XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

10 Oktyabr 2015 - 13:40

Səudiyyə Ərəbistanı saray çevrilişinin bir addımlığında – Təhlil

Səudiyyə Ərəbistanının ən nüfuzlu şahzadələrindən biri, mərhum kral Əbdüləzizin adı açıqlanmayan nəvəsi The Guardian daxil olmaqla Britaniyanın bir sıra nəşrlərində kral ailəsinin yaşlı üzvlərini Ər-Riyadda saraya çevrilişinə çağıran iki məktub yaydı. İsmarıcda deyilir: “Qərar qəbul edilməsi üsullarını dəyişməsək – hətta bunun üçün kralın dəyişilməsi lazım gəlsə də – biz kapital axınını, siyasi sabitsizliyi və hərbi təhlükəni dayandıra bilmərik”.

Nəşrin nüfuzu nəzərə alınsa, məktubların həqiqiliyinə şübhə yoxdur. Tamamilə aydındır ki, hakim Əl-Səud ailəsində durum elə bir gərginliyə çatıb ki, indiki kral Salmana və onun yaxınlarına qarşı sui-qəsd daha çox praktik hazırlıq mərhələsinə keçib.

 

Kral ailəsində kəskin fikir ayrılıqları

 

Kral ailəsindəki narazılığın kökləri bu ilin yanvarında monarxın dəyişilməsindən dərhal sonra – kral Abdullanın ölümündən sonra artıq növbəti gün Əl-Səudların iki tayfası arasında taxt-tac uğrunda kəskin mübarizə qızışarkən rişə atdı. Ölmüş kralın vəsiyyətnaməsinin dəyişilməsinin son anda qabağını almağa və onu yerində əyləşməyə nail olan Salmanın tayfası qalib gəldi. O öz hakimiyyətini möhkəmləndirmək üçün hakimiyyətin miras kimi ötürülməsi sistemini pozdu. Həmin sistemə görə, nöbvbəti kral oğul deyil, əvvəlki monarxın qardaşı olur. Salman qardaşı Mukrini yox, 56 yaşlı qardaşı oğlu Muhəmməd ibn-Naifi varis şahzadə etdi. Eyni zamanda öz oğlu Muhəmməd ibn-Salmanı “varisin” müavini (taxta şansı olan ikinci adam) qoydu. Kral hər iki şahzadəyə hətta Səudiyyə ölçülərinə görə də nəhəng səlahiyyətlər verdi. Beləliklə, Ər-Riyadda olduqca dar, lakin son dərəcə qüdrətli idarəçilik qrupu yarandı: daxili işlərin hamısı ilə kralın qardaşı oğlu məşğul olur, xarici və müdafiə siyasətinə oğlu rəhbərlik edir, “ehram”ın təpəsində isə qoca, çəlimsiz, dəlilikdən əziyyət çəkən monarxın özü durur. Onun son çıxışları kralın daha dərinə kök atan mərəzindən xəbər verir. Əl-Səud ailəsinin keçmiş dövlət başçısının dönəmində vəzifə sahibi olmuş qalan şahzadələr ölkə idarəçiliyindən uzaqlaşdırılıb. Həlledici vəzifələri indi ancaq hakim “üçlüyə”  yaxın olanlar tutur, güc və iqtisadiyyat nazirliklərinin hamısı onların tam nəzarəti altındadır.

Bu həm də ailədaxili böhrana səbəb oldu, çünki Əl-Səudun digər tayfalarından olan saysız-hesabsız şahzadələr işsiz qalıblar. Mütləq neft monarxiyasında isə ciblərini neft dolları ilə ancaq o adamlar doldura bilər ki, pul axınının üzərində “oturur” və yaxud “cəmdəyə” çıxışı var. Yəni şahzadə titulu daha gəlir gətirmir.

 

Ağır iqtisadi durum

 

Böhran daha çox SƏK-dakı mürəkkəb və getdikcə lap ağırlaşan iqtisadi durumdan törəyib. Birincisi, bu ilin yanvarında yeni kralın vəzifəyə başlaması nəhəng məsrəflə müşayiət olundu: dövlət büdcəsindən “sadiq təbəəlik əhvali-ruhiyyəsi” üçün dövlət qulluqçuları, hərbçilər, məmurlar, polislər, tələbələr və hətta bələdiyyə işçiləri pul aldılar. Bu, xəzinəyə on milyadlarla dollara başa gəldi.

İkincisi, Səudiyə ordusu yarım ildən çoxdur ki, qonşu Yəməndə genişmiqyaslı müharibə aparır, həmçinin Misirdə çat veməkdə olan əs-Sisi rejimini müdafiə edir, suriyalı qiyamçılara, liviyalı islamçılara  yardım edir və faktiki olaraq İrana qarşı daim, baha başa gələn gizli müharibə aparır. Bütün bunlar böyük maliyyə itkisi tələb edir. Səudiyyənin Yəmənə və Suriyaya müdaxiləsi nə qədər çox uzansa, bunun daxili çəkişmələrə səbəb olacağı riski çox böyükdür. Vəliəhd şahzadənin müavini və müdafiə naziri Muhəmməd ibn-Salmana qarşı xüsusi idialar irəli sürülə bilər. O, SƏK-nın xarici işlər nazirinin daxil olduğu “müharibə partiyası”nın lideridir.

Bundan başqa, krallığın büdcəsi 2015-ci ildə bir barrel neftin qiyməti 90 dollardan nəzərdə tutmaqla hazırlanıb. Lakin Ər-Riyad yeni neft bazarları ələ keçirməyi, dünya neft qiymətlərini kəskin şəkildə azaltmaqla Suriyaya görə Rusiyadan qisas almağı, həm də Amerikanın şistli neft şirkətlərini bazardan sıxışdırmağı qət edib. Nəticədə hər barrel neftin qiyməti 45-50 dollara qədər düşüb. Səudiyyə Ərəbistanı buna görə də öz valyuta ehtiyatlarını sürətli templə sərf etməli olur. Səudiyyə Ərəbistanının davamlılıq həddi isə yetərincə məhduddur. 2014-cü ilin avqustunda qızıl-valyuta ehtiyatları $737 milyard dollar təşkil edirdisə, indi 500 milyarddan bir az artıqdır. BVF-nun dəyərləndirməyinə görə, 2015-ci ldə büdcə kəsiri 107 milyard dollar təşkil edəcək.

Elə Səudiyyə Ərəbistanının əhalisi də sürətlə artır. 2010-cu ildə, təxminən, 29 milyon olan əhali bu gün 37 milyondur. Ölkənin iqtisadi modeli xeyli dərəcədə paternalist (qəyyumluq münasibətlərinə əsaslanan sistem-red.) olaraq qaldığından krallıq əhalisinin əksəriyyəti bu və ya digər şəkildə dövlət ödənişindən asılıdır. Büdcədəki pullar isə getdikcə azalır.

Məkkədə zəvvarların faciəsi

 

Bu yaxınlarda Məkkə ziyarətini iki faciə təlx etdi. Əl-Həram məscidində kranın aşması 100-dən çox adamın həlakına səbəb oldu, sonra isə Mina vadisində yürüş zamanı şeytanı daşlama ayini çərçivəsində basabasda, ən azı, 769 dindar həlak oldu. Qeyri-rəsmi məlumatlara görə, qurbanların sayı minə çata bilərdi. Nəticədə Səudiyyə rejimi görünməmiş tənqdi dalğasına məruz qaldı. Kralı devirmək çağrışlı məktubun müəllifi diqqəti ona yönəldir ki, dövlət strukturu tamamilə çürüyüb və çağdaş tələblərə cavab vermir. O, nümunə timsalında o cümlədən zəvvarların son həccdə kütləvi həlakını misal gətirir. Burada sırf Səudiyyə ünsürü son dərəcə önəmlidir: Səudiyyə Ərəbistanının kralı “İki müqəddəs Məkkə və Mədinənin mühafizi” titulunu daşıyır. Bu titul öz əhalisinin gözündə ona legitimlik verir. Ölkənin konstitusiyası olan Quranda Səudiyyə Ərəbistanı, özlüyündə monarxiya haqda heç nə deyilməyib. Belə çıxır ki, “Mühafiz” birinci və başlıca missiyasını – müqəddəs ocaqları qorumaq və həcc ziyarətinin təhlükəsizliyini təmin etməyi yerinə yetirə bilmirsə, onun legitimliyi itir.

Bu, Səudiyyə Ərəbistanında olduqca ciddi amildir. Məkkə və Mədinədəki faciələr kralın legitimliyinə ciddi ziyan vurdu. İslam ümmətinin (ailəsinin) birliyini qorumaq və tarixi-sosial ədaləti bərpa etmək xatirinə İslamın Məkkə və Mədinədəki iki müqəddəs ocağının kralın nəzarətindən çıxardılıb bütün dünya müsəlmanlarının idarəçiliyinə vermək haqda çağırışlar yeni qüvvə ilə səsləndi.

 

Avantürist xarici siyasət

 

İndiki şəraitdə krallığın xarici siyasətinin necə qurulması haqda da çoxlu suallar var. Kralın cavan oğlu Muhəmməd özünü tamamilə qeyri-adekvat aparır. O, xaricdə heç vaxt yaşamayıb, hərbi təhsili yoxdur, lakin xarici və müdafiə siyasətini müəyyən edir. Ancaq qatı dini fanatik kimi ad çıxardıb – Yəməndəki hərəkətləri də bununla izah olunur. O, artıq min dinc sakinin həlakına səbəb olmaqla bu ölkəni qəddar şəkildə bombalamağa başladı. Rəsmi məqsəd “kafirlər”i – hələ keçən il Yəməndə hakimiyyəti götürmüş şiə husiləri cəzalandırmaqdır. Ancaq problem bundadır ki, müharibənin aydın hədəfi, Səudiyyə Ərəbistanının ondan çıxmaq strategiyası da yoxdur .

Bir yandan da İrana ədavətin artması. Ər-Riyadla Tehranın münasibətləri İranın nüvə proqramının məhdudlaşdırılması üzrə danışıqlarda onsuz da kəskinləşmişdi. Həcc zamanı xeyli sayda iranlının (464 nəfər) həlak olması əlavə qıcıq rolunu oynadı. Ayətullah Xamenei bildirdi ki, Səudiyyə hökuməti “iranlı zəvvarlara cüzi sayğı göstərmirsə, sərt və coşğun reaksya” ilə üzləşə bilər.

İran pezidenti Həsən Ruhani Mina vadisindəki basabas qurbanlarının dəfni vaxtı bildirdi ki, İran öz vətəndaşlarının qanını Səudiyyə Ərəbistanına bağışlamayacaq. İran Ali milli təhükəsizlik şurasının katibi Əli Şəmxaninin sözlərinə görə, İŞİD-dən sonra İslama ən böyük ziyanı məhz Səudiyyə Ərəbistanı vurur.

İranla Səudiyyə Ərəbistanının münasibətləri o qədər kəskinləşdi ki, Bəhreynin səudyönlü hökuməti bosuna yarınmaq üçün bu günlərdə Tehrandan səfirini geri çağırdı. İranın Bəhreyndəki işlər vəkili isə persona non-qrata elan edildi.

Və əlbəttə, Suriya. Son bir neçə həftə Bəşər Əsəd hökumətini qoruyub saxlamalı olan Rusiya-İran hərbi koalisiyasının gücünü bütün dünyaya nümayiş etdirdi. İran guya yerüstü əməliyyatlara qatılmaq və Səudiyyə Ərəbistanının dəstəklədiyi hərbi birləşmələrin nəzarətində olan Suriya ərazilərini qaytarmaq üçün yüzlərlə hərbçini Suriyaya göndərib.

Moskva isə güclü HHQ qrupu göndərib. Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi səudlar rejiminin sabitliyinə təhdid ehtiva edir. Çünki ABŞ Yaxın Şərqdəki ənənəvi sabitliyin qarantı rolundan imtina edib. Axı Amerika nüfuzunun bölgədə sürətlə azalması krallığın toxunarlığını labüd şəkildə artıracaq. Budur, Muhəmməd bin Salman da bu il oktyabrın 11-də Soçiyə Putinin yanına yüyürdü: buna qədər şahzadə Bəndərin praktikadan keçirdiyi kimi, SƏK müdafiə naziri Rusiya rəhbərliyini silah “almaq” və Rusiyanın zəifləmiş iqtisadiyyatına 10-15 mnilyad dollar yatırım qoymaq vədiylə ələ almaq istədi.

Düşünmək olar ki, səudların özünün quraşdırdığı neft qiymətinin 105 dollardan 45 dollara enməyinə görə 10-15 milyard dollar Rusiyaya kompensasiya ola bilərmi?  

Həm də Səudiyyə Ərəbistanı neftin qiymətini endirməklə Rusiyanın Suriyaya zərbələrinin dayandırılmasına nail olmağa çalışır.

Bloomberg nəşrinin xəbər verdiyi kimi, Səudiyyə Ərəbistanı bu günlərdə Asiya və ABŞ istehlakçıları üçün öz neftinə güzəşti artırıb. Medium növünün rəsmi satış qiyməti 1.9 dollara qədər endirilib. Arab Ligt növünün Asiya istehlakçıları üçün rəsmi qiymət 1,7 dollar aşağı salınıb.

Beləliklə, səud neftinin qiyməti həm Asiyada, həm də ABŞ və Avropada indi daha geniş yayılmış bölgə markalarından xeyli aşağıdır. Sürətlə yox olan valyuta ehtiyatlarına baxmayaraq, Səudiyyə hökuməti faktiki olaraq  dempinq strategiyasından yenidən istifadə etməyi qərara alıb. Ekspertlər hesab edirlər ki, səudları bu qədər sərt tədbirlərə Rusiyanın Yaxın Şərq bölgəsindəki fəaliyyəti məcbur edir. 

Bununla belə, Səudiyə Ərəbistanı Soçi ərəfəsində, oktyabrın 9-da Rusiyadan Suriyaya avizərbələri dayandırmağı tələb etdi. Ər-Riyadda hesab edirlər ki, bu zərbələr krallığın dəstəklədiyi sünni Suriya müxalifətinə qarşı yönəlib. Səudiyyə düşmən əhatəsindədir. Yaxın Şərq dağılır, “ərəb baharı” çoxdan “islamçı qış”a keçib. Rusiya-İran-Suriya-İraq alyansı isə İŞİD yaraqlılar axınının keçə biləcəyi krallığın sərhədləri yanında qüvvə toplayır.

 

Çevriliş nə verəcək?

 

Böyük Britaniyada yayılmış məktubun müəllifi iddia edir ki, bütün bu problemlər kompleksdə təkcə təşviş deyil, həm şahzadələr, həm tayfa başçıları, həm də hətta sadə adamlar arasında əsil narazılıq doğurur. Bununla belə, indiki hökumətə təsir etmək üçün heç bir üsul yoxdur, o isə nüfuzedilməz “barama”da yaşayır və hərəkət edir. Bir qədər əvvəl Salmanın və yaxın qohumlarının işdən tamamilə uzaqlaşdırdığı nüfuzlu  şahzadələr probelmin həll yollarını tapmaq üçün çevrilişin də müzakirə ediləcəyi məsləhətə toplaşıblar. Ər-Riyadda bu qalmaqalı şərh etmirlər. Hazırda xüsusi xidmətlərin bütün qüvvələri ölkə daxilindəki narazıların axtarışına atılıb. Düşünüləni həyta keçirtmək sui-qəsdçilər üçün asan olmayacaq.

***

Bu əhvalat hər necə bitir-bitsin, saray çevrilişi krallığın təməl problemlərini həll etməyəcək. Demokratikləşmə, liberallaşdırma və SƏK-də ictimai, siyasi və gündəlik həyata total nəzarətdən uzaqlaşmaq – Yaxın Şərqə, bax, bu lazımdır. Bu isə təkcə Əl-Səudlar ailəsinin taqətsiz qocalarının əvəz edilməsi ilə deyil, rejimin tam şəkildə dəyişdirilməsi və yaxud krallığın dağılması ilə baş verəcək. Görünür, şahzadənin Britaniya mətbuatındakı məktubu bölgənin özündə deyil, məhz Qərbdə arzu edilənlərin ifadəsidir.

 

Vladimir Alekseyev

Iran.ru, 13.10.2015




Yuxarı Əvvələ Ana Səhifə