XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2015 - 13:28

Çin bütün dünyadan texnologiyaları necə oğurlayır? – Məxfi “61 saylı Araşdırma institutu” haqda bilmədiklərimiz – Araşdırma

haker-1.jpg

Çin universitetlərini, şirkətlərini və hərbi müəssisələrini onillikər boyunca bir məqsəd birləşdirib: Qərb ölkələrindən sirlərin oğurlanması. Bu, Çin iqtisadiyyatı və ordusunun inkişafına səbəb olub, lakin başqa ölkələrə ziyan vurub. Məsələn, ABŞ buna görə hər il trilyonlarla dollar itirir. Amerikanın ədliyyə nazirliyi 2014-cü ilin mayında Çinin sənaye sirlərinin oğurluğu ilə məşğul olan beş hakerinə hərbi xarakterli ittiham elan etdi. Lakin hərbi hakerlər sistemin ancaq bir hissəsidir. Bütün Çin üzrə təşkilatlar “texnologiyaların transferi mərkəzi” rolunu icra edir: onlar oğurlanmış məlumatları təhlil edir və özgələrinin hazır texnologiyalarından istifadə edir. Çinin rəsmi haker proqramları oğurluq texnologiyasını sadələşdirir. Bu, bütün Çində hökumət məmurlarını, hərbçiləri, alimləri və biznesmenləri birləşdirən geniş bir sistemdir.

Qərb KİV-i tez-tez Çinin növbəti kiberhücumlarından və texnologiya oğurluğundan yazır, lakin bu məlumatlar Çin tərəfdən haker hücumlarının və sənaye casusluğunun gerçək miqyasını əks etdirmir.

Bu məqalənin hazırlanmasına iki il gedib. Onda təhlükəsizlik və kəşfiyyat sahəsi üzrə  ekspertlərin fikirləri misal gətirilir və Çinin iqtisadi və hərbi inkişafına şərait yaradan xarici texnologiyaların oğurlanmasında Çin sistemi açıqlanır.

BLACKOPS Partners Corporation-un sədri və baş direktoru Kesi Fleminq deyir: “Sındırılmaların yalnız bir hissəsi haqda açıq məlumat verilir. 2014-cü ildə infotmasiya sızmalarının əksər halları pərakəndə satış müəssisələri ilə bağlı idi və müştərilərin şəxsi məlumatları oğurlanmışdı”.

Fleminqin unikal işi var. Onun firması Amerikanın böyük şirkətlərindən informasiya oğurlayan haker və casusları izləyir. Onun sözlərinə görə, “yüzlərlə şirkət informasiya sızması haqda məlumat vermir, çünki onların nüfuzuna ziyan vurur və yaxud daha pisi, sirlərinin oğurlanmasını hiss etmirlər”.

Onun şirkəti şirkətlərdən informasiya oğurlayan casus və hakerlərin fəallığının təkcə son bir ildə onqat artdığını qeydə alıb. Fleminqin proqnozlarına görə, durum ancaq pisləşəcək: “Bizim qiymətləndirməyimizə görə, Amerika şirkətləri və iqtisadiyyatı hər il beş trilyon dollar və yaxud oğurlanmış innovasiyaların tam dəyərini nəzərə alsaq, öz ÜDM-nun 30%-i itirir”.

Çoxsaylı qaynaqlar

Kiber-əks-kəşfiyyat üzrə ixtisaslaşan Incident Response at SpearTip firmasının direktoru Coş Vander Vin deyir ki, texnolgiyaların oğurlanması sistemi Çin cəmiyyətinin, demək olar, bütün qatlarını əhatə edir.

Vander Vin ABŞ hərbi əks-kəşfiyyatının keçmiş agentidir. O bir neçə on il xarici kəşfiyyat əməliyyatlarının təhqiqatı ilə məşğul olub. O deyir: “Çin hökumətinin əli sənayenin bir çox sahələrində hiss olunur. Çin hökuməti texnologiya oğurluğu üçün transfer mərkəzləri, kiberhücum və Amerika universitetlərində elmi proqramlardan isitfadə edir”.

Xarici intellektual mülkiyyətin oğurluğu və işlənməsi böyük məsrəflər tələb edir, lakin yekun nəticə bütün itkilərin xərcini çıxardır. Çox hallarda oğurlanmış texnologiya və ya dizayn əsasında hazırlanmış Çin malları ABŞ-a ixrac olunarkən orijinal Amerika məhsulundan, təxminən, iki dəfə ucuz olur.

Vander Vin deyir: “Onlar sirlərin oğurlanmasına xeyli vaxt itirir və çoxlu adam cəlb edirlər, lakin bu, işlənmə üçün tələb edilən xərc və vaxtın çox cüzi hissəsini təşkil edir”.

Beynəlxalq strateji mərkəzin baş əməkdaşı Riçard Fişerin sözlərinə görə, “Çin kommunist partiyasının özəyinin olduğu istənilən təşkilat kəşfiyyat və yaxud hərbi əməliyyat keçirdə bilər”.

Əcnəbilər “Çində dövlət şirkəti” terminini düzgün başa düşmürlər. BLACKOPS Partners Corporation-un Çində bizneslə məşğul olan  müştərisi deyir ki, əslində, Çinin bütün şirkətlərində onlara calaq edilmiş partiya məmurları var: “50-dən çox adamın işlədiyi istənilən şirkət hökumətlə əlaqə üzrə təmas simasına malikdir. Bu, qanundur”.

Çin və sovet yanaşması

Texnologiyaların oğurlanması halları cəmiyyətin diqqətini getdikcə daha çox cəlb edir. Lakin informasiya oğurlandıqdan sonra nələr baş verdiyindən çox az adamın xəbəri var. Bu sistemin necə işlədiyini anlamaq üçün bir qədər tarixə varmaq lazımdır. Bu fenomen “soyuq müharibə” və Sovet İttifaqı ilə Çin arasındakı münasibətlər dövründə meydana çıxıb. Çinin əks-layihələşdirmə sistemi ilə tanış olan insayder “Böyük zəmanə”yə onun necə inkişaf etdiyindən danışıb. İdeyanın özü Sovet İttifaqından mənimsənilib, lakin Çin hökuməti onu kökündən dəyişdirib ki, texnologiyaca geridə qalmış Çinin ehtiyaclarına uyğunlaşdırsın.

Sovet casusu amerikalılardan hansısa texnologoiyanı, məsələn, kəşfiyyat xidməti üçü kameranı oğurlasaydı, onu tədqiqat laboratoriyalarına verir və sovet mühəndisləri bənzərini düzəltməyə cəhd edirdilər.

Yuxarıda xatırladılan fərziyyəvi kamera Çin casusunun əlinə keçsəydi, o da eynilə sovet casusu kimi onu tədqiqat mərkəznə aparardı. Lakin Çin mühəndisləri sovetlərdən fərqli olaraq dərhal onu yenidən yaratmağa çalışmazdılar. Bu kameranın ilk modelini əldə edər və onu düzəltməyə cəhd edərdilər. Sonra növbəti nəsillərin buraxılışını alar və sənayenin uyğun sahəsində təhsil və praktika üçün xaricə tələbə  göndərərdilər. Bu qayda ilə onlar təməl biliklər və texnologiya əldə edərdilər. Buna görə də onlar əks- layihələşdirmə üsulu ilə xaric qurğunu yenidən yaratmağa başlayarkən dərhal hiss edirlər ki, əvvəlki modellərə nisbətən hansı təkmilləşmə və dəyşiklik edilib.

İnsayderin sözlərinə görə, Çin yanaşması sovetinkindən effektli və gəlirli çıxır.

Texnologiyaların transferi mərkəzləri

Çinin əks-mühəndislik sistemi “soyuq müharibə” dövründəkindən daha böyk miqyaslara malikdir. O, əzəldən sırf hərbi ixtisas olmaqla hazırda bütün sahələrə sızıb. Oğurlanmış sənaye sirləri əks-mühəndislik yolu ilə istifadə edilməyincə özlüyündə fayda gətirmir. Bu işlə “texnologiyaların transferi mərkəzləri”nin geniş şəbəkəsi məşğul olur.

Uilyam Hannas, Ceyms Malvenonan və Anna Puqlisinin “Çinin sənaye casusluğu” kitabında (2013) deyilir: “Heç bir ölkədə buna bənzər heç nə yoxdur. Bu, çox böyük bir sistemdir, onda Çinin öz texnologiyalarının hazırlanması üzrə elmi mərkəzlərdəkindən çox adam çalışır. Biz xarici texnologiyaları izləyən, onu istənilən qiymətə əldə etməyə və silah, rəqabətə davamlı mallar istehsal etməyə səy göstərən geniş sistemdən danışırıq”.

Kitab müəlliflərinin fikrincə, hazırda Çində 202 bu cür mərkəz fəaliyyət göstərir. Bu qurumlar nə işlə məşğul olduğunu gizlətmir. Onlar bir neçə vəzifəni icra edir: oğurluq məlumatların işlənməsi, xarici alimlərlə ortaq araşdırma layihələrinin yaradılması, xaricdə təhsil alan çinli tələbələr üçün proqramların yarardılması.

Kitabda yazılır: “Çinin iqtisadi yüksəlişi xarici nailiyyətlərin mənimsənilməsi yolu ilə elmə cüzi investisiya qoyulması sayəsində bu sistem üzərində qurulub”.

Acgöz hərbçilər

Texnologiya oğurluğunda Çin Xalq Azadlıq Ordusuna (ÇXAO) xüsusi rol ayrılıb. Çin ordusu məsrəflərinin bir hissəsini özü bağlamalıdır, buna görə də uzun onilliklər ərzində yüksəkrütbəli hərbçiləri Çində ən nüfuzlu adam edən xarici gəlir mənbələri axtarıb.

“90-cı illərdə Çinin iqtisadi dilemmaları” kitabına əsasən, ÇXAO öz araşdırma proqramları üçün  xarici gəlir mənbələrindən istifadə edir: “Xərclərin yalnız 70%-i dövlət büdcəsindən bağlanır. ÇXAO qalanını özü bağlamalı və modernləşdirmə üçün əlavə fondlar axtarmalıdır”.

ABŞ müdafiə nazirinin texnoloji təhlükəsizlik üzrə köməkçisi Layza Bronson 2005-ci ildə bildirib ki, “Çin hərbçiləri ABŞ-da 2000-3000-ə yaxın yalançı şirkətə dəstək verirlər. Bu firmaların varlığının əsas məqsədi Amerika texnologiyasını oğurlamaqdır”.

FTB əks-kəşfiyyatının keçmiş müavini sonralar məlumat verdi ki, Çin hökuməti ABŞ-da oğurluqla məşğul olan 3200 yalançı şirkətə rəhbərlik edir.

Məxfi qurum

Çin rejimi sənaye casusluğuna da rəhbərlik edir. Bəz qaynaqlar Çin Silahlı Qüvvələrindəki məxfi qurumdan danışır.

Əvvəllər Çin casusu olmuş insayder anonimlik şəraitində bildirir ki, iqtisadi casusluqla məşğul olan qüdrətli qurum baş qərargahın üçüncü bölməsinin başçılığı alıtndakı 61 saylı Araşdırma institutudur. Əlaqələr Çin hökumətinin strukturlarında həlledici önəmə malikdir. 61 saylı İnstituta rəhbərlik edən Van Szyansin olduqca nüfuzlu simadır. Van Mao Szedunun idarəçiliyi dönəmində kəşfiyyata başçılıq etmiş Van Szyunun oğludr. Van Szyunun üç oğlu var idi və hər üçü yüksək vəzifə tutur. Təxminlərə görə, Van Szyunun  bir oğlu Çin liderlərini qoruyan bölmənin rəhbəridir. Van Szyunun qardaşı oğlu Van Leyley Çində ən böyük maliyyə şirkətlərindən birinin baş direktorudur.

Qaynaq qeyd edir: “Bu ailə bütün kommunikasiya sisteminə rəhbərlik edir”.

Van Szyansin baş qərargahın nəzdində hakerlərə başçılıq edir. Çinin əksər haker qruplarının adının başlandığı 61 rəqəmi 61 saylı Araşdırma institutunun indeksidir. Bir çox hərbi haker qruplarının adı 61 rəqəmi ilə başlanır. 2014-cü ildə ABŞ-da məhkəməyə cəlb edilmiş beş haker “Bölmə 61398”-ə mənsub idi.

Bu insayderin açıqlamalarını müstəqil şəkildə yoxlamaq mümkünsüz idi. Bu müəmmalı qurum haqda sonrakı sorğu-sual heç nəyə gətirib çıxarmadı. İnsayder onun adının açıqlanmamasını xahiş etdi, əks halda “bir hətfə keçməz ki, onun cəsədini taparlar”.

Başqa bir insayder – kəşfiyyatın yüksəkrütbəli analitiki 61 saylı İnstitutun adını çəkən kimi telefon danışıqlarını kəsdi.

BLACKOPS-un müştərisi də bu təşkilatın adı çəkilərkən bildirdi ki, öz təhlükəsizliyinə görə təşvişə düşür, lakin qurumun varlığından xəbərdardır. O dedi ki, 61 saylı Araşdırma institutu Pekindən quzey-qərbə sarı Haydyan şəhərində yerləşir: “Onlar hökumət məmuru olduqlarından evləri Çaoyan rayonundadır. 61 saylı İnstitut Çində ən qüdrətli qurumlardan biridir”.

Kommunizmin son mərhələsi

Çin hökumətinin texnologiya oğurluğunu iqtisadiyyatı dəstəkləmək üçün istifadə etməyi Çinin istənilən kommunizmin son mərhələsinə yetişdiyinin əlamətidir. Bu zaman ideologiya mənaya malik olmağı tərk edir.

Strateji və beynəlxalq araşdırmalar Mərkəzinin baş əməkdaşı Edvard Lütvak hesab edir ki, “fövqəlpraqmatizm”in ideologiyanı əvəzləməsi bu son mərhələnin əlamətidir. Adamlar “ümumi qardaşlığa” inanmağı tərgidir və istənilən qiymətə irəli necə hərəkət etmək haqda düşünməyə başlayırlar.

Lütvak misal çəkir: ideya adamına dondurma təklif etsəniz, imtina edə bilər. Praqmatik adam onu götürəcək. “Fövqəlpraqmatik” isə hətta təklif edilməsə də, dondurmanı götürər.

Onun sözlərinə görə, Çin Kommunist Partiyası ideoloji qurum kimi yaranıb. “Əsas problem bundadır ki, ideoloqlar öz ideologiyalarına inanmayanda adi praqmatikə çevrilmirlər. İstənilən diktatura yalan səltənətidir. Hakimiyyətdə olan şəxslər isə fövqəlpraqmatikə çevrilirlər. Onlar bu mərhələdə istədikələri nə varsa, götürürlər”.

 

Coşua Filipp

"The Epoch Times" (ABŞ), 11.09.2015