XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2020 - 10:37

Rusiya Cənubi Qafqazda “böyük qardaş” mövqeyini qorumağa çalışır –TÜRKİYƏ BÖLGƏYƏ HƏRBİ MÜDAXİLƏNİ AĞLINDAN KEÇİRİRMİ?

Fehim Taştekin

“Əl-Monitor”, 17.06.2020

 

İyulun 12-dən etibarən Azərbaycanla Ermənistan arasında sərhəd toqquşması fonunda Türkiyə Cənubi Qafqazda uzun sürən və mürəkkəb qarşıdurmada niyyətinin nədən ibarət ola biləcəyi ilə bağlı suallar yaradıb və Azərbaycana dəstəyini ifadə etmək üçün qeyri-adi sərt dildən istifadə edib.

Xarici işlər naziri Mevlut Çavuşoğlu Ermənistanı “ağlı başına yığmağa” çağırıb və Türkiyənin “bütün imkanları ilə” Azərbaycanın yanında olacağına söz verib. Müdafiə naziri Hulusi Akar ermənilərin “öz hiyləsində boğulacağını və etdikləri əməllərin əvəzini mütləq ödəyəcəkləri” barədə xəbərdarlıq edib.

Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 14-də “qəsdən hücum etmənin” “Ermənistanın kalibrindən kənar bir iş” olduğunu söyləyərkən, təkrarlanan toqquşmaların arxasında xarici barmağın dayandığını göstərib. Məqsəd, onun fikrincə, Dağlıq Qarabağda, Azərbaycanla Ermənistan arasındakı mübahisəli anklavda həll səylərini əngəlləmək və regionda “yeni münaqişə zonaları” yaratmaqdır.

Rusiya – Ərdoğanın eyham vurduğu ilk gücdür. Ola bilərmi ki, Moskva İrəvan üzərindəki təsirini yenidən qiymətləndirmək üçün fövqəladə bir vəziyyət yaratmağa çalışır, yaxud Ermənistanın da Ukraynanın yolunu gedərək, 2018-ci ildə “məxməri inqilab”dan sonra hakimiyyətə gələn baş nazir Nikol Paşinyanın ona tabe olmayacağından ehtiyat edir?

Ankara “hiylədən” danışarkən, islamçı müxalifət partiyasının lideri Fatih Erbakan Ermənistanın Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən əsas enerji və dəmir yolu marşrutları üzərində yerləşən Tovuz rayonunu hədəfə aldığını söyləyib. Bakı-Tbilisi-Ceyhan boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistan ərazisindən təxminən 20 kilometr məsafədə, Azərbaycan ərazisindən keçir. Lakin bu arqumenti təsdiqləməzdən əvvəl toqquşmaları kim başladığı və Ermənistanın hər hansı bir Azərbaycan ərazisini ələ keçirə bilib-bilməməsi müəyyənləşdirilməlidir.

Rəsmi Bakı ermənilərin sərhəddən bir qarış belə içəri keçə bilmədiklərini söyləyir və tərəflər qarşıdurmanı başlamaq barədə bir-birinə ittiham səsləndirirlər.

Hazırda Türkiyənin davakar mesajları Suriya və Liviyada son hərbi qələbələrdən doğan özünəinamla əlaqələndirilə bilər. Hər iki müdaxilə Ərdoğanın daxili siyasətdəki maraqlarına xidmət edib, lakin, Türkiyənin Azərbaycanla etnik qohumluğu və Ermənistanla tarixi düşmənçiliyini nəzərə alaraq, heç biri Qafqazdakı türk mövqelərinin ləkələyə biləcəyi millətçi şövqlə müqayisə edilə bilməz.

Rusiya üzrə türk mütəxəssisi Aydın Sezer “əl-Monitor”-a açıqlamasında Ərdoğanın Ayasofyanı məscidə çevirməsi ilə gözlədiyi güclü millətçi dalğanı oyandıra bilmədiyini və indi də Qafqazda bəxtini sınaya biləcəyini söyləyib. Bu, əlbəttə ki, Türkiyənin müharibəyə gedəcəyi anlamına gəlmir.

Ankaranın fövqəladə təpkisini başa düşmək üçün başqa iki izah da verilə bilər. Birincisi, Ərdoğan Türkiyənin, Liviyadakı kimi, Qərbin təqdirini qazanaraq Rusiyanın Qafqazdakı maraqlarına qarşı dik duruşdan faydalanacağına inana bilər. Belə bir hesablama bəzi ciddi şərtlərlə üzləşə bilər. 2008-ci ildə Türkiyə, Qafqazda səhv hesablanmış sərgüzəştlərin, (NATO-nun dəstəyinə baxmayaraq) Cənubi Osetiyaya hücum etmiş və Rusiyanın müdaxiləsi ilə məğlub olmuş Gürcüstanın timsalında bunun yaxşı bir fikir olmadığını öyrənib.

Sezerin fikrincə, Türkiyənin Azərbaycana dəstəyinin diplomatik və siyasi səylərdən kənara çıxması ehtimalı azdır, çünki Türkiyənin Ermənistana qarşı hərbi müdaxiləsi Rusiyadan əvvəl ABŞ-ı hiddətləndirəcək.

İkincisi, Ankara Liviya və Suriyada Rusiyaya təzyiqə ümid edə bilər. Ərdoğan hər iki qarşıdurmada elan olunan məqsədlərinə tam çatmayıb. Liviyada, xüsusən də, ruslar Sirt və əl-Cufranı “qırmızı xətt” kimi gördüklərini açıqladıqdan sonra oyun qaydaları dəyişdirilməlidir. Rusiya ilə danışıqlar isə yaxşı getmir.

Sezer bildirib: “Türkiyənin hərəkətlərinin yaxşı hesablanmış strateji planlaşdırma üzərində qurulduğunu düşünmürəm, ancaq Qafqazda ruslara təzyiq tətbiq etmək istəyi onları Suriya və Liviyada bir qədər mütəhərrik olmağa sövq edə bilər”.

Bununla belə, Cənubi Qafqazdakı münaqişənin dinamikası – onları hərəkətə gətirən nə olursa-olsun – Rusiyanın bölgədəki nəzarətini yenidən gücləndirəcək. Qeyd edək ki, 2008-ci il münaqişəsi Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə nəticələnib.

Azərbaycan, Ermənistan və Gürcüstanı özündə birləşdirən Cənubi Qafqaz qurşağı çox vaxt Ukraynaya yaxın bir bölgə olaraq görülür və burada NATO Rusiyanın təsir dairəsini yarmağa çalışır. Bu çərçivədə Türkiyənin Qafqaza çıxışı dəyərli bir aktiv olaraq görülür.

Ancaq belə bir ssenaridə Ermənistan itirilmiş bir halqadır. İki ölkənin diplomatik münasibətləri olmadığı üçün Ermənistanla heç bir türk kanalı yoxdur. Üstəlik, Ermənistan həm hərbi baxımdan, həm də iqtisadi baxımdan Rusiyadan çox asılıdır. Vəziyyət nəzarətdən çıxsa, ABŞ Ermənistanı qorumağı seçə bilər, amma mövcud vəziyyət Vaşinqtonu Rusiya ilə münasibətləri pisləşdirməkdən çəkindirir.

2009-cu ildə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr qurmaq və ortaq sərhədi yenidən açmaq üçün mühüm bir razılaşma əldə edilmişdi, lakin müqavilə qarşılıqlı ittihamlar şəraitində iflasa uğrayıb. Razılaşma sağ qalsaydı, NATO-nun Qafqaz üçlüyünə dair ssenarisinin mənası olardı.

Bəzi müşahidəçilər İrəvandakı 2018-ci il “məxməri inqilab”ını Ermənistanın Rusiya orbitindən çıxa biləcəyinə işarə olaraq görürlər, lakin görünür, Rusiyanın müdaxilə imkanlarını az qiymətləndirirlər. Cənubi Qafqazdakı strateji tarazlığı öz xeyrinə saxlamaq üçün Rusiya Ermənistanı həm nəzarət, həm də təhlükəsizlik çətirinə bürüyür. Eyni şəkildə, mükəmməl bir tarazlaşdırma oyunu oynayaraq, Bakının Ankara ilə yaxın əlaqələrinə baxmayaraq, Azərbaycanın özgəninkiləşməsinə və əks düşərgəyə keçməsinə imkan verməyib.

NATO-nun Cənubi Qafqaza çıxış yaratma səylərinə görə Rusiya Ermənistan və Azərbaycanda köhnə sovet bazalarını saxlamağa çalışıb. 2012-ci ildə Qəbələ bazasını tərk edərkən, Ermənistanın Gümrü bazasında icarə müqaviləsini 2044-cü ilə qədər uzatmağı bacarıb. Hərbi satış baxımından hər iki ölkəni silahla təchiz edib.

Ermənistan bu gün Rusiya istehsalı olan “BUK-M2” yerüstü hava raketlərinə, “İskəndər” ballistik raketlərinə və “MiG-29” qırıcılarına güvənir. Keçən il 18 “Suxoy Su-30SM” təyyarəsi üçün müqavilə bağlayıb və Gümrüdə yerləşdirilən “S-300” hava hücumundan müdafiə sistemlərini əlavə bir qalxan olaraq görür. Üstəlik, Rusiyanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir hissəsi olaraq, Ermənistanı qorumağa dair rəsmi öhdəliyi var.

Bununla belə, Rusiya Azərbaycanı diqqətdən kənarda saxlamayıb. “S-300”-ləri satmaqla, onların Azərbaycana qarşı istifadə edilməyəcəyinə dair təminat verib. Rus silahlarının yaxşı bir müştərisi olaraq, Azərbaycan öz arsenalını həm də İsraildən alış-veriş, o cümlədən “LORA” ballistik raketləri, “Hermes-900” dronları və “EL / M-2106-ATAR” radar sistemi, eləcə də Türkiyədən gələn avadanlıqlar, “IHTAR” antisistemləri və “SOM-B1” idarə olunan raketləri ilə çeşidləndirib.

Bir sözlə, mövcud şərtlər Rusiyaya Ermənistan-Azərbaycan qarşıdurmasında “böyük qardaş” mövqeyini qorumağa imkan verir.

Ankara ilə sıx əlaqələrə baxmayaraq, Sovet İttifaqı dağıldıqdan sonra Bakı heç vaxt Moskvadan “boşana” bilməyib. Azərbaycan elitası Rusiya ilə dərin köklü əlaqələrini davam etdirir və Sezerin qeyd etdiyi kimi: “Moskvadakı Azərbaycan lobbisi çox güclü olaraq qalır. Əslində, erməni lobbisi həmişə azərbaycanlılara həsəd aparıb”.

Bu arada, Azərbaycan-Türkiyə əlaqələri iki ölkənin əlaqələrini səciyyələndirmək üçün istifadə edilən “iki dövlət – bir millət” prinsipinə uyğun gəlmir. 2009-cu ildə Azərbaycan parlamentində çıxışı zamanı Ərdoğan söz verib ki, Azərbaycan ərazisini işğal etdiyi müddətdə Türkiyə heç vaxt Ermənistanla münasibətləri normallaşdırmayacaq.

Ötən il Ankaranın İrəvanla bağladığı sazişlə əlaqədar ikitərəfli əlaqələrin soyuqluğu yumşalıb, amma Azərbaycanın da Türkiyəyə etimadını zədələyib.

Türkiyənin dəstəyinə əhəmiyyət verərkən belə, Bakı heç vaxt Moskvanın diqqətindən kənarda qalmaya imkan yaratmayıb. Bunu müdafiə və enerji sahələrində sıx əlaqələr də sübut edir.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə