XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 17:50

Dəməşqi tərk edərkən:Moskva Suriyada “ərəb baharı”nı necə “qış”a çevirdi? - Təhlil

putin suriyaa

 

Rahim Ər

"Turkiye gazetesi" (Türkiyə)

 

Vladimir Putin Suriyadan qoşunu çıxartmaq haqda məlumat verdi. Düşünmürük ki, bu, kimisə sevindirdi. Çünki ağla birinci “ümumiyyətlə, orada nə qaldı?” sualı gəlir. Dağıdıb məhv etməyə heç nə qalmayanda “Mən gedirəm!” deməyi qət etdi.

Putin Rusiyası beş ay yarım əvvəl Suriyaya girdi. Ruslar İŞİD-ə zərbə endirməliydilər. ABŞ və müttəfiqlərinin bu bədheybətə zərbəsi yetərsiz idi və köməyə Rusiya gəldi. Barak Hüseyn Obama ilə Vladimir Putinin BMT binasındakı danışıqlarından dərhal sonra baş tutan müdaxiləyə qarşı heç kim etiraz etmədi. Həm də Rusiyanı BƏƏS rejimi dəvət etdi. Rusiya qüvvələri beş ay yarım ərzində İŞİD-lə qətiyyən məşğul olmadı. Onlar Əsədin “xüsusi təyinatlı gücləri”nə xidmət etdi, mötədil müxalifətin, Bayır-Bucaqda türkmənlərin mövqelərinə, Türkman dağlarına bomba səpələdilər, kütləvi qırğınlar törədib yeni qaçqın axını yaratdılar.

Rusiya bir tərəfdən Əsəd rejiminə nəfəs verdi, digər tərəfdən xalq özünümüdafiə dəstələri (YPG) ilə əməkdaşlığa başladı. Suriya tərəfdən Türkiyə ərazisinə buraxılmış raketlərin Rusiyaya məxsus olduğu nəzərə alınsa, durum daha da aydınlaşar.

Eyni zamanda Rusiya münasib vəziyyətdən istifadə edib Aralıq dənizinə çıxmağa (öz milli hədəfinə) daha çox yaxınlaşdı. Nüsayrilər Hafiz Əsədin vaxtından Rusiyanın müttəfiqi idi və Suriyanı Rusiyanın "arxa bağçası"na çevirdilər. Tartusdakı dəniz bazası o vaxtdan qalır. Ziddiyyətə baxın: “ərəb baharı” adıyla meydana çıxmış hərəkat bu bazanı nəinki ləğv edə bildi, həm də bütün bunlara əlavə olaraq Latakiyada quru qoşunu bazası yaratmağa səbəb oldu.

Rusiya bu gün Suriyada öz məqsədinə çatdı: Əsədin və nusayri rejimin mövqeyini möhkəmləndirdi, müxalif qüvvələrə ciddi zərbə vurdu, Suriyadakı hərbi-strateji imkanlarını genişləndirdi, SƏR-də öz hərbi bazalarının sayını artırdı, tarixi idealı yolunda irəlilədi.

Lakin daha bir faktı təkrar etməyə bilmərəm: Amerika İraqı İrana güzəştə getdikdən və İraq bataqlığa döndükdən sonra Suriyanı Rusiya və İrana güzəştə getdi.

Heç şübhəsiz, Rusiyadan gəlib Suriyada döyüşmək kifayət qədər baha başa gəlir. Güman ki, Putin bu dəqiqədən sonra bu cür xərcləri izafi hesab etdi. Lakin “O səmimidirmi?” və ya “Bu, taktiki gedişdir?” kimi suallar yaransa da, yəqin ki, Putin məqsədinə çatıb. Onda bu cür məsrəflər nəyə lazımdır? Həm də yeri gəlmişkən, sülh prosesi formal olaraq başlanır.

Rusiyanın gedişi ilə problem yox olmur. Başlıca məsələ Suriyanın  hansı görkəm alacağından ibarətdir. Qərb etiraz etməsə, İŞİD öz dövlətini yaradacaq. YPG də marıqda durub. Ağ Ev təmsilçisi bu günlərdə bildirdi ki, ABŞ YPG-nin müstəqil dövlət olmasını istəmir. Lakin Moskva başqa cür hərəkət edib Suriya kürdlərini dəstəkləsə, Türkiyə Suriyanın ərazi bütövlüyünə tərəfdar olsa da, türkmənlərə dövlətçilik qazanmaqda  yardım edəcək.

Ola bilsin, Rusiya “gedirəm” deyərkən fasilə edir. Ümumi diqqət nəsə ayrıca bir məsələyə yönələndən sonra qayıda bilər. Məgər baza olarkən “mən getdim” və “mən yoxam” sözləri nəsə bildirir?

Çox güman ki, İraq kimi, Suriyanı da işğaldan sonra bataqlıq gözləyir. Bu, son nəticədə qərb və şərq imperializminin maraqlarına cavab verir. Heç nə təsadüfi deyil: nə “ərəb baharı”nın qışa çevrilməsi, nə İŞİD-in meydana çıxması, nə Rusiya təyyarəsinin vurulması, nə də Rusiyanın gedişi ilə sürpriz…

İraq və Suriyadakı xaos Türkiyəyə başağrsı verəcək.

Və İsrailə azad hərəkət imkanı verəcək.




Yuxarı Əvvələ Ana Səhifə