XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2020 - 11:33

LUKAŞENKO YENƏ DƏ SEÇKİDƏ TƏK QALA BİLƏR –"Ən çirkin və ən qəddar prezident kampaniyası"nın nəticəsi indidən bəllidir

Anton Xodaseviç

“Nezavisimaya qazeta”, 01.06.2020

 

Rəsmi Minsk Rjevdə Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin arasında danışıqların baş tutduğunu iddia edir. Lakin məlumatın yoxluğu ekspertlərin Rusiyanın cari seçkidə Lukaşenkoya dəstək vermədiyinə inanmağa əsas verir. Potensial namizədlər və fəallar isə bu prosesdə hakimiyyətin ssenarisinə əsasən kukla olmaq niyyətində deyillər.

Aleksandr Lukaşenkonun sözçüsü Nataliya Eysmont bildirib: “Prezidentlər müntəzəm olaraq həll edilməli olan bütün məsələləri müzakirə ediblər”. Müşahidəçilər Putin və Lukaşenkonun videosüjetdə yanaşı addımladıqlarını və tam 10 saniyə danışdıqlarını deyirlər. Üstəlik, Rusiyaya səfəri ərəfəsində Lukaşenko vəzifədaşı ilə müzakirə etməyi planlaşdırdığı bir sıra mövzuları açıqlayıb.

Sosial şəbəkələrdə siyasi fəallar məzələnirlər: 10 saniyədə Vladimir Putin Lukaşenkodan yalnız 31-ci inteqrasiya kartına imza atmağa hazır olub-olmadığını soruşa bilər. Görüşün qısamüddətli xarakterinə görə, cavab “yox” ola bilər, – deyə yerli müşahidəçilər əmindir və bildirirlər: bu seçkidə Aleksandr Lukaşenko öz xalqı ilə təkbaşına qalma riski ilə üzləşə bilər. Misilsiz repressiya və saxtalaşdırma şəraitində Qərbin dəstəyinə də inanmaq olmaz.

Prezidentliyə potensial namizədlər, eləcə də onların tərəfdarları hakimiyyətin təzyiqlərinə müqavimət göstərməkdə davam edir. Xüsusilə, Aleksandr Lukaşenkonun keçmiş köməkçisi, Yüksək Texnologiyalar Parkının (HTP) keçmiş rəhbəri Valeri Sepkalo iyulun 1-də keçirdiyi mətbuat konfransında təşəbbüs qrupunun təqdim etdiyi imzaları rədd edən ərazi seçki komissiyalarının qərarlarına etiraz etmək niyyətində olduğunu söylənib. “Qanuna görə, rədd edilən imza vərəqələrini bizə təqdim etməlidirlər ki, imzaları rədd edilmiş şəxslərin arasında sorğu keçirək”.

Sepkalonun sözlərinə görə, imzalar üç yoxlamadan keçib. “İmzanın yoxlanılması proseduru baxımından bizdə ən ciddi və ən sərt üsul var”.

Valeri Sepkalo qeydiyyata alınacaq digər namizədlərdən hər hansı biri ilə birləşməyin mümkünlüyünü də istisna etmir. “Əlbəttə, prezidentliyə namizədlər siyahısında qalanlardan birinin yanında olacağıq, deməli… belə birliyin olması mümkündür”.

Xəbər verildiyi kimi, iyunun 30-da Belarus MSK potensial prezidentliyə namizədlər üçün toplanan imzaların yoxlanmasının nəticələrini açıqlayıb. Valeri Sepkalo tələb olunan miqdardan – 100 min həddindən 75.249 az imza toplayan yeddi namizəddən yalnız biridir. Təşəbbüs qrupu isə 212 mindən çox imza toplayaraq 160 mininin seçki komissiyalarına təqdim olunduğunu iddia edir.

Ancaq bu, namizədlərin qərargahında və ekspert mühitində təəccüb doğuran yeganə məsələ deyil. Komissiyalar hazırkı prezidentin əsas rəqibi, “Belqazprombank”ın keçmiş rəhbəri Viktor Babarikonun da 200 min imzasını rədd edib. MSK 365 min imzanın yalnız yarısının etibarlı olduğunu qəbul edib, lakin bəzi digər potensial prezidentliyə namizədlərin təqdim etdiyindən daha çox imza açıqlayıb. Məsələn, keçmiş deputat Anna Kanopatskaya 110 min, Belarus Sosial Demokrat Partiyasının (Qramada) sədri Sergey Çereçenin 106 min imzasını təsdiqləyib ki, əslində, hər biri təxminən 37 min əlavə imza əldə edib.

Çereçenin qərargahı imzaların yoxlanılması zamanı saxtakarlıq faktını təsdiqləyib: 143 min yox, 106 min imzalı vərəqə təhvil verilib. “Bu sual bizə aid deyil”, – deyə partiyanın sözçüsü Oleq Çumakov imza sayının gözlənilməz artması ilə bağlı jurnalistlərə açıqlamasında bildirib. İndi siyasi fəallar Sergey Çereçeni saxtakarlıq faktını etiraf etmək xahişi ilə səlahiyyətli orqanlara müraciət etməyə çağırır.

Göründüyü kimi, Anna Kanopatskaya hakimiyyət orqanlarının çaldığı havaya oynamaq qərarı verib və vəziyyətdən çıxmağa çalışaraq 110 min imzalı vərəqələri şəxsən komissiyaya gətirdiyini, lakin komanda üzvlərinin təhvil verdiyini söyləyib.

MSK-nın məlumatına görə, prezident seçkilərində altı nəfər qalır: Viktor Babariko, Sergey Çereçen, Anna Kanopatskaya, hazırkı prezident Aleksandr Lukaşenko (1.939.572 imza toplayıb), “Həqiqətə söylə” (“Qovori pravdu”) kampaniyasının lideri Andrey Dmitriyev (106,841) və “Həyat üçün ölkə” (“Strana dlya jizni”) “YouTube” kanalının müəllifi, bloqer Sergey Tixanovskinin arvadı Svetlana (104 757).

Viktor Babarikonun qərargahı, prezidentliyə namizəd kimi qeydiyyata alınmaq üçün imzaların kifayət qədər olmamasına baxmayaraq, ədalət axtarmaq niyyətindədir. Onun nümayəndəsi Marina Kolesnikova rəsmən vətəndaşları müvafiq ərazi komissiyalarında imzalarının taleyi ilə maraqlanmağa çağırıb. Fəallar dərhal müraciətə cavab verib.

Aleksandr Lukaşenko, bu arada, “ölkəni onlara verməyəcəyəm” prinsipini nümayiş etdirir. İyulun 1-də icazəsiz tədbirdə iştirak etdiyi üçün 30 gün sonra, iyunun 30-da sərbəst buraxılmalı olan sabiq prezidentliyə namizəd Nikolay Statkeviç haqqında cinayət işi açılıb. O, video bloqer Sergey Tixanovski ilə əvvəlcədən əlbir olaraq ictimai asayişi kobud şəkildə pozan hərəkətlər hazırlamaqda şübhəli bilinir. Sonuncu şəxsin həbs müddəti daha 15 gün uzadılıb.

Repressiya baxımından, bu, Belarusda ən çirkin və ən qəddar prezident kampaniyasıdır. Bunu ekspertlər bildirib.

Tərcümə: Strateq.az