XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2015 - 13:48

Postneft dövrü parlamentinin özəlliklləri- İqtidar hansı amilləri nəzərə almalıdır

parlament-5.jpg

2015-ci il parlament seçkilərinə çox az vaxt qalıb. Artıq siyasi partiyalar, seçki marafonuna qoşulmaq istəyənlər seçki hazırlıqlarına start veriblər. Tezliklə seçkilərə rəsmi şəkildə strat veriləcək. Xatırladaq ki, 2010-cu ildə sentyabrın 3-də prezident tərəfindən Milli Məclisə seçkilərin  2010-cu il noyabrın 7-nə təyin edilməsi barədə müvafiq sərəncam imzalanmışdı. Bunun ardından isə Mərkəzi Seçki Komissiyası 9 sentyabrda Parlament Seçkiləri ilə bağlı Təqvim Planını təsdiq etmişdi. Artıq MSK tərəfindən parlament seçkiləri ilə bağlı ilkin hazırlıqlar həyata keçirilib. 2015-ci il üçün daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurulub.

Rəsmi hazırlıqlarla paralel parlament seçkiləri marafonunun digər iştirakçıları da ilkin tədbirləri həyata keçirirlər. Dairələr və namizədlər müəyyənləşdirilir və açıqlanır.  Amma 5 il əvvəlkindən fərqli olaraq bu dəfə proseslərin daha sakit məcrada getdiyi, daha çox gözləmə mövqeyinə üstünlük verilməsi nəzərdən qaçmır. Cəmiyyətlə bərabər, seçki prosesinin mümkün fəal oyunçuları da gözləyirlər…Hamı iqtidarın təşəbbüslərini və siqnallarını gözləyir. 2010-cu ildən fərqli olaraq proseslərə yön verə biləcək yalnız bir qüvvə qalıb. Hakimiyət isə hər dəfəkindən fərqli olaraq cəmiyyəti və siyasi arena təmsilçilərini intizarda saxlamağa üstünlük verir. İqtidar yeganə veto hüquqlu oyunçu kimi təmkin nümayiş etdirir. Bu da təsadüfi deyil…

2015-ci il seçkilərinin fərqli aspektləri

2015-ci il parlament seçkilərinin 5 il əvvəlkindən çox ciddi fərqləri var. Söhbət yalnız müxalifətin o zamankı və mövcud durumundan getmir.  5 il qabaqdan fərqli olaraq 2015-ci il seçkiləri neftin qiymətinin aşağı düşməsi ilə Azərbaycanın üzləşdiyi iqtisadi problemlər fonunda keçiriləcək.  İqtisadi problemlər isə öz növbəsində yeni siyasi reallıqlar deməkdir. Bu gün bəlkə də bu hiss olunmur. Amma zaman keçdikcə yeni siyasi mərhələnin cizgiləri daha aydın görünəcək. Bu baxımdan iqtidarın seçkilərlə bağlı tələsməməsini anlamaq olar.

2005-ci ildən bəri ilk dəfədir ki,  parlament seçkiləri demək olar ki, alternativsiz keçiriləcək. Amma 2005 və 2010-cu illərdə  iqtidar üçün perspektiv aydın idi. Azərbaycan iqtisadiyyatı irəliləmək kursuna qədəm qoymuşdu, neft hasilatının pik vaxtı qarşıda idi və hakimiyyət  çox güclü beynəlxalq dəstəyə, böyük maliyyə imkanlarına malik idi. Eyni zamanda cəmiyyətdə də perspektivlə bağlı müsbət gözləntilər varıydı. Neftin qiymətinin son illər təxmin ediləndən iki dəfə yüksək olması hakimiyyət üçün çox böyük imkanlar yaratmışdı.

Bu cür çox əlverişli siyasi və iqtisadi konyuktura hakimiyyət üçün parlament seçkiləri və Milli Məclisin əhəmiyyətini azaldırdı.  Ölkəyə çox böyük pullar gəlirdi iri biznes və  maliyyə resurslarına çıxışı olanlar əsas oyunçulara çevrilmişdi. Məmur kapitalizminin əsas xüsusiyyətlərindən biri kimi məmurların biznes tərəfdaşları 2010-cu il parlament seçkilərinin nəticəsində Milli Məclisdə çox yüksək təmsilçiliyə nail oldular. Əslində Azərbaycan reallığında bu təbii idi, dövlət sifarişləri hesabına çox böyük gəlir əldə edən bir təbəqə formalaşdı və onlar söz sahibi oldular. Təbii ki, parlamentdə də bu təbəqənin yüksək təmsilçiliyi labüdüydü.

Parlamentin özü isə oliqarxlar üçün hakimiyətdə təmsilçiliyin, güc nümayişinin  daha  bir müstəvisinə çevrimişdi. Neftdən gələn gəlir əhalinin dolanışığı ilə bağlı məsələləri pis-yaxşı həll etməyə imkan yaradırdı və Milli Məclisin bu sistemdə rolu dəqiq müəyəynləşmişdi.  Parlament  siyasi çəkişmələrdən uzaq, heç bir məsuliyyət bölüşməyən təsisata çevrilmişdi.  Azərbaycan reallığında yüksək neft gəlirləri gəldiyi bir vaxtda parlamentə başqa rol ayrılmasına heç bir gərək yoxuydu.

Postneft dövrü parlamenti necə olmalıdır?

İndi isə vəziyyət dəyişib və perspektivdə parlament və onun üzvləri bu cür komfortlu şəraitdə işləyə bilməyəcəklər.  Parlament icra hakimiyyəti ilə birlikdə ölkədə baş verənlərə görə məsuliyəti bölüşməli olacaq. Digər tərəfdən hakimiyətin beynəlxalq əlaqələri də əvvəlki səviyyədə deyil və bu da 2015-ci il seçkilərinin xarakterinə təsir göstərəcək. Postneft dövrü parlamenti ən azı iqtisadi sektorda aparılması gözlənilən islahatlara siyasi dəstəyi, ictimai etimadı təmin etməyə yardımçı olmalıdır. Bu islahatların aparılması isə heç də asan olmayacaq və əhalinin siyasi dəstəyi çox əhəmiyyətli faktora çevriləcək. Parlamnet eyni zamanda fors-major hallarda da məsuliyyəti üzərinə götürən bə bununla yanaşı ictimai rəyə, fikirə təsir etmək qabilyətində olmalıdır.  Hakimiyyət üçün bunlar indiki halda  vacib amillərdir və məsuliyyətin bölüşdürülməsi məsələsi çox əhəmiyyətlidir. Ölkə başçısı da son zamanlar öz çıxışlarında bu məqamlara çox aydın işarə vurub.

Yeni parlamentdə  təmsil olunanların  hakimiyyətin siyasətinin real müdafiəçisi olmasına ehtiyac yaranacaq. Elə Azərbaycanın təcrübəsi göstərir ki, kritik anlarda parlamentin peşəkarlığı, deputatların nüfuzu, Milli Məclisin  mövqeyi necə əhəmiyyətli amilə çevrilir.

Bütün bu amillər deməyə əsas verir ki, hakimiyyətin parlament seçkiləri ilə bağlı cox ciddi götür-qoy etməsinə, yeni yanaşmasına ehtiyac var. Təxminlərimizə görə, parlamentin tərkibinin formalaşmasında bu amillər mütləq nəzərə alınacaq.

Yeni parlamentin oliqarxların güc nümayişi arenası yox, iqtidarın siyasi dəstək müstəvisi olmasına ehtiyac var. 

Hakimiyyətin gözləmə mövqeyi də bununla izah olunmalıdır. Elə bir mərhələ yetişib ki, hər kiçik detal üzərində belə ciddi düşünməyə ehtiyac yaranıb.

Zaur İBRAHİMLİ 

Strateq.az