XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2015 - 13:46

Bakı və ətraf qəsəbələrdə internet ölüb, yerdən götürəni yoxdur – Araşdırma

“Yoldaşlar, bilmirəm hər yer belədir yoxsa təkcə bizdə vəziyyət pisdir? 344 00  00 nömrəli telefona 1 həftədir ki, düşmək olmur. Abşeronda 1 həftədir ki, internet hər 3-4 dəqiqədən bir atır. Demək olar ki, internet ölüb, yerdən götürəni yoxdur”.

Bu sosial şəbəkə istifadəçilərindən birinin internetə bağlı çətinliklərini əks etdirən statusudu. Son vaxtlar şəbəkələrdə, eləcə də şəxsi müşahidlərimiz zamanı bu tipli açıqlamalara, giley-güzara tez-tez rast gəlirik. Bakıətrafı qəsəbələrdə yaşayan əhali telefon xidmətlərinin  və xüsusilə internetin zəif olmasından şikayətlənirlər.

Baha və keyfiyyətsiz internet xidmətləri

Strateq.az sakinlərin çoxsaylı narazılıqlarının səbəblərini və onun aradan qaldırılması yollarını araşdırmağa çalışıb. Məlum olub ki, Bakıətrafı qəsəbələrdə, eləcə də şəhərə yaxın yerlərdə internet xidmətləri, əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ATS-ləri vasitəsilə paylanılır. Həmin stansiyalarda internet təminatını yaratmaq məqsədilə texnoloji şkaflar qurulub. Hər bir abunəçiyə bir port ayrılır. Lakin portların sayı məhdud olduğundan hər evə internet xidməti ötürülməsi mümkün deyil.

Eyni zamanda xidmət köhnə texnologiyalar vasitəsilə həyata keçirildiyindən keyfiyyət də çox aşagıdır. Bəzən mənzillərdə saatlarla internet olmur və ya gücü çox zəif olur. Bu da sakinlərin işlərinin yubanmasına, bəzən isə tamamilə pozulmasına, informasiya əlçatanlığının təmin edilməməsinə səbəb olur. Ancaq xidmətin kəsilməsi onun aylıq ödənişinin məbləğinə təsir eləmir. Belə keyfiyyətsiz internet xidmətləri üçün vətəndaşlar ayda ən azı 10-20 manat arası xidmət haqqı ödəməlidirlər.

21-ci əsrin “problemi” – internet

Balaxanı qəsəbəsində yaşayan həmkarlarımdan birinin fikirləri isə vəziyyətin daha acınacaqlı olduğundan xəbər verir. Onun sözlərinə görə, bir neçə gün internetin abunə haqqını gecikdirəndə qəsəbəyə xidmət edən 451 saylı ATS həmin xətti başqasına satır. Səbəbi də çox maraqlıdır: “Artıq dördüncü aydır ki, evimizdə internet yoxdur. Belə ki, kəndimizdə bir neçə gün ödənişi gecikdirəndə interneti səndən alıb başqasına verirlər. Çünki camaat aylardır internet növbəsində durur. İndi biz gözlədiyimiz kimi. Cəmi bir provayder var, o da camaata bəs etmir. İndi biz də gözləyirik, kimsə ödənişi gecikdirsin, yerini bizə versinlər. Elə bil, 2015-ci ildə yaşamırıq”.

Həqiqətən, 21-ci əsrdə, az qala bütün problemlərin internet üzərindən həll edildiyi bir dövrdə paytaxt sakinlərinin bu xidmətdən məhrum olması çox təəccüblüdür.

Növbələrin genişzolaqlı internet xətlərinin çəkilməsi ilə bağlı olduğunu deyən mütəxəssis Osman Gündüz informasiya texnologiyalarının geniş tətbiq və təbliğ edildiyi bir vaxtda sakinlərin internetə çıxış imkanlarının məhdudlaşdırılmasını pisləyib: “Məncə, indiki dövrdə yer olmadığını əsas gətirərək belə mesajların verilməsi qətiyyən yolverilməzdir. Bu, düzgün deyil. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  və “Aztelecom” MMC Bakı və ətraf qəsəbələrdə daha aktivdilər. Dövlət provayderləri ona görə yaradılıb ki, əhaliyə bərabər səviyyədə rabitə və internet xidmətləri göstərsinlər.  Bu şəraiti, ilk növbədə, onlar təmin etməlidir. Hər bir vətəndaşın internetə əlçatanlığı təmin olunmalıdır”.

“Bunun bir adı var – rüsvayçılıq”

Ekspert ATS-lərdə mövcud olan texnoloji şkafların sayının artırılmalı olduğunu vurğulayıb. Bildirib ki, internetin xidmət haqqını gecikdirdiyinə görə abonenti xidmətdən məhrum etmək qanuna ziddir: “Nazirlik və “Aztelecom” dəfələrlə bəyan edirlər ki, biz bu istiqamətdə iş aparırıq və heç bir problem yoxdur. Amma abunəçilərin bu cür müraciətləri onu göstərir ki, yerlərdə növbələşmə yaradırlar. Digər tərəfdən, abunəçi bir müddət ödənişi gecikdirə bilər və ya evində olmadığı üçün bir neçə ay istifadə etməyə bilər. Bu halda onun xəttinin özündən xəbərsiz ləğv edilərək başqasına verilməsi qətiyyən mümkün deyil. Bunun bir adı var – rüsvayçılıq”.

O. Gündüz hazırda istifadə edilən aşağı sürətli internet xidmətlərinin qiymətlərinə də toxunub. Xidmət haqlarının çox baha olduğunu vurğulayan ekspert bunun vətəndaşların informasiya sistemlərinə əlçatanlığının təmin edilməsinə mane olduğunu vurğulayıb: “Qiymətlər çox bahadır. Hazırda dövlət provayderi normal fiberoptik 4 MB interneti aylıq 30-40 manata verir. Qonşu ölkələrdə bu qiymətə 100 MB internet xidməti almaq olar. Onlarda ən azı 15-20-30 MB internet var və onların qiyməti 10-15 dollardır. Bu xidmət kifayət qədər keyfiyyətlidir. Ancaq Azərbaycanda çox bahadır. Bununla insanların internetə əlçatanlığının təmin olunmasına mane olur. Hazırda geniş yayılan “ADSL” xidməti ucuzdur, ancaq keyfiyyətsizdir. Onların vaxtı keçib, öz dövrünü başa vurub. Bununla normal keyfiyyətli internet almaq mümkün deyil”.

Evlərə qədər optik kabellər çəkiləcək

Hazırda istifadə edilən “ADSL” texnologiyalarının ömrünü başa vurmasını RYTN-nin rəsmiləri də təsdiqləyirlər. Nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev bizimlə söhbətində həmin texnologiya ilə yüksək keyfiyyətli internet xidmətinin verilməsinin mümkün olmadığını deyib:

“Texnologiya imkan vermir ki, uzaq məsafədə yüksək sürətli internetdən istifadə edilsin. ATS-lərin yerləşdiyi ərazidə 2 min metr radiusda internet vermək mümkündür. Məsafə ondan artıq olanda internetin verilişi zəifləyir. Ona görə də həmin yerlərdə alternativ variatlardan – simsiz internet və ya optik kabellərdən istifadə etmək lazımdır. Hazırda yeni layihə işlənir. Evlərə qədər optik kabellər  çəkilir ki, onun vasitəsilə telefon, internet və TV kanalları yüksək keyfiyyətlə yayımlamaq mümkün olacaq. Hazırda bütün dünyada optik kabellər texnologiyası tətbiq edilir. İndi Azərbaycan da bu sistemi tətbiq etməyə başlayırıq. Evə qədər optik kabel gələcək və 100-200 MB sürətli internet vermək mümkün olacaq”.

Kabellərin binalarda və fərdi evlərdə fərqli formada qurulaçağını deyən İ.Əliyev bütün binalara optik kabellərin çəkiləcəyini bildirib. Bu zaman istənilən keyfiyyətli interneti almaq mümkün olacaq. Həyət evlərində yaşayan saknlər isə internetə kommutator qurğuları vasitəsilə qoşulacaqlar. İ.Əliyev yaxın bir neçə ildə paytaxta tam optik kabel sisteminə keçiləcəyini vurğulayıb.

Müsahibimiz internet qiymətlərinin baha olması məsələsinə də toxunub.

“İnternet bazarı tam sərbəst fəaliyyət göstərir, lisenziya tələb olunmur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də qiymətləri tənzimləmir. Provayderlər tam sərbəst bazar subyekti kimi fəaliyyət göstərirlər. Bizim onların işlərinə qarışmaq səlahiyyətimiz yoxdur. Mobil operatorlara da özəl şirkət olduğu üçün onların da tətbiq etdiyi qiymətlərə müdaxilə edilmir”.

 

İnternet almağın yolu bəzən məhkəmədən keçir

 

Abunəçilərdən xəbərsiz onun internet xidmətindən məhrum edilməsi məsələsinin hüquqi tərəflərinə də aydınlıq gətirməyə çalışdıq. Suallarımıza hüquqşünas Loğman Abdullayev cavab verib. Onun sözlərinə görə, bu münasibətlər abunəçilərlə ATS-lər arasında bağlanan qarşılıqlı müqavilənin şərtləri ilə tənzimlənir.

Əgər orada gecikmə olacağı təqdirdə internet xidmətinin ləğv edilməsi nəzərdə tutulursa, abunəçi imza atdığı sənədin tələbinə uyğun hərəkət etməlidir. Əgər müqavilədə  belə bir şərt yoxdursa, onun xidmətdən məhrum edilməsi qanunsuzdur. Bu halda abunəçi məhkəməyə müraciət edərək hüquqlarının bərpasını tələb edə bilər.

Ümid edirik ki, yeni layihə işlənib başa çatdırdan sonra paytaxtın mərkəzində və ətraf ərazilərdə yaşayan sakinlər eyni səviyyədə və ucuz qiymətlərlə internet xidməti ilə təmin ediləcəklər. Bununla vətəndaşların aylarla növbə gözləməsinə də ehtiyac qalmayacaq.

Fərqanə Allahverdiqızı

Strateq.az