XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 June 2020 - 23:05

PUTİN HANSI SÖZLƏRİ “QAYÇILAYIB”, HANSILAR DİLİNİN ƏZBƏRİ OLUB? –20 ildə Kreml rəhbərinin çıxışlarındakı dəyişikliklər

BBC-nin Rusiya xidməti maraqlı araşdırma apararaq prezident Vladimir Putinin son 20 ildəki çıxışlarını təhlil edib. Məlum olub ki, bu illər ərzində Putinin çıxışlarında “demokratiya” və “azadlıq” sözləri azalıb, “sabitlik” sözü isə az qala bütün nitqlərində yer alıb.

Əsas dəyişikliklərdən biri də rəsmi çıxışların daha soyuq olması, Kreml rəhbərinin auditoriyanı ələ almağa əvvəlki qədər həvəs göstərməməsidir.

“Putinin çıxışlarının əhəmiyyətli bir hissəsi əvvəlcədən hazırlanmış formatlardır. Məsələn, Federal Məclisə mesajlar, Qələbə paradlarında və digər rəsmi tədbirlərdə çıxışlar. Bu mətnlər üzərində bütün komanda işləyir. Lakin Putinin özü bu prosesə əhəmiyyətli dərəcədə təsir edir və tez-tez çıxışlarını yenidən yazır. Əvvəllər bunu mütəmadi olaraq edirdi və heç də həmişə uğurlu alınmırdı. Bəzənsə əlavələri çox uğurlu olurdu”, – 2000-ci illərin əvvəllərində Kreml siyasətinin ideoloqlarından olan, “Effektiv siyasət fondu”nun direktoru Qleb Pavlovski deyir.

“Putin bu məsələdə Dmitri Medvedevdən çox fərqlənir”. Bunu isə hər iki prezidentin “spiçrayterləri” ilə danışan sosioloq Konstantin Qaaze deyir: “Onların dediyinə görə, Putin hər şeyi yenidən düzəldir, abzasları dəyişdirir, öz sözlərini əlavə edir. Medvedev isə nəyi versələr, onu da oxuyur”.

Pavlovskinin sözlərinə görə, “spiçrayeterlər” zamanla Putinə uyğunlaşmağa başlayıblar: “Əgər o, bir mətni on dəfə geri qaytarırsa, “spiçrayter” başa düşür ki, belə davam edə bilməz, əks təqdirdə, onu başqası ilə əvəzləyəcəklər”.

Pavlovski qeyd edir ki, Putinin ritorikası ünsiyyətin canlılığı və “ritorik empatiya” baxımından xeyli dəyişib: “Əvvəllər prezident düzgün və “bitərəf” çıxışları ilə seçilir, dinləyiciləri özünə cəlb edir, auditoriyanı ələ almaq məqsədilə pafosunu qoruyurdu. İnsanları qazanmalı və onları yanında saxlamalı olduğunu heç vaxt unutmurdu. Bunun üçün lider bu qeyd olunanları daima etməlidir. Lakin zaman keçdikcə Putin izləyiciləri necə cəlb etmək yollarını axtarmağı dayandırdı. Onun çıxışında canlı nümunələr yoxa çıxdı. İnsanların həyatına sıx bağlı olmayan ümumi dəyərlər və anlayışlara keçid etdi. Çıxışları sovetlərdəki kimi oldu. Həmin çıxışları təkrarlamadı, sadəcə onlar kimi mənasız oldu”.

Siyasətçilərin ritorikasını araşdıran politoloq Olesya Zaxarova hesab edir ki, Putin birbaşa ruslara nadir hallarda müraciət edir: “O, əsas deputatlara müraciət edir, xalqdan isə əsasən üçüncü şəxs qismində danışır. Bir qayda olaraq, insanların üzərinə nə isə etmək məsuliyyəti qoyulur”.

“O, “insanlar “ifadəsini həmişə bu kontekstdə işlədir ki, “insanları eşitmək lazımdır”. Lakin ümumilikdə, əsas termini əhalidir. Soyuq, steril, bir qədər də duyğusuz üslubdur. 20 il əvvəl belə danışmış olsaydı, əlbəttə, seçilməzdi” – deyir Pavlovski.

Professor Olqa Malinova deyir ki, Rusiya prezidentinin çıxışlarında 90-cı illər “dövlətin zəifləməsi”, “iradənin zəifləməsi”, “qanunsuzluq” kimi sözlərlə assosiasiya olunur. Öz prezidentliyi dövrünü isə əsasən bu sözlərlə təsvir edir – “güclü, effektiv dövlət”, “qayda-qanun”, “qanunun diktaturası” və s.

Putinin ritorikasında “sabitlik” hələ də istifadə olunsa da, bəzi sözlər və anlayışlar daha az səslənməyə başlayıb. Məsələn, “demokratiya”, “demokratik”, “azadlıq” sözləri.

Birinci prezidentliyi dövründə Putin ölkədəki demokratiya haqqında çox danışırdı və Boris Yeltsinin Rusiyaya azadlıq verdiyini etiraf edirdi. Lakin onu da qeyd edirdi ki, 90-cı illərdə azadlıqlar həddən artıq olub.

Hakimiyyətdaxili ziddiyyətlərlə özlərini iflic etmələrinin nəticəsi olaraq, ən azad topluma çevrildik. Amma təəssüf ki, eyni zamanda qanun, nizam və mənəviyyatdan da azad olduq”, – Putin 2000-ci ilin iyulundakı müsahibəsində demişdi.

Sonra “suveren demokratiya” konsepsiyası meydana çıxdı. Onun əsas ideoloqlarından olan Vladislav Surkov qeyd edirdi ki, bu konsepsiya hakimiyyətin yalnız rus milləti tərəfindən, yəni xarici təsir olmadan seçilməsi deməkdir.

Olqa Malinova konsepsiyanın mənasını belə izah edir: “Biz demokratiyanı qururuq, lakin öz üsulumuzla. Və xahiş edirik, bizə heç bir kriteriyaya cavab vermədiyimizi deməyin. Bizdə hər şey yaxşıdır, böyük suveren ölkəyik. Hətta demokratiya məsələsində kimlərəsə dərs də keçə bilərik…

Putin azadlıq və demokratiyanı 90-cı illərin nailiyyətləri kimi tanısa da, onların “keyfiyyətinə” şübhə yaratmağa başladı. Bu, özünün siyasətini qanuniləşdirmək üçün seçilmiş strategiyanın bir hissəsi idi. Antiliberal və antidemokratik tədbirlər “doğru” azadlığın və “həqiqi” demokratiyanın yaradılması zərurəti ilə əsaslandırıldı”.

2008-ci ildən bəri Putinin çıxışlarında “demokratiya” sözü daha az istifadə olunmağa başladı. Sosioloq Konstantin Qaaze bunu maliyyə böhranı ilə əlaqələndirir: “Böhranla əlaqədar Kreml bölgələrə böyük həcmdə dəstək verdi. Nəticədə subyektlərin federal mərkəzdən asılılığı artdı. Putin prezidentliyə qayıtdıqdan sonra rəsmi çıxışlarında Qərbdən danışarkən “demokratiya” sözünü əsasən neqativ mənada işlətməyə başladı. Təxminən bu şəkildə ki, baxın, sizin bu demokratiya nəyə gətirib çıxarır…”.

Tərcümə Strateq.az-ındır