XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 August 2015 - 13:49

“Şimal-Cənub” nəqliyyat dəhlizində böyük rəqabət başlayır: Azərbaycan nə təklif edəcək?

Shimal-CENUB-dehlizi.gif

Hindistan tərəfi yükdaşımalarını daha tez həyata keçirməyə imkan verən “Şimal-Cənub”  nəqliyyat dəhlizinin işə düşməsində maraqlıdır. Hindistanın Rusiyadakı səfiri Pundi Şrinivasan Raqxavan nəqliyyat dəhlizinin artıq 2016-cı ilin sonunda işə düşəcəyinə ümid etdiyini açıqlayıb

Hindistan “Şimal-Cənub” nəqliyyat dəhlizini işə salmağa tələsir

Səfir yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan Hindistan-Rusiya danışıqları ilə bağlı RİA Novosti agentliyinə müsahibə verib.

Hindistanın Rusiyaya kənd təsərrüfatı maəhsullarının ixracı ilə bağlı məsələlərdən danışan səfir ölkələrin bu istiqamətdə əməkdaşlığı genişləndirdiyini qeyd edib. O bildirib ki, Hindistanın Rusiyaya ixracı artırması üçün daha əlverişli nəqliyyat marşrutları işə salınmalıdır. Səfir bildirib ki, xüsusilə kənd təsərrüfatı mallarının daşınmasında zaman amili çox vacibdir: "Bunun üçün daha qısa marşrutları axtarmaq gərəkdir. Burada “Şimal-Cənub” nəqliyyat dəhlizinin vacibliyini qeyd etmək lazımdır. Biz, həqiqətən, yüklərin daşınması üçün bu yeni layihənin həyata keçirilməsi üzərində fəal işləyirik, çünki bu, xərcləri iki dəfə azaltmağa imkan verəcək”.

“Şimal-Cənub” nəqliyyat dəhlizinin nə zaman işə düşəcəyi ilə bağlı sualı cavablandıran səfir daha sonra qeyd edib: “Hazırda bu suala cavab vermək olmaz. Çünki bir çox detalları razılaşdırmaq lazımdır. Amma biz sürətlə hərəkət edirik.  Bir az əvvəl Rusiyanın Gömrük Xidmətinin rəisi Belyaninov bildirdi ki, yaxın zamanlarda Hindistan, İran və Azərbaycandan olan həmkarları ilə görüşərək  bu layihə çərçivəsində gömrük tariflərinin nizamlanmasını müzakirə etməyi planlaşdırır. Qeyd edim ki, Nyu-Dehlidə keçiriləcək bu görüşdə 4 yox, layihənin həyata keçirilməsində iştirak edən 8 ölkənin nümayəndələri iştirak edəcək. Bu məsələhətləşmələr işi sürətləndirməlidir. Biz istəyirik ki, bu layihə artıq 2016-cı ilin əvvəlində işə düşsün”.

Xatırladaq ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılıb.

Razılaşmada əsas məqsəd yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsinə, üzv ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərinin beynəlxalq bazara girişi üçün şəraitin yaradılmasına, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsinə, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunmasına, razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsinə nail olmaqdır.

Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil yolları, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Təkcə Hindistan istisna təşkil edir, onun yalnız dəniz marşrutları ilə iştirakı nəzərdə tutulur.

Hindistan sefiri.jpg

 Səfir Pundi Şrinivasan Raqxavan 

Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı rəqabət aparmalı olacaq

2005-ci ildə  Azərbaycan "Azərbaycanın "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş"ə qoşulub. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya – Yaxın Şərq arasında dəmiryolu daşımalarına, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.

Hindistan səfirinin açıqlamalarını dərc edən Rusiya KİV-i qeyd edir ki, Hindistandan yüklərin daşınması üçün yeni marşrut Hindistanın Mumbay şəhərindən başlayacaq, İranın Bəndər-Abbas limanından keçməklə Rusiyanın Həştərxan limanına, yaxud Bakıya çatdırılacaq.

Bu məqam Azərbaycan üçün xüsusilə vacibdir.  Belə ki,  Hindistan və Cənubi-Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər-Abbas limanından Transxəzər marşrutu ilə Həştərxan limanına çatdırılması Bakı üçün çox böyük itki olar.  Bu marşrut üzrə ilə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu, təxminən, ildə 250-300 milyon dollar deməkdir.

Dəhlizin Qərb marşrutu ilə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcəkdir. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzilbaşına çatdırılacaqdır.

Bu baxımdan Azərbaycan üçün "Şimal-Cənub" nəqliyyat dəhlizinin Qərb marşrutu (Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara – Rəşt – Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir) işləməsi strateji əhəmiyyət kəsb edir.

"Şimal-Cənub" nəqliyyat dəhlizinin Qərb marşrutunun açılması Azərbaycanın Avrasiyanın əsas tranzit-logistika mərkəzinə çevrilməsi strategiyasının gerçəkləşməsi istiqamətində çox böyük addım olardı.

Bu rəqabətdə udmaq, “Şimal-Cənub” dəhlizində Qərb marşrutunun işləməsi,  dəmir yol daşımalarının həyata keçirilməsi üçün Azərbaycan tərəfi TRASEKA, BTC neft kəməri və Bakı-Tibilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsində olduğu kimi, yeni təşəbbüslər etməli,  liderliyi üzərinə götürməlidir.

Bütün parametrlərinə görə, Qərb marşrutu ilə dəmiryol daşımaları Transxəzər marşutundan daha əlverişlidir.  İstər qiymət, məsafə, yüklərin daşınma həcmi, ətraf mühitə təsir baxımından Qərb marşrutu ilə dəmiryol daşımaları bütün digər mümkün marşrutları üstələyir.

Beynəlxalq nəqliyyat layihələri və “Azərbaycan dəmir yolları” QSC-nin strateji təşəbbüsləri

cavid-qurbanov.JPG

Cavid Qurbanov Tehranda iranlı həmkarları ilə danışıqlar aparır

Artıq Azərbaycanda yükdaşımaların, xüsusilə də tranzit yükdaşımaların həcminin artırılması istiqamətində yeni addımlar atılır. Bu məqsədə çatmaq üçün daşımaların sürətinin artırılması, daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, çevik tarif siyasəti, irimiqyaslı logistika və marketinq işi ilə nail olmaq mümkündür. “Azrbaycan Dəmir Yolları”  QSC bu il Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Türkiyə, Gürcüstan dəmiryolu rəhbərləri və regionun nüfuzlu logistika şirkətləri ilə görüşlər keçirib.  Azərbaycan tərəfindən yükdaşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlara uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya), eləcə də sağlam rəqabətin yaradılması üçün regionda nüfuz sahib olan 2 əlavə ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalanıb. Bütün növ tranzit və idxal-ixrac konteyner daşımalarını stimullaşdırmaq məqsədilə mövcud tariflər aşağı salınıb. Verilmiş güzəştlər vaqon daşımalarında 35%-ə, konteyner daşımalarında isə 50%-ə qədərdir.

Artıq Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin işləməsi üçün əhəmiyyətli addım atıb. Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin Xalq respublikalarının dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin, Qazaxıstan və Azərbaycan ərazilərindən keçəcək Şixezi – Dostık – Aktau – Ələt – Keşlə (4768 km, o cümlədən 4258 km dəmir yolu, 510 km dəniz məsafəsi) marşrutu ilə hərəkət edən sınaq konteyner qatarı bu il avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

Yüklər alternativ marşrutlarla əvvəllər 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı. Yeni Transxəzər Nəqliyyat Marşrutu üzrə yüklərin daşıma müddəti Çindən Ələt limanına qədər, təqribən, 6 gün təşkil edəcək.

Bu layihə çərçıvəsində cari ilin sentyabr ayında ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə  marşrutu üzrə göndərilməsi nəzərdə tutulur. 

Layihə çərçivəsində Tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətə davamlı vahid dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur.  Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) rəqabət gücünün artırılmasına təkan verəcəkdir.

Eyni zamanda BTNM marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər üçün də cəlbedici və sərfəli  olmaq imkanlarına malikdir.

Bu il avqustun 3-4 də isə Tehranda  «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov  İranın yol və şəhərsalma naziri Abbas Əhməd Axundi və  nazir müavini – İran Dəmir Yolunun  baş direktoru Mohsen Purseyid Ağayi ilə ikitərəfli görüşlər keçirib.  Keçirilən görüşlərdə hər iki ölkə üçün bu layihənin əhəmiyyəti  vurğulanıb, "Şimal-Cənub" dəmir yolu layihəsi üzrə işçi qrupu yaradılması qərara alınıb. 

Bu layihə ilə paralel "Şimal-Cənub" nəqliyyat dəhlizinin Qərb marşrutunun işə salınması, dəmir yol daşımalarının təşkili  Azərbaycanın logistik tranzit ölkə statsunun möhkəmlənməsi, iqtisadiyyatın şaxələndirilməsi, ölkənin geosiyasi əhəmiyyətinin artması ilə bağlı yeni imkanlar açır. Bir daha qeyd edək ki, bu imkanların reallaşdırılması üçün Bakı yeni təşəbbüslər etməli, daha cazibadar alternativlər və təkliflər irəli sürməlidir. Bir sözlə, rəqabətə davam gətirəcək və bütün maraqlı tərəfləri qane edəcək variantlar ortaya qoymalıdır. 

Bu imkanların reallaşdırılması üçün üçün hansı addımların atılması, Bakının mümkün təşəbbüsləri, Qərb marşrutunun üstünləkləri  barədə növbəti təhlilimizdə ətraflı bəhs ediləcək…

Zaur İbrahimli

Strateq.az