XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 16:35

Azərbaycan Rusiyadan üz çevirir –Qərbə yönəlişin təmtəraqlı ifadəsi

 

Prezident İlham Əliyevin Türkiyəyə son səfəri olduqca mühüm dövrə düşür və anlamlı mesajları ehtiva edir. Görüşə anlam qatan əsas məqamlardan biri səfərin gerçəkləşdirildiyi gün Rusiyanın öz ordu birləşmələrini Suriyadan çıxarmasıydı.

Sirr deyil ki, Moskvanın Suriyaya hərbi müdaxiləsini davam etdirdiyi 5 ay boyunca regionda yürütdüyü bütün siyasətlər ən çox Türkiyənin milli maraqlarına qarşı yönəlmişdi. Rus ordusunun birdən-birə Suriyadan geri çəkilməsi, sözsüz ki, regionda Türkiyənin əlini  gücləndirir, onu yenidən bölgənin ən əhəmiyyətli söz sahibindən birinə çevirir. Prezident İlham Əliyevin Türkiyə səfərinin məhz bu ərəfədə baş tutması, iki ölkə liderinin bir-biriylə səmimi görüşmələri, “yüksək səviyyəli strateji əməkdaşlıq” barədə razılığa gəlmələri Türkiyənin böyük dövlətə çevrilmə siyasətini Yaxın Şərqlə məhdudlaşdırmayacağından, Qafqaz və Orta Asiyanı da öz maraq dairəsinə daxil etdiyindən, Azərbaycanın isə bu siyasətdə önəmli yer tutacağından xəbər verir.

Təsadüfi deyil ki, bütün səfər boyu verilən mesajlar, göstərilən jestlər də bu məqsədə qulluq edirdi.

Bilindiyi kimi, görüş əslində Türkiyədə deyil, Azərbaycanda keçiriləcəkdi. Bir ay bundan qabaq planlaşdırılan görüşün təxirə salınmasında Ankarada baş verən ilk terror hadisəsi mühüm rol oynadı. Təxirə salınan səfərin yenidən reallaşdırılmasına bir neçə gün qalmış yenə eyni ssenari təkrarlandı və səfərin bu dəfə də baş tutacağı sual altına düşdü. Bəlli idi ki, hansısa qüvvə iki qardaş ölkənin bir araya gəlməsini istəmirdi. Elə bu faktın özü də keçirilməsi gözlənilən görüşün nə qədər mühüm əhəmiyyət kəsb etdiyindən xəbər verirdi.

Bu qədər çətin məqamda Azərbaycan lideri türkiyəli həmkarının vəziyyətini nəzərə alıb özü onun ziyarətinə getməyi təklif etdi. Türkiyə prezidenti də təklifi yüksək qiymətləndirdi, İlham Əliyevi böyük təmtəraq və səmimi  jestlərlə qarşıladı.

Əlbəttə, hər iki liderin səfər zamanı bir-birinə göstərdikləri səmimi jestlər təsadüfi deyildi. Dünya siyasətində öz adına layiq yer tutmağa çalışan Türkiyə milli-mənəvi amillərlə bağlı olduğu coğrafiyalardan siyasi dəstək almadan öz böyük hədəfində uğur qazana bilməyəcəyinin fərqində olduğu kimi, Azərbaycan da iqtisadi maraqlarından tutmuş suverenliyinə qədər bir çox məsələlərdə qardaş ölkənin yanında dayanmağa məhkumdur. Əks halda, dünya jandarmalığına can atan bir ölkəylə qonşuluğumuz dövlət maraqlarımızı təhlükə altında qoyar, taleyimizi hər zaman qopmağa hazır nazik saplardan asılı vəziyyətə salardı.

Bu baxımdan İlham Əliyevin Türkiyəyə səfərini, sadəcə, təkcə Türkiyə xalqının dərdinə şərik çıxmaq jesti kimi qiymətləndirmək doğru olmaz. Bu, həm də Azərbaycanın geostrateji maraqlarının tələbi idi. Rəsmi Bakının “qara gündə” qardaş qapısını döyməsi dəfələrlə təxirə salınan Yüksək Səviyyəli Strateji Şuranın toplantısına nə qədər əhəmiyyət verdiyini, Türkiyə-Rusiya arasında son zamanlar yaranmış gərginlikdə kimin yanında dayandığını ortaya qoyurdu.

Rus-türk dilemması qarşısında qalan rəsmi Bakının Türkiyəni seçməsi və Rusiyanın iradəsinə zidd cəsarətli addım atması həm də türk millətinin min illər boyu dəyişməyən strateji hədəflərindən, siyasi oriyentasiyasından irəli gəlir. Hakimiyyətdə kimin yer tutmasından asılı olmayaraq, yaşadığımız coğrafiyanın gətirdiyi zərurətlər, insanlarımızın milli-mənəvi dünyagörüşləri hətta siyasi xarakter etibarilə bir-biriylə ziddiyyət təşkil edən liderləri belə, Qərbə yönəlmək məcburiyyətində qoyub. Min il bundan əvvəl türk axınlarında yer alan babalarımız Qərbə yönəldiyi kimi, 20-cu əsrin əvvəllərində milli hökumət quran siyasilərimiz də eyni yolu davam etdiriblər. Azərbaycan Demokratik Cümhuriyyətindən yüz il sonra da qurulan dövlətimizin əsas hədəflərindən biri də Qərbə inteqrasiyadır.

Ölkə başçısı da bu səfəriylə tarix boyu Qərbə yönəlişə söykənən və Şərq xalqları arasında ilk Avropa mədəniyyətinə meylli xarakterinin tələblərini yerinə yetirdi. Bayrağının rənglərinə belə hopdurduğu Qərbləşmə prinsipini əlində rəhbər tutan bir ölkə daşıdığı dəyərlərə sədaqətini başqa cür də göstərə bilməzdi.

Qərbləşmə siyasətinə yenidən qayıdışın ilk mənzili olaraq Türkiyənin seçilməsi isə təsadüfi deyildi. Türkiyə tarix boyu təkcə Azərbaycanın deyil, bütünlüklə türk xalqlarının Qərbə açılan qapısı rolunu oynayıb, bu gün də oynamaqdadır. Anadolu yarımadasının bir türk dövləti kimi mövcudluğu belə, Qərbə yönələn türk axınlarının son dayanacaq nöqtəsinə çevrilməsiylə bağlıdır.

Şübhəsiz ki, Prezident Əliyevin Türkiyə səfərinin başlıca məqsədlərindən biri də iqtisadi amillərlə bağlıydı. Bu amil səfər çərçivəsində əldə olunan razılıqlarda da öz əksini tapıb. Türkiyə prezidenti Ərdoğanın etirafına görə, səfər çərçivəsində imzalanan 6 sazişdən biri stateji əməkdaşlıq barədədir. Sazişin təfsilatı haqqında kifayət qədər məlumat verilməsə də, liderlərin dilindən səslənən ifadələrdən analışır ki, onlar bu çərçivədə əsasən 2 məsələ üzərində razılığa gəliblər. Başlıca məsələ isə TANAP layihəsi barədədir.

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TANAP əslində Rusiyanın qlobal qaz insiharçılığına qarşı beynəlxalq güclər tərəfindən dəstəklənən layihədir. Avropanı rus qazı inhisarçılığından xilas etmək istəyən ABŞ və əksər Qərb dövlətləri TANAP kimi kiçik həcmli layihələrə üstünlük verir, bunu enerji təhlükəsizliyinin şərti olaraq görür. Bu layihə reallaşacağı təqdirdə Türkmənistan qazının da Qərbə çatdırılması mümkün olacaq. Beləcə, Qərb ölkələrinin rus qazından asılılığı azalacaq.

İki liderin görüşdən sonra keçirdikləri mətbuat konfransında Türkiyə prezidentinin verdiyi məlumata əsasən, imzalanan sazişdə TANAP layihəsinin vaxtından tez başa çatdırılması barədə razılıq əldə olunub. Ərdoğan öz çıxışında bildirib: "Azərbaycanla birlikdə həyata keçirdiyimiz ən əhəmiyyətli layihə, bildiyiniz kimi TANAP-dır. TANAP-da işlər plana uyğun şəkildə sürətlə irəliləyir. Hətta layihənin planlaşdırılan müddətdən əvvəl tamamlanması üçün çalışırıq”.

Ərdoğanın sözlərindən o da aydın olur ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi də iki liderin müzakirə predmetinə çevrilib və bu il ərzində Azərbaycanı Qərbə daha qırılmaz tellərlə bağlayacaq dəmiryol xəttinin açılışı olacaq.

Türkiyə-Azərbaycan arasında ticarət dövriyyəsinin 15 milyard dollar səviyyəsində saxlanılması da həmçinin liderlərin razılığa gəldiyi əsas hədəflərdən biridir. Bütün bu faktlar rəsmi Bakının Rusiyaya qarşı qlobal təcridetmə siyasətində kövrək addımlar atmasını bariz şəkildə ortaya qoyur.

Sözsüz ki, Azərbaycan hakimiyyətinin rus iradəsinə zidd addımları müəyyən risklər doğura bilər. Şimal qonşumuzun getdikcə əlindən çıxan fürsətlərə laqeyd qalmayacağı və itirdiklərinin bədəlini ondan üz döndərən köhnə tərəfdaşlarına ödətdirməsi ehtimalı istisna olunmamalıdır. Moskvanın əlində xüsusilə Azərbaycana qarşı istifadə edə biləcəyi maşa da var. Söhbət erməni amilindən gedir.

Görüş barədə səsləndirilən bəzi rəsmi açıqlamalar toplantıda bu ehtimalın da gündəmə gətirildiyini göstərir. Məlumata görə, müzakirə mövzularından biri də hərbi əməkdaşlıq və təhlükəsizlik məsələsi olub. Bunu Türkiyə prezidenti Ərdoğanın aşağıdakı fikirləri də təsdiqləyir: "Görüşdə hərbi, müdafiə sənayesi və təhlükəsizlik mövzularını təkrar ələ aldıq. Müdafiə sənayesi sahəsində konkret bəzi addımlar atılmasını qərarlaşdırdıq. Önümüzdəki aylarda keçiriləcək 3-cü Türkiyə-Azərbaycan Müdafiə Sənayesi Əməkdaşlıq Toplantısının bu istiqamətdə əhəmiyyətli bir fürsət təşkil edəcəyinə inanıram".

Ərdoğanın bu açıqlaması belə bir təəssürat yaradır ki, Qərbə yönəliş yoluna sədaqətini nümayiş etdirən Azərbaycanın qarşılaşa biləcəyi sürprizlər iki qardaş ölkənin liderləri arasında müzakirə edilib və hərbi əməkdaşlıq sahəsində də mühüm addımlar atmasını şərtləndirib.

Bir sözlə, İlham Əliyevin Türkiyə səfəriylə Azərbaycan ortaya mövqe qoydu və nə qədər riskli olmasına baxmayaraq, bunu bütün dünyanın gözü qarşında nümayiş etdirdi.

Ümidvar olmaq istərdik ki, səfər zamanı verilən mesajlar ictimai həyatımızda da öz əksini tapacaq, ölkəmizin demokratikləşməsinin önündəki bütün süni əngəllər ortadan qaldırılacaq. Nədən ki, öz oriyentasiyasına sədaqət jestinin əməli fəaliyyətlə təsdiqlənməsi artıq rəsmi Bakı qarşısında günün ən böyük sınaqlarından birinə çevrildi.

 

Heydər Oğuz

Strateq.az