XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 11:09

POMPEONUN XƏBƏRDARLIĞI ARXASINDA GİZLƏNMİŞ SƏBƏB:Azərbaycan-Ermənistan münaqişəsi Cənubi Qafqazdakı enerji oyununu dəyişdirəcəkmi? - TƏHLİL

Metin Gürcan

“Əl-Monitor”, 22.06.2020

 

Bu yaxınlarda baş verən gərginlikdən əvvəl də Azərbaycan-Ermənistan sərhədində atəşlər səslənirdi. Əsasən Dağlıq Qarabağ anklavında qarşılıqlı atışmalar barədə xəbərlər tez-tez başlıqlara çevrilib. Bəs keçən həftə Tovuz ərazisindəki sürpriz toqquşmalar bu hərbi əməliyyatların bir epizodu idimi?

Tovuz sahəsi Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən, Rusiya və İranın iştirakı olmadan Avropanı Orta Asiya və Çinlə birləşdirən əsas enerji, dəmir yolu və ticarət yolları üzərində yerləşir. Bölgənin əhəmiyyətini, qarşıdurmaların vaxtını və xarakterini nəzərə alsaq, gərginliyi sıradan bir hal kimi qəbul etmək olmaz. Bunun səbəbləri və mümkün nəticələri Azərbaycan və Ermənistan arasında uzun müddətdir davam edən ərazi mübahisəsindən kənara çıxır.

Bunu daha yaxşı başa düşmək üçün onun baş vermə vaxtı nəzərə alınmalıdır. Hər iki hökumətin COVID-19 pandemiyası fonunda ictimaiyyətin diqqətini dərin iqtisadi problemlərdən yayındırmaq üçün eskalasiyaya ehtiyacı var. Azərbaycan neftin qiymətinin aşağı düşməsindən zərər görüb. Hər iki hökumət artan işsizliklə bərabər, pandemiyanın iqtisadi və sosial aspektlərini idarə etmək üçün mübarizə aparıb. Toqquşmaya qədər hər iki tərəfdəki liderlər həssas ritorikadan istifadə ediblər.

Daha dərin bir səbəb isə ABŞ dövlət katibi Mayk Pompeonun 15 iyul tarixli xəbərdarlığında gizlənib: Vaşinqton Avropa və Türkiyəyə uzanan Rusiya boru kəmərlərində iştirak edən enerji şirkətlərinə qarşı sanksiyalara doğru irəliləyir.

Vaşinqtonun Rusiya ilə enerji əməkdaşlığında iştirakçıları cəzalandırmaq üçün müdafiə və təhlükəsizlik sahəsindən kənara çıxmaq niyyəti Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyünə və Avropa İttifaqına birbaşa aiddir.

Əslində, Türkiyə artıq Rusiya və İrandan olan enerji asılılığını azaltmaq üçün hərəkətə keçib. Azərbaycan son bir neçə ildə Türkiyənin alternativə çevirdiyi əsas ölkədir. Mart və aprel aylarında Azərbaycan ilk dəfə Türkiyəyə qaz tədarükü baxımından Rusiyanı üstələyib.

Tovuz sahəsi – Azərbaycanın enerji, dəmir yolu və tranzit yolları baxımından Türkiyə üçün qapıdır. Azərbaycanın Cənubi Qafqaz Boru Kəməri bu ərazidən keçir, Trans-Anadolu Təbii Qaz Boru Kəməri Rusiyadan enerji asılılığını azaltmaq üçün Türkiyə və Avropanın səylərinin əsas tərkib hissəsidir.

Ərazi həm də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolunun mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyənin Sovet İttifaqının dağılmasından bəri həyata keçirdiyi iki böyük ortaq layihədir. Başqa sözlə, bu sahə Azərbaycan enerjisinin Avropaya ixracı və Azərbaycanı Gürcüstan vasitəsilə Türkiyəyə birləşdirən yeganə quru yoludur. Bu kontekstdə o, Rusiya və İrandan yan keçməklə, Türkiyə və Avropanın Orta Asiya və Çinə çıxışı üçün də mühüm bir dəhlizdir.

Türkiyə Rusiya qazından çox asılıdır, üstəlik, onu avropalıların ödədiyindən ikiqat qiymətə alır. 2019-cu ildə Rusiya qazı Türkiyənin qaz idxalının 33%-ini təşkil edib, Ankara ABŞ, Əlcəzair və Nigeriyadan maye qaz almağa başladığı üçün rus qazının payı 2017-ci ildəki 52%-dən aşağı düşüb.

Keçən il başa çatan nəhəng Trans-Anadolu boru kəməri illik 16 milyard kubmetr Azərbaycan qazını Türkiyəyə və oradan qısa müddətdə tamamlanacaq Trans-Adriatik Boru Kəməri ilə Cənubi Avropaya nəql etmək gücünə malikdir. Bura 7,7 milyard kubmetr İran qazı və Cənubi Qafqaz Boru Kəmərinin gücünü əlavə etdikdə, Tovuz tərəfdən keçən üç qeyri-Rusiya boru kəməri Türkiyənin tələbatının təxminən yarısını və Avropanın tələbatının 15%-ini ödəyə bilər.

Trans-Anadolu boru kəməri Azərbaycan və Türkiyə üçün strateji bir nailiyyətdir. Qeyri-Rusiya qazının Balkanlara və Avropaya Türkiyə vasitəsilə nəqli Türkiyə və Avropaya uzanan rus təchizat zəncirini pozur. Azərbaycan, öz növbəsində, Sovet İttifaqından miras qalan və Rusiyadan asılı enerji infrastrukturundan tam müstəqil ixrac istiqamətlərini şaxələndirməyə çalışır.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi Azərbaycanın neftini Türkiyənin Aralıq dənizi sahilindəki strateji Ceyhan limanı ilə beynəlxalq bazarlara ixrac etmə imkanı yaradıb. Elə həmin il istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Azərbaycan qazı Gürcüstan və Türkiyəyə tədarük edilib. İndi Trans-Anadolu boru kəməri sayəsində Azərbaycan öz qazını Avropa İttifaqına sata  və Moskvadakıları qəzəbləndirərək “Qazprom”un bazar payının bir hissəsini ala bilər.

Azərbaycan və Qətər ABŞ-ın Rusiya və İrandan alışları azaltmaq səyləri nəticəsində son iki ildə Türkiyə üçün alternativ qaz tədarükçüləri kimi məşhurlaşıb. Bununla belə, Azərbaycan rolunu daha da genişləndirə bilər.

Türkiyənin Rusiya ilə qaz müqaviləsi gələn il başa çatır və 2021-ci ildən sonra Azərbaycan-Türkiyə tərəfdaşlığının dərinləşməsi perspektivi var.

Pompeonun bəyanatından göründüyü kimi, Vaşinqton Rusiyanın Avropaya qaz ixracı ilə daha çox nüfuz qazanmasına qarşı çıxır və beləliklə, Rusiyanın Almaniyada inşa etdiyi “Nord Stream 2” qaz boru kəməri ilə əlaqədar sanksiya təhlükəsini gücləndirir.

Beləliklə, Azərbaycan-Ermənistan münaqişəsinin miqyasını nədən ibarət olacağına dair iki əsas amil var: Vaşinqtonun Rusiyanın qaz tədarükü ilə Avropada qazandırdığı nüfuzu azaltmaq və Türkiyə ilə Azərbaycan arasındakı artan enerji əməkdaşlığı ilə Rusiya energetikası və bölgədəki hegemonluğunu təhdid etmək.

NATO vasitəsilə Azərbaycanla Qafqazda əməkdaşlığı nəzərdə tutan ABŞ siyasəti və Rusiyanın bu səylərə cavabı münaqişəni daha da qızışdıra bilər.

Eyni şəkildə münaqişə Türkiyə və Rusiya arasında (qaz müqaviləsinin aqibətini necə müəyyən ediləcəyindən asılı olaraq) münasibətləri kəskinləşdirər və ya zəiflədər. Türkiyə Rusiyadan idxalı azaltmaq üçün Azərbaycan seçimini davam edərsə, düşmənçilik kəskinləşəcək. Azərbaycan-Ermənistan qarşıdurması Liviya və Suriyada qarşı tərəflər olan Türkiyə-Rusiya rəqabətinə yeni zəmin yaradar və o, uzunmüddətli ciddi böhrana çevrilə bilər.

Bununla belə, “Qazprom”un yaxın gələcəkdə Türkiyənin əsas qaz tədarükçüsü olaraq qalması ehtimalı var. Türkiyə Azərbaycanla genişləndirilmiş əməkdaşlıq, ABŞ-ın enerji sanksiyaları təhdidi, Liviyadakı son nailiyyətlər, habelə Afrika, xüsusən də Məğrib ölkələri ilə əlaqələrin artması ilə daha güclü danışıqlar mövqeyindədir. Ankara “Qazprom”la bağladığı müqavilənin şərtlərini yenidən müzakirə etməyə hazırlaşdığı üçün bütün bu sövdələşmə çiplərini kapitallaşdırmağa hazırlaşır.

Əvvəlki toqquşmalardan fərqli olaraq, Tovuz döyüşlərində hər iki tərəf xüsusi təyinatlı qüvvələrdən istifadə etməklə, ilk dəfə nəzarət-kəşfiyyat, komanda-nəzarət məqsədləri və dəqiq zərbələr üçün dronlardan istifadə edib. Gərginlik açıq müharibə həddinə çatdığı üçün həyəcanverici bir əlamətdir.

Ümumən, yaxın gələcəkdə Azərbaycan-Ermənistan sərhədində geosiyasi təzyiqlərin artması ehtimalı var, çünki Azərbaycanın Türkiyə və Avropanın əsas qeyri-Rusiya enerji tədarükçüsü rolu böyüyür.

COVID-19 pandemiyasının iqtisadi zərbələri və neftin qiymətinin aşağı düşməsi də qərar qəbuledicilərə təsir edir, Cənubi Qafqazda tozanağı artırır.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə