Henri Kissincer Amerika tarixində nadir fenomendir. 90-dan çox yaşı olsa da, o hələ də yaşayır və fəaldır.
O, 1923-cü ildə anadan olub. Hitler Almaniyada hakimiyyətə gələndə 10 yaşı var idi. Yəhudi valideynləri onu Nyu-Yorka gətirərkən, 15 yaşındaydı. 18 yaşından ingiliscə düşünsə də, kiçik qardaşından fərqli olaraq, alman ləhcəsini hələ də tərgidə bilməyib.
19 yaşında orduya çağrılıb və nasistsizləşdirmə üzrə ekspert olub. 1947-ci ildə Nyu-York, Prinston, Kolumbiya, Kornel, Pensilvaniya universitetlərinə girmək üçün sənəd verir. Hər yerdə ona rədd cavabı verilir. Yalnız Harvard universiteti onu nəinki qəbul etdi, həm də ona təqaüd ayırdı. O, bir müddətdən sonra Harvardın ulduzuna çevrildi. Hərçənd ki, Günəş altında yer tutmaq və peşəkar statusu uğrunda sərt mübarizə aparmalı oldu.
Kissincer əslində tarixçi idi, lakin onun maraq dairəsinə fəlsəfə və dövlət quruculuğu da daxil idi. İfrat çalışqanlıq, ifadə aydınlığı, təsəvvür və ixtiraçılıq, birinci növbədə isə acı yumor onun əsərlərinə xas olan keyfiyyətlərdir.
Kissincer ilk dəfə xarici syasətin həyata keçirilməsində stratreji və taktiki nüvə silahı kimi riskli məsələ ilə məşğul olmağa başladı. Onun ideyaları on minlərlə tirajla çap edilmiş kitab halında yayılmağa başlandı və qızğın reaksiya, maraq doğurdu.
O, sadəcə, siyasətə gəlməyə bilməzdi – əvvəlcə prezdient seçkilərində respublikaçı namizəd Nelson Rokfellerin müşaviri oldu, 60-cı illərdə prezident Kennedinin administrasiyasına daxil oldu və nəhayət, 70-ci illərdə Niksonun idarəçiliyi dönəmində milli təhlükəsizlik üzrə müşavir və dövlət katibi idi. O, bu cür yüksək məqama çatmış xaricdə doğulan ilk vətəndaş idi.
Harvard universitetinin ulduzlarından sayılan Niall Ferqyuson Kissincerin tərcümeyi-halına son dərəcə geniş vüsətlə yanaşmağı qərara aldı. O, bu cilddə ancaq 1969-cu ilədək gələ bildi – onda Kissincerin 45 yaşı var idi və Vaşinqton qalasında hələ öz yerini tutmamışdı. Bu bir cilddə min səhifə var. Kitabı əlimə alarkən ufuldadım və çəkisini hiss etdim. Lakin ehtyatlı münasibətim tezliklə heyranlığa çevrildi. Ferqyuson öz qəhrəmanının keçdiyi bütün həlledici dövrlərə – Nyu-Yorkun dövlət məktəbləri sistemi, müharibə vaxtı hərbi kəşfiyyat, 40-cı illərin sonundakı Harvard, Stalinin son illəri, Berlində müxtəlif böhranlar, Koreya müharibəsi, Xruşovun avantürizminin təsiri, Kuba raket böhranı və Amerikanın Vyetnamda müharibədə iştirakının qaynaqları haqda külli miqdarda əlavə detalları misal gətirməkdən qorxmur.
Böyük zəka və incə qavramı Kissinceri siyasətin formalaşması prosesinin ən yüksək səviyyədə ideal iştirakçısı etsə də, o, Vaşinqton siyasi nekromantiyasının (nekromantiya – ruhlarla təmasa girib çıxış yolu tapmaq sənəti-red.) İblis peşəsinə böyük əziyyətlə yiyələnməyə məcbur oldu. Onun hökumətdəki işinin birinci dövrü – Kennedi dönəmində – demək olar ki, tam iflasa uğradı. Kennedinin milli təhlükəsizlik üzrə köməkçisi Makcorc Bandi özünə daha yaxşı məlum olan səbəblərə görə Kissinceri hakimiyyətin bütün səviyyələrindən aralı saxladı. Lakin Kissincer öz səhvlərindən ibrət götürdü və bunları təkrar etmədi.
Zaman keçdikcə, Kissincer olduqca nüfuzlu simaya çevrildi – dövlətdəki yüksək postlar uğrunda seçkilərdə mübarizə aparmamış heç bir amerikalıda bu cür nəticə olmamışdı. Vaşinqtonda işlədiyi dövrdə onu portreti 15 dəfə “Times” dərgisinin üz qabığında göründü. 1973-cü ildə “Gullur” şirkətinin tərtib etdiyi “Amerikanın ən hörmətli kişiləri” indeksində dördüncü yeri tutdu. Növbəti il artıq birinci yerdə idi. Ona dəstək reytinqi 85% təşkil edirdi – bu, seçkilərə qatılmamış amerikalı üçün unikal haldır. Lakin ona həm də güclü şəkildə nifrət edirdlər. Şayilər gəzirdi ki, o, rus casusu, Britaniya agenti, iblisçi, Vatikanın və Fransa XİN-in, İsrail və Çin kəşfiyyat xidmətlərinin məxfi emissarıdır. Zaman-zaman onda "Sion müdrikləri"ndən birini (və yaxud dərhal hamısını) görürdülər. O, Sovet İttifaqı və ərəb dünyasında antisemit cizgi filmləri və karikaturaların daimi personajı idi. Onun fizionomiyası karikaturalara olduqca yapışıqlı idi, parlaq və amansız Devid Levin (məşhur karikaturaçı-red.) qədər heç kim ələ düşən imkandan bu qədər faydalanmırdı. O, Kissinceri saysız-hesabsız şəkildə və əsasən “New York Review of Books” nəşri üçün rəsmini çəkmişdi. Ədəbi icmal bunların ikisini dərc etməkdən imtina etdi: şəkillərin birində Kissincer lüt və bədənində qorxunc döymələrlə təsvir edilmişdi, digərində isə qlobusbaşlı çılpaq qızı zorlayır. Bu karikartura son nəticədə “Nation”da dərc edildi. Onu adı xeyli estrada mahnısında çəkilir. Kissinceri həm də əhalinin sayının təhlükəli şəkildə artması problemini QİÇS yaymaq vasitəsilə həll etmək cəhdində ittiham etdilər.
Kissincer bu cür hücumlara heç vaxt fikir vermirdi və güman edirdi ki, onlar özlərini məhv edirlər. Ən çox məşhurlaşdığı 25 il ərzində prezidentlər istisna olmaqla, hamıdan daha çox “ən baxımlı” vaxtda televiziyada görünürdü. Bu, onun qiymətləndirdiyi populyarlıq idi, çünki öz işlərində nail olduğu müfəffəqiyyətləri üstələyirdi. O, Oksford universitetinin Balliol kollecinin rəhbəri Bencamin Covettin ifadəsini təkrar etməyi xoşlayırdı: “Uğur qazanmağa daha çox fürsətiniz olacaq – əgər buna görə kimi tərifləyəcəkləri məsələsi sizi rahatsız etməsə”.
Çox təəssüf ki, prezident Consonun administrasiyası dönəmində onu Vaşinqtona yüksək vəzifəyə dəvət etmədilər. Bu baş versəydi, yəqin ki, Vyetnamda gerçək fəlakətin qabağını almaq olardı – ümumiyyətlə, baş verməyə də bilərdi.
O, tez-tez deyərdi: dünya məsələlərində ən önəmli işlər iflasla başa çatmayanlardır, çünki ondan yayınmaq mümkün olur. Sadəcə, möcüzədir ki, 45 il davam etmiş və olduqca intensiv şəkildə aparılmış soyuq müharibə beləcə dünyanı məhv etməyə qadir olan açıq münaqişəyə keçmədi.
Kissincer Amerikanın soyuq müharibədəki qələbəsinə öz payını verdi və bu baxımdan yalnız prezident Reyqandan geri qalır. Lakin əksər hallarda pərdə arxasında hərəkət edirdi. Ancaq onun aşkar xidmət siyahısı da yetərincə təəssürat buraxır. O, strateji silahların məhdudlaşdırılması haqda birinci Müqavilə və raketdən müdafiə Müqaviləsinin hazırlıq prosesində iştirak edib. Hər iki müqavilə sovetlərlə bağlanıb.
Kissincer nüvə silahının yayılmaması haqda Müqavilənin, bioloji silahın qadağan edilməsi haqda Konvensiyanın, həmçinin Helsinki Yekun Aktının hazırlanmasında əsas sima idi. O, Qiyamət günü müharibəsinin dayandırılması haqda danışıqlarda iştirak edib, həmçinin İsraillə Misir arasında Kemp-Devid sazişinin bağlanmasına kömək edib.
Kissincer Amerika ilə Çin arasındakı diplomatik münasibətlərin möhkəmlənməyinə öz payını verib, həmçinin Çinə beynəlxalq ictimaiyyətin tərkib hissəsi olmağa imkan verən hərəkətləndirici intellektual qüvvə idi.
Qəribədir ki, Kissincer bütün bunları edə bilib və buna baxmayaraq, populyarlığını itirmədi. Onun həmişə üzə çıxmağa hazır olan yumoru bəzən özünü büruzə verirdi: “Nəyəsə mütləq şəkildə əmin olmaq üçün bu barədə ya hər şeyi, ya da heç nəyi bilmək lazımdır”, “Baş verməmiş hadisələrin tarixi hələ heç vaxt bu qədər uzun olmayıb”, “Hakimiyyət cinsi potensiyanın artırılması üçün əla vasitədir”…
Mən Kissincerlə tez-tez görüşmürdüm, lakin onda mənə xoş gələn o idi ki, bu görüşlər nə qədər qısa olsa da, hər dəfə mənə bilmədiyim və bilməyinə dəyən şeylərdən danışırdı. Görüşə bildiyim heç bir ictimaiyyətçi adam bu cür görkəmli keyfiyyətlərə malik deyildi. Həm də həmişə belə bir duyum yaranırdı ki, o, son nəticədə daha yüksək tərtibli mətləblərə can atır. Onu tez-tez Makiavelli ilə müqayisə edirdilər. Onun tarixdə bu qədər çox nifrət etdiyi ikinci adam yox idi. Metternix və Bismark barədə çox yazıb və eyni zamanda işarə vururdu ki, hər ikisi haqda yüksək fikirdə deyil.
Hamıdan çox Kanta məftun olurdu. Kissincer qəlbinin dərinliklərində, ən gizli düşüncələrində Kantın barəsində yazdığı əbədi dünyanın rifahına işləyən idealist idi, lakin bunun üçün naqis dünyanın naqis üsullarından istfadə etməyə məcbur idi.
Kissincer həyatdan zövq alırdı – və bunu etməyindədir – lakin onun gülünc tərəflərini də qeyd edirdi: xüsusən də vəzıfəsinin qadınlara çıxış tapmağı necə təmin etməyində. Qısası, doktor Kissincer nəhəng intellektin, təklif etdiyi külli miqdarda ideyaların, diplomatik və nəzəri işinin arxasında görüşmək həmişə fərəhli olan insan kimi qalırdı. Mən onu sevir və qiymətləndirirdim və şadam ki, Niall Ferqyuson ona layiq olduğu son dərəcə çalışqanlıqla yanaşıb.
Pol Conson
"Standpoint" (Böyük Britaniya), 05.09.2015