XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

06 Oktyabr 2015 - 13:37

Suriya neçə hissəyə bölünəcək? – Təhlil

suriya-12.png

Ziddiyyətli maraqları olan xarici qəyyumların dəstəyi ilə rəqabət aparan bu və ya digər qrupların nəzarətindəki ərazilərin sayının çoxalması fonunda Suriyanın bölünməsi perspektivi getdikcə daha ağlabatan görünür.

Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və İran müdaxiləsinin genişlənməsi Suriyanın bölünməsini o dərəcədə gücləndirir ki, ölkədə dörd təsir zonası biçimlənir. Bu “mini-dövlətlər”in qəyyumları ən yaxın aylarda qarşıdakı danışıqlarda öz mövqelərini möhkəmlətməyə cəhd edəcək. Onların bəziləri, hamıdan əvvəl Moskva cəbhənin bəzi sahələrini sabitsizləşdirmək istəyir. Lakin son nəticədə döyüşən tərəflər və onların sponsorları arasında razılaşmanın olmaması Livanda 15 illik vətəndaş müharibəsindən sonrakı kimi ölkənin parçlanmasına və icmalara bölüməsinə gətirib çıxarda bilər.

 

Hökumətyönlü, rusiyayönlü və iranyönlü zona

 

Bu zona paytaxtdan və onun civarından Homs və Hamə şəhərlərindən keçməklə Aralıq dənizi sahillərinə qədər uzanır (rejimin dayağı və Moskvanın maraqlarının cəmləndiyi nöqtə). Bundan başqa, Hələb anklavı (bir hissəsi hələ də hökumətin nəzarəti altındadır) və güneydə Dərya, həmçinin druzların Əs-Suvəyd bölgəsi bu zonaya daxildir. Yazda müxalifətlə mübarizə üçün adam çatışmazlığı kəskin şəkildə hiss edilərkən iranlı müttəfiqləri Bəşər Əsədi ancaq bu “faydalı Suriya”nı qoruyub saxlamağa inandırdılar ki, müdafiəsi mümkünsüz olan İdlib kimi bölgədə adamlarını “nahaq yerə itirməsin”. “Faydalı Suriya”ya ölkə ərazisinin 20%-i düşür, lakin burada ölkə əhalisinin, təxminən, yarısı yaşayır. Burada qiyamçılara qarşı Suriya ordusu, silahlı dəstələr, iranyönlü bölmələr (“Hizbullah”, İraq şiələri, əfqanlar və s.), indi isə Rusiya hissələri durur. Moskvanın müdaxiləsinə qədər hökumətin Hələb, Dəyr-əz-Zəur, Dərya üzərində nəzarəti saxlamaq haqda əminliyi yox idi. İndi isə bölgü dəyişilib. Bu bölgələrdə bombardman (o cümlədən çəllək bombalardan da istifadə edilməklə) ona yönəlib ki, dinc əhali sıxışdırılsın və müxalifətin daha işlədə bilməyəcəyi infrastruktur məhv edilsin.

Bəşər Əsədin çevrəsindəki qaynağa inansaq, hökumətin yeni strategiyası bu ərazilərin müdafiəsi üçün (Rusiya və İranın dəstəyi ilə) yerli orduların (Latakiyada “Sahilyanı ordu, güneydə druz yığması, Dəməşqdə Əsədin qardaşı Mahirin başçılığı ilə IV diviziyanın)  formalaşdırılmasını nəzərdə tutur.

 

Türk-səud zonası

 

Suriyanın quzey-qərbində Türkiyə sərhədi boyunca yerləşir, İdlib əyalətini və Hələbin bir hissəsini əhatə edir. Rejim məhz burada ən ciddi uğursuzluğa düçar oldu və Rusiya ilə İranı əməlli-başlı rahatsız etdi. Qiyamçıların hücumu sələfilərin “Əhər əş-Şam”, “Fəth ordusu” , islamçıların “Cəbhət ən-Nusra”sının bayrağı altında birləşməkdən ötrü keçmiş təfriqələri tərk etmiş ərəblərin, türklərin və qətərlilərin dəstəyinə güvənirdi. Onların hamısı maliyyə və logistik dəstək alırdı və hazırda Latakiyanın quzeyindən Hamənin quzeyinədək hökumət zonasında “müdafiə xətti” qurmağa cəhd edən Rusiyanın zərbələrinin əsas hədəflərinə çevrilib. Əsədin çevrəsi iddia edir: “Bunun üçün birinci növbədə Cisr-əş-Şuqr və Məarrət-ən-Nuuman şəhərlərini götürməyimiz lazımdır”.

Bütün bunlar nəzərə alınmaqla cümə axşamı bu şəhərlərin Rusiya aviasiyasının hədəfinə çevrildiyinə təəccüblənməyinə dəyməz. Rusiyanın həmlələri artıq bu bölgələrdə qiyamçıların bəzi qrupları arasında radikal əhvali-ruhiyyənin yüksəlməsinə təkan verib. Onlardan biri (çeçen, özbək və tacik islamçılarından ibarətdir) bu günlərdə “Cəbhət ən-Nusra”ya sədaqət andı içib. Bu, Suriyanın bu hissəsində “Əl-Qaidə”nin hakimiyyəti altında “mini-əmirlik” yaranması riskini bildirir.

Türkiyə sərhədin Suriya tərəfinə ona sadiq döyüşçülər göndərməklə orada “təhlükəsizlik zonası” yaratmaq niyyətindədir, lakin ABŞ buna qarşıdır, çünki hədsiz dərəcədə radikal addım sayır. Ankara təsir zonası yaratmaqdan əlavə Dəməşqdə ona əlvrişli rejimin bərqərar olmasını istəyir.

Səudlar öz növbəsində Rusiya zərbələrinə cavab kimi “Fəth ordusu”na yardımı genişləndirməyi vəd ediblər. Bu, Rusiya ilə türk-səud oxu arasında məsafəli savaş riskindən xəbər verir.

 

Quzeydə kürd kantonları

 

Bu kantonlar Tükiyə sərhədi boyunca uzanır. Kürdlər özləri üçün qismən muxtariyyət əldə ediblər və Suriya kəşfiyyatı ilə bəzi əlaqələri var. Kürdlər Qərbin söykənə biləcəyi yeganə yerüstü gücdür. Bu əməkdaşlıq keçən il İŞİD-in Kobani və Təl-Abiədə hücumunu dəf etmək imkanı verdi. Hər necə olsa da, Dəməşqlə əlaqələrin saxlanması bölgə ərəblərində ədavət doğurur. Yeri gəlmişkən, onlar qatışıq bölgələrdə etnik “mini-təmizlənmələr”dən danışırlar. Dediklərinə görə, bu, Dəməşqdə hakimiyyətin devrilməsinə apara biləcək irimiqyaslı əməliyyatlara yalnız müqəddimədir. Lakin Suriya kürdləri PKK-nın (Vaşinqton ona hələ də terrorçu qurum kimi baxır) yerli qanadı olsalar da, ABŞ-dan logistik dəstək alıblar. Amerikanın xüsusi bölmələri hətta əməliyyatlarda onlara yardım da edir.

Fransanın Türkiyə və Suriyadakı keçmiş səfiri Mark Pyerini qeyd edir: “Kürdlər amerikalıların və türklərin onlar üçün “qırmızı xətt” çəkdiyi Fəratdan qərbə sarı mövqelərə hücum etməməyə razılaşsalar da, özlərini gələcək sazişdə yer tapılası siyasi və hərbi güc kimi göstəriblər”.

 

İŞİD quzeydə və şərqdə

 

İŞİD Hələbdən şərqə sarı Rakka və Dəyr-əz-Zəurdan keçməklə İraq sərhədinə qədər uzanan Suriya səhrasını zəbt edib. Qurum Palmiranı tutandan sonra ən yaxın vaxtda Rusiya, Suriya və İranın birgə hücum hədəfi ola biləcək Dəməşqə doğru hərəkət etməyə cəhd edir. İslamçı təşkilat üsyanda liderlik mübarizəsinə girişib. Onun Hələb bölgəsində “Cəbhət ən-Nusra” kimi digər təşkilatlara hücumu bundan xəbər verir. İŞİD İraqdan fərqli olaraq Suriyada varlığını genişləndirir. Buradakı neft buruqlarının əksəriyyəti ona məxsusdur. Hasil edilmiş neft qara bazarda satılır. Əld edilən vəsait tərəfdarlar əldə etmək və hərc-mərcliyə qərq olmuş ölkədə insanların dolanışığını təmin etmək üçün çox vacibdir. Bundan başqa, İŞİD-in Fərat boyunca hələ də tərəqqidə olan kənd təsərrüfatı kompleksi var. Fars körfəzinin sponsorlarından asılı olan qalan qruplaşmalar bu üstünlükdən məhrumdur (yəni ABŞ-ın təzyiqi altında maliyyəni kəsə bilərlər).

İŞİD-in liderləri bəzi sünni tayfalarının onlara yardım etdiyi Şərqi Suriya adlı qara deşikdə müvəffəqiyyətlə gizlənirlər. Bu faktı da qeyd etməyinə dəyər ki, Suriya rejimi uzun müddət islamçıların mövqeyinə aman verib.

Türkiyə isə xilafətin Suriya hissəsində təsir zonasını genişləndirmək üçün son nəticədə İŞİD-in ləğv edilməsində maraqlıdır.

 

Tam parçalanmadan yayınmaq mümkündürmü?

 

Bölgə oyunçularının maraqları azdan-çoxdan aydındır. Rusiya rejimin mövqeyini bərkitmək və hətta danışıqlar başlayana qədər genişləndirmək istəyir. Bütövlükdə o, Suriyada Abxaziya modelini tətbiq edə bilərdi (Gürcüstan ərazisində rusiyayönlü anklav).

İran öz növbəsində Bağdad, Dəməşq, ələvilərin əraziləri və Livan arasında ərazi bağlılığını qoruyub saxlamaq istəyir. Bu cür şiə oxu bu ölkələrdəki səudyönlü vəhhabilərə müqavimət göstərmək üçün nəzərdə tutulur.

Səudiyyə Ərəbistanının kralı Salmana gəlincə, İranın Suriya və İraqdakı mövqelərini zəiflətmək üçün heç vaxt olmdığı kimi Dəməşqdə sünni hökuməti bərqərar etmək niyyətindədir (Ər-Riyad hələ də barışa bilmir ki, 2003-cü ildə Amerika müdaxiləsi Səddam Hüseynin devrilməsindən sonra hakimiyyəti İranın orbitində dolanan İraq şiələrinə verdi.)  Bununla belə, mötədil üsyançı qrupların ziyanına olaraq islamçıların güclənməsi, çox güman ki, Vaşinqton üçün məqbul siyasi hədəfi qazanmaqda Ər-Riyada mane olur.

Bir ərəb diplomatı ehtimal edir: “Livandakı vətəndaş müharibəsi kimi Suriya faciəsi də ölkənin bölgə dövlətləri arasında dini-etnik bölgü  müqaviləsi ilə başa çatacaq”.

Hamı, o cümlədən Fransa bu andan etibarən öz fiqurlarını irəli sürür. Lakin mötədil qiyamçıların praktik olaraq tam yox olması fonunda Paris danışıqlar masası arxasında kartsız qala bilər.

Münqaişənin nizamlanması yolunda qalmaqda olan maneələr nəzərə alınmaqla Suriyanın bölünməsi haqda fəziyyə heç vaxt olmadığı qədər ağlabatan görünür. Bu maneələrdən birincisi Əsədin hakimiyyətdə saxlanmasıdır. Son nəticədə hamı razılaşır ki, o, keçid prosesinin tərkib hissəsidir. Lakin heç bir zəmanət yoxdur ki, bu prosesin sonunda rusiyalı və iranlı müttəfiqlər onu atacaqlar.

İkinci maneə yaranmış xaosdan fəal şəkildə istifadə edən İŞİD-in tərsliyidir.

BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş hesab edir: “Biz uzun münaqişə ilə məğuluq”.

Üçüncü maneə: kürdlərin geniş müsrtəqilliyə can atması, güman etmirəm ki, vahid Suriyanın xeyrinədir – hətta Qərb onun əleyhinə çıxış etsə də. Bu cür şəraitdə Moskvanın elan etdiyi Rusiya, ABŞ, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Misirin iştirakı ilə təmas qrupu çərçivəsində danışıqların başlanması, ən azı, çətin proses kimi görünür. Az ağlabatandır ki, Səudiyyə Ərəbistanı ən yaxın gələcəkdə Rusiya və İranla bir masa arxasına əyləşəcək. İstisna olunmur ki, Suriyanın bölünməsi artıq başlanıb…

 

Jorj Malbryuno

"Le Figaro" (Fransa), 05.10.2015

 




Yuxarı Əvvələ Ana Səhifə