Yuri Roks
“Nezavisimaya qazeta”, 26.06.2020
Gürcüstanda azərbaycanlıların sıx məskunlaşdığı Kvemo Kartli əyalətinin Qardanbani bölgəsindəki bir neçə kəndə karantin tətbiq edilib. Səbəb koronavirusun yeni dalğasıdır. Vəziyyət iki faktorla çətinləşir: yerli sakinlər tamamilə sağlam olduqlarını iddia edərək testdən imtina edir, həmçinin bölgə sakinlərinin çoxu ən böyük və daima izdihamlı Tiflis yarmarkasında – Liloda işləyirlər. Epidemioloqlar Qardabani rayonunun kəndlərindəki virusun qonşu ölkədən “idxal edildiyini” istisna etmirlər.
Gürcüstanın Azərbaycandakı səfirliyinin açıqlamasını nəzərə alsaq, gürcü mütəxəssislərin, həqiqətən, məğlub etdiyi koronavirus Gürcüstan-Azərbaycan sərhədi vasitəsilə yenidən ölkəyə girə bilər. Bəyanatda “Azərbaycan ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşları Gürcüstan səfirliyi ilə razılaşdırma və əlaqələndirmə olmadan öz vətənlərinə qayıtmağa çalışdığı” vurğulanır: “COVID-19 virusu ilə mübarizə müddətində, Azərbaycan və Gürcüstan arasındakı bağlı sərhəd şəraitində Gürcüstan vətəndaşlarının geri qaytarılması… tədricən, yalnız səfirlikdə əvvəlcədən qeydiyyata alındıqdan sonra həyata keçiriləcək”.
Lakin Gürcüstan azərbaycanlılarının tarixi vətənlərində möhkəm ailə və dostluq əlaqələrinə malik olmasına baxmayaraq, bu yalnız bir fərziyyədir. Fakt budur ki, koronavirus Qardabani bölgəsindəki üç kəndin 44 sakinində aşkarlanıb. Yoluxucu xəstəlik mütəxəssislərinin rayon əhalisinin kütləvi müayinə etmə cəhdləri sərt müqavimətlə qarşılanıb. Nəticədə, cəmi 200 nəfər yoxlanılıb. Əksəriyyət həkimlərlə işləməkdən qəti şəkildə imtina edir.
Eyni zamanda, həm satıcılar, həm də alıcılar üçün ümumi koronavirus testi Qardabani sakinlərinin çox olduğu Tiflisdəki Lilo yarmarkasında aparılıb. COVID-19 səkkiz nəfərdə aşkar edilib.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze Qardabani rayonunun kəndlərindəki epidemioloqların yerli sakinlərin təcavüzü ilə üzləşdiyini etiraf edib. Buna görə də, hökumət bu zonada karantin elan etmək, giriş-çıxış qaydalarını mümkün qədər sərtləşdirmək qərarına gəlib.
Gürcüstanın baş naziri Giorgi Qaxariya Epidemiya ilə Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurasının Qardabani bölgəsində karantin tədbirlərini sərtləşdirməyə hazır olduğunu bildirib. “Son bir neçə gündə təəssüf ki, ölkədə infeksiyanın kəskin artması qeydə alınıb. Əsasən Qardabani bələdiyyəsinin bir neçə kəndində. Xüsusilə nəzərə almaq lazımdır ki, bu kəndlərin bir çox sakini Tiflisdə və ölkənin müxtəlif bazarlarında işləyir. Bazarlarda nəzarət sərtləşdiriləcək, hərarət müayinəsi və testlər keçiriləcək. Vəziyyətin daha da ağırlaşması halında, xüsusi yerlərdə karantin tədbirlərini qısa zamanda sərtləşdirmək mümkün olacaq və buna hazır olmalıyıq”.
Baş nazir xatırladıb ki, iqtisadi bərpa əlverişli epidemiya vəziyyəti ilə birbaşa bağlıdır: “Biri olmadan digərində uğur əldə etmək mümkün deyil”.
Həkimlərin, mərkəzi və yerli hakimiyyət orqanlarının çağırışlarına baxmayaraq, Qardabani bölgəsinin kəndlərinin sakinlərini yoluxucu xəstəliklər üzrə mütəxəssislərlə əlaqə saxlamağa tam inandırmaq mümkün olmayıb. Buna görə də, bələdiyyə işçiləri və mümkün qədər hərarət müayinəsi aparan həkimləri müşayiət edən polis səfərbər edilib. Paralel işləyən səyyar qruplar PCR testlərini keçirməyə çalışırlar. Yerli mənbələrə görə, rayonun kəndlərində vəziyyət ağırdır və əhalinin testdən keçmək istəməmə inadı anlaşılmazdır.
Vəziyyət eyni zamanda azərbaycanlıların Kvemo Kartlidəki ən böyük Marneuli şəhərində də mürəkkəbdir: aprel ayında şəhər iki-üç həftə tam karantinə alınıb. Bu gün, bütün Gürcüstanda olduğu kimi, burada da demək olar ki, bütün məhdudiyyətlər qaldırılıb. Ancaq yerli sakinlər ənənəvi izdihamlı toyların keçirilməsinə icazə verilməsini tələb edirlər.
Səlahiyyətlilərin qərarı ilə ailə şənliklərinə 100 nəfərdən çox insan dəvət edilə bilməz. Ancaq yerli azərbaycanlılar bir neçə gün davam edən və 600-800 nəfərdən az adamın qatıldığı toylar keçirir. Gülməli görünə bilər, amma həqiqət budur ki, çoxları toyları daha yaxşı günlərədək təxirə salıb.
Marneuli bölgəsinin bütün “toy sənayesi” dayanıb: restoranlar, ziyafət və gözəllik salonları və atelyerlər, qida məhsullarının topdan satışı əziyyət çəkir, – deyə “JAM-news” regional nəşri yazır. Bir sözlə, bütün bunlarla əlaqəli əhalinin bir hissəsi sürətlə kasıblaşır. Yerli hakimiyyət orqanlarına edilən bir neçə müraciət vəziyyəti dəyişməyib və narazılıq artır.
Tərcümə: Strateq.az