XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

14 Avqust 2015 - 13:43

Yeni komitə sədrinin parlayan ulduzu və yaxud Əli İnsanovla Əli Nağıyevin savaşında Budaqovun rolu

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun Dövlət Statistika Komitəsinə yeni sədr təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 

İxtisasca həkim olan Tahir Budaqovun sözügedən komitəyə təyinatı cəmiyyətdə böyük maraqla qarşılanıb. Bəs, onun sürətli yüksəlişi necə və yaxud nələrin hesabına baş verib?

 

Bununla bağlı Strateq.az-a maraqlı məlumatlar daxil olub. Bildirilir ki, hazırkı komitə sədrinin ulduzu sabiq nazir Əli Nağıyevin sayəsində parlayıb: "O, 1993-cü ildə YAP-a o zaman  partiyada böyük gücə sahib olan Əli Nağıyevin vasitəsiylə gəlib. Və YAP-da sabiq nazirin rəhbərlik etdiyi qruplaşmada çox fəal iştirak edib. Məhz buna görə Əli Nağıyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edildikdə, onu həmin nazirlikdə işlə təmin edib. Qısa zaman ərzində o, nazir müavini olmaqla yanaşı, nazirlikdə əsas fiqurlardan biri olub. Nazirlikdə isə o, təkcə vəzifə öhdəliyini icra etmirdi, həm də Əli Nağıyevin rəqiblərinə qarşı yeni-yeni kompromat və mətbu savaşlarına rəhbərlik edirdi…".

 

 

Mənbə deyir ki, T.Budaqov Əli Nağıyevlə sabiq səhiyyə naziri Əli İnsanovun YAP və digər sahələrdəki çəkişmələrində də ciddi rola sahiblənib: "Tahir Budaqov hətta Əli İnsanovun hər bir addımına qarşı cavab "atak"ının hazırlanmasında da müstəsna rol oynayıb. Yaxşı yadımdadır ki, 2005-ci ildə Əli Nağıyev haqqında "Ekspress" və "Yeni Azərbaycan" qəzetlərində dərc olunan sərt tənqidə cavab materialı da məhz hazırkı komitə sədrinin birbaşa rəhbərliyi ilə hazırlanıb. Yəni, o, Əli İnsanovla qruplaşmaların davasında birinciyə qarşı ardıcıl mübarizə aparıb. Bu da onun "ulduzu"nun daha parlaqlaşmasına səbəb olub. Nəticə isə odur ki, Əli Nağıyevdən sonra Prezident Administrasiyasına, oradan isə Nizamiyə icra başçısı göndərilib. İndiki vəzifəsi isə bəllidir. Artıq Tahir Budaqov hökümətin üzvü olmağı da bacardı…".

 

Son olaraq onun tərcümeyi-halını bir daha xatırladaq:

 

Budaqov Tahir Yaqub oğlu 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

 

1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.

 

1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb.

 

O, Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

 

Tahir Budaqov  1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.

 

Evlidir, 3 övladı var.

 

Strateq.az