XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 12:40

Azərbaycan iqtisadiyyatında son durum –mallar və xidmətlər bahalaşır, istehsal azalır

Azerbaycan-Iqtisadiyyati

 

2016-cı ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 7888,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz az ümumi daxili məhsul istehsal edilmişdir.

Strateq.az  Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının azalması olmuşdur. Əlavə dəyərin 38,1 faizi sənayedə, 13,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi tikinti, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə, 13,6 faizi isə digər sahələrdə istehsal edilmişdir.  

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 822,3 manata bərabər olmuşdur. 
 

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında 4308,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Azalmaya səbəb xam neft hasilatının 1,4 faiz, qaz hasilatının 8,3 faiz, elektrik enerjisi istehsalının 6,4 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olmuşdur. 
 

Sənaye məhsulunun 61,7 faizi mədənçıxarma sektorunda, 29,4 faizi emal sektorunda, 8,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. 
 

Mədənçıxarma sektorunda məhsul istehsalı 0,8 faiz azalmışdır. 
 

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,5 faiz artmış, neft sektorunda isə 0,7 faiz azalmışdır. 
 

Kənd təsərrüfatında  2016-cı ilin yanvar-fevral aylarında diri çəkidə 73,4 min ton ət, 290,1 min ton süd, 270,9 milyon ədəd yumurta, 4,2 min ton tərəvəz istehsal olunmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta istehsalı 4,7 faiz, tərəvəz istehsalı isə 6,1 faiz artmışdır. 
 

Kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 4,5 faiz, heyvandarlıq məhsulları istehsalı 2,6 faiz artmışdır. 
 

2016-cı ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 4258,2 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 1145,9 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 4,2 faiz, ödənişli xidmətlərin həcmi 2,3 faiz artmış, ticarət şəbəkəsində 2150,0 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2108,2 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar ayında xarici ticarət dövriyyəsi 1099,9 milyon ABŞ dolları təşkil etmişdir.


2016-cı ilin yanvar ayında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 47,0 faiz azalaraq 60,7 milyon dollar təşkil etmişdir. 
2016-cı ilin yanvar-fevral aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,0 faiz bahalaşmışdır.

 
2016-cı ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin yanvar ayı ilə müqayisədə 8,0 faiz artaraq 480,1 manat təşkil etmişdir. 

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar ayında dövlət büdcəsinə 1349,6 milyon manat vəsait daxil olmuş, büdcədən 516,4 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 833,2 milyon manatlıq profisit ümumi daxili məhsulun 20,8 faizi səviyyəsində olmuşdur. 

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin fevral ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 21186,2 milyon manat təşkil etmiş, onun 16165,2 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il fevral ayının 1-i ilə müqayisədə 14,0 faiz artmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,2 faizini təşkil etmişdir. 


Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il fevral ayının 1-nə 8643,3 milyon manat təşkil etmişdir. 


2016-ci ilin yanvar ayında əhalinin sayı 7,9 min nəfər və ya 0,1 faiz artaraq 2016-cı il fevral ayının 1-i vəziyyətinə 9713,5 min nəfərə çatmışdır.

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə