XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 11:00

Ankara terrorunun hədəfləri:Verilən mesajlar və alınan cavablar

Dünən Ankarada baş vermiş terror hadisəsində ölənlərin sayı artır. 34 nəfərin öldüyü, 125 nəfərin yaralandığı hadisənin PKK terror təşkilatı tərəfindən həyata keçirildiyindən şübhə edilir. Şahidlərin ifadələrinə inansaq, partlama nəticəsində həyatını itirənlərin sayı açıqlanan rəqəmlərdən dəfələrlə çoxdur. Odur ki, zaman keçdikcə, həlak olanların sayının daha da yüksələcəyi gözlənilir.

Son bir ayda 2-ci dəfə Ankaranın tam ortasında baş verən bu qanlı hadisə əslində gözlənilməz deyildi. Bir müddət əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin Ukraynadakı agenti türk mətbuatına açıqlamasında Rusiya tərəfindən bu cür terror hücumlarının hazırlandığı barədə xəbərdarlıq etmişdi. Türkiyə xüsusi xidmət orqanları da bu xəbərdarlığı ciddi qəbul etmiş, ciddi önləyici tədbirlər aldıqlarını bildirmişdilər.

Qardaş ölkənin xüsusi xidmət orqanlarından mətbuata sızdırılan məlumata görə, PKK terrorçularının ötən cümə günü böyük səs-küyə səbəb olacaq partlayışlar törədəcəkləri gözlənilirdi. Ən ciddi hadisələrin Novruz bayramı ərəfəsində yaşanacağı, ölkənin həm daxildən, həm də xaricdən sarsıdıcı zərbələrə məruz qalacağı ehtimal olunurdu.

Xüsusi xidmət orqanlarının ötən cümə günü gözlədikləri terror aktının bazar günü törədilməsi bəlkə də bu proflaktik tədbirlərlə bağlıdır. Yəni alınan önləyici tədbirlər hadisəni sadəcə 2 gün ləngidə bildi.

Terror aksiyasının keçirildiyi məkan və zaman da xüsusi seçilmişdi. Partlayışın yerli vaxtla saat 18.41-də baş verməsi xəsarət alacaq insanların sayının kifayət qədər yüksək olmasına hesablana bilərdi. Axşam saatları istənilən parkın ən qaynar zamanlarına təsadüf edir: Şəhər əhalisi boş zamanlarını parklarda keçirir, ailə-uşaqları ilə axşam gəzintisinə çıxır.  Xüsusilə gözəl heykəlləri və çoxəsrli ağacları ilə tanınan Güvənpark isə Türkiyənin paytaxtının ən gözdə yerlərindən sayılır və daha çox ziyarətçi axınına uğrayır.

Zənnimizcə, Güvənparkın seçilməsində onun daşıdığı adın və yerləşdiyi məkanın da xüsusi əhəmiyyəti olub və möhtəvasında mühüm mesajlar dayanır.

Türkiyənin Baş nazirliyi binasının tam qarşısında yerləşən bu park Ankaranın göbəyini simvolizə edir. Sanki hadisəni törədən terrorçular türk siyasi iradəsinə “nə qədər təhlükəsizlik tədbiri alırsınız alın, biz lazım gələrsə, sizə şah damarınızdan yaxın ola və böyük əsk-səda yaradan “fırtınalar” qopara bilərik” mesajını vermək istəyiblər.

Onlarla insan ölümünə səbəb olan partlayışın “Güvənpark”da baş verməsinin digər simvolik mənası parkın adı ilə bağlıdır. Sanki məkan seçimiylə Türkiyəyə güvənliyinin hədəf seçildiyi mesajı verilirdi.

Türkiyə rəsmilərinin Ankaradakı son terror hadisəsiylə verilən mesajlara reaksiyası da maraqlı olub. Hadisə zamanı xəstə qudasını yoluxmağa gedən prezident Rəcəb Tayip Ərdoğan terrorla bağlı ilk açıqlamasını da  elə bu ziyarət əsnasında verib. O, terrorda həyatını itirənlərin ailəsinə başsağlığı verərək, vətəndaşları “əndişələnməməyə” çağırıb və əlavə edib: “Dövlətimizin bütün təşkilatlarının millətimizlə birlikdə apardığı terrorla mübarizə mütləq müvəffəqiyyətlə nəticələnəcək, terror dizə gətiriləcək".

Fikirmizcə, Ərdoğanın həm tövrü, həm də açıqlaması terror mesajına ciddi əhəmiyyət vermədiyini göstərmək məqsədi daşıyır. O, bu cür hadisələrlə Türkiyədə sosial həyatın əks yöndə təsirlənməyəcəyini, hətta quda ziyarətlərinin belə təxirə salınmayacağını ortaya qoymaq istəyib.

Prinsipcə, terrorla mübarizə aparmağın başqa yolu da yoxdur. Hakimiyyətin hər hansı panikası terrorçularda öz məqsədlərinə çatdıqları barədə təsəvvürləri yarada və onları yeni aktlar törətməyə həvəsləndirə bilər. Belə məqamlarda ölkə prezidentinin dik duruşu terrorizmə qarşı mübarizədə əzmi ifadə edir ki, Ərdoğan da mesaja əslində əks mesajla cavab verib.

Türk siyasi iradəsinin bu cavabı qardaş ölkənin cənub sərhədlərində baş qaldıran separatizmə qarşı mübarizənin daha ciddi aparılacağından xəbər verir. Sözsüz ki, mübarizə zamanı Ankaranın qarşılacağı problemlər, ödəyəcəyi bədəllər də az olmayacaq.

Yarandığı tarixdən etibarən, PKK-nin fəaliyyətinə nəzər salanda təşkilatın mübarizə taktikasını dəyişdirdiyini və bunun da separatizmə qarşı mübarizəni çətinləşdirdiyini görə bilərik. Əvvəl əsasən kürdlərin yaşadıqları məkanda Türkiyə hakimiyyətinin dayaqlarını sarsıtmağa çalışan PKK bu ildən başlayaraq, döyüş poliqonunu paytaxta daşıyıb. Xüsusilə son hücumda seçilən hədəflər də, məhz buna görə, mülki vətəndaşlardı.

Halbuki, PKK bu zamana qədər əsasən Türk ordusunun mənsublarını hədəfə alırdı. Hətta yeni taktiki mübarizə üsulunun başlanğıcı hesab etdiyimiz ötən aykı hadisə belə Türk Silahlı Qüvvələrinin əsgər daşıyan maşınlarına qarşı yönəlmişdi. Bu dəfəki hədəf isə açıq-aşkar mülki vətəndaşları oldu. Baxmayaraq ki, ötən ildən etibarən Güvənpark, faktiki olaraq, polislərin ciddi nəzarəti altında idi və buna görə də türk mətbuatında polis qərargahına çevrilməkdə ittiham edilirdi. Bununla belə, son intihar hücumu sərnişin daşıyan avtobuslara qarşı törədilib və ölənlərin də əksəriyyəti mülki insanlar olub.

Sözügedən fakt terrorun hədəfinin Türkiyənin vətəndaşları arasında bir-birinə güvənsizlik hissi yaratmaq və etnik mübarizəni alovlandırmaq niyyətini ortaya qoyur. Daha konkret desək, məqsəd mübarizəni hansısa marjinal qrupların davasından çıxarmaq, onu Türkiyənin iki ən böyük etnik topluluğu arasındakı savaşa çevirmək ola bilər. Bu həm də PKK davasına ciddi sosial baza qazanmaq deməkdir.

Türkiyənin terrorizmə qarşı mübarizədə işini çətinə salan amillərdən biri də Suriyadan qardaş ölkəyə sığınan qaçqınlardır. 3 milyona yaxın olan bu qaçqınlar arasında xeyli sayda terrorçuların da ola biləcəyi istisna deyil. Odur ki, öz vətəndaşlarından fərqli olaraq, suriyalı qaçqınları yaxşı tanımayan Türkiyə xüsusi xidmət orqanları təhlükənin kimdən gələ biləcəyini də müəyyənləşdirməkdə çətinlik çəkir. Üstəlik, bu qaçqınlar Kilisdən tutmuş İstanbula qədər Türkiyənin hər bölgəsinə yayılıb. Qardaş ölkə onların hər birinə potensial bomba kimi yanaşmaq imkanında deyil. Əks halda, həyatdan bezən, öz yurd-yuvalarından didərgin düşməyin ağır psixoloji sarsıntısını yaşayan bütün qaçqınları həqiqətən canlı bombaya çevirmiş olar.

Qısası, qardaş ölkəni terrorizmə qarşı mübarizədə ciddi problemlər gözləyir.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə