XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

12 Mart 2016 - 21:43

Fazil Mustafa Əvəz Zeynallı ilə “Qaynar Qazan”da:"Elçibəyin yolu bizim yolumuz deyil"

Fazil Mustafa: “Dövlətin mövcudluğu xaosun mövcudluğundan daha üstündür”

fazil mustafa

Məğlub olmuşuq

 

“Qaynar Qazan”da bu dəfə Böyük Quruluş Partiyasının Başqanı, deputat Fazil Mustafadır.

Digərlərindən fərqli olaraq, zəng edib fikrimizi bildirən kimi, dərhal razılıq verdi. Bəli, indiki zamanda və məqamda bu, bizim üçün çox önəmlidir. Çünki “Qaynar Qazan”ın fəaliyyət göstərdiyi 1 ilə yaxın müddətdə aylardır müsahib kimi iştirak edəcəyini desələr də, bizi yola verənlər də az deyil. Və bunlar sıravi adamlar deyil – sözü olan, hər gün meydanda görünən və danışan insanlardır. Fazil Mustafa onların əksəriyyətindən fərqli olaraq, çəkinmədən “Qaynar Qazan”a gəldi. "Azərbaycan" nəşriyyatında, Strateq.az saytının otağında söhbətləşdik…

Ona suallar yağış kimi yağmışdı. Təxminən, 80-85 sual arasından 65-70-ni ünvanladıq.

İnsanlar çox həssasdırlar və heç kim heç nəyi unutmur. Fazil Mustafa da istisna olmadı və siyasi həyatının ən ziddiyyətli məqamlarından tutmuş günümüzə qədər ona vermədik sual qoymadılar. Fazil bəy də o sualların hamısını – mümkün olduğu həddə cavablandırdı. Bütün suallarımızı verə bilməsək də – buna vaxt da imkan vermirdi, 2 saat necə gəlib-getmişdi, xəbərimiz olmamışdı – vacib saydığımız sualların hamısı ünvanlandı.

Fazil Mustafa həm də ona görə belə hədəfdədir ki, insanlar zamanında ona inanıb. O özü indi bu adamlara nifrət etsə də, hər addımda onları ağır sözlərlə tənqid etsə də, Fazil bəy də yaxşı bilir ki, ondan gözləntilərin qayıtmamasının ağrısıdır bu suallar həm də. Zamanın enişli-yoxuşlu yolları AXC-nin şanlı-şöhrətli oğullarını hakimiyyətin qapısının astanasında boy sırası ilə düzdü. Onlar – Azərbaycana müqəddəs azadlıq duyğularını qazandıran, rus tankı ilə kəllə-kəlləyə gələn, düşmən generallarının qorxulu röyası olan bu cəngavər cavanlar bir-bir səngəri dəyişdilər. Onlar indi müxtəlif səngərlərdə bir-birinə hər növ silahdan atəş açırlar – hətta qadağan olunmuş silahlardan da. İnsanları ağrıdan budur, əslində. Onlar Sovet təbliğat maşınının qarşısında dimdik dayana bildilər. Ölümlər, qanlar onlara "vız" gəldi. Həbslərdən, sürgünlərdən keçdilər. Ölüm andı içdilər: “Qiyamətə qədər qardaşıq” deyə. İndi bu andlar “Qiyamətə qədər düşmənik” nidası ilə əvəzlənib və bu millətin bir Dədə Qorqudu da yoxdur ki, balalarını ümumi hədəflər istiqamətində kökləsin.

Mən müsahibə gedə-gedə bu fikirlərlə qovrulurdum. Nəyin naminə? Niyə? Hamının bildiyi və artıq cavabların da hamıya aydın olduğu belə məqamlarda başqa nələr söylənə bilər ki?

“Elçibəy öldü, hər şey bitdi” deyir Fazil Mustafa. O qədərmi? O qədər asanmı? Bəlkə insanların sual dolu baxışlarını üzərində hiss edən və əbədi olaraq bu sualların hədəfində olmasının tamam ayrı səbəbləri var, amma məlum olan budur ki, yollar bir daha qovuşmamaq üzrə ayrılıb. Əbədi də demək olar. Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri elə bil AXC-nin bir-birini boğazlamağa hazır olan nəhəng yol adamlarına deyilib:

– Yenə o bağ olaydı,

Yenə yığışaraq Siz

O bağa köçəydiniz…

Onlar bir-birini ittiham edə-edə səflərini müəyyənləşdirdilər. İndi Elçibəyin bütün müavinləri deputatdır. Olmayan da bir zamanlar olub. Yenə Elçibəyin adı gündəmin birinci sırasındadır. İnkar edən də, ətəyindən tutan da Ondan danışır.

Həyat isə öz axarı ilə axıb gedir. Hər kəs etdiklərinin müqabilində cavab verir. İnsanları kimin nə qədər ağıllı olduğu, pulunun nə qədər çox olduğu, hansı vəzifədə olduğu maraqlandırmır. İnsanlar necə yaşayırsan, necə yaşadın – onunla daha çox maraqlanırlar.

Beləliklə, bütün bu qayğılara Oxucuların münasibəti necə olacaq, Fazil Mustafanın cavabları və bu cavablardakı səmimiyyət ölçüsü nə qədərdir, ona artıq biz qərar verə bilmərik. Buyurun, qərar əziz Oxucu-tamaşaçınındır…

“Qaynar Qazan”ın budəfəki qonağı, Böyük Quruluş Partiyasının Başqanı, deputat Fazil Mustafadır…

 

Əvəz Zeynallı

 

Nəşriyyatın bu qədər acınacaqlı gündə olduğunu təsəvvürümə gətirməzdim

fazil mustafa1

 

– Fazil bəy, xoş gəlmisiniz…

– Xoş gördük…

– Azərbaycan mətbuatının bu nəhəng nəşriyyatına… birinci dəfədir ki, gəlirsiniz? Təəccübləndiyinizi hiss etdim…

– Yox. Bir neçə dəfə gəlmişəm, amma o biri tərəflərdə olmuşam. Açığı, Nəşriyyatın bu gündə olduğunu təsəvvürümə gətirməzdim. Çünki bu qədər görünən bir yerdə, mətbuatın güzgüsü olan bir yerdə, belə bir təmirsiz və acınacaqlı vəziyyətdə olan, istilik sistemi olmayan nəşriyyatın olması məni çox heyrətləndirdi. Çünki biz indiyə qədər mətbuatın inkişafı üçün ayırdığımız vəsaitlə, bu qədər imkanla, ola bilsin ki, başqa bir yerdə Nəşriyyat tikmək olardı. Bu binanı da başqa qurumların sərəncamına vermək olardı. Bununla da mətbuat üçün daha yaxşı bir şərait yaradılardı. Amma bir şeyi də etiraf edək ki, mətbuata siyasi partiyalardan, başqa qurumlardan daha çox diqqət yetirilir. Ola bilsin, burada mübahisəli məsələlər də olsun. Amma yaxşı, ya pis bir jurnalist heç olmasa çox uzun növbə yaşamadan dövlətdən ev ala bilir. Ən azı, mənzil alan jurnalistlərin heç də hamısı kimlərinsə “göz bəbəyi” olan jurnalistlər deyil ki… Onların içində “yetimləri” də var. O baxımdan deyirəm ki, mətbuata nisbətən diqqət ayrılır. Prezident səviyyəsində mətbuat nümayəndələri ilə görüş keçirilir. Onların problemlərilə bağlı bir-iki fikir səsləndirilir. Yəni müsbət bir şeylər var. Amma Nəşriyyatın bu qədər pis vəziyyətdə olması məni doğrudan da təəccübləndirdi.

 

Tanımadığım qəzetlər bizdən pul tələb edirdilər

 

– Mən fikir verdim ki, bura gələrkən, çox qısa da olsa, yolüstü gözünüz bəzi qəzetlərin divar lövhələrinə sataşdı. Heyrətinizi də gördüm ki, yəni “belə qəzetlər də var?”

– Əlbəttə, Azərbaycanda çox sayda nəşr olunmayan qəzet var. Biz də onun acısını daha çox yaşayırıq. Əvvəlki vaxtlarda, Bakıxanov qəsəbəsindəki ofisimizdə olanda tez-tez tanımadığım qəzet adları ilə müraciət edirdilər: “Biz sizin reklamınızı, yazınızı vermişik. Xahiş edirik bizə pul göndərəsiniz” və sairə. Mən də həmişə deyirdim ki, axı bizim sizdən reklam xahişimiz olmayıb, biz özümüz-özümüzü reklam edirik də… Mənim reklama nə ehtyacım var? Onların adlarını qeyd edirdim. 50-yə yaxın çıxmayan nəşrlər var idi. İndi bilmirəm vəziyyət necədir. Son vaxtlar maraqlanmamışam. Lakin burada da bir saxtakarlığı dayandırmaq lazımdır. Yəni əgər qəzet nəşr olunmursa, onun qeydiyyatdan keçməsinin nə mənası var? Yaxşı olardı ki, Ədliyyə naziri də bu məsələ üzərində dayansın. Hansı qəzetlər il ərzində dərc olunmursa, onun qeydiyyatını ləğv eləsin.

 

Qəzetləri həddən artıq ərköyünləşdirmək olmaz

 

– Aman, indi siz bu təklifi edəcəksiniz, yenə o qəzetləri saxlayıb, ciddi mətbu orqanları hədəfə alacaqlar.

– Onsuz da qəzet məsələsi sıradan çıxıb. Çap mediası, faktiki olaraq, yoxdur. Açığını deyim ki, son dəfə nə vaxt qəzet aldığımı xatırlamıram. Yəni daha çox internet məkanından istifadə edirəm. Ona görə də qəzetin rolu xeyli azalıb. Amma yenə də çap mediasının qorunması vacibdir ki, o materiallar mediada daha çox qala bilir. Aktivləşmə baxımından da onun qalması faydalıdır. Amma bu qəzetləri də həddən artıq ərköyünləşdirmək olmaz. Onlara hər şeydə imtiyaz verərək, prosesdə qidalanmasına, açığı, fikrimcə, belə yaşıl işıq yandırmaq doğru deyil. Rəqabət olarsa, bazar hansı qəzetin qalacağına qərar verəcək.

– Sağlam rəqabət də yoxdur. İndi mətbuatın problemlərindən danışsaq, söhbətimiz çox gedəcək, amma mətbuatda da rəqabət yoxdur.

– Təbii ki, mətbuatda rəqabət yoxdur. Həm də uzun illərdir ki, bizdə rəqabətlə bağlı məcəllə də qəbul olunmur. Qəbul olunmur ona görə ki, mətbuatda olduğu kimi, iqtisadiyyatda da rəqabət problemi var. Hətta siyasi partiyalar arasında da rəqabət problemi var. Deyək ki, hakim partiya ilə müxalifət partiyalarının fəaliyyət imkanları da müəyyən dərəcədə eyni deyil. Eyni olmaya bilər – tərəfdar və ya dəstək baxımından. Amma hüquqi baxımdan da istənilən səviyyədə deyil. Elementar bir şeyə diqqətinizi çəkim: Demokratiya – ən azı imitasiya baxımından da o qədər xoş mənzərə yoxdur.

 

Avropa Parlamentində ermənilərə uduzuruq…

 

Məsələn, Avropa Parlamentində ermənilərin bütün qruplarda təmsilçiləri var. Azərbaycan müxalifətindən isə o qruplarda heç kim təmsil olunmur. Qüdrət Həsənquliyev Mühafizəkarlar Partiyası ilə bu il ora daxil oldu. Orada da bu cür yanaşma ciddi qəbul olunmur. Çünki hər bir partiyadan bir nəfərin təmsil olunması onları tərəfindən ciddi qəbul olunmur. Ola bilsin ki, kimsə bəyənər, kimsə bəyənməz həmin təmsilçiləri… Amma faktiki olaraq, Avropa Parlamentində erməni, gürcü istənilən məsələni istənilən qrupda qəbul elətdirə bilir. Onların qarşısında gücümüz çatmasa belə, bir müzakirə, diskussiya açanda – avropalılar bu məsələ mübahisə doğurmasın deyə, tərəflərin təklifini eyni zamanda ortadan qaldırırlar. Erməni tezisi, gürcü tezisi və ya hansısa formada Azərbaycanın əleyhinə olan şeylər qəbul olunmur. Hətta parlament formalaşanda belə, bu perspektiv, bu düşüncə nəzərə alınmadığı üçün o müstəvidə də biz uduzuruq.

– Hakimiyyətin müxalifətə olan münasibəti…

– Təbii… Məsələn, orada mütləq liberallar qrupunda, sosial-demokratlar qrupunda, mühafizəkarlar qrupunda, yaşıllarda təmsil olunmaq lazım gələndə bizim o qruplara qoşulacaq müxalifət partiyalarının nümayəndələri omadığı üçün biz proseslərdən kənarda qalmalı oluruq. Süfrənin kənarında oturan zaman süfrədəki yeməyin hansının dadsız olduğu haqda fikirlərini bildirə bilərsən, amma özümüz o süfrənin ətrafında oturmadığımız üçün bizim də əvəzimizdən Avropa Parlamentinin gündəminə məsələ gətirilir, Azərbaycanın əleyhinə qərar qəbul olunur, kimsənin də səsi çıxmır.

– Bu, çox maraqlı məsələdir.

– Ona görə də biz bəzi məsələlərə fikrimizi və ya etirazımızı bildirə bilmirik. Hətta müraciət edəndə ki, "biz də müxalifət partiyasıyıq, parlamentdə təmsil olunuruq, filan qrupa daxil olmaq istəyirik", soruşurlar "neçə nəfərsiniz", deyirik, "bir nəfər", onlar da bir nəfəri ciddi qəbul etmirlər. Soruşurlar ki, "parlamentdəsinizsə, o zaman sizin fraksiyanız hanı?" Hakimiyyətyönlü və s. adlandırılmasından asılı olmayaraq, parlamentdə partiyaların fraksiyasının olması vacibdir. Hakim partiya ilə yanaşı, müxalifət partiyalarının da ən azı imitasiya üçün fraksiyaları olmalıdır ki, görüntü də olsa, biz bundan Avropa Parlamentində istifadə edə bilək. YAP-ın qrup toplantıları üçün yer yoxdur. Qrup toplantısı və yaxud da hansısa millət vəkilinin bəyanatla çıxış etməsi üçün – yəqin Türkiyədə, başqa ölkələrdə də görməmiş deyilsiniz ki, partiyaların bir qrup toplantısı keçirilir, ayrıca tədbirləri olur – belə bir yer də yoxdur.

 

… 25 ildir “müstəqilik” deyirik, nə olsun?

fazil mustafa2

– Klassik mənada heç o da partiya deyil…

– Bizdə onsuz da klassik mənada çox şey öz yerində olmur. Amma faktiki olaraq, hakim partiya sayılırsa, hakim partiyanın özü üçün də bu imkanı yaratmaq lazımdır ki, ən azı partiyanın özü ayrıca partiya adından bəyanat verə bilsin. Hansısa problemlə bağlı, Məclisdə müzakirə olunan hansısa məsələ ilə bağlı, hansısa qanunlarla – elm, təhsil haqqında və s. bağlı müzakirələr aparılsın və partiyalar da orada mövqelərini ifadə edə bilsinlər. Amma partiyanın öz qərargahında bir-iki naziri dəvət edib, ondan hesabat istəməyi bir az parlamentarizm ənənəsi ilə uzlaşmır. Birinci, hakim partiyanın parlamentarizm ənənəsini uyğunlaşdırmaq lazımdır, ardınca da müxalifət partiyalarınınkını. Yaxşı, partiyalar parlamentdə bir şəxsdən ibarətdirsə, onda burada imkan yaradılmalıdır ki, heç olmasa onların fraksiya imkanları olsun. Onsuz da həmin fraksiyalarda hakimiyyətin əleyhinə hansısa sərt bir qərarın qəbul olunması mümkün deyil, çünki parlamentdə faktiki olaraq müxalif fikri dəstəkləyən 3-4 mövqe sərgilənir. Qalan fikirlər, müəyyən mənada tam dəstək mövqeyini ifadə edir. Amma fraksiyada 25 nəfər qoyulub, o 25 nəfərlə parlamentdə ən azı 11 partiya varsa, bu say düzəlmir. Avropalılar da hər zaman bunu bizə irad bildirirlər ki, sizin parlamentdə fraksiya yoxdur. Parlament rəhbərliyində də ümumiyyətlə, müxalifətin təmsilçiliyi yoxdur. Söhbət radikal, barışmaz müxalifətdən getmir. Parlamentdə təmsil olunan müxalifətin özünə də bir institutlaşma imkanı verilmir. Bunun təhlükəli tərəfi nədir? Sabah dövlətin bir qanadının – qanunverici orqan olan bir qanadının müəyyən dərəcədə formalaşmaması və onun gələcəkdə ölkə həyatında hər hansı bir şəkildə təşəbbüskar bir fəaliyyətə sahib olmaması ilə nəticələnəcəkdir. Bu da xeyrimizə deyil. Çünki dövlətçilik ənənəsi təkcə dövlətin xronoloji tarixi deyil. Dövlətin qurum və təsisatlarının müəyyən dərəcədə, tədricən inkişafı tarixidir. Bu olmayanda, biz ancaq 25 ildir müstəqilik deyirik, nə olsun? İldən-ilə dəyişən nədir? Ölkə var ki, 300 ildir müstəqildir, amma yenə də Afrikanın harasındasa, sıxıntı içində yaşayırlar. 300 ilin xronologiyadan başqa nəyə yararı var? Budur əsas problem.

– Fazil bəy, əvvəllər – Heydər Əliyevin zamanında imitasiya var idi. İndi o da tamamilə aradan götürülüb. Nə üçün belə deyirəm? Çünki İlham Əliyev vaxtilə Azərbaycanın Avropa Parlamentində təmsilçisi olub, dediyiniz qaydaları, çox güman ki, o da bilir.

– Bəli.

– Yəni dövlətin bütün çarxları əllərində ikən bu addımı atmaması, görünür, bu imitasiyanı da etmədiklərini göstərir.

– Parlament müstəvisində bu imitasiya mövcuddur. Ən azı, partiyaların təmsilçiliyi baxımından, müəyyən işçi qruplara müxalifətdən olan millət vəkillərinin salınması, hətta bəzilərinin bu qruplara rəhbərlik eləməsi və s. Söhbət institusional baxımdan problemə yanaşmadan gedir. Məsələn, bir nümunə deyim. MTN ilə bağlı ortaya bir sıra problemlər çıxdı. Biz dəfələrlə parlamentdə məsələ qaldırdıq ki, ATƏT-in qətnaməsi var. Bütün təhlükəsizlik orqanları parlamentə hesabat verməlidirlər. Yəni parlament nəzarəti mexanizmi qurulmalıdır. Bizdə bu qurulmadı. Qurulmadığı üçün də orada nə baş verdiyini haradan bilmək olar? Ən azı, qapalı bir toplantıda, hansısa bir formada onların fəaliyyətilə bağlı məsələlər müzakirəyə çıxarıla bilərdi.

 

…dövlətin mövcudluğuna ciddi təhlükə yarana bilər

 

– Görünür, parlamentə də etimadsızlıq var.

– Parlamentə etimadsızlıqdan daha çox bizdə prezidentli respublika modeli, istər-istəməz, parlamenti ikinci plana daha çox qoymağa meyllidir. Adətən, prezidentin səlahiyyətərinin daha çox olduğu ölkələrdə bu ənənə yaşanır. Amma orada, ən azı, parlamentin özünün də qanunvericilik sahəsinə çox ciddi müdaxilələr olmur. Bu gün də diqqət edirsinizsə, müəyyən qurumlarda parlamentin təmsilçiliyi, məhkəmə qurumunda təmsilçiliyi, Dövlət Hüquq Şurasında və başqa yerlərdə təmsilçiliyi əslində hakimiyyət bölgüsü prinsipinin xeyli səviyyədə pozulmasına gətirib çıxarır. Əslində parlamentin mövqeyi məhkəmənin mövqeyinə, məhkəmə hakimiyyətinə qarışdırılmamalıdır. İcra hakimiyyəti, məsələn, tam bələdiyyənin sferasına girib, faktiki olaraq yerli özünüidarə başsız bir bədəndir, fəaliyyəti yoxdur. Bütün funksiyalar icra hakimiyyətindədir, amma imzaatma funksiyası bələdiyyədədir. Bu da özünü yerli özünüidarədə belə – tək parlamentdən söhbət getmir – müstəqilliyin verilməməsinə, yükün dövlətin üzərində qalmasına gətirib çıxarır. Dövlət də hər hansı bir təlatümdə çoxsaylı insanla üz-üzə qalmalı olur. Məsələn, Türkiyə kimi Avropa ölkələrində, başqa yerlərdə lokal problemlər artıq aşağılarda həll olunduğuna görə, hər hansı devalvasiya olanda, hər hansı böhran olanda dövlətlə cəmiyyətin bu qədər kəskin şəkildə üz-üzə dayanması müşahidə olunmur. Amma bizdə bu olmadığına görə, məsələn, bələdiyyə strukturu olmadığına görə, o alt qatdan da gələn, orta qatdan da gələn gərginlik dövlətə sarı gəlir. Bu isə çox təhlükəlidir. İstənilən halda əgər kənar qüvvələr, hansısa bir layihəni cızsalar, dövlətin özünün mövcudluğuna ciddi təhlükə yarada bilər. Bu narahatedicidir. Yoxsa, söhbət kimin hakimiyyətdə olub-olmamasından getmir. Bütövlükdə dövlətin necə qorunması məsələsinə həssaslıqla yanaşılmalıdır. Bu baxımdan, parlamentarizmin bu vəziyyətdə olması, yaxud da yerli özünüidarə sisteminin bu vəziyyətdə olması xoşagələn hal deyil.

 

Dövlətin mövcudluğu xaosun mövcudluğundan daha üstündür

fazil mustafa3

– Fazil bəy, sizə o qədər çox sual ünvanlanıb ki, mən onları kateqoriyalaşdırmağa çalışmışam. Söhbət də müxalifət-iqtidar məsələləri üzərinə gəldi. İstəyirəm, müxalifətlə bağlı sualları soruşam. Sahib Məlikzadə soruşur: “Fazil Mustafa hansı siyasi düşərgəni təmsil edir – iqtidar, müxalifət, yoxsa?… ” Anar Məlikov sual verir ki, “Əvvəl müxalifətçi idi, indi niyə müxalifətçidir?” Vüqar Aslan soruşur ki, “Özünü rejimə müxalifət hesab edirmi?”

– Bizim müxalifətçilik anlayışımız Azərbaycan mahiyyətinə baxışın dəyişməsilə bağlı nədə dəyişib? Birinci növbədə, mən Azərbaycanda təhlükəsizlik faktorunun daha çox önə keçdiyini əsas götürərək, müxalifətçiliyi daha çox bu istiqamətdə qurmağa maraqlıyam və daha çox onu nümayiş etdirirəm. Nədir bu? Əvvəllər, 20 il öncə demokratiya dəyərlərinin üstün gəlməsi fikri bizdə daha çox hakim idi. Amma bu günləri çevrəmizdə baş verənlər onu göstərdi ki, dövlətin yaxşı-pis qanunlarının işləmədiyi və yaxud zəif işlədiyi dövlətin mövcudluğu xaosun mövcudluğundan daha üstündür. Bu gün Azərbaycan da bizim əvvəllər düşündüyümüz qədər kənar təsirlərdən azad bir ölkə deyil. İstənilən vaxt kənar təsirlər – Cənub, Şimal, Qərb, ABŞ hansısa vasitə ilə burada Suriyada, Misirdə, Liviyada yaradılandan daha dəhşətli bir fəlakət yarada bilər. Faciəli bir vəziyyət yarada bilər. Bugünkü siyasətçilərin də vəzifəsi məsələnin bu mərtəbəyə gəlib yetişməməsinə çalışmaqdır. Ola bilsin ki, sən ardıcıl, demokratik mübarizə apara bilərsən… Milyukovun bir yanaşmasını xatırladım. Ermənilər ona müraciət edəndə ki, bizə Böyük Ermənistan ver. Onda onlara belə cavab vermişdi ki, “biz ermənilərsiz Böyük Ermənistan yaratmaq istəyirik”. İndi azərbaycanlıların mövcud olmadığı bir Azərbaycan düşünürüksə, onda hakimiyyət uğrunda mübarizənin ölüm-dirim məcrasına keçə bilərik. Hakimiyyət uğrunda mübarizədə bu gün ən demokratik bir adamı Azərbaycanda hakimiyyətə gətirsəniz, onun taleyi Əbülfəz Elçibəyin taleyindən daha acınacaqlı, ağır bir tale yaşayacaq. Azərbaycan kənar qüvvələrin elə bir müdaxiləsi ilə qarşılaşacaq ki… Mən bütün bunları gördüyümə görə, Azərbaycanın mövcudluğu ilə bağlı həssaslığıma görə, bu mövqeyi ifadə edirəm. Bunun adını “müxalifət” də qoya bilərsən, “iqtidaryönlü” də qoya bilərsən, məni artıq bu maraqlandırmır.

 

Xalq Cəbhəsi hakimiyyətinin devrilməsinin əsas səbəbi…

 

– Yəni deyirsiniz ki, öncə dövlətin təhlükəsizliyi?

– Bəli. Öncə dövlətin və xalqın təhlükəsizliyi prioritet olaraq götürülməlidir. Bizim yanaşmamız budur. Bu sualları verənlərin çoxu siyasətə ideologiyadan sonra gələn insanlardır. Xalq Cəbhəsi hakimiyyətinin devrilməsinin əsas səbəbi ideologiyanın praqmatizmdən önə çəkilməsi idi. İdeoloji postulatlar nə qədər öndə olursa, real dünya mənzərəsində idarəetməni doğru təyin edə bilmirsən. Türkiyənin də bəzən görürsünüz ki, sıxıntısı ondadır – ideoloji anlayışla siyasəti yönləndirəndə bu qədər səhvlərə yol verirlər.

– Fazil bəy, sizin də o vaxt fikirləriniz var idi. Fərəməz Allahverdiyev yazır ki, “Fazil bəyə sualları ünvanlamaq üçün bir az keçmişə qayıdacağam. O, bir zamanlar deyirdi ki, Elçibəy milliyyətçi düşüncəli insanların mənəvi atasıdır. Hətta onun adını partiyasının Məramnaməsinə də salmışdı. Amma sonradan Rəsulzadə və Xudu Məmmədov kimi, onun da adını Məramnamədən çıxardı. Bunu da onunla əsaslandırdı ki, yeni düşüncə ilə mübarizə aparmağı prioritet məsələ kimi qəbul ediblər. Fazil bəy yeni Məramnamələrində liberal dəyərləri əsas götürən modeli nəzərdə tutduqlarını dilə gətirmiş və fikrini belə tamamlamışdı: “Məqsədimiz ideologiyasız bir dövlət qurmaqdır.” Bu açıqlamaları etdikdən sonra konkret suallarımı verirəm – mənəvi atasından imtina etmək Fazil bəy üçün çətin olmadı ki? İdeologiyasız dövlət modeli necə olur? Məgər liberalizmin özü də ideoloji cərəyan deyilmi?”

– Yox, liberalizm ideoloji cərəyan deyil. Liberalizm, əksinə düşüncə olaraq insanların azad fikirliyinə dayanan və azad iqtisadiyyat modeli üzərində formalaşan bir düşüncə tərzidir. Əksinə, liberal cəmiyyətdə insandan o cəmiyyətin müəyyən hüquq qaydaları çərçivəsində, hüquqi dövlət prinsipləri çərçivəsində yaşamaq tələb olunur. Hansısa ideologiyaya mənsubluq tələb olunmur. Ondan faşizm, milliyyətçilik kimi ideologiyalar tələb olunmur. İdeoloji postulatlar insan qarşısında seçim olaraq qoyulmur – sən bunu seçməlisən, sən bunu seçməməlisən. Bizdə tipik olaraq bu gün də həmin ideoloji cəmiyyətin başqa bir forması mövcuddur. Biz bundan Azərbaycanı çıxarmalıyıq. Biz Azərbaycanı, təbii ki, dövlətin qanunları ilə idarə olunan bir vətəndaş cəmiyyətinə çevirməyə çalışmalıyıq. Liberal cəmiyyət vətəndaş cəmiyyətini, açıq cəmiyyəti tələb eləyən bir təklif verir. Ona görə də bizim yanaşmamız belədir ki, biz müəyyən məsələlərdə nədənsə, hansısa fikirlərdən uzaqlaşanda onu əsaslandıraraq uzaqlaşırıq. Əbülfəz bəyin o zamankı ideoloji sisteminin içində biz də var idik, biz də Bütöv Azərbaycan, Azərbaycan və Türk dünyasının birliyi kimi ideologiyaları qəbul edirdik.

 

Azərbaycanın çəkisini 100 kq-dan 60 kq-a salmışıq

 

– Deməli, Bütöv Azərbaycan ideologiyasını qəbul edirdiniz?

– Əlbəttə, qəbul edirdik. Biz də o məktəbdə yetişmişdik, o məktəbin içindən çıxmışdıq. Bu günləri isə bizim yanaşmamız budur ki, hansı real hədəflər varsa, o hədəflərə doğru yürüməmiz bizim üçün, Azərbaycan üçün daha faydalıdır. Azərbaycanın çəkisini biz 100 kq-dan 60 kq-a salmışıq. 100 kq çəki ilə hansısa yarışa qatılan bir ölkənin potensialı şişirdilmiş bir potensial olur. O, orada uğur qazana bilməz. Çəkini aşağı salaraq, hədəfləri də daha doğru, real müəyyən eləmək lazımdır. Bu gün artıq Bütöv Azərbaycan ideyalarını hər hansı bir şəkildə prioritet məsələ kimi gündəmə qoymaq, Azərbaycan üçün hansısa uğur vəd eləmir. Çünki bu potensialı buraxmaq lazımdır Güney Azərbaycanda yaşayan azərbaycanlıların üzərinə. Azərbaycan bu yükü daşımağa hazır və maraqlı deyil. Diqqət edin, 25 il öncə sərhədlər açılanda güney məsələsinə olan münasibətlə 25 il sonra – bu gün olan münasibət eynidirmi? Bu istəklə yaşayan nə qədər qurum, nə qədər insan var? Kiçik ocaqlar, təşkilatlar bu yükü daşıya bilmirlər.

 

Bu gün Əbülfəz Elçibəy rəhmətə gedib və bizim liderimiz deyil

fazil mustafa4

Bir neçə marginal qrupların olması lazımdır. Amma həmişə bir şeyi unutmaq lazım deyil. Türkiyənin timsalında da gördük: bir milliyyətçilik marginal qüvvədən o tərəfə – 14-15 faiz səsdən o tərəfə böyüyə bilmir. Daha dünyəvi ideyalar böyüyə bilir. Solçuluq da artıq böyüyə bilmir. Səbəbi nədir? Ya sağ ideya böyüyür, çünki əhalinin çoxluğunu əhatə edə bilir, ya da daha dünyəvi islam ideyası bunu həyata keçirə bilir. Biz marginallaşmanı istəyiriksə, Əbülfəz Elçibəydə – o xətdə qalmalıyıq. Əbülfəz Elçibəy lider idi və biz də siyasətdə onun kursunu, ideyalarını davam etdirirdik. Bu gün Əbülfəz Elçibəy rəhmətə gedib və bizim liderimiz deyil. Biz özümüz siyasi kursu müəyyən ediriksə, biz Əbülfəz Elçibəyin doğrularını, yanlışlarını hansısa formada davam etdirməyə yükümlü deyilik. Biz artıq müstəqil, bugünki mövcud Azərbaycana uyğun formada yolumuzu davam etdiririk.

 

Elçibəyin yolu bizim yolumuz deyil

 

– Yəni deyirsiniz ki, Elçibəyin yolu sizin yolunuz deyil?

– Elçibəyin yolu bizim yolumuz deyil. Bu gün “Elçibəyin yolu” deyilən anlayışın özü də müzakirəyə açıq anlayışdır. Məsələn, mən bu gün Məhəmməd Əmin Rəsulzadənin siyasət anlayışına daha çox üstünlük verirəm. Bunu dəfələrlə də qeyd edirəm. Məhəmməd Əmin Rəsulzadə 5 düşüncə sistemi daxilində dəyişim edibdir. Onun həyatını araşdıranlar bir-bir baxar ki, sosial-demokratlıqdan tutmuş, milliyyətçiliyə, milliyyətçilikdən tutmuş türk-konfederasiya fikrinə, milli təsanüdə qədər gələn bir anlayışı var. Məhəmməd Əmin Rəsulzadə qədər dinamik şəxs olmayıb. Bilirsinizmi, “Mən əqidəmdə qalıram, Azərbaycan harada qalırsa qalsın”,- kimi anlayışla siyasət həyata keçirilməz! Mən Azərbaycan harada olmalıdırsa, ona uyğun siyasəti formalaşdırmalıyam.

 

Sizin dar çevrədən çıxıb, daha geniş çevrəyə atılmışam

 

Bu adamların böyük əksəriyyəti orada qalıblar və düşüncə də budur ki, “sən 10-15 il bundan qabaq filan fikirləri müdafiə edirdin, bu gün niyə müdafiə etmirsən?” Çünki 15 il bundan qabaq oxumadıqlarımı bu 15 il müddətində oxumuşam. Düşüncələrim də xeyli dəyişib. Sizin dar çevrədən çıxıb, daha geniş çevrəyə atılmışam. Əvvəlki çevrəmiz nə idi – Xalq Cəbhəsi, Heydər Əliyev hakimiyyətini qəbul eləməyən adamlar, ancaq nifrət, kin, qəzəb, qəbul etməmək… Yazmışdım “Qəlbi Azərbaycandan olmayanlar” və s.

– Heydər Əliyevlə bağlı idi.

– Bəli, həm də Heydər Əliyevlə bağlı idi. Bu gün mən məsələlərə baxanda tamam başqa bir prizmadan yanaşıram.

– Fazil bəy, sualların hamısına da cavab verirsiniz, maraqlıdır… Məhz “Qəlbi Azərbaycandan olmayanlar”dan başqa, Heydər Əliyev haqqında çox kəskin fikirləriniz var.

– Mənim fikirlərim təkcə orada deyil.

 

O fikirləri bu gün söyləməzdim – həmin siyasət üslubunun qurbanına çevrildik

 

– O fikirlərinizdən imtina etmisinizmi?

– O fikirləri bu gün söyləməzdim. Nə baxımdan söyləməzdim? Çünki hər bir kəsin siyasətdə bir vizyonu var. O vizyonu və bir də siyasət üslubunu biz o qədər sərt götürdük ki, həmin siyasət üslubunun özümüz qurbanına çevrildik. Məsələn, 1993-94-cü il hadisələrində bu gün gəldiyimiz nəticə odur ki, biz nəyin davasını aparmaqla bağlı doğru qərar verə bilmədik. Məğlub olmuşuq. Məğlub olandan sonra biz xəyallarımızı yenidən dirçəltmək uğrunda mübarizəyə qoşuluruq, yoxsa Azərbaycana fayda vermək mücadiləsinə? Məğlub olmuşuqsa, bunun da nəticsini bilməliyik ki, bu məğlubiyyət təkcə özümüzdən olan məğlubiyyət deyil. Özümüzün ideoloji kafamız Azərbaycanı əhatə eləməyə imkan vermədi. Yəni insanların ayrı-ayrılıqda maraqlarını görə bilmədi. Ayrı-ayrılıqda dövlətlərin maraqlarını görə bilmədi. Çünki ideologiya qoymadı ki, biz ən azı İranla praqmatik əsaslarla söhbət eləyək. Bu gün də İrana qarşı mənim mövqeyim çox sərtdir və sərt də tənqid edirəm. Mətbuatda, sosial şəbəkədə tənqid edirəm. İran şəbəkəsi mənim əleyhimə ən sərt üsullarla yalanlar, böhtanlar yayır. Amma mən daha çox nəyi müqayisə edirəm. Bütöv Azərbaycan məsələsini yox, azərbaycanlıların haqlarının təmin olunması məsələsi – Azərbaycan dilində məktəblərin açılması və s. məsələlər. Biz bu dövlətlə artıq Ermənistana yardım edən dövlət kimi vuruşuruq. Biz Ermənistana dəstək verən dövlət kimi o platformada İranla vuruşanda tamam başqa bir mənzərə alınır. O baxımdan, mən hesab edirəm ki, artıq o düşüncədə olan insanların böyük əksəriyyəti faydavermə əmsalını itirdilər. Artıq kənarda durublar, hamı kimi kənardan müşahidəçidirlər. Heç kim işin içinə girib hansısa bir platformadan söz demək, yaxud da verilən imkanlardan istifadə etmək niyyətində deyil. “Mən qəbul eləmirəm”- bununla da hər şey bitdi. Həbsxanada da qəbul eləməyənlərin yolu “kars”dır. Amma “zon”da xeyli dustaqlar var və onlarla da çox yaxşı olar ki, mənəvi-ideoloji fikir mübadiləsi aparılsın. O zaman daha çox insanın düşüncələrini dəyişmək olar. Amma “kars”da oturmaq sənə zövq verirsə, otur. Daha 5 il də otur.

– Sözü Nemət Pənahlıyamı gətirirsiniz? Nemət “zon”dan Qobustan qapalı tipli həbsxanasına getdi.

– O da bir həyat tərzidir. O həyat tərzi cəmiyyətə – Allah qapısını açsın – xeyir vermir. Mənim “durduğum nöqtə mərkəzdir” deməklə, dünya həmin mərkəzdən idarə olunmayacaq.

 

Öz mövcudluğunu qorumaq üçün…

 

– Maraqlıdır ki, mən 3 il həbsxanada oldum, amma “kars”a düşmədim.

– Əlbəttə, düşməmək lazımdır. Nə mənada? Çünki mən həmişə deyirəm ki, bu istədiyimiz Azərbaycan deyil, amma bu Azərbaycanın hamının Azərbaycanı olması üçün yaxşı mənada dəyişmək lazımdır. Mənim arzuladığım çox şeylər var ki, bu Azərbaycan modelinin içində yoxdur. Amma mənim arzularım da proqram sənədi deyil ki? Mənim arzularım həm də reallıqla uyğunlaşmalıdır. Bu gün Yaxın Şərqdə İsraildən başqa heç bir dövlət müstəqil müharibə aparmaq imkanına malik deyil. ABŞ-ın razılığı olmadan Səudiyyə Ərəbistanı dedi ki, Suriyaya girəcəyəm, ABŞ dedi, “olmaz”, o da razılaşdı ki, səhv etmişəm, daha girməyəcəm. Hətta Türkiyə də sərhəddində olan bu ölkəyə girə bilməz. Söhbət nədən gedir? Bu gün özündən böyük danışan dövlətlər belə bir həddə iddialarını dayandırırlar. Rusiyanın Suriyada nə işi var? Amma gəlir, az da olsa, güc hüququndan istifadə edir. Ona görə siyasətə də, vətəndaşın vəziyyətinə də o cür baxmaq lazımdır. Artıq həbsxanadasansa, həbsxana rəisindən haqqını axıradək tələb edə bilərsən, amma hansı həddə qədər bu imkanların var, düşünməlisən. Öz mövcudluğunu qorumaq üçün müəyyən dərəcədə ağıldan daha çevik istifadə etməlisən. Tom Kruzo adaya düşəndə ölə də bilərdi, amma ağlından istifadə edib, yaşamaq üçün mücadilə də apara bilərdi. O, ikincini seçdi. Budur həyatın qanunları.

– Maraqlıdır ki, həbsxananın psixologiyasını sanki orada olmuş adam kimi izah edirsiniz.

– Mən həbsxanada olmuşam. 1-2 ay da yatmışam.

– Onu 1-2 aya bilmək olmaz.

– Ən azı, o mühiti bilirəm.

 

Uğrunda mübarizə apardığın xalq üçün sənin mübarizən…

fazil mustafa5

– Yəni elə izah edirsiniz ki, sanki Azərbaycan da həbsxanadır. Eynulla Fətullayev də son günlər bir müsahibə vermişdi və orada da demişdi ki, “Mənim sunaminin altında qalacaq halım yoxdur”. Yəni belə bir qayğımı var hər kəsdə? Əgər həbsxanadasansa “kars”a düşməməyə çalışmalısan, siyasətdəsənsə hədəfə gəlməməyə çalışmalısan, mətbuatdasansa, elə etməlisən ki, bir daha sunaminin altında qalmayasan. Sanki içəri ilə dışarının eyniliyi var.

– Biz hansı cəmiyyətdə yaşadığımızı birinci növbədə özümüz üçün təhlil etməliyik. Mən bu mübarizənin müəyyən konturlarının, istiqamətinin dəyişməsini həmişə bir faktorla bağlayıram. Mən Tərtərdə hərbi xidmətdə olanda bazar günləri tez-tez gəlirdim, çayxanada söhbət edirdim, adamlar da çox olurdu. Hər yerdə də həmin adamlar məni görəndə soruşurdular ki, “səni niyə əsgərliyə yolladılar?” Onda mən tam mənada anladım ki, bu xalqın böyük çoxluğunun bizim mübarizənin mahiyyətindən xəbəri yoxdur. Uğrunda mübarizə apardığın xalq üçün sənin mübarizən anlaşılmaz bir şeydir.

– Fazil bəy, üzr istəyirəm, bu haqda suallar var. Rəşad Babalı, Ramiz Sadıqlı soruşur ki, “Hərbi xidmətə iddialı getmişdi, amma qayıdanda konstruktivləşmişdi. Səbəbi?”, “Fazil bəyi salamlayıram. Bu hakimiyyət, əgər belə demək mümkündürsə, Fazil bəyi 2001-ci ildə hərbi xidmətə getməyə məcbur etdi. Hərbi xidməti Fazil bəyə qarşı repressiya və təzyiq demək olardımı? Həmin dövrdə Fazil bəy indiki hakimiyyət üçün radikal mövqedə olan Əli Kərimlinin müavini idi. Yeni rejim Fazil bəyi cəzalandırdı, sonra da islah edərək, “konstruktiv müxalifət” adlandıraraq, mandatla mükafatlandırdı”.

– Mən heç bir zaman Əli Kərimlinin müavini olmamışam. Ürəyindəki arzuları bizə sırımasın. Allah onun özünə qismət eləsin onun müavini olmağı. Mən Əbülfəz Elçibəyin müavini olmuşam, sonra da AXCP və sonra da onu Klassik Xalq Cəbhəsi Partiyası kimi qeydə aldılar, KXCP yarananda oarda bir il müddətində siyasi məsələlər üzrə müavin olmuşam.

– Yəni Əli Kərimlinin müavini olmamısınız?

– Yox… Yox…

 

Bu gün də mənim hakimiyyətlə heç bir danışığım, filanım yoxdur

 

– Sanki hər şey elə o hərbi xidmətdən sonra başladı. Siz qayıdandan sonra…

– Bəli, hərbi xidmətdən sonra… Bu günlərdə faktiki olaraq Xalq Cəbhəsində hakimiyyətlə danışıqlar aparılmasının üstü açıldı. Bu gün özündən böyük danışanların hamısı çıxsınlar qabağa və desinlər ki, Fazil Mustafanın hakimiyyətlə hansısa danışığını ya ifşa elədilər, ya da gördülər. Bu gün də mənim hakimiyyətlə heç bir danışığım, filanım yoxdur. Sadəcə öz kursumu aparıram.

– Amma hakimiyyəti də dəstəkləyirsiniz…

– Mənə mane olmur. Dəstəkləmək başqa bir şeydir, mane olmamaq başqa bir şey. Mənim bugünkü kursum bəlkə hakimiyyətə də uyğun gəlir. Ona görə mən hakimiyyətlə hansısa sövdələşməyə getmirəm ki… Amma hakimiyyətlə sövdələşmənin faktını bu gün mən açıqladım, cavab da verən olmadı. YAP da açıqladı.

– Siyavuş Novruzovun açıqlaması?

– Siyavuş Novruzov da açıqladı ki, “Xankəndi” restoranında, Prezident Aparatının otağında, MM-in otağında kimlər Əli Kərimli ilə görüşüblər. Eldar Namazovun təşkilatçılığı ilə. Əli Hüseynli də həmin görüşdə iştirak edib. Bunun hamısı açıqlandı ki, Elçibəyi necə sıxışdırıb çıxarmaq məsələsini, hətta məni əsgərliyə yollamaq məsələmi hansı yollarla həll etmək olar kimi müzakirələr aparılıb.

 

Mənim özüm bu mövzuları ona görə müzakirə etmirəm ki…

 

– Sizin əsgərliyə göndərilməniz məsələsi də, yəni deyirsiniz ki, Əli Kərimlinin həmin görüşdə apardığı danışıqların mövzusu olub?

– Bəli. Bütün bunların hamısı o danışıqların müzakirə predmetidir. Kim mane olur? Kim imkan vermir? Bütün bunların hamısı haqqında danışılıb. Mənim özüm bu mövzuları ona görə müzakirə etmirəm ki, artıq faktiki olaraq bu danışıqların mövzularını hakimiyyət təmsilçiləri açıqladılar. Özləri açıqladılar.

– Hakimiyyət təmsilçiləri açıqlayıb deyə, bəlkə cəmiyyətdə ona görə inamsızlıq var?

– Bunu biz də neçə illərdir, açıqlayırıq axı. Mən deyirəm ki, 1995-ci ildə biz Kələkidə olanda, Türkiyədə olanda bizim Xalq Cəbhəsinin rəhbərliyində olan bəzi şəxslər Elçibəydən xəbərsiz hakimiyyətlə danışıqlara getdilər. Danışıqlarda da o müzakirə olundu ki, “şərtimiz budur ki, bizə parlamentdə yer verirsinizsə, Müsavata yer vermirsiniz". 2000-ci ildə mən televiziyada çıxış etdim və dedim ki, hamınızı Müsavat partiyasına dəstək verməyə çağırıram, çünki Xalq Cəbhəsinin rəhbərliyində olan şəxslər hakimiyyətlə sövdələşiblər ki, parlamentdə yer alsınlar. Həmişə güclü rəqibi yaxına buraxmırlar da… Şərtləri də odur ki, biz hakimiyyətlə bu şərtlə razılaşırıq ki, Müsavatı parlamentə buraxmasınlar. Doğrudan da Müsavat buraxılmadı. 1995-ci ildə də buraxılmadı parlamentə, 2000-ci ildə də… Şirzad və bir neçə adam fərdi qaydada daxil oldu. Bunu mən hələ o vaxtdan deyirəm. Onu da deyirəm ki, əgər siz süddən çıxmış ağ qaşıqsınızsa, siz əxlaqlı insanlarsınızsa, mən AXCP-dan çıxıb başqa bir partiya formalaşdırmışam, partiyamın da kursunu belə hesab edirəm. Loyal müxalifət mövqeyini Azərbaycan şərtlərində daha doğru sayıram və bu xətti də aparıram. Düzdür?

 

Bütün nazirlərlə münasibətlərim normaldır

fazil mustafa6

Mən bunu açıq söhbətdə deyirəm, açıq mübarizə edirəm və bu gün parlamentdə də tənqidi çıxışımı edirəm, mövqeyimi də bildirirəm, amma hakimiyyət məsələsinə də ölüm-dirim kimi baxmadığımı dilə gətirirəm. Hakimiyyətlə də münasibətim normaldır. Bütün nazirlərlə də münasibətlərim normaldır. Amma istədiyim adamı da tənqid edə bilirəm, sözümü deyə bilirəm. Heç kim də mənə məhdudiyyət qoymur, qoya da bilmir. Söhbət başqa bir şeydən gedir: bir var ki, Xalq Cəbhəsinin tərkibində olasan, Əbülfəz Elçibəyin müavini olasan və Fazil Mustafadan, oradakı yüzlərlə hərəkatçıdan xəbərsiz gedib öz maraqların üçün hakimiyyətlə işbirliyinə gedəsən, yüz nəfərə yaxın adama maaş verəsən. Hansı pulla bu adam mühafizəçisinə maaş verir? İndiki halda belə Fazil Mustafanın bir nəfər də olsun mühafizəçisini görmüsünüz? İndinin özündə də mən özüm öz sürücüməm, özüm öz bağbanımam, o komfortu da öz yaxınıma burxan deyiləm. Çünki daxilən mən azadlığı sevən adamam.

 

Öldürməli olsaydılar…

 

Çünki kiminsə məni qorumasına ehtiyac duymuram. Çıxışlarımı da görürsünüz, ən sərt tənqidi yazlarla çıxış edirəm. Onda da edirdim, bunlar gizlənirdilər. Öldürməli olsaydılar, o zaman elə birinci məni öldürərdilər də… Elə onda da, indi də yanımda başqa bir nəfər görməmisiniz ki? O zaman da, indi də tək hər yana gedib-gəlirəm. Zaman da onu göstərdi ki, mən Elçibəyin sona qədər mövqeyini də müdafiə elədim, axıra qədər də onun liderliyinə əxlaqlı münasibətimi ortaya qoydum. Bitdi, vəfat eləyəndən sonra da mənim üçün heç bir avtoritet qalmadı. Kimdir indi mənim üçün avtoritet?

– Burada maraqlı bir sual yaranır. Əgər lider öldüsə, liderlikdən çıxır? Bəs yol? Tutaq ki, Türkiyədə Alpaslan Türkeş öldü, amma bu gün də milyonlarla insan onun yolunu gedir. O baxımdan, “Elçibəy ölən kimi liderlikdən çıxır” kimi fikirlər bir az…

– Liderlikdən ona görə faktiki olaraq çıxır ki…

– Çünki sizin məşhur aforizmə çevrilmiş ifadələriniz var ki, Elçibəyin yanında olanlar var, yolunda olanlar var…

 

 

I hissənin sonu

Strateq.az