XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2020 - 11:15

MİSİRİN “MÜHARİBƏ ELANI”:"fironlar ölkəsi" Liviyada Türkiyənin güclənməsinə hərbi cavab verəcəkmi?

Şahirə Əmin

“Əl-Monitor”, 25.06.2020

 

Prezident Əbdülfəttah Sisinin, Türkiyənin dəstəklədiyi Birlik Hökuməti qüvvələrinin Liviyanın şərqindəki Sirte şəhərində irəliləməsi halında, Misirin qonşu Liviyaya hərbi müdaxilə edə biləcəyi barədə xəbərdarlığı Liviyadakı tərəflərin qarışıq təpkisinə səbəb olub.

Xəlifə Həftərlə əlaqəli Liviya parlamenti Sisinin sözlərini müsbət qarşılayıb. Nümayəndələr Palatasının iyunun 21-də verdiyi bəyanata görə, spiker Aqila Saleh hələ yanvar ayında Qahirəyə “Liviyada silahlı qüvvələrinə terrorizmlə mübarizədə kömək etmək və xarici işğalı qarşısını almaq üçün” çağırış etmişdi.

Bu arada, Tripolidə BMT tərəfindən tanınan Milli Birlik Hökuməti (MBH) Sisinin xəbərdarlığını “müharibə elanı” və “suverenliyə hücum” adlandırıb. Daha sonra MBH “Liviya dövlətinin yeganə qanuni nümayəndəsi” olduğu xatırladıb.

Prezident Sisi bildirib: “Misir dövlətinin istənilən birbaşa müdaxiləsi artıq beynəlxalq legitimlik qazanıb”. O, Türkiyənin vasitəçiliyi ilə “Azad Suriya Ordusu”nun (ASO) 2000-dən çox döyüşçüsünün Liviyanın təhlükəsizliyinə və sabitliyinə təhdid doğurmasına istinad edib. Sisi Misirin məsaməli qərb sərhəddinin qorunmasının zəruriliyini vurğulayıb.

Prezident bu bəyanatı Liviya ilə sərhəddə yerləşən Sidi Barrani hava qüvvələri bazasında səsləndirib.

Türkiyənin dəstəyi sayəsində MBH-yə sadiq qüvvələr son həftələrdə Həftər qüvvələrini geri çəkərək Liviya Milli Ordusunun (LMO) Tripoliyə 14 aylıq hücumun qarşısını alıb və əhəmiyyətli hərbi qələbə qazanıblar. MBH-nin Türkiyə tərəfindən dəstəklənən qüvvələri rəqiblərini strateji Sirte və əl-Cufra hava bazasına doğru irəliləməklə hədələyib, ancaq Sisinin “Sirte və Cufranın qırmızı xətt” olması xəbərdarlığı MBH-nin planlarını pozub.

Sisinin xəbərdarlığı MBH ilə müttəfiq qüvvələrin əsir alıb işgəncə verdiyi iddia edilən 23 misirli fəhlənin Misirə deportasiyasından bir neçə gün sonra səslənib. Binəva misirlilər peyk kanallarında göstərilib, onlardan bəzilərinin meyiti Misir bayrağı ilə kəfənlənib.

Bundan əvvəl Misir sosial mediasında işçilərin zorakılığa məruz qaldıqlarını əks etdirən bir video yayılmışdı.

Sisinin şərhləri sosial mediada Misir bayrağı və “Yaşasın Misir!” şüarlı şübhə, qorxu və vətənpərvərlik hissi daxil olmaqla, müxtəlif təpkilərlə qarşılanıb.

Bəziləri xəbərdarlığı hökumətin uğursuzluqlarından, məsələn, koronavirus pandemiyasına reaksiya və “Böyük İntibah” su anbarı layihəsi çərçivəsində Efiopiya ilə danışıqlarda problemlərin yaranması ilə əlaqələndirib.

Qahirə Universitetinin siyasi elmlər professoru Həsən Nəfaa kimi skeptiklər Sisinin xəbərdarlığını rədd edərək Misirin Liviyada birbaşa müharibəyə girməsinin qeyri-mümkün olduğunu iddia ediblər. “Lakin Qahirə MBH qüvvələrinin şərqə doğru genişlənməsinə dözməyəcək, çünki bu, Misir tərəfindən Türkiyənin” Müsəlman Qardaşlar”a verdiyi dəstək sayəsində düşmən dövlətin qələbəsi hesab ediləcək”.

Türkiyə 2013-cü ilin sonlarından bəri Misirin terror təşkilatı elan etdiyi müxalif qrupun üzvlərinə və sürgün edilən liderlərinə sığınacaq verir.

Nəfaa əlavə edib: “Prezident Sisi Türkiyənin genişlənmə hədəflərini rədd edir və Türkiyənin Liviya üzərində nəzarətinə mane olmaq üçün hər şey edəcəyi xəbərdarlığı səsləndirib. MBH böhranın siyasi həllindən daha çox hərbi həll yolunu seçməklə, Həftərin əvvəllər etdiyi səhvi təkrarlayır. Qahirə Həftər qüvvələrinə indi daha çox dəstək verərək, onları təchizat və silahla gücləndirəcək”.

Politoloqun sözlərinə görə, Sisi və Körfəz müttəfiqləri – BƏƏ və Səudiyyə Ərəbistanının dəstəyi artıq gizli və təmkinli olmayacaq.

Nəfaa Həftərin Moskvada Türkiyə və Rusiyanın vasitəçiliyi ilə yanvar ayında atəşkəs sazişini imzalamaqdan imtina etdiyini və bir neçə həftə sonra Berlində LMO qüvvələri tərəfindən təkrar razılaşmanı rədd etməsini xatırladıb. “Həftər bütün vədləri qulaqardına vurub. Qorxum budur ki, MBH qüvvələri böhranın daha da kəskinləşməsinə və daha qanlı qarşıdurmalara səbəb olan atəşkəs çağırışlarına məhəl qoymama seçimi edə bilər”.

Misir Təhlükəsizlik və Müdafiə Məsləhət Şurasının böyük strateji general-mayor Samir Faraq kimi digər analitiklər Sisinin xəbərdarlığını çox ciddi qəbul ediblər. “Misirin Liviyaya hərbi müdaxiləsi MBH qüvvələrin atəşkəsə sövq etmə üçündür. Prezident Sisi suya bir daş atıb. Onun sözləri regional və qlobal güclərin, o cümlədən Pentaqon və NATO-nun oxşar çağırışlarına səbəb olub”.

İyunun 6-da Sisi xarici döyüşçüləri Liviyanı tərk etməyə və təxminən on illik vətəndaş müharibəsinə son qoyma təşəbbüsü çərçivəsində Cenevrədə sülh danışıqlarının aparılmasına çağırıb. Qahirənin sülh planı hələ də yaralarını yalayan Həftəri yola gətirib, lakin LMO-ya qarşı hücumlarını davam etdirən MBH tərəfindən rədd edilib və o, Sirteyə yaxınlaşıb.

İyunun 23-də keçirilən Ərəb Birliyinin fövqəladə iclası Liviyaya “bütün qanunsuz xarici müdaxilələrin” rəsmi şəkildə rədd edilməsi bəyanatı ilə nəticələnib və Sisinin bütün xarici qüvvələrin geri çəkilməsi çağırışına cavab verilib.

Misirin xarici işlər naziri Samih Şükri videokonfransda çıxış edərək, Liviyanın terror qruplaşmalarının nəzarəti altına düşməməsi üçün hər cür tədbir görməkdən çəkinilməyəcəyini söyləyib. Sisinin elan etdiyi təşəbbüsə istinad edərək, o, rəsmi Qahirənin müxtəlif beynəlxalq təşəbbüslərdə iştirak etdiyini və böhranın siyasi həllinə nail olmaq üçün səy göstərdiyini əlavə edib.

Suriyanın şimalından olan terrorçuların Liviyadan Misir ərazisinə keçməsi riski yeganə narahatlıq mənbəyi deyil. Türkiyənin Misirin qərb sərhəddinə yaxın ərazidə dayaq əldə etmək və hərbi bazalar qurma ehtimalı Qahirənin həyəcan təbili çalmasına səbəb olur. Lakin Faraq daha bir mübahisəyə diqqət çəkib: 2019-cu ilin noyabr ayında Türkiyə ilə MBH arasında dəniz müqaviləsinin imzalanması. Müqavilə Türkiyəyə mübahisəli bölgədə təbii sərvətlərə çıxış hüququ verir. Türkiyə, Misirin və digər Aralıq dənizi dövlətlərinin (Kipr, Yunanıstan və İsrail) Tripolinin xeyir-duası ilə yaxın aylarda qazma işlərinə başlamağı planlaşdırıb. Bu, rəqib dövlətlərin kəmərlə Avropaya təbii qaz ixracı planlarına mane olacaq.

Tərcümə: Strateq.az