XƏBƏR LENTİ

03 Avqust 2020

Digər Xəbərlər

31 İyul 2020 - 11:21

BİVARİS VƏ ŞƏRİKSİZ PUTİN:Rusiyanı məchulluğa doğru sürükləyən ömürlük lider - TƏHLİL

Andrey Kolesnikov

“Project Syndicate”, 30.06.2020

 

Rusiya prezidenti Vladimir Putin rejimi həqiqi niyyətlərini çılpaqlaşdırıb. 2036-cı ilə qədər vəzifədə qalmasına izn vermək üçün Konstitusiyanı dəyişdirərək, yeni mühafizəkar ifadələr daxil etməklə, demokratik legitimlik maskasından əl çəkib. Ancaq onun rejimi indi əvvəlkindən daha zəif görünür.

Xabarovsk şəhərində son həftələrdə on minlərlə etirazçı “Putinə istefa!” şüarı ilə küçələrə çıxıb. Onlar tək deyillər. Putinin etimad reytinqi yüksək görünsə də, Rusiya standartlarına görə aşağı səviyədədir – əslində, son aylarda onun 59-60%-lik etimad reytinqi, baş nazir olduğu 1999-cu ilin oktyabrından bəri ən aşağı nöqtədədir. Sadə bir səbəblə bu göstəricinin əhəmiyyətli dərəcədə yaxşılaşması çətindir: Putinin dəstək qazanma üçün sınanmış metodları gücünü itirib.

COVID-19 pandemiyası həm səhiyyə, həm də iqtisadi cəhətdən Rusiyaya ağır zərbə vurub. Rusiya iqtisadiyyatının əsas dayağı olan neft ixracının məhdudlaşması ilə hökumətin büdcə gəlirləri kəskin şəkildə azalıb. Nəticədə, Kremlin xalqla təmkinli sazişi – “Biz təməl rifahınızı təmin edirik, siz də şikayət etmirsiniz” – sarsılır.

Putin rejimi uzun müddət xarici siyasətdəki qələbələri və “beşinci kolon”a qarşı amansız mübarizəsi ilə ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmağa çalışıb. 2014-cü ildə Krımın ilhaqı, ona dəstəyi təmin etmək üçün çoxdan bəri təsirli olan taktikasını təcəssüm etdirib: ksenofobiya, anti-Qərb isteriyası və şanlı keçmişə pərəstiş. O zaman Putinin etimad reytinqi 85%-dən yuxarı qalxıb.

Bununla birlikdə, Putin üçün geniş ictimai dəstək təəssüratı dəstəyin özündən daha vacibdir. 1 iyul Konstitusiya dəyişiklikləri ilə bağlı referendum praktikada az məna kəsb edib. Dəyişikliklər bir neçə ay əvvəl Duma (parlament) və regional qanunverici orqanlar tərəfindən təsdiqlənib.

Lakin referendum Kremlə Rusiya vətəndaşlarının təxminən 78%-nin dəyişiklikləri dəstəklədiyini iddia etməyə imkanı verib. Rəsmi məlumatlara görə, bir çox, o cümlədən Avropa İttifaqının saxtalaşdırılma ittihamlarını rədd etmək üçün dəyişikliklərin əleyhinə seçicilərin 21%-nin səs verdiyi göstərilib.

Seçicilərin yüksək fəallığı fasadı gücləndirib. Lakin çox sayda insanın referendumda zorən iştirakı bu il regional və 2021-ci ildə federal parlament seçkilərində Putinə zərər verə bilər. Referendumdan fərqli olaraq, insanlar bu seçkilərdə etiraz səslərini artıracaqlar.

Kremlin başqa bir sevimli taktikadan – işdən qovmaq, həbs etmək və ya başqa bir şəkildə ideoloji rəqiblərini sıxışdırmaq – istifadəsi də əks nəticə verə bilər. İyulun əvvəlində hakimiyyət iki fəalı, o cümlədən sürgün edilmiş oliqarx Mixail Xodorkovskinin “Otkrıtaya Rossiya” hərəkatının icraçı direktoru Andrey Pivovarovu həbs edib. Sonra digər dörd nəfərin evində axtarış aparılıb.

Son həftələrdə Svetlana Prokopyeva (guya, terrora təşviq etdiyi üçün) və İvan Safronov (dövlətə xəyanətdə ittiham olunur) da daxil olmaqla, bir neçə jurnalist hədəfə alınıb. Rusiyanın ədliyyə sistemində sui-istifadə faktlarını salnamələşdirən “Mediazona” xəbər saytının naşiri Pyotr Verzilovun evində dəfələrlə axtarış aparıb.

Eyni şəkildə, Stalinin cinayətlərini ifşa edən tarixçi Yuri Dmitriyev yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılığa görə həbs cəzası alıb. Keçən ay məşhur teatr rejissoru Kirill Serebrennikov mənimsəmədə ittiham olunub, bu da müstəqil teatrı ləğv etmək cəhdinin bir hissəsidir.

Sınanmış taktikalardır, lakin şəffafdır. Cəmiyyətin sadiq seqmenti bunu bəyənsə də, digərləri iyrənir. Xabarovsk etirazları qubernator Sergey Furqalın 2004-05-ci illərdə baş verən cinayətlərdə iştirakı iddiası ilə qəfil başlayıb.

Furqal demokrat deyil, o, Dumadakı “sistem müxalifəti”nin bir hissəsi olan millətçi Liberal Demokrat Partiyasının üzvüdür. Lakin o, 2018-ci ildə Kremlin dəstəklədiyi namizədi məğlub edib. Onu həbs etməklə, Kreml, ehtimal ki, COVID-19 böhranı zamanı hökumətin uğursuzluqlarını regional liderlərin ayağına yazmaq istəyib.

Şübhəsiz, Xabarovsk etirazları təkcə Putinin hakimiyyətinə təhlükə yaratmır. Onların təsiri, digər şəhərlərə, xüsusən də Moskvaya yayılarsa, milli miqyas alacaq. Ancaq indidən Kreml narahatdır. Xabarovskda, adətən, olduğu kimi, etiraz edən mütəxəssislər deyil. Etirazçıların çoxunu Moskvadan və ya Sankt-Peterburqdan gələn siyasiləşmiş ziyalılar hesab etmək olmaz. İndi küçəyə çıxanlar Putinin sosial bazası idi və hazırda digər bölgələrə nümunə göstərirlər.

Bununla belə, Putinin sklerotik rejiminin eyni yanaşmalara güvənməkdən başqa çarəsi yoxdur. Kremlin dəstəklədiyi şəxslərlə (hüquq-mühafizə və təhlükəsizlik işçiləri, bürokratlar və sadiq oliqarxlar) onu dəstəkləməyənlər (demək olar ki, hər kəs) arasındakı uçurum daha kəskin şəkildə artır.

Hələ ki, rejimin aşınmasını sürətləndirəcək heç bir aydın siyasi və ya sosial qüvvə yoxdur. Ölümcül zərbə vurulsa, bu, mübhəm mənbədən olacaq. Xabarovsk etirazlarının göstərdiyi kimi, gözlənilməz müqavimətin həddini aşma ehtimalı yoxdur.

Hər halda, Putinin istənilən üsulla hakimiyyəti qorumaq strategiyası Rusiyanın bir çox problemini həll etməyəcək. Onun yoxluğundan sonra sistemin nə olacağı ilə bağlı suallar açıq qalır.

Şahidi olduğumuz – Rusiya siyasi rejiminin daha bir “frankoizasiyası”dır: Putin, İspaniyada Fransisko Frankonun 1947-ci il Qanunu ilə etdiyi kimi, ömürlük dövlət başçısı qalma üçün zəmin hazırlayır. Müharibədən sonrakı dövrdə Avropa varlandıqca, Franko İspaniyası getdikcə daha çox geriləyib. Putin də siyasətdə, iqtisadiyyatda və cəmiyyətdə eyni dərəcədə ətalət əldə etməyi düşünür.

Ancaq Frankonun heç olmasa varisi var idi. Onun ölümündən sonra monarxiyanı bərpa edərək kral Juan Karlos taxta çıxıb. Putin Rusiyanı son nöqtəyə aparır. Amma o, çarı geri qaytara bilməz. Beləliklə, sadəcə varislik problemini təxirə salır. “Après lui, le déluge” – “Bizdən sonra lap tufan olsun”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə