Amerika prezidenti Barak Obamadan fərqli olaraq, Vladimir Putinin müsbət nəticələr gətirən strategiyası var. Amerikanın indiki administrasiyasının Yaxın Şərq siyasəti onun imici üçün dağıdıcıdır. Obama Putinə qarşı heç nə etməsə, yeni soyuq müharibəni, həqiqətən də, uduzacaq. Putinin onun alyansına daxil olmaq təklifini qəbul etsə, günün ən pis koalisiyasına daxil olacaq. Güc tətbiqi ilə Putinə meydan oxumaq qərarına gəlsə, ehtimal ki, Rusiya ilə açıq müharibə törətmək riskinə gedən ilk Amerika prezidenti olacaq.
Obamanın mandatının başa çatması nəzərə alınmaqla dünyanın indiki durumunu dəqiq təsvir etmək lazım gəlir. Rusiya Şərqi Avropada Krımı tutdu və separatçılara dəstək kimi şərqi Ukraynaya qoşun yerləşdirdi. Putin istəyirdi ki, Ukrayna neytral bufer dövlət olsun.
Rusiya Baltika ölkələrini rahat buraxmır və NATO ölkələrinin ərazi və obyektlərinin üstündə uçuşmaq üçün öz təyyarələrini göndərib fitnəkarlıq edir.
Yaxın Şərqə gəlincə, Putin Suriyada hava, quru və dəniz qüvvələri cəmləşdirir. Göründüyü kimi, o, Bəşər Əsədlə alyans çərçivəsində İŞİD üzərində qəti qələbə çalmaq əzmindədir. Putin hava zərbələri haqda əvvəldən Obamaya xəbərdarlıq etmədi. Bu cür xəbərdarlıq qəfil müdaxilədən və Bağdadda kəşfiyat mərkəzinin yaradılmasından bir saat əvvəl edildi. Hava zərbələri İŞİD-ə deyil, Amerika təlimatçılarının yanında hazırlıq keçmiş, Əsədə müxalifətdə olan dünyəvi və mötədil güclərə qarşı tuşlanmışdı. Rusiya Surya, İran və “Hizbullah”ın simasında müttəfiqlərilə birlikdə yenidən Yaxın Şərqə qayıdıb. Bağdad hökuməti də de-fakto bu koalisiyanın üzvü olub.
Başqa sözlə, Obamanın xarici siyasətinin ən böyük səhvlərindən biri Rusiyanın yerüstü qoşunlarla və Əsədi devirməyə çalışıb onu qərbyönlü rejimlə əvəzləməyə cəhd edən mötədil qüvvələrə qarşı savaşda fəal iştirakla Yaxın Şərqə dönüşü oldu. İndiki durum onun nəticəsidir ki, Obamanın xarici siyasəti sülhə təkcə diplomatiya yolu ilə gəlməyin mümkünlüyü haqda prinsipə əsaslanır. Obama güman edir ki, Amerikanın məqsədləri ABŞ-ın dünya liderliyindən imtinası sayəsində əldə edilə bilər. O, anlamaqdan imtina edir ki, başqa ölkələr bu cür incəliyə kobud qüvvə ilə cavab verər. Məsələn, ruslar şahmat oynayır və özlərini ağa kimi göstərmirlər, onlar üçün proses yox, nəticə maraqlıdır. Putin asanlıqla işi əlinə aldı, çünki Obamanın oyununu tez başa düşdü. Rusiya prezidenti öz strategiyasını işləyib hazırladı və buna görə səxavətlə mükafatlandırıldı.
Bəs Putini hərəkətləndirən nədir? Onun prioritet vəzifəsi Rusiyanı dünyanın böyük dövlətləri məqamına qaytarmaqdır. Obamanın İraqdan getmək niyyəti Putin üçün güclü siqnal oldu. İstənilən zabit və ya yeni başlayan diplomat deyə bilərdi ki, Obama dünyanın ən təhlükəli bölgələrindən birində hakimiyyət boşluğu, ən böyük düşmənimizin ora soxula biləcəyi bir boşluq yaratmaq riski edir. İŞİD-i “həvəskarlar komandası” adlandıran Obamanın sözləri Putini təəccübləndirdi və kefini açdı. O analdı ki, Amerika prezidentinin nə strategiysı var, nə də təsəvvürü. Yetərincə qorxaqdır ki, Konqresə gedib uğursuzluqlarından danışsın. Putin Krımda və Ukraynanın şərqindəki manevrlərinə görə bədəl ödəməli oldu, lakin qiymətlər o qədər yüksək deyildi ki, bu layihələrdən imtina etməyə məcbur olsun.
Energetika kartları həmişə onun əlində olub, ABŞ isə beləcə bu kartı götürə bilmədi. Putin gördü ki, Obama Çinə tələblər irəli sürmək və Şərqi Çin dənizini hərbiləşdirmək imkanı verdi. İranın nüvə proqramı üzrə saziş bundan xəbər verir: Obama administrasiyası bütün tələblərdən geri çəkildi – ancaq ona görə ki, prezident real şəkildə İran rejimini boğmaq istəmədi.
Putin istəyir ki, Rusiya dünyanın stratejicə ən önəmli bölgələrində Amerika nüfuzu ilə mübarizəni nəzərdə tutan taleyi gerçəkləşdirsin. İran, Suriya və “Hizbullah” tərkibli alyansın başında Yaxın Şərqdə olmaq uğurlu strategiya üçün ideal manevrdir. Putin müqavimətə rast gəlmədiyindən nüfuzunu bölgənin başqa ölkələrinə də yaya bilər. Putinin başına gələ biləcək ən dəhşətlisi indiki iştirakının konservasiyasıdır ki, onun maraqlarını təhdid edə bilər.
İndiki durum Obama kimi prezidentlə qaçılmaz oldu. Onun sələfləri şəraitə uyğun hərəkət etmək qabiliyyəti sərgilədilər. Lakin ən başlıcası – onlar bilirdilər ki, diplomatiya güc və konkret fəaliyyətlə dəstəklənmirsə, heç nəyə dəyməz. Putin bunu çox gözəl başa düşdü.
Pol Boniçelli
Slate.fr (ABŞ), 15.10.2015