bəşər taixində müstəsna, ən qüdrətli, xeyirxah və comərd ölkənin vətəndaşlarıdır. Onlar bilməlidirlər ki, böyük keçmişin və böyük borcun övladlarıdır. Sadə amerikalılar azadlıq naminə dəfələrlə igidlik göstəriblər. Hazırda bu borc bizim çiynimizə düşüb. Prezident Reyqan Normandiyaya qoşun çıxardılmasının 40 illiyi münasibətilə əbəs yerə demirdi: “Biz həmişə xatırlaycağıq. Biz həmişə fəxr edəcəyik. Biz həmişə hazır oacağıq və buna görə də həmişə azad olacağıq”.
Dik Çeyni, Liz Çeyni
"The Wall Street Journal" (ABŞ), 02.09.2015