XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 11:56

Nil çayını 3 yerə bölürlər:MİSİR, SUDAN VƏ HƏBƏŞİSTAN SƏDDƏ GÖRƏ MÜHARİBƏDƏN YAYINMAĞA ÇALIŞIR

Marianna Belenkaya

“Kommersant”, 10.06.2020

 

Misir, Sudan və Efiopiya 3 aylıq fasilədən sonra ölkə arasında mübahisə mövzusuna çevrilmiş Afrikadakı ən böyük Hidas Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar danışıqları yenidən bərpa edib. Qahirə və Xartum Nilin Həbəşistan (Efiopiya) hissəsindəki yeni bəndin onları lazımi su ehtiyatlarından məhrum edəcəyindən və iqtisadiyyata zərər verəcəyindən qorxur. Ötən il Moskva münaqişə tərəfləri arasında vasitəçi olmağa hazır idi, amma Vaşinqton onu qabaqladı. Ancaq ABŞ da səyində müvəffəq olmayıb: üçtərəfli sazişin imzalanması son anda baş tutmayıb. İndi kompromis üçün demək olar ki, möhlət qalmayıb. İyul ayında, danışıqların nəticəsindən asılı olmayaraq, Həbəşistan su anbarını doldurmağı planlaşdırır.

Hidas SES-in gələcəyi ilə bağlı fevral ayından bəri 3 su ehtiyatı naziri arasında ilk danışıqlar Çərşənbə axşamı video konfrans rejimində keçirilib. Görüşdən əvvəl Qahirə danışıqlar üçün sərt müddət tələb edib. Danışıqların 13 İyun tarixində tamamlanacağı gözlənilir. Misir ümid edir ki, bu vaxta qədər su anbarının doldurulması və su elektrik stansiyasının istismarına birgə nəzarət barədə razılıq əldə olunacaq.

Misirə, həqiqətən, tələsmək lazımdır. Həbəşistan dəfələrlə yağış mövsümü başlayan kimi,  iyul ayında anbarı doldurmağa başlayacağını bəyan edib.

Qahirə bütün mübahisəli məsələlər həll olunmayana qədər bu planların təxirə salınmasını tələb edir. Bunların arasında su anbarının doldurulma müddəti var. Beş illik danışıqlar üçün fərqli müddətlər açıqlanıb: 3 ildən 7 ilədək – Həbəşistana görə, 7 ildən 21 ilədək – Misirin rəyincə.

Amhar dilindən tərcümə olunan “Hidas” “yenidən doğulma” deməkdir. Tikilinin tam adı “Həbəşistanın möhtəşəm dirilişi anbarıdır” və bu ad təsadüfən seçilməyib. Hökumətin böyük planları var. İndi əhalinin təxminən 45% -i elektrik enerjisinə sahibdir. Yeni SES ölkənin hazırda fəaliyyət göstərən bütün elektrik stansiyalarından 1,5 dəfə daha güclüdür.

SES-in istifadəyə verilməsi və anbarın sürətli doldurulması Misirdə və Sudan üçün faciəyə çevrilə bilər: quraqlıq, Asvan SES-in işində fasilələr və nəticədə, elektrik enerjisi istehsalının azalması, məhsul və iş yerlərinin itirilməsi. Mütəxəssislərə görə, yalnız Misirdə 1.5 milyon potensial işsiz var. Bundan əlavə, Qahirə artıq Nilin su ehtiyatlarını təkbaşına idarə edə bilməyəcəyi ilə barışmaq istəmir.

1929-cu ilin İngiltərə-Misir müqaviləsinə və 30 il sonra Misirlə Sudan arasında imzalanan müqaviləyə əsasən, Qahirənin Nil üzərində istənilən bənd tikintisinə veto qoymaq hüququ var. Həbəşistan bu müqavilənin onu hər hansı bir şeyə məcbur etdiyinə inanmır və öz ərazisində Misir və Sudana axan suyun 80% -dən çoxunu təmin edən Nilin üç qolunun olduğunu vurğulayır.

Hidas SES Mavi Nilin sahilində inşa edilir. Anbarın ümumi həcmi 74 kub/km, sahəsi – 1,8 min kv/km-dir. Su elektrik stansiyasının dizayn gücü 6,4 min mvt-dır. Tam işə salındıqdan sonra Hidas Afrikadakı ən güclü su elektrik stansiyasına çevriləcək və dünyanın ən böyük SES onluğuna daxil olacaq.

Layihənin dəyəri 5 milyard dollardır. Tikinti 2011-ci ildə başlayıb və 2023-cü ilə onun başa çatdırılması planlaşdırılır. Podratçı İtalyan tikinti şirkəti “Salini Impregilo”-dur. Tikintidə Çin, Amerika və İsrail şirkətləri də iştirak edir.

Su elektrik stansiyasının tikintisi Misirdəki “Ərəb baharı” ilə üst-üstə düşüb. Əvvəlcə Qahirə bəhsə girməyib, amma Əddis-Əbəbəyə qarşı iddialar və hətta təhdidlər səslənib. Xartum iki od arasında qalıb və öz faydalarını unutmadan, barışıqçı tərəf rolunu oynamağa çalışıb. Belə ki, Sudanın o zamankı prezidenti Ömər Bəşir SES işə düşdükdən sonra Sudana elektrik enerjisi verilməsi barədə Həbəşistanlaa razılaşıb.

2015-ci ildə üç ölkə Xartumda “ətraf mühitə və sahilyanı dövlətlərin iqtisadi maraqlarına zərər vermədən Nil ehtiyatlarının bərabər və ağlabatan istifadəsi” prinsipini elan edən bəyannamə imzalayıb. Bununla birlikdə, texniki təfərrüatlar, o cümlədən su anbarının doldurulması vaxtı məsələsi həll olunmayıb. 2017-ci ilə qədər danışıqlar iflasa uğrayıb.

2019-cu ilin oktyabrında Vaşinqton Qahirənin tələbi ilə üç ölkə nümayəndələrini ABŞ-da danışıqlar aparmağa dəvət edib. Amerikanın təklifi Soçidə keçirilən Rusiya-Afrika sammiti ərəfəsində Misir prezidenti Sisi, Həbəşistan baş naziri Abiy Əhməd ilə görüşdüyü zaman açıqlanıb. Bundan bir neçə gün əvvəl onların arası dəyib. Qahirə baş nazir Əhmədin “bənd üçün müharibə etmək lazım gələrsə, milyonları  səfərbər edəcəyi” açıqlaması ilə əlaqədar kədərləndiyini dilə gətirib.

Şəxsi görüş bütün problemləri aradan qaldırıb. Danışıqlardan sonra texniki komissiyanın işinin bərpa olunması elan edilib. Uğurlu nəticə sual doğurub: Moskva Hidas SES probleminin həllində vasitəçi olmaq fikrindədirmi?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Vladimir Putin Soçi sammitində mübahisəli məsələlərin həllində kömək üçün “Rusiyanın imkanları” barədə danışıb. Ancaq görünən odur ki, buna qədər vasitəçi məsələsi həll olunmuşdu.

Amerika diplomatlarının vasitəçiliyi və Dünya Bankının köməyi ilə məsləhətləşmələr təxminən 4 ay davam edib. Sazişin imzalanması fevralın sonlarında Vaşinqtonda baş tutmalı idi. Lakin misirlilər sənədi yalnız təklikdə paraflayıb. Həbəşistan tərəfi mətnin ölkə daxilində razılaşdırılması üçün əlavə möhlət istəyib. Bu vəziyyətdə sudanlılar danışıqlara gəlməmək qərarı verib. Proses dayandırılıb.

May ayının sonunda, anbarı doldurmaq üçün son vaxt yaxınlaşdıqda vəziyyət gərginləşib. Rəsmi Cuba tərəfindən təcili olaraq rədd edilən Misir hərbi bazasının Cənubi Sudanda mümkün yerləşdirilməsi ilə bağlı yazılar peyda olub.

Sudan mediası, həmçinin keçən il Həbəşistana gətirilən “Pantzir-C1” Rusiya zenit raket sistemlərinin anbar bölgəsində yerləşdirildiyini açıqlayıb. Xəbərlar Həbəşistan-Sudan sərhəd bölgəsində may ayının sonlarında bir neçə insanın öldüyü qarşıdurmalar fonunda ortaya çıxıb. Münaqişə anbarla əlaqəli deyildi, ancaq dialoqun bərpasına mane ola biləcək qorxular vardı.

Ancaq tezliklə sağlam düşüncə hakim olub, tərəflər danışıqlar masasına qayıdıb. Düzdür, heç kim mövqeyindən geri çəkilməyib. Qahirə gələcək razılaşmaların ABŞ-ın dəstəyi ilə hazırlanan sənədə əsaslanmasını və bütün mübahisələr həll olunmayana qədər Əddis-Əbəbənin su anbarını doldurmaqdan çəkinməsini tələb edir. Həbəşistana hələ də inanır ki, heç kim ona şərt diktə edə bilməz.

ABŞ, Avropa İttifaqı və Cənubi Afrika nümayəndələri – Afrika Birliyinə sədrlik edən ölkə danışıqlarda müşahidəçi kimi çıxış edir. Rusiya iştirak etmir, ancaq danışıqları dəstəkləyir.

İyun ayının əvvəlində Moskva öz mövqeyini təsdiqləyib: bənd problemi “mövcud mexanizmlər çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun və 2015-ci ilin Hartum Prinsipləri Bəyannaməsinin ruhuna uyğun həll olunmalıdır”.

“Misirin tərəfdaşı olan Rusiya səssiz qala bilməzdi. Yəqin ki, Rusiyanın vasitəçilik təklifi hələ də qüvvədədir. Moskva özünü qlobal təhlükəsizlik ixracatçısı kimi təqdim edir. Amma başqalarının Rusiyanı vasitəçi kimi görməyə hazır olub-olmaması sual altındadır”, – deyə misirşünas Dmitri Tarasenko “Kommersant”a bildirib.

Bununla yanaşı, o, Vaşinqtonda razılaşdırılmış sənədin əhatəli olduğunu qeyd edib. “Lakin Misirin Həbəşistana təzyiq etmək üçün aləti yoxdur və bunun üçün beynəlxalq birliyin dəstəyi lazımdır. Uzun illər Afrikada lider olan Qahirə üçün rəqiblərinin gücləndiyini başa düşmək asan deyil. Söhbət beynəlxalq vasitəçilərin Həbəşistanı sanksiyalarla hədələməkdən başqa nə edə biləcəyindən gedir”.

“Misir Asvan Anbarını qurarkən heç kimdən icazə almayıb və əslində, Nil suyundan təklikdə istifadə edib. İndi Əddis-Əbəbə əvvəllər heç kəsin nəzərə almadığı maraqlarına uyğun hərəkət etmək hüququnu xatırladır. Buna baxmayaraq, danışıqlar qaçılmazdır. Amma Həbəşistan məsələnin qabardılmasında maraqlı deyil”. Bunu “Ekspertiza İnteqrasiyası” informasiya-analitik resursunun baş redaktoru, Afrika mütəxəssisi Anna Maslova bildirib. Onun fikrincə, Rusiya bəyanatı “Misirin xeyrinə idi”.

Maslova bildirib: “Dialoqu elə bir istiqamətə yönəltmək vacibdir ki, Həbəşistanın su anbarı tikmək hüququnu şübhə altına almasın. SES-in işə salma prosesində şəffaflığı təmin etmək və qonşular üçün fəsadları təhlil etmək lazımdır”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə