XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

18 İyun 2020 - 16:25

RUSLAR ÇƏKİNMƏDƏN PUTİNİ SÖYÜRLƏR –Pandemiya ictimai qəzəbi inqilaba çevirə bilər

Roman Dobroxotov

“Əl-Cəzirə”, 17.06.2020

 

Koronavirus pandemiyası və onun iqtisadi nəticələri dünyanın hər yerində insanların diqqətini çəkib və təbii ki, bu, hökumətlərin və dövlət başçılarının reytinqlərinə təsir edib.

Bəzi yerlərdə populyar olmayan hakimiyyətlər xalqın dəstəyini qazana biliblər. Məsələn, İtaliyanın baş naziri Cüzeppe Kontenin ictimai etimad reytinqi fevral ayındakı 50 faizdən mart ayında 70 faizə yüksəlib. Fransada prezident Emmanuel Makron mart ayında sorğuda 51 faizlik etimad reytinqinə sahib idi, halbuki 2018-ci ilin fevral ayından bu göstərici 33 faizə enmişdi.

Aprel ayında Böyük Britaniya hökuməti təxminən son 10 ildə ən yüksək etimad reytinqi (52%) qazanmışdı, amma iyunda 39 faiz. Almaniyada kansler Angela Merkelin partiyası – Xristian Demokrat Birliyi fevral ayındakı 27 faizlik etimadını 39 faizə yüksəldib.

Rusiya prezidenti Vladimir Putinin reytinqinə pandemiya təkan verməyib və faktiki olaraq etimad reytinqi son 2 ildəki aşağı tendensiyanı möhkəmləndirib.

Xüsusilə populyar olmayan pensiya islahatı geniş ictimaiyyətdə, hətta Putinin tərəfdarları arasında da qəzəbə səbəb olub. Neft qiymətlərinin düşməsi və son 10 ildə Rusiya üçün ikinci iqtisadi böhran ictimai rəyə ciddi təsir göstərib.

Putinin 2036-cı ilə qədər (84 yaşınadək) hakimiyyətdə qalmasına imkan yaradan Konstitusiya dəyişiklikləri qərarı da populyar deyil. Koronavirusun yayılmasına görə etirazların qadağan olunduğunu nəzərə alaraq, Kreml bu düzəlişləri həyata keçirmək üçün COVID-19 dövrünü ən yaxşı vaxt hesab etsə də, Rusiya ictimaiyyəti məyusdur. Putinin ömürlük hakimiyyətdə qalması fikri ən sərt tərəfdarları arasında belə qəzəbə səbəb olur.

Müstəqil araşdırma mərkəzi “Levada”ın may ayında keçirdiyi anket sorğusunda respondentlərin 59%-i Rusiya prezidentini dəstəkləyib (fevralda 69%). Cəmi 5 il əvvəl Rusiyanın Ukraynaya müdaxiləsi və Krımın ilhaqı Putinin etimad reytinqini 85 faiz səviyyəsinə qaldırmışdı. Onun prezidentliyinə dəstək 2011-13-cü illərdə hökumət əleyhinə etirazlar zamanı ən aşağı səviyyə olub.

Dövlətə dəstəyinin digər göstəriciləri də kəskin şəkildə aşağı düşüb. May ayında keçirilmiş başqa bir sorğuda cəmi 25 faiz insan Putinin etibar etdikləri Rusiya siyasətçiləri sırasında olduğunu söyləyib – bu göstərici hakimiyyətdə olduğu son 20 il ərzində ən aşağı dəyərləndirmədir.

Yeri gəlmişkən, yanvar ayında ona olan ictimai etibar 35 faiz səviyyəsində idi; 3 il əvvəl 59%.

Rus gəncləri Putinə qarşı çıxırlar; 18-24 yaşlı respondentlərin yalnız 10 faizi prezidentə etimad göstərdiyini bildirib. Ən az təhsilli, yoxsul vətəndaşlar, kiçik şəhər və kəndlərdə yaşayanlar arasında da inamsızlıq yüksəkdir.

Azalma tendensiyası dövlətlə əlaqəli VCIOM-un sorğusunda da qeydə alınıb. Keçən il Kremlin sözçüsü Dmitri Peskov sorğu nəticələrini tənqid edəndən sonra (respondentlərin cəmi 31,7 faizi prezidentə etimad göstərmişdi) sorğu metodologiyası dəyişdirildi. Dəyişiklikdən sonra səviyyə 72 faizə yüksəlib.

Bu ilin əvvəlində sosioloq Mixail Dmitriyev və psixoloq Anastasiya Nikolskayanın keçirdiyi fokus qrup araşdırması nəinki Putinin prezidentliyinə narazılığının kəskin şəkildə artdığını, həm də narazılığın daha çox siyasiləşdiyini göstərib.

Əvvəllər ictimai narazılıq pensiya islahatı, ekoloji problemlər, yaşayış səviyyəsinin aşağı olması kimi sosial məsələlərə yönəlmişdisə, bu gün ruslar qanunun aliliyi, demokratik hüquq və azadlıqların yoxluğundan getdikcə daha çox narahatdırlar.

Bundan başqa, Dmitriyev və Nikolskayanın araşdırmaları cəmiyyətdə artan aqressivliyi göstərib: respondentlər cavablarında daha emosional olub, hakimiyyətdə olanlar haqqında söyüş söyməkdən çəkinməyiblər.

Koronavirus məhdudiyyətlərini nəzərə alaraq, yığılan qəzəb küçələrdə sərbəst buraxıla bilməz, buna görə də, qaynama davam edəcək. Kremlin fikrincə, pandemiya və xalq narazılığı iqtisadiyyatın dirçəlməsi ilə azalacaq.

Ancaq bu fərziyyədə 2 problem var. Birincisi, neft və qazın qiymətləri pandemiya bitdikdən dərhal sonra bərpa oluna bilməz. Odur ki, sürətli iqtisadi dirçəliş üçün açıq perspektiv yoxdur. İkincisi, iyulun 1-nə planlaşdırılan təklif olunan Konstitusiya dəyişiklikləri ilə bağlı qarşıdakı “xalq səsverməsi” oda daha çox yağ əlavə edə bilər.

Müstəqil hüquq mütəxəssisləri “xalq səsverməsi”nin etibarlılığını belə şübhəyə alır. Referendumda nəticələrin etibarlı olması üçün 50 faiz seçicinin iştirakı vacibdir. Dəyişikliklərin xalq tərəfindən rədd edilməsi halında bunu əldə etmək çətin olacaq.

Buna görə də, “Xalq səsverməsi” haqqında xüsusi qanun qəbul edilib, bu da seçicilərdən minimum fəallıq tələb etmir və səslərin monitorinqi prosesi minimaldır.

“Qolos” kimi müstəqil seçki müşahidəçiləri qanunu buna görə tənqid ediblər.

Son “Levada” sorğusu respondentlərin təxminən 44 faizinin pensiya indeksləri və minimum əmək haqqı zəmanətləri ilə bağlı təklif olunan Konstitusiya dəyişikliklərinin lehinə səs verəcəyini göstərib.

VCIOM rusların düzəlişləri dəstəkləyib-dəstəkləməməsi ilə bağlı sorğu keçirməyib.

Bir çox insanın səsverməni boykot edəcəyini nəzərə alsaq, müsbət nəticə əldə etmək üçün kütləvi saxtalaşdırma tələb olunmaya bilər ki, bu da Kremlin ümid etdiyi şeydir.

Lakin bu, problemi həll etməyəcək. İyulun 1-dəki nəticədən asılı olmayaraq, rusların əksəriyyəti Putinin ömürlük hakimiyyətdə qalma israrından qəzəblənməyə davam edəcək. Bu mənada xalq etirazlarının püskürməsi qaçılmazdır.

Kreml bunu bilir və onları əvvəlcədən inandırmağa çalışır. Bu yaxınlarda Konstitusiya Məhkəməsi nümayişlərin yalnız yerli hakimiyyət orqanlarının təyin etdiyi bəzi ərazilərdə keçirilməsinə icazə veriləcəyi ilə bağlı qərar çıxarıb. Yeni qaydanın necə tətbiq ediləcəyi hələ bilinmir, ancaq ehtimal ki, müxalifətin hakimiyyətin icazəsi olmadan hər hansı bir nümayiş keçirməsi qeyri-mümkün olacaq. Bu da, öz növbəsində, gələcək siyasi etirazın polis tərəfindən sərt müdaxiləsi və ictimai qəzəbin daha da artması deməkdir.

Rusiyadakı qeyri-sabitliyin başqa bir mənbəyi avqustun 9-da qonşu Belarusda keçiriləcək seçkilər ola bilər. Hələ də prezident olan Aleksandr Lukaşenkonun rəqib kimi kimin iştirakına icazə verəcəyi məlum deyil, lakin son etirazlar belarusların getdikcə səbirsizləşdiyini göstərir. Onlar repressiv hakimiyyətə etiraz etməyə hazırdırlar. Belarusdakı hər hansı bir iğtişaş, iki ölkənin təkcə iqtisadi deyil, həm də psixoloji cəhətdən də sıx bağlı olduğunu nəzərə alaraq, Rusiyaya təsir göstərə bilər.

Bu kontekstdə, Putinin aydın varisinin yoxluğu, hakimiyyət müddətini uzatma hərəkəti ölkəni qeyri-sabitlik və Rusiyanın böyüməkdə olan müxalifəti üçün inqilabi anla nəticələnə bilər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə