XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2015 - 13:44

Dünyanı dəyişən 5 gün: Rusiya-Gürcüstan müharibəsindən 7 il ötür

qori-2.jpg

Bu gün Cənubi Qafqazın müasir tarixində çox mühüm iz qoymuş və bölgədəki hazırkı geosiyasi konfiqurasiyanın bərqərar olmasında çox əhəmiyyətli rol oynamış Rusiya-Gürcüstan müharibəsinin  (“5 günlük müharibə”) başlamasından 7 il ötür.

 

Rusiya Gürcüstanı “dəmir yumuruqla” əzdi

Rusiya hərbi hissələrinin Gürcüstana girməsi ilə nəticələnən hərbi əməliyyatlar 2008-ci il avqustun 7-dən 8-nə keçən gecə Gürcüstan ordusunun Cənubi Osetiyanın paytaxtını güclü artilleriya atəşinə tutması ilə başlamışdı. Avqustun 8-də isə Gürcüstan ordusunun hərbi hissələri Cənubi Osetiya ərazisinə daxil olmuşdular. Elə həmin gün Rusiyanın ozamankı  prezidenti Dmitriy Medvedyev “Gürcüstanın sülhə məcbur edilməsi  əməliyyatı”nın başlanmasını elan etmişdi.

Sonrakı hərbi əməliyyatlar Gürcüstan üçün çox ağır nəticələrə səbəb oldu. Bir neçə sutka ərzində Rusiyanın 58-ci ordusunun hərbçiləri Cənubi Osetiyanın hərbi qrupları və Kodor aşırımındakı abxaz qüvvələri ilə birgə Gürcüstan ərazinə daxil oldular. Hərbi əməliyyatlar bölgəsinə həmçinin Rusiyanın 76-cı Pskov desant dviziyası göndərildi. Əməliyyatlarda Rusiya Hərbi Hava Qüvvələri də fəal iştirak edirdilər. Rusiya ordusu paytaxt Tibilisinin ətrafı, Batumu, Poti və Zuqdidi şəhərlərini bombaladı.

Hərbi əməliyyatlar avqustun 12-dək davam etdi. Gürcüstan ordusunun bütün səylərinə baxmayaraq, Qərb mətbuatının yazdığı kimi, Rusiyanın yüzlərlə zirehli texnikasından ibarət “dəmir yumuruğu"nu dayandıra bilmədi. Rusiya  hərbçiləri paytaxt Tibilisinin 25 kilometrliyində dayandı.

Yalnız beynəlxalq vasitəçilərin, xüsusən Fransanın o zamankı prezidenti Nikola Sarkozinin səyləri nəticəsində ruslar Tibilisiyə girmədilər. Qərb mətbuatı açıq şəkildə qeyd edirdi ki, Sarkozi Gürcüstan prezidenti Mixael Saakşvilini rusların qisasından qorumaq üçün Tibilisiyə gəlmişdi.

16 avqustda Cənubi Osetiya, Abxaziya, Gürcüstan və Rusiya prezidentləri münaqişənin sülh yolu ilə nizamlanması planını imzaladılar. 26 avqustda isə Rusiya rəsmi şəkildə Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlətlər kimi tanıdı. Sentyabrın 2-də isə Gürcüstan Rusiya ilə diplomatik əlaqələri kəsdi.

 

"5 günlük müharibə"nin hərbi aspektləri

gurcu-muharibe-1.jpg

Rusların 5 gün müddətində Gürcüstan ordusunun müqavimətini tam qırmasına baxmayaraq, müstəqil ekspertlər  Rusiya Silahlı Qüvvələrinin xeyli problemlərlə üzləşdiyini aşkarladılar. İlk növbədə, hərbi hissələr arasında koordinasiyanın olmaması, komandir heyətinin əməliyyatların idarəolunmasındakı səriştəsizliyi, hərbçilərlə siyasi rəhbərlik arasında zəruri əlaqələndirmənin yoxluğu vurğulandı. Rusiyanın elit 76-cı Pskov desant dviziyasının tez-tələsik hərbi əməliyyatlara cəlb edilməsi də, Moskvanın 58-ci ordunun qüvvələri ilə uğura nail ola bilməməsi kimi izah olundu.

Hərbi ekspertlər qeyd edirlər ki, məhz 2008-ci ildən sonra Rusiya siyasi rəhbərliyində orduda modernləşdirmə proseslərinə start verilməsi qərara alınıb. Xüsusən, qoşunların idarəolunması, rabitə sistemlərinin təkmilləşdirilməsi və xüsusi təyinatlı qüvvələrin inkişaf etdirilməsi sahəsində o zamandan bəri çox dərin islahatlar aparılıb. Bu islahatlar Krımın ilhaqı və Ukraynın Şərq vilayətlərində hərbi əməliyyatlar zamanı öz bəhrəsini verdi. Hətta Kremlin ən sərt tənqidçiləri belə, Rusiya ordusu və xüsusi təyinatlı qüvvələrinin çox peşəkarcasına hərəkət etdiklərini etiraf etməli oldular.

Gürcüstan ordusu ilə bağlısa bütün optimist proqnozlar və müsbət gözləntilər doğrulmadı. Amerikalı məsləhətçilərin təlim keçdiyi, ABŞ-ın maliyyə yardımı ilə təchiz olunan Gürcüstan ordusunun ruslar qarşısında heç bir ciddi müqavimət göstərə bilməməsi çoxları üçün əsil sürpriz oldu. Gürcüstan ordusunu zəif hesab edənlər belə, cəmisi 5 gün müddətində rusların Tibilisinin 25 kilometrliyinə gəlib çıxacağını düşünmürdülər.

Gürcüstan ordusunun bu cür rüsvayçı şəkildə məğlubiyyəti digər MDB ölkələri üçün də ciddi siqnal oldu. “5 günlük müharibə” Rusiya xofunu bir daha yada saldı və keçmiş sovet respublikalarını öz müdafiə siyasətlərinə yenidən baxmağa məcbur etdi.

“5 günlük müharibə”dən sonra Moskvanın da ritorikası dəyişdi və ruslar daha aqressiv siyasət aparmağa başladılar. Rusiya rəhbərliyi beynəlxaq təhlükəsizlik sisteminə yenidən baxmağa və əlavə imtiyazlar istəməyə başladı.

Ekspertlər qeyd edirlər ki, Rusiyanın MDB məkanında möhkəmlənmək, SSRİ-nin başqa formada bərpası planları, həmçinin Qərblə qarşıdurma ssenariləri məhz 2008-ci ildən hazırlanmağa başlayıb.

Eyni zamanda, başda ABŞ olmaqla Qərb ölkələri qarşılarında fərqli Rusiyanı, öz maraqları baxımdan hərbi gücdən istifadə edəcək qədər aqressiv olmaqdan çəkinməyən rəqibi gördülər. Məhz “5-günlük müharibə”dən sonra Vaşinqtonda Avropada hərbi kontingenti gücləndirmək barədə qərar qəbul etdilər.

 

“5-günlük müharibə”nin geosiyasi aspektləri

vlast_flag_1s.gif

Rusiya-Gürcüstan müharibəsi Tbilisinin NATO-ya daxil olmaq planlarının üstündən xətt çəkdi. 2008-ci il 5 yanvarda Gürcüstanda prezident seçkilərində paralel olaraq ölkənin NATO-ya üzvlüyü ilə bağlı referendum keçirilmişdi və seçicilərin 77 faizi müsbət cavab vermişdi.  Saakaşvilinin 5 günlük avantürası Gürcüstanın NATO-ya üzvlük perspektivini də məhv etdi.

Eyni zamanda, Qərb ölkələri də Cənubi Qafqaz dövlətlərinin, həmçinin digər MDB üzvlərinin NATO ilə əməkdaşlığı, Avropa strukturlarına inteqrasiyası məsələlərində strategiya dəyişikliyinə getdilər. Daha çox iqtisadi, humanitar əlaqələrin güclənməsi məsələləri ön plana çıxdı.

Saakaşvilinin  partiyasının  2012-ci il  palament seçkilərində Rusiyaya qarşı loyallığı ilə seçilən milyarder Bdzina İvanaşvlinin partiyasına məğlub olması və ölkədə Saakaşvili mərhələsinin bitməsi də “5-günlük müharibə”nin əks-sədası idi.

Məhz 2008-ci ildən sonra Rusiya Ermənistanda hərbi iştirakını daha da gücləndirdi. Cənubi Qafqaz ölkələri isə “Qərb çətiri”nin gözlənildiyi qədər etibarlı olmadığını daha yaxşı anlamağa başladılar. Artıq tarazlaşdırılmış xarici siyasət doktrinası MDB ölkələri üçün daha prioritet olmağa başladı.

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda müşahidə etdiyimiz “soyuq müharibə” dövrü ssenariləri məhz 2008-ci ildən sonra beynəlxalq münasibətlər sistemində aktuallaşdı və Rusiyanın aqressiyası Qərb ölkələrini Moskvaya qarşı münasibətdə fərqli yanaşmaları ortaya qoydu.

Lakin indidən baxraq söyləmək olar ki, “5 günlük müharibə” Qərb üçün kifayət qədər siqnal olsa da, Gürcüstanın cəzalandırlması əməliyyatının Putin Rusiyasına necə stimul verdiyini anlaya bilmədilər və preventiv tədbirlər görmədilər. Yaxud görmək istəmədilər…

Bunun nəticəsində biz Krımın ilhaq olunamasının, Ukraynanın isə parçalanmasının şahidi olduq…

Zaur İbrahimli 

Strateq.az