XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 02:36

Mərkəzi Asiya:"Yeni böyük oyun"un başlandığı məkan - Təhlil

m-asiya-1

 

Ekspertlər hesab edirlər ki, Mərkəzi Asiya regionunda situasiya daha da gərginləşir. Bunun iki qrup səbəbləri göstərilir. Onların sırasında terror və böyük dövlətlərin nüfuz uğrunda mübarizəsi xüsusi yer tutur. İŞİD-in artıq həmin regionda fəaliyyətə başladığı bildirilir. Bu təşkilatın üzvlərinin saxlanmasına ayda təqribən 70 milyon dollar xərcləndiyi haqqında məlumatlar var. KİV-də də regionda mürəkkəb vəziyyətin yarandığı vurğulanır. Narkotik ticarətin inkişaf etdiyi bu regionda bu qanunsuz fəaliyyət uğrunda da müxtəlif radikal qruplar arasında savaş gedir. Ekspertlərin proqnozuna görə, bütün bunlar yekunda vəziyyəti çox həssaslaşdırır.

 

İki qrup təhlükə: köhnə ilə yeninin kəsişmə sahəsində

 

Dünyanın bir sıra regionları kimi, Mərkəzi Asiya da ciddi təhlükəsizlik problemləri ilə üz-üzə qalıb. Vəziyyət o qədər ciddi xarakter alıb ki, mütəxəssislər, ümumiyyətlə, dünyəvi dövlətçiliyin mövcudluğuna təhdidlərin meydana gəldiyindən bəhs edirlər. Hələlik aktiv qlobal geosiyasi proseslərin bir qədər kölgəsində qalmış kimi görünən Mərkəzi Asiya iki qrup təhlükəli faktorların təsiri altındadır. Onlardan birincini köhnə, ikincini isə yeni təhlükəsizlik faktorları təşkil edir (bax: Андрей Казанцев. Центральная Азия: светская государственность перед вызовом радикального ислама / "Россия в глобальной политике", 1 fevral 2016).

Köhnə faktorlar dedikdə, ekspertlər, hər şeydən əvvəl, Əfqanıstanda yaranmış vəziyyəti nəzərdə tuturlar. Burada silahlı dəstələrin ölkənin şimal əyalətlərində toplanması getdikcə daha güclü şəkildə baş verir (bax: Боевики "Исламского государства" нацелены на Центральную Азию и Россию / "Коммерсантъ", 8 oktyabr 2015). İndi onlar Tacikistan, Türkmənistan və Özbəkistan sərhədlərinə daha da yaxındırlar. Radikal qruplar həmin ölkələrin təhlükəsizliyi üçün problemlər yarada bilərlər.

KİV-in yaydığı informasiyalara görə, artıq Çin və Yaponiyadan Mərkəzi Asiya ölkələrinə gələn yük maşınlarının sayı kəskin azalıb. Bunun da əsas səbəbi İŞİD-in bölgədə fəallaşmasıdır. Terrorçular sərhədə yaxın yerlərdə nəqliyyatın keçidinə əngəl törədə bilirlər. Bir neçə gün əvvəl Türkmənistan sərhədi yaxınlığında olmuş yapon jurnalistlərdən biri yaramış bu vəziyyəti "ağır" adlandırıb.

Müxtəlif informasiya mənbələrinin verdiyi məlumatlara görə, doğrudan da, həmin ərazilərdə radikal dini qruplar həm say, həm də hazırlıq səviyyəsi baxımından inkişaf ediblər. Əfqanıstan təhlükəsizlik xidmətinin informasiyasına görə, 2015-ci ilin mart ayında ölkədə 6500 xarici terrorçu aktiv fəaliyyət göstərib (bax: Письмо Председателя Комитета Совета Безопасности, учрежденного резолюциями 1267 (1999) и 1989 (2011) по организации "Аль-Каида" и связанным с ней лицам и организациям, от 19 мая 2015 года на имя Председателя Совета Безопасности. S/2015/358, c.9 / www.un.org). Yalnız "Özbəkistan İslam Hərəkatı"nın 200 döyüşçüsünün Əfqanıstanın şimal əyalətlərində fəaliyyət göstərdiyi qeyd edilir.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının verdiyi məlumata görə, bütövlükdə Əfqanıstanda 50 min (!) terrorçu var (bax: Боевики "Исламского государства" нацелены на Центральную Азию и Россию / "Коммерсантъ", 8 oktyabr 2015). Bu, sözün həqiqi mənasında bir ordudur. İŞİD və "əl-Qaidə" təcrübəsi göstərir ki, terrorçular yaxşı hərbi hazırlıq keçirlər. Onları müxtəlif ölkələrin xüsusi xidmət orqanları hazırlayır.

Təəssüf ki, bu məsələdə bir növ yarış başlayıb – getdikcə daha çox sayda ölkənin peşəkar hərbçiləri öz rəqiblərinə ziyan vurmaq üçün məhz terrorçu faktorundan istifadə edirlər. Bu da müəyyən mənada terrora nəzarət mexanizmlərini həyata keçirməyə çətinliklər törədir. Belə demək mümkündürsə, böyük dövlətlər bir-biri ilə öz orduları ilə deyil, "terrorçuları" ilə savaşırlar. Bu mənada yaxın gələcəkdə geosiyasi lüğətə müharibənin yeni formasını ifadə edən terminin daxil olacağını proqnozlaşdırmaq olar.

 

"Yeni böyük oyun": kartlar gizli saxlanılır

 

Bunlara görə, ekspertlər Mərkəzi Asiyaya Əfqanıstan tərəfdən olan təhlükənin yalnız ideoloji məzmun kəsb etmədiyini, eyni zamanda, ciddi hərbi aspektə malik olduğunu vurğulayırlar. Həmin kontekstdə region dövlətləri arasında sovet dönəmindən qalmış ərazi-inzibati bölgüdə özünü göstərən ziddiyyətləri və içməli su mənbələri uğrunda aparılan mübarizəni də vurğulamaq lazım gəlir.

Hələ SSRİ dövründə Mərkəzi Asiya ölkələrinin sərhədləri elə müəyyənləşmişdi ki, bir etnik qrup öz dövləti daxilində deyil, anklav şəklində qonşu dövlətdə yer almışdı. Misal olaraq, özbəklərlə qırğızları göstərmək olar. Sovetlər dağılandan sonra həmin qruplar arasında ixtilaf yarandı. Qırğızıstanın Oş əyalətində bu, daha kəskin xarakter aldı. Bundan başqa, Özbəkistanda məlum Fərqanə hadisələrini xatırlamaq olar. Ekspertlər hesab edirlər ki, bu məsələ ilə bağlı təhlükə hələ sovuşmayıb.

Onu qeyd etmək lazımdır ki, su məsələsi də bütün ciddiyyəti ilə region ölkələri arasındakı münasibətlərə mənfi təsir edir. Tacikistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstan bu və ya digər dərəcədə həmin problemə cəlb olunublar. Məsələn, Özbəkistanla Tacikistan arasında bununla bağlı silahlı toqquşma da olmuşdu. Ekspertlərin qənaətinə görə, su ilə bağlı vəziyyət hər an gərginləşə bilər. Xüsusilə dünya miqyasında həmin məsələnin aktuallaşması gözlənilir.

Yuxarıdakı təsvirdən görünür ki, köhnə faktorlar adlanan problemlər regionda geosiyasi vəziyyəti kifayət qədər mürəkkəbləşdirə bilər. Maraqlıdır ki, onlara yeniləri də əlavə olunur, lakin bölgə dövlətlərinin buna aktiv reaksiya verməsi müşahidə edilmir. Hətta beynəlxalq birlik də bir qədər passiv mövqedə dayanıb. Biz İŞİD-in Mərkəzi Asiyada artıq faktiki mövcudluğunu nəzərdə tuturuq. İndi onu regionda "ikinci cəbhə" adlandırırlar.

Bir sıra mənbələrin yaydığı informasiyalara görə, Mərkəzi Asiya ölkələrindən Suriyaya 200 minə yaxın adam terror qruplaşmalarına qatılmaq üçün gediblər (bax: Peter R. Neumann. Foreign fighter total in Syria/Iraq now exceeds 20,000; surpasses Afghanistan conflict in the 1980s / ICSR, 26 yanvar 2016). Buraya Rusiyadan gedən və sayı təqribən 2-3 min arası olduğu deyilən terrorçuları da əlavə etmək lazımdır. Onu vurğulayaq ki, 2015-ci ilin payız ayında Rusiya xüsusi xidmət orqanları Əfqanıstanda 2 min terrorçunun birbaşa İŞİD-lə bağlı olduğu haqqında informasiya yayıb (bax: Боевики "Исламского государства" нацелены на Центральную Азию и Россию / "Коммерсантъ", 8 oktyabr 2015).

Nəhayət, bir məqamı da mütləq qeyd etmək gərəkdir. Məsələ ondan ibarətdir ki, böyük dövlətlərin Mərkəzi Asiya uğrunda apardığı amansız geosiyasi mübarizə də regionun təhlükəsizliyinə təhdidlər yaradır. O cümlədən ABŞ, Rusiya və Çin ciddi fəaliyyət göstərirlər. Bunlara böyük müsəlman ölkələrini də əlavə etmək gərəkdir. Nəticədə, kifayət qədər mürəkkəb bir vəziyyət yarandığını etiraf etməliyik. Mütəxəssislər bu rəqabəti ümumilikdə "Yeni böyük oyun" adlandırırlar (bax: məs., Андрей Казанцев. "Большая игра" с неизвестными правилами: Мировая политика и Центральная Азия. М.: Наследие Евразии, 2008).

Belə görünür ki, Mərkəzi Asiyada hazırda çoxparametrli və riskli bir vəziyyət meydana gəlib. Burada siyasi, ideoloji, hərbi və geosiyasi aspektlər sintez halında region dövlətləri üçün təhlükələr yaratmaqdadırlar. Hətta ekspertlər bölgə ölkələrinin dövlətçiliklərini itirə bilməsi proqnozunu verirlər.

Onlar dini radikalizmin, geosiyasi savaşın və terrorun həmin regionda qarışıqlıq yarada biləcəyindən bəhs edirlər. Buna imkan yaradan faktorlar sırasında korrupsiyanı, yerli hakimiyyət orqanlarının güclü olmamasını, sosial və demoqrafik vəziyyətin ağırlaşmasını və İŞİD kimi təşkilatların artıq bölgədə yuva saldığını ayrıca vurğulamaq gərəkdir.

Maraqlı və düşündürücüdür ki, hələlik bütün bu təhlükələrə qarşı dövlətlər səviyyəsində tutarlı tədbirlər görülmür. Ya konkret olaraq terror hadisələrinin meydana gəlməsini gözləyir, ya da məqsədli şəkildə yeni münaqişə ocağının alovlanmasına çalışırlar. Hər iki variantda Mərkəzi Asiya xalqları və dövlətləri uduzur. Daha pisi odur ki, oradakı gərginlik Qərb və Şərq istiqamətində həmin regiona yaxın bölgələrə də təsir edəcək. Problem bütövlükdə dünyanın qarşısında duran təhlükələrdən xəbər verir.

Newtimes.az




Yuxarı Əvvələ Ana Səhifə