XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2020 - 11:00

RUSİYA ÜÇÜN YAXINLAŞAN FƏLAKƏT:Kreml neft-qaz monopolisti olmaq imkanlarını sürətlə itirir - TƏHLİL

Zaur RƏŞİDOV

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun

“Azərbaycan fəlsəfə tarixi” şöbəsinin elmi işçisi

 

ABŞ-ın indiki prezideti Donald Trampın 2016-cı ildə prezident seçkilərini qazanmasında rus KQB-si, bu ölkənin xüsusi xidmət orqanları və bəzi rus oliqarxlarının əlinin olması məsələsi elə həmin anda mətbuatda geniş rezonans doğurdu. Daha sonra bu məsələ getdikcə bir qədər də böyüyərək, konkret adların çəkilməsi və aşkar faktların ortaya qoyulması ilə nəticələndi. Belə oliqarxlardan rusiyalı milyarderlər Dmitri Rıbolovlyev Oleq Deripaskanın adları xüsusi ilə çox səsləndi.

Öncə 2016-cı ildə Trampın seçki kampaniyasının rəhbəri olan Pol Manafortun 2017-ci ildə həbs edilməsi, onun bu iki rus oliqarx, xüsusən də Deripaska ilə olan sıx əlaqələrinin üzə çıxması və bu kimi bir çox hadisələr Rusiyanın, birbaşa olmasa da, dolayısıyla ABŞ-dakı seçkilərdə əlinin olmasını söyləməyə kifayət qədər əsas vermiş oldu.

Daha sonra – 2018-ci ilin iyul ayının 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində Donald Tramp və Vladimir Putinin iştirakı ilə keçirilən sammit də qeyd olunan şübhələri bir qədər də artırdı.

Bu şübhələrdə son nöqtəni qoyan hadisə keçən aylarda COVİD-19 pandemiyasının törətdiyi fəsadlar və neftin qiymətinin sürətlə endiyi bir vaxtda baş verən proseslərin gözlənilməz gedişatı oldu.

Bu ilin aprel ayının əvvələrində OPEC++ ölkələrinin toplantıları və daha sonra videokonfranslar zamanı baş verən xoşagəlməz hadisələr, bu hadisələr sonrası Səudiyyə Ərəbistanı və Rusiya arasında başlayan “neft müharibəsi”nə Trampın xilaskar qismində müdaxiləsi və əsas düşmən Rusiyanı quyunun dibindən çəkib çıxarması, Rusiya və Tramp arasında gizli əlaqələrin olmasını, bir növ, tam olaraq açığa çıxardı. Bu dönəmdə ABŞ Rusiyanı birbaşa məhvə gedən yoldan geri qaytardı.

Qeyd olunan hadisələr həm də Rusiyanın dövlət səviyyəsində həqiqətdən tamamən uzaq olan bəyanatlar verəcək qədər irəliyə gedən bir ölkə olmasını da dünya ictimaiyyətinə göstərmiş oldu. Çünki həmin vaxtda Səudiyyə Ərəbistanı neftin istehsalını artıraraq, qiymətini də süni şəkildə endirməsi siyasətinin Rusiya üçün qətiyyən təhlükəli olmamasını Rusiyanın Maliyyə naziri Anton Siluanov dəfələrlə müsahibələrində səsləndirmişdir. Amma buna baxmayaraq, bu oyunun Rusiya üçün həddindən artıq təhlükəli olmasını anlayan Vladimir Putin, ruslara düşmən kimi təqdim edilən Trmpın köməyi ilə bu qəliz məsələdən qurtula bildi.

Bu məqam isə, rəsmi Rusiyanın daim bu faktı təkzib etməsinə baxmayaraq, iqtisadiyyatının neft və qazdan nə dərəcədə aslı olmasını bir daha göstəməklə bərabər, həm də COVİD-19 ilə yeni qurulan dünyada köhnə imperalizmin tərəfdarları, eləcə də Putinin sözdə Rusiya düşmənləri, əməldə isə dostları ilə də sıx əlaqələr içində olmasını da üzə çıxardı.

Bugünlərdə Amerikanın Demokratlar partiyasının lideri və noyabr ayının 3-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərində prezidentliyə əsas namizədlərdən olan Co Bayden maraqlı bir çıxış edərək, gələcək perspektivdə uzun illər İrana tətbiq edilən iqtisadi sanksiyaların da mərhələli şəkildə ortadan qaldırılmasının vacibliyindən danışdı.

Rusiyaya qarşı elə indidən, seçkilərin necə nəticələnəcəyindən aslı olmadan müharibə açan Demokratlar partiyası, bu ölkəni terrorun sponsoru adlandırmaqdan da çəkinmirlər.

Ümumiyyətlə, buradan görünən odur ki, anti-İran siyasətinin yumuşaldılması Rusiyaya qarşı ABŞ-ın əsas və sona saxladığı ən ağır və dağıdıcı zərbələrindən biridir.

Düşünürük ki, Amerikada kimin və hansı partiyanın payızda baş tutacaq seçkilərdə qalib gəlməsindən aslı olmayaraq, Rusiyanın qurduğu neft-qaz monopoliyasının dağıdılmasında İran ən əsas silahdır.

Amerikanın dərin dövlətinin (deep state) lazım gəldiyi anda bu həmləni edəcəyi artıq getdikcə internetdə müzakirə mövzusuna çevrilməkdədir. Əgər bu baş versə və İran kimi olduqca böyük və güclü bir aktorun neft-qaz bazarına girməsi ilə Rusiyanın iqtisadi və bundan irəli gələrək sosial vəziyyətinin kritik səviyyəyə çatacağı qaçılmazdır.

İrana vaxtilə nüvə silahı və atom proqramları ilə yardın etməklə, Rusiya İranın sanksiyalar altına düşməsinin, bir növ, stimullaşdırılmasında da dolayı vasitəçi olmuşdur. Bir çox ekspertlər bu məsələni müasir dünyanın problemləri müstəvisində də interpretasiya edərək, Rusiyanın bu işi düşünülmüş şəkildə təşkil etdiyini və bu addımla İran kimi nəhəng bir neft ixracatçısının bazardan kənar qalmasına səbəbkar olmasını yazmağa başlayıblar.

İranın da ümumdünya neft-qaz bazarına girməsi, onun Rusiya ilə münasibətlərinə böyük zərbə vuracağını qaçılmaz edən amildir. Çünki son zamanlar baş verən hadisələrin fonunda Rusiya Avropada qurduğu neft-qaz monopoliyasını itirdikcə, istər-istəməz, Şərq bazarlarına çəkilməyə məcburdur. Son aylarda sürətli bir şəkildə Çinlə hərtərəfli ticarət əlaqələrini gücləndirir. İranın da Çin ilə ticarət əlaqələrinin möhkəm olması məlumdur. İran nefti və qazının əsas alıcılarından biri də məhz Çindir. Bu amil mütləq şəkildə Rusiyaya qarşı cəbhəyə, dərin dövlətçilik ənənələrinə sahib və diplomatiya sahəsində çox məharətli olan daha bir ölkəni – İranı da qoymuş olacaq.

Digər tərəfdən, Rusiyanın uzun zamandır ki, dünyanın daha bir nəhəng neft ixracatçısı olan Venesuelanın da işlərinə qarışdığı bəllidir. Son illərdə bu kirli işlər artıq idarə olunmaqdan çıxmağa başladıqda, Venesuelanın hansı bir iqtisadi böhrana düçar olmasını bütün dünya görmüş oldu. Bununla da, dünyanın neft nəhənglərindən biri, sözün tam mənasında, ümumdünya neft bazarından kənarda qaldı. Ölkənin neft ixracat sektoru çökdü. Venesuela, demək olar ki, neft istehsalı sənayesini tamamən itirdi. Regionda Braziliya, Kolumbiya, Ekvador kimi neft ilə zəngin ölkələrin mövcudluğunu nəzərə aldıqda, Venesuelanın bu sahənin yenidən əvvəlkitək bərpasına nail olacağı artıq sual altındadır. Həm də bu, olduqca məsrəfili bir işdir. Dünya bazarında bu qədər neftin olması və yaxın gələcəkdə də təklifin tələbi üstələdiyini nəzərə aldıqda, Venesuelanın düşdüyü bu hala ancaq acımaq mümkündür. “Rosneft”in bu ilin mart ayında tələsik bir şəkildə Venesuelada qurduğu törəmə şirkətinin (subsidiary company) iqtisadi baxımdan zərərli, ziyanlı və dəyərini itirmiş səhmlərini geri alması da hər halda təsadüfi hadisə deyil. Qaranlıq məqamlar ilə zəngin bioqrafiyaya sahib Nikolas Maduro ilə sıx əlaqələr quran Rusiyanın Venesuelanı neft bazarından “tam olaraq kənarlaşdırdı” desək, yanılmarıq.

2000-ci illərdən başlayaraq, birbaşa Qərbin əli ilə neft bazarından kənarlaşdırılan daha bir ölkə İraqdır. Əksər “qara qızıl” ölkələri ilə müqayisədə, İraq neft hasilatının kifayət qədər ucuz başa gəldiyi və böyük neft ehtiyatlarına sahib bir dövlət olmasına baxmayaraq, ölkədə baş verən məlum proseslər üzündən istehsal və ixracat potensialını, demək olar ki, tamamilə itirib. Qərblə yanaşı, Suriya üzərindən Rusiyanın da İraqda neft hasilatı və ixracını tənzimləmə proseslərinə daimi müdaxiləsi, bu illər ərzində ölkənin uzun müddət neft bazarlarından kənarda qalmasını təmin etmiş oldu. Əksər ekspertlərin də fikrincə, Rusların Şamda varlıqlarını sürdürməsi istər Suriya, istərsə də İraqın iqtisadiyyatına son dərəcə mənfi təsir göstərir.

Rusiya daha bir neft nəhəngi olan Liviyada muzdlu “Vaqner” əsgərlərinin köməyi ilə bu ölkənin neft hasilatı və ixracatına müdaxilə edir. Putinin “bizimkilər orada yoxdur” deməsinə baxmayaraq, Rusiya Liviyada da öz mövcudluğunu açıq şəkildə göstərir. Putin siyası dağınıqlıqdan istifadə edərək, eləcə də qondarma Xəlifə Həftər hökümətini dəstəkləyərək, Liviya neftinin qeyri-qanuni satışına nəzarəti tam olaraq ələ alıb. Bu kirli işlərdə NATO blokuna daxil olan Fransa ilə də iş birliyi qura bilib.

Bu gün Yaxın Şərqdə Türkiyə ilə Rusiya arasında artan məlum gərginlik də, öz növbəsində, rusların ziddiyyətli mövqeyini bir daha açıq şəkildə göstərir. Belə ki, Rusiyanın bir tərəfdən “biz orada yoxuq” deməsi ilə, eyni anda Yaxın Şərq və Aralıq dənizi hövzəsində artan bu gərginliyin episentrində olmasını məntiqi dəlillər ilə anlamaq qeyri-mümkündür.

Məntiqi olaraq anlaşılan odur ki, istər Suriya, istərsə də Liviyada Rusiyanın bu qədər aqressiv olması və nəyin bahasına olursa-olsun buralardan çəkilməməsi, Rusiyanın tutarlı bir səbəbə görə bu ölkələrdə olması zərurətinə əsaslanmalıdır. Hətta dünyada baş verən məlum səbəblər üzündən neft və qazın dəyərinin düşməsi belə, Rusiyanı bu işlərdən çəkindirmir. İqtisadiyyatında yaranan dərin böhrana rəğmən, zərərinə də olsa, bu ölkələrdən heç bir halda qopmaq istəmir.

Bütün bu çoxgedişli həmlələrin Rusiyaya milyardlar bahasına başa gəldiyi və öncədən də staqnasiyada olan dünyanın indiki durumundan irəli gələrək neft və qazdan aslı gələcək perspektivin də dumanlı olduğu bir vaxtda, Rusiyanın israrla neft və qaz bazarında monopolist olmaq iddiasından əl çəkməməsinin, buna görə son aylardakı nəhəng zərərlərinə belə göz yummasının əsas səbəbi nədir?

Qənaətimizcə, bu məsələnin bir məntiqi səbəbi ola bilər – neft və qaz hasilatı və ixracının effektivliyi. Artıq 2008-ci ildən başlayaraq, kapitalizm adlı sistemin əsas elementi, nüvəsi olan bu sektor baş verən məlum kataklizmlər nəticəsində laxlamaqdadır.

Eləcə də COVİD-19 və onun nəticəsi olan izolyasiyalar, bütün dünayda istehsalın durması, ölkələrdə iqtisadiyyatın çökməsi və s. kapitalizmin özündən törəyən geriləmə proseslərini məntiqi sonluğuna yaxınlaşdırdı. COVİD-19 göstərdi ki, neft və qaz sahəsində ciddi böhranlar olduqca, yaxın gələcəkdə dünya bazarındakı əsas aktorların ələnməsi də qaçılmazdır. Belədə, neft-qaz bazarında ən effektiv və effektivliyi təbii prinsiplərlə köklənən oyunçuların qalması labüddür. Yəni, neft və qazın hasilatı və ixracı hansı ölkələrdə ona çəkilən maliyyəni qarşılaya, bu məhsulları uyğun qiymətə idxal edəcək ölkələrin iqtisadi maraqlarını ödəməyə və sonda ixrac edən ölkəyə lazımi gəlir gətirmək iqtidarındadırsa, bu ölkələrin də ayaqda duracağı daha məntiqəuyğundur.

Əksər iqtisadiyyat üzrə analitiklərin (xüsusən də Mixail Krutixinin) fikrincə, neft və qaza olan təlabatın azaldığı önümüzdəki dönəmlərdə, bazar özü-özünü tənzim edərək, öz alıcısı və satıcısını təbii şərtlər əsasında tapacaq. Təbii ki, Rusiyanın da bütün ölkələrin gələcək taleyini həll edəcək belə bir yerdəyişiklikdən qaçması mümkünsüzdür.

1. Rusiyadan başqa neft və qaz istehsal edərək, bu məhsulları Avropa bazarlarına çıxaran və ya çıxarmaq perespektivi olan əksər Yaxın Şərq ölkələrinin – İran, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Azərbaycan və b., o cümlədən Məğrib ölkələrinin: Əlcəzair, Liviya və digərlərinin coğrafi mövqeləri buna son dərəcə uyğundur. Dənizlər, körfəzlər, boğazlar və kanallar vasitəsi ilə daha ucuz gəmi daşınmaları və məsrəfləri kifayət qədər aşağı olan daha qısa məsafələrə boru transferləri gerçəkləşdirmələri mümkündür. Avropanın Şimalında da neft və qaz istehsalının kifayət qədər həcimli olmasını da nəzərə alaraq, qeyd olunan Yaxın Şərq və Məğrib ölkələri Avropanın qalan hissəsini tam olaraq neft və qaz ilə qidalandırmaq iqtidarındadır. Belədə, məntiqi şəkildə, regional olaraq daha uzaqda yerləşən Rusiyaya da gərək yoxdur.

2. Rusyadan fərqli olaraq, Yaxın Şərq və Məğrib ölkələrində neft və qazın hasilatı prosesinin maya dəyəri daha aşağıdır. Bu amil də həmin məhsulların daha ucuz qiymətlərə təklif edilməsi və satılmasına imkan verən müsbət faktorlardır.

Aydındır ki, bu da yenə təbii amillər və coğrafi şərtlərlə sıx şəkildə bağlıdır. Bir qədər kobud dildə desək, Xantı-Mansi, Yamalo-Nenets muxtar dairələri, Tümen və Saxalin vilayətlərindən Avropaya neft və qaz daşımaq öz fəlsəfi mahiyyəti etibarilə, bütün həndəsi prinsiplərə və fiziki qanunlara tamamən ziddir.

Düşünürük ki, Rusiya höküməti bu məqamda da gerçəkləri söyləməməkdədir. Belə ki, deyilənlərin əksinə olaraq, Rusiya qazının, xüsusən də neftinin maya dəyərinin aşağı olması mümkünsüzdür. İnternet resurslarında öz əksini tapan satistik göstəricilər rus neftinin ucuz olmasını əks etdirsə də, bunun həqiqət olması şübhəlidir. Ağır coğrafi şərtlərdə, olduqca sərt iqlim şəraitində əldə edilən bu neftin uzun bir yol keçərək rezervuarlara, daha sonra oradan da dəniz limanlarına daşınması iqdisadi cəhətdən olduqca məsrəfli bir prosesdir.

Qeyd olunan məqam eynən çox uzun boru daşınmalarına da aiddir. Bütün bu xərclərin sonda ixrac edilən neft və qazın qiymətində əks olunması qaçılmazdır. Bu şərtlər daxilində Rusiyanın enerjisinin, xüsusən də istehsal etdiyi neftinin rentabelliyi son dərəcə şübhəli bir məsələdir.

Fikrimizcə, Rusiyanın Venesuela, Liviya, Suriya və Azərbaycan kimi ölkələrin neft yataqları və o cümlədən qaz kəmərlərinə nəyin bahasına olursa-olsun nəzarətinin zəruriliyini prioritet məsələ kimi təyin etməsi, məhz qeyd edilən şübhəli məqamlardan irəli gələn kəsirləri kompensasiya etmək üçün önəmlidir. Bu vacib məqam həm də Rusiyanın nədən nəyin bahasına olursa-olsun neft-qaz sahəsində monopoliyanı əldə tutmağa çalışmasına da xeyli dərəcədə aydınlıq gətirmiş olur. Rusiyanın Ukrayna ərazisindən keçən neft-qaz xətləri ilə əlaqəli maraqlarından irəli gələrək, bu ölkədə yaradılmış separatçı və qondarma Donetsk və Luqansk Xalq Respublikalarını dəstəkləməsi, Rusiyanın bilavasitə neft və qaz ilə bağlı bu və bu kimi yolverilməz həmlələrinə qarşı “Şimal Axını 2”-yə (Nord Stream 2) tətbiq edilən sanksiyalar da təsadüfi deyil.

Bütün bunlar beynəlxalq arenada Rusiyanın adına ciddi xələl gətirsə də, ölkənin indiki anda məhz bu şəkildə öz varlığını qoruması üçün də vacibdir. Öncə Suriya və Liviya, nəhayət, bu ilin iyul ayının 12-də Azərbaycan Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində başlayan və indi də davam etməkdə olan münaqişənin Rusiya üçün önəminə, məsələlərə ancaq qeyd edilən konteksdən baxdıqda məntiqi cavablar tapmaq mümkündür.

3. Nəhayət, sonuncu və ən əsas məsələ ondadır ki, ruslar I Pyotrun (1672-1725) vaxtından nəyin bahasına olursa-olsun Qərbə – Avropaya pəncərə açmağa çalışırlar. Çünki Avropasız Rusiyanın I Pyotr zamanından başlayaraq formalaşmış aktuallığı mümkün deyil. Avropadan təcrid edilən Rusiya qeyri-aktualdır. Nəhəng və “vəhşi” bir Şərq ölkəsidir.

Dünyada baş verən böhranlardan irəli gələrək, indiki anda daha məntiqi görünən Rusiyanın neft-qaz məsələlərində Şərq ölkələri, məsələn, Çin, Hindistan, Pakistan, Yaponiya və başqlarıyla əlaqələr qurmasıdır. Amma belə olduqda, Qərbə daha yaxın olan Moskva və Sankt-Peterburqun da mərkəz qismində aktuallığı və ən əsası, nəhəng maliyyə resurslarına nəzarəti sual altına düşmüş olur. Rusiyanın neftlə zəngin Şərq regionunun elə Şərq ilə ticarət əlaqələri qurması Moskva və Kremli imperiya mərkəzi olmaqdan ayırır. Belədə, subyektlərin artıq onlarla məsləhətsiz formalaşdırılmış prioritetləri yenidən gözdən keçirmələri, mərkəzə yeni tələblər irəli sürmələri, bunlar olmadıqda mərkəzdən qırılmağa çalışmaları da qaçılmazdır. İndiki anda regionlar imperiya mərkəzi olan Moskvadan daha artıq pay almağa çalışırlar. Bir vacib məqam da ondadır ki, mərkəz bu dotasiyaları sərbəst şəkildə, özü istədiyi qaydada formalaşdırır. Yəni, subyektlərin Moskvanın xəzinəsinə nə qədər vergi ödədikləri önəmli deyil. Önəmli olan Moskvanın ümumi vergini necə bölüşdürməsidir. Bu isə, istər-istəməz, ayrı-seçkiliyə də yol açmış olur. Təsadüfi deyil ki, hər iki rus-çeçen müharibəsinə də bu bucaqdan baxdıqda münaqişənin gerçək səbəbləri də açıq-aydın görünür. Bu müharibədən çeçenlərin qalib çıxmasını göstərən ən əsas fakt isə, Qroznının Kremlidən ən çox dotasiya alan subyekt mərkəzlərindən biri olmasındadır.

Moskvanın bu templər, yəni, məsrəfin qazancı üstələməsiylə Venesuela, Liviya, Suriya, Cənubi Qafqadakı siyasətinin getdikcə uğursuzluğa düçar olacağı günbəgün daha aydın görünməyə başladıqca, ərazisi Türkiyədən də bir qədər böyük olan Xabarovsk diyarının bu gün Moskvadan qurtularaq müstəqillik istəməsi və azadlıq mübarizəsi aparması da təsadüfi hadisə deyil. Əksər analitiklərə görə, yaxın zamanlarda Rusiyanın Uzaq Şərqində bu kimi üsyankar subyektlərin saylarının artacağı da qaçılmazdır. Deməli, proseslər də sürətli bir şəkildə öz məntiqi sonluğuna çatmaqdadır…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə