XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2020 - 12:50

ABŞ-dan RUSİYAYA NÖVBƏTİ TƏRS ŞAPALAQ:Ukrayna addım-adım NATO-ya yaxınlaşır - TƏHLİL

Kiril Sazonov

“Obozrevatel”, Ukrayna, 16 iyun 2020-ci il

 

…Təəssüf ki, istirahət günləri öncəsi iki xəbər, necə oldusa, bizim informasiya məkanından yan keçdi. Özü də bu informasiyalar o qəbildən idilər ki, mütləq iki şampan butulkası açılmalı idi.

Mordorda (əfsanəvi “qara ölkə”, burada Rusiya nəzərdə tutulur – tərc.) isə əksinə, mən əminəm ki, onlara kifayət qədər diqqət veriblər. Və orada, Müqəddəs Yazıda deyildiyi kimi, “ağlamaq və diş qıcamaq” vardı. Bizi isə, yəqin ki, “xain düşmən” və “amerikalıların iş ortaqları” adlandırıblar. Yaxşı, gözəl…

Beləliklə, ABŞ Konqresi 250 milyon dollar dəyərində olan Ukraynaya təhlükəsizlik üzrə yardım paketini təsdiqləyib. Bu, nə deməkdir?

Birincisi, bu o deməkdir ki, biz ABŞ-ın diqqət mərkəzində qalırıq və orada Ukraynanın məhz müdafiə məsələlərində dəstəklənməsinin vacibliyini gözəl anlayırlar. ABŞ, Rusiyanın təcavüzü kontekstində, hər şeyi öz adı ilə adlandırır.

İkincisi, bu qərar ABŞ-ın Ukraynanın müdafiə və təhlükəsizlik sektorunun uğurla islah olunduğunu qəbul etdiyini göstərir.

Yardım paketinə rəqibi izləmək üçün avadanlıqlar, artilleriya əleyhinə mübarizə vasitələri, tibbi avadanlıqlar, kibertəhlükəsizliyi təmin etmək və rus təbliğatına qarşı mübarizə aparmaq üçün komplekslər daxildir.

Yardım paketində mühüm olan bir ünsür də Azov-Qara dəniz regionunda sabitlik və təhlükəsizliyi təminat altına almaq üçün Ukrayna hərbi dəniz qüvvələrinə dəstəyin verilməsidir.

Beləliklə, Ukrayna ABŞ üçün strateji tərəfdaş olaraq qalır. Və bu yardım münasibətlərimizin həmin statusunu təsdiq edən ən gözəl sübutdur. Şübhəsiz, ABŞ bizim müttəfiqimizdir.

Bu istiqamətdə olan ikinci, əvvəlkindən heç də az əhəmiyyətli olmayan xəbər də odur ki, Ukrayna NATO-nun genişləndirilmiş imkanlar proqramının iştirakçısı statusunu alıb. Bu qərarı NATO qəbul edib. Bu, NATO-ya daxil olmaq öncəsi sonuncu pillədir. Hətta bir sıra Avropa ölkəsi belə hesab edir ki, Ukrayna üçün bu status yetərlidir və orada dayanıblar. Ancaq bizim strateji hədəfimiz NATO-ya daxil olmaqdır. Konstitusiyada belə yazılıb. Və biz həmin istiqamətdə kifayət qədər uğurla irəliləyirik.

NATO-nun genişləndirilmiş imkanlar proqramı, həqiqətən, fərdi tərəfdaşlıq çərçivəsində əməkdaşlığı inkişaf etdirmək üçün çox sayda variantlar, imkanlar verir. Bu, yalnız birgə təlimlərin keçirilməsi imkanı deyil, eyni zamanda NATO-nun kəşfiyyat məlumatları və daxili təhlil materiallarına giriş imkanıdır. NATO-nun belə tərəfdaşlarının sayı cəmi 6-dır: Finlandiya, Avstraliya, Gürcüstan, İordaniya, İsveç və bir də Ukrayna.

Bəli, belə iki böyük xəbər vardır. Əlbəttə, “Xəyanət!” qışqırıqları daha yaxşı “satılır”. Lakin burada, bizim NATO-ya yönəlik strateji kursumuzda və ABŞ-la hərbi tərəfdaşlığımızda ikiqat uğur vardır. Və yeri gəlmişkən, bu proseslərə nəzarət edən və onları idarə edən Zelenski idi. Yəni, hər hansı bir kurs dəyişikliyindən və Kremlə güzəştdən söhbət getmir. Təsadüfi deyil ki, onlar Zelenskini artıq millətçi adlandırırlar.

Rəqib Ukrayna Silahlı Qüvvələrilə toqquşduqdan sonra qalan dişlərini qıcayır. Və Ay altında bundan xoş bir səs ola bilməz…

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə