XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2020 - 09:31

MƏSCİD, YAXUD MUZEY? –Pompeonu da narahat edən statusla bağlı son qərar 15 gün ərzində məlum olacaq

Dieqo Kapulo

“Əl-Monitor”, 02.06.2020

 

İstanbul Ayasofyasının məscidə çevrilməsi ilə bağlı müzakirələr illərdir Türkiyə siyasətində baş qaldırır. Cümə axşamı qısa bir iclasdan sonra Türkiyə məhkəməsi 15 gün ərzində bu mövzuda qərar verməlidir.

Altıncı əsr tikilisi ilkin kafedral kilsə və bu gün İstanbul olaraq bilinən şəhərin, 1453-cü ildə Osmanlının Konstantinopolu fəth etməsindən sonra məscid olub. Ayasofya 1934-cü ildə, Mustafa Kamal Atatürkün Türkiyə Cümhuriyyətini qurmasından təxminən on il arxada qaldıqda, muzeyə çevrilib.

O vaxtdan bəri tikilinin statusu siyasi müzakirə mövzusu olub, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanı müsəlman ibadətgahına döndərmək niyyətini dəfələrlə dilə gətirib.

Koronavirus böhranının doğurduğu iqtisadi təzyiqi şəraitində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) elektoratı olan millətçi və dini seçicilərə xitabən atdığı addım hazırda Türkiyə məhkəməsinin qərarını gözləyir.

“Düşünürük ki, Ayasofyanın 86 ildir muzey olması türk xalqını incidir və kədərləndirir”. Bunu məhkəmədən sonra jurnalistlərə vəkil Selami Karaman bildirib. O, əlavə edib: “Bu məscid Fatih Sultan Mehmetin şəxsi mülküdür”.

Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutundakı Türkiyə Araşdırmaları Proqramının direktoru Söner Cağaptay Ayasofyanın indiki statusunun dəyişdirilməsinin Atatürkün “dünyəvi, Avropa və Qərbə meyilli respublika” yaratma cəhdinin mərkəzi olduğunu söyləyib: “Bir əsr sonra Ərdoğan öz inqilabını həyata keçirir… Türkiyəni öz imicinə, mühafizəkar sosial, siyasi islamçı və Yaxın Şərqə baxan bir ölkə olaraq formalaşdırmaq üçün”. Cağaptay əlavə edib: “O, Ayasofyadan öz inqilabını, yəni Türkiyənin ictimai məkanını, təhsilini və hökumətini dinlə dolduran bir inqilabı vurğulamaq üçün istifadə edir”.

Söner Çağaptay dəyişikliyin bu il baş verə bilməyəcəyini söyləsə də, Cümə axşamı Qətərə səfər edən Ərdoğanın ambisiyasını tezləşdirəcəyi gözlənilir.

Almaniya Marşall Fondunun Ankara üzrə direktoru Özgür Ünlühisarcıklı da Türkiyə hökumətinin tarixi tikilinin statusunu yaxın gələcəkdə dəyişməyə çalışacağına inanır. Bu addımın qısa müddətdə AKP-yə seçici dəstəyini azaldacağını qeyd edən Ünlühisarcıklı dəyişikliyin Türkiyənin əsas müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldakı bələdiyyə başçısı Əkrəm İmamoğluna birbaşa hücum olduğunu söyləyib: “Bu, Əkrəm İmamoğlunu gözdən salma cəhdidir. Əlbəttə, Ayasofyanı məscidə çevirmək geniş ictimaiyyət arasında çox populyar olacaq, lakin CHP-də də parçalanma yaradacaq”.

Özgür Ünlühisarcıklı əlavə edib ki, Türkiyənin müxtəlif müxalifət partiyalarını dəstəkləyən seçicilərin böyük bir hissəsi mübahisəyə dini yox, milli suverenlik məsələsi kimi baxır. Məhkəmənin qərarı İmamoğlunun bir çox tərəfdarını ondan uzaqlaşdıra bilər.

Ünlühisarcıklı “əl-Monitor”-a açıqlamasında deyib: “İmamoğlu əsas hədəfdir. İstanbul bələdiyyə başçısı olaraq o, kəskin suallara cavab verməli olacaq. Kosmopolit şəxs olduğu üçün isə bu çevrilişə dəstək verməsi çətindir”.

Məhkəmə ərəfəsində ABŞ dövlət katibi Mayk Pompeo da bir bəyanat verərək, Türkiyə hökumətini “Ayasofyanı muzey olaraq qoruyub saxlamağa, Türkiyənin müxtəlif etiqad ənənələrinə və tarixinə hörmət etmək öhdəliyinin nümunəsi olaraq hamı üçün əlçatan olmasını təmin etməyə” çağırıb.

Pompeonun açıqlaması tezliklə Türkiyə Xarici İşlər Nazirliyinin tənqidi ilə qarşılanıb. Nazirliyin sözçüsü Hami Aksoy bildirib: “Torpaqlarımızda yerləşən Ayasofya, bütün mədəniyyət sərvətlərimiz kimi, Türkiyənin mülküdür. Tikili ilə bağlı hər hansı bir məsələ Türkiyənin suveren hüquqlarının bir hissəsi olaraq, daxili işimizdir”.

Müzakirədə Ayasofyanın məscidə çevrilməsinin dünyada xristianlar və müsəlmanlar arasında fikir ayrılığına səbəb olacağını söyləyən pravoslav xristianların ruhani lideri patriarx Varfolomey də tənqid olunub. Bənzər açıqlamalar pravoslav dini və mədəni irsinin qorunmasını istəyən yunan dini liderləri tərəfindən də verilib.

Xatırladaq ki, müzakirələr mayın 29-da Osmanlıların Konstantinopolu fəth etməsi ildönümü münasibətilə təşkil edilən tədbirdə, Ayasofyada duaların oxunması ilə başlayıb.

Tərcümə: Strateq.az