XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2015 - 13:34

Rusiya Suriyada ABŞ-ı küncə sıxıb: Obama və Putin yenidən masa arxasında oturacaqlar – Təhlil

rus-2.jpg

Suiryaya bir neçə təyyarə tədarükündən başlayıb aviabaza yaradılmasına qədər gedib çıxmış "Rusiya əməliyyatı" hələlik açıqlanmamış xeyli detalları ehtiva edir. İctimai rəyin yaradılması üzrə əməliyyatların sayəsində hamını idarə etməyin mümkünlüyü ehtimalı sadəlövhlükdür. Suriyada “təhlükəsiz” zona yaratmaq məqsədilə hərəsi 100 min nəfərlik üç qaçqın şəhəri inşa etmək planı ilə BMT-nin dəhlizlərinə zorla soxulan türk nümayəndə heyəti hazırda Vaşinqtondan nə ilə qayıdır?    

Fransa dəstəyi, alman boyunduruğu, müəmmalı Amerika və Rusiya maneəsi.

Fransa diplomatiyası başdansovdudur, biranlıqdır. Tez ötür, qəfildən vurur, vaxtsız satır. Fransızların qatarına əyləşmək olmaz.

Almanlar hər şeyi ölçüb biçirlər. “Çətin ki”yə “bəli” deməzlər. Kansler Angela Merkel uçuş üçün yasaq zona yaratmaq haqda Türkiyənin tələbini dəstəkləyən Fransua Ollanda belə cavab verib: “Təhlükəsizliyə zəmanət verə bilmiriksə, Srebrenitsadakından daha acınacaqlı durum yaranar”.

Obamanın BMT tribunasından çıxışı, ola bilsin, baş nazir Əhməd Davudoğlunu ruhlandırıb da, lakin bütün bunlar daha çox böyük yük maşını tormoz verərkən çıxan təkər səsini xatırladır.     

Başa düşdüyüm qədər, Nyu-Yorkda Amerika-Rusiya işindən sonra beş razılıqdan və iki əngəldən danışmaq olar.

Razılıqlar:

1. Suriyada rejimi əvəzləməkdən imtina etmiş ABŞ Rusiya ilə siyasi nizamlama prosesini davam etdirəcək.

2. Suriyada siyasi nizamlama üzrə danışıqlar masası arxasında İrana yandırılmış qırmızı işıq yaşıl işıqla əvəz olundu. Obama bildirdi: “Biz hamı ilə, o cümlədən Rusiya və İranla əməkdaşlığa hazırıq”. Oktyabrda Rusiya, ABŞ, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir Cenevrədə təmas qrupu səviyyəsində görüşə bilər.  

3. ABŞ Rusiyanın Suriyada İŞİD-ə qarşı hava əməliyyatlarına qatılmasına etiraz etmir. Siqnal verildi: İŞİD-lə mübarizə hər iki ölkənin maraqlarına cavab verir.

4. Rusiya zəmanət verdi ki, Suriyada yerüstü əməliyyatlara başlamayacaq.

5. İki ölkə Suriyanın hava məkanında hava toqquşmasından yayınmaq naminə 18 ay əvvəl dayandırılmış hərbi dialoq mexanizmini təzələdi. Bu, əməliyyatın gedişində Rusiya və Amerika güclərinin koordinasiyasından xəbər verir.

 

Əngəllər:

1. ABŞ Suriyada siyasi həll çərçivəsində tədrici keçid təklif edir. Yəni Əsədlə danışıqlar aparılacaq, lakin idarə edilən keçidin nəticələrinə görə Əsəd gedəcək. Qəribə ifadədir – “idarə edilən keçid”. Rusiya isə deyir: “Əsədin gedib-getməyəcəyi qərarını seçkilərdə Suriya xalqı qəbul etməlidir”.

2. ABŞ Rusiyanın İŞİD-ə qarşı mübarizədə Əsəd hökuməti ilə əməkdaşlıq təklifindən boyun qaçırdır.

 

Rusiya hərbi əməliyyatlara mandat aldı

 

Bu iki güc danışıqlar masasına gedərkən, təbii ki, tarifi qaldırdı. Buna görə də təcavüzkar çıxışlar, kəskin açıqlamalar və fitnəkar addımlar heç kəsi təəccübləndirməməlidir. Lakin BMT meydanlarında üzbəüz görüşlərdən sonra Rusiyanın qətiyyəti zəiflədimi? Qətiyyən. Əksinə, böhranlı addımlar dalbadal gəldi.

Bu ərəfədə Rusiya Suriyaya hərbi müdaxiləni rəsmiləşdirdi. Federasiya Şurası Putinin xaricdə hərbi gücdən istifadə tələbini bəyəndi. Kreml administrasiyasının rəhbəri Sergey İvanov iki mühüm məqamı vurğuladı. Birincisi, hərbi yardım xahişi Əsəddən gəlib. İkincisi, söhbət yerüstü əməliyyatdan deyil, hava əməliyyatından gedir.

Suriya prezidentinin administrasiyası təsdiq etdi ki, Dəməşq Rusiyadan hərbi yardım xahişi edib. Bu isə Rusiyaya özünü “beynəlxalq hüquq baxımından yeganə legitim qüvvə” adlandırmağa imkan verir.  

Bəs hərbi əməliyyyatlara mandata münasibətdə ABŞ-ın reaksiyası necə idi? Deyildi: “Biz bilirk”.

Rusiya havadan fəal hücumlarla ABŞ-ın bir il ərzində İŞİD-ə qarşı apardığı əmliyyatın effekliliyini şübhə altında qoyur, yəni beynəlxalq koalisiyanı ifşa edir. Hətta Rusiya “terrorizmlə mübarizə” görüntüsü altında təkcə İŞİD və “Ən-Nusra Cəbhəsi”nə deyil, ABŞ və müttəfiqlərinin dörd il ərzində dəstəklədiyi silahlı qruplaşmalara da zərbələr endirəcək. Məsələn, Rusiya təyyarələri Homsda, Hamədə, Latakiyada xeyli hədəfi bombalayıb. Mümkün deyil ki, bunların hamısı İŞİD-ə məxsus olsun. Amerika rəsmiləri qeyd etirlər ki, Rusiya əməliyyat haqda əvvəlcədən xəbərdar edib.

Rusiya bir tərəfdən ABŞ-la təmas saxlayır, digər tərəfdən sürətlə hərəkət edib hansısa bir əks strategiya hazırlamağa imkan vermir. Beləliklə, Rusiya müdaxiləsinin gedişatı sürprizlərlə doludur. Putinin sözlərinə görə “hərbi əməliyyat zamanca məhdudlaşdırılsa” da, matryoşkanı açdıqca görürük ki, bu müdaxilənin əsil miqyası göründüyündən xeyli genişdir. Rusiyanın məqsədi tam nəticə əldə etmək, yəni Suriya ordusunun bütün şəhərlər üzərində nəzarətini təmin etməkdir.

Rusiyanın planları təkcə Suriya ilə məhdudlaşmır. Rusiya mütəxəssisləri iki gün öncə Bağdada yollandılar ki, Rusiya, İran, İraq və Suriya arasında hərbi kəşfiyyatın koordinasiyasını nəzərdə tutan mexanizmi işə salsınlar. Hər şeyə baxanda, Suriyadan sonra İraq səhnəsində də mərəkə qopacaq.

 

Obamanın alternativi yoxdur

Vaşinqton küncə qısnanıb. Suriyaya gedən yolda məğlubiyyətə məruz qalan “inqilab” karvanı ona rişxənd edir: “Obamanın doktrinası iflasa uğradı”.

Məlum olduğu kimi, bu doktrinanın devizi “Amerika əsgərinin çəkməsi torpağa dəyməycək” idi. Yəni yeni yerüstü müharibə olmayacaq.

Bununla belə, Obama Liviyadakı kimi Suriyada antihökumət qüvvələrini təmin etməyə və döyüş meydanına çıxmadan onların üstünlüyü üçün məkanı genişləndirməyə meylli deyil. O, bu xüsusda tərəddüdlərini 2014-cü ildə New York Times-a müsahibəsində səsləndirdi: “Qəddafi gedəndə hamıya daha yaxşı oldu və hamı “Sağ ol, Amerika” bannerini açdı. Mülki özünüdərk ənənəsi olmayan cəmiyyət üçün daha riskli hərəkətlər lazımdır. Lakin indi sual verirəm: biz hərbi müdaxilə həyata keçirtməliyikmi? Deyə bilərikmi, növbəti gün necə olacaq?”

Növbəti gün – Əsəddən sonrakı dövr deməkdir… Bu, Obamanı Putinlə danışıqlar masası arxasına oturmağa məcbur edən sualdır.

Amerikanın Suriyaya müdaxilə üsulu kimi qalmış sonuncu proqramı – “Təlim keç – təchiz et” biabırçı məğlubiyyətdən sonra dayandırılıb. Pentaqon təmsilçisi Piter Kuk bu günlərdə bildirib ki, proqrama başdan-ayağa yenidən baxılacaq. Götür-qoy edincə isə Rusiya Suriya səhnəsində qayda-qanun yaradacaq.

Hər şeyə baxarkən, Obamanın strategiyası Amerika administrasiysında parçalanmaya gətirib çıxardacaq. Politico-nun xəbər verdiyi kimi, ABŞ müdafiə nazirinin Rusiya üzrə köməkçisinin müavini Evelin Farkas Rusiyanın Ukrayna və Suriyada təcavüzkar fəaliyyətinə cavab necə olmaldır xüsusunda  fikir ayrılıqlarına görə istefa verib.

Ukraynaya hərbi yardımı bəyənən Obama Kiyevə letal (öldürücü-red) silahların tədarükünə qarşı idi. Həmin nəşr qeyd edir ki, Obama öz köməkçilərindən Rusiyanın Suriyada fəaliyyətinə qarşı nələr edilə biləcəyi haqda təkliflər hazırlamağı xahiş edib, lakin yeni tövsiyələr gəlməyib. Rusiya İŞİD-ə qarşı əməliyyatda iştirak etməsə, onda buna birinci təəssüf edən ABŞ və müttəfiqləri olar. Putin isə indi özünün İŞİD və “Ən-Nusra Cəbhəsi” ilə müharibə konsepsiyası çərçivəsində Fars körfəzi ilə Qərbin dörd ildən çox tərəfdaşlıq tarixini başa çatdırır. Və bunun cavabında hətta bəzi dümənlərindən də alqışlar qoparır. Yeni mühafizəkarların daim əzab vediyi Obama da alqışlayacaqmı? Mümkündür!

 

Fehim Taştekin

"Radikal" (Türkiyə), 02.10.2015