XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

10 Avqust 2020 - 10:58

Afina rəsmi Dəməşqlə niyə yaxınlaşır? –ƏSƏDƏ UZADILAN DOSTLUQ ƏLİ TÜRKİYƏ ƏLEYHİNƏ İTTİFAQ YARATMAĞA HESABLANIB

Corco Kafiero

“Middle East Eye”, 05.06.2020

 

2011-ci ildə, Suriya qiyamının başlamasından bir müddət sonra demək olar ki, bütün Avropa İttifaqı dövlətləri Suriya ilə diplomatik əlaqələrini kəsib. Təxminən 10 il sonra, Aİ-də üzvləri arasında Dəməşqlə rəsmi münasibətləri yenidən açmama barədə vahid rəy mövcuddur.

Amma bu konsensus zəifləyir. Fransa və Almaniya yenə də Bəşər Əsədi Suriyanın qanuni prezidenti kimi tanınmaması və Dəməşqə qarşı sanksiyaları dəstəkləsə də, cənubi və mərkəzi Avropadakı bəzi populist hökumətlər Aİ-nin Əsəd əleyhinə sərt xəttinə qarşı çıxır.

Çexiya heç vaxt Suriya ilə əlaqələrini kəsməyib. Macarıstan Əsəd rejimi ilə yenidən əlaqə qurma yoluna keçib, Avstriya və Polşanın da bu istiqamətdə irəlilədiyi görülür.

Bu yaxınlarda Yunanıstan və Kipr Suriya hökuməti ilə diplomatik əlaqələri bərpa edib.

 

Qardaşlıq əlaqələrinin tarixi

Yunanıstanın “City Times” qəzetindəki bir xəbərə görə, Tasia Atanasiunun Yunanıstanın Suriya işləri üzrə xüsusi nümayəndəsi təyin edilməsi Yunanistanın Dəməşqdəki səfirliyinin açılması üçün sadəcə ilk addımdır. Bu addım Avropanın müxtəlif hökumətlərini, Aİ qurumlarını, yunan cəmiyyətinin bir hissəsini və Suriya müxalifətini narahat etsə də, Yunanıstanın digər təbəqələrinin rəğbətini qazanıb.

Yunanıstanda ksenofobik hərəkat olan “Qızıl Şəfəq” Şamla əlaqələrin bərpasını qətiyyətlə müdafiə edib. Macarıstanın sağçı populist hökuməti kimi, “Qızıl Şəfəq”in Əsəd rejimi ilə əlaqələrin yenidən qurulmasına verdiyi dəstək suriyalı qaçqınların öz ölkələrinə qayıtması marağı ilə çox bağlıdır.

Bununla belə, Yunanıstan hökumətinin Əsədlə münasibətləri bərpa etmək istəməsi üçün çoxsaylı səbəblər var. Yunanıstan və Aralıq dənizindəki ərəb aktyorları arasında qardaşlıq əlaqələrinin uzun tarixi var; bu, Afinanın Suriyadakı vəziyyətə necə baxdığını başa düşmək üçün vacibdir.

Yunanistan və müttəfiqi Kipr on illərdir ki, “Suriya və Fələstinin hüquqlarını müdafiə edib və İsrailin ərəb torpaqlarını işğal etməsinin tənqidçilərdən biri olub”. Bunu Monreal mərkəzli Suriya mütəxəssisi Kamilla Otrakci bildirib. Afinanın 2012-ci ildə Dəməşqdəki səfirliyini bağlamaq qərarı “Yunanıstanın Avropa İttifaqını dəstəkləməli olduğu bir vaxtda qəbul edilmiş qərardır”.

 

Hədəf – xristianlar

Diplomatik münasibətlər rəsmi olaraq 2012-ci ildə başa çatsa da, iqtisadi əlaqələrdə vəziyyət başqa cürdür. Yunanıstan Suriyanın Aralıq dənizində daha da təcrid olunmaması üçün köməkçi rol oynayıb. Onların fosfat ticarəti bütün münaqişə boyunca Əsəd hökuməti üçün vacib bir bənd olub.

Yenidənqurma səylərində əsas olmasa da, din də mühüm amildir. 14-cü əsrdən bəri Dəməşqdə yerləşən Antioxiya yunan-pravoslav patriarxlığı Suriyada zəngin bir tarixə sahibdir. Son illərdə Suriyadakı xristianlar İŞİD və “əl-Qaidə” ilə əlaqəli qruplar tərəfindən ölkənin qədim dini azlıqları kimi silinmə hədəfi olub.

Macarıstan hökumətindəki Əsəd tərəfdarları kimi, Suriya prezidentini dəstəkləyən bir çox yunan, pravoslav kilsəsinin təxminən 503.000 üzvü də daxil olmaqla, özünü Suriyadakı xristianların qoruyucusu olaraq görür.

Avropa Parlamentinin “Qızıl Şəfəq”i təmsil edən üzvü Georgios Epitideyos 2015-ci ildə Suriyadakı “qanuni Suriya hökuməti ilə əməkdaşlıq etdiyi üçün müxalifət tərəfindən hədəfə alınan” və “hərbiləşmiş təşkilatların zülmündən əziyyət çəkən” xristianların acınacaqlı vəziyyətinə toxunub.

O bildirib ki, “son illər bütöv kəndlər tərk edilib, dini liderlər didərgin salınıb, kilsələr talan olunub və Ellin dövrünə aid arxeoloji yerlər dağıdılıb. İslamçı qruplar hətta yunan-pravoslav xristian icmasının ənənəvi içkilərini zəhərləyiblər. Bir sözlə, Suriyadakı yunan-pravoslav xristianları soyqırımın qurbanı olublar”.

 

Ankara ilə mübahisə

Ola bilsin ki, Yunanıstan və Suriyanın rəsmi diplomatik münasibətləri bərpa etməsini şərtləndirən ən vacib amil – Türkiyənin yaratdığı təhlükədir. Son aylarda Yunanıstan və Türkiyə arasındakı gərginlik əsasən Ayasofya mübahisəsinə əlavə olaraq qazla zəngin Aralıq dənizində suverenlik mövzusunda mübahisəyə görə əhəmiyyətli dərəcədə qızışıb.

Bu cür problemlər yaxın müddətdə asanlıqla və ya sülh yolu ilə həll olunma əlamətlərini göstərmir. Yunanıstan və Suriya rəhbərliyi bərpa edilmiş diplomatik münasibətləri Ankaranın Aralıq dənizindəki geosiyasi mövqeyini və bölgədəki “neo-Osmanlı” xarici siyasətini zəiflətmək üçün bir vasitə olaraq görür.

Üstəlik, Yunanıstan-Suriya yaxınlaşması Afinanın bir sıra Avropa və ərəb aktyoru ilə əlaqələrini gücləndirmə səyləri çərçivəsində baş verir. Suriyadan başqa, bu ölkələrə Kipr, Misir, Fransa, Liviyanın şərq hökuməti, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ daxildir.

Yunan alimi Moçament Elsaer bildirib ki, “Suriya iş adamları ilə uzun müddət qurulmuş iqtisadi ənənələr sayəsində Yunanıstan dialoqa kömək edə və Avropa ilə Suriya arasında diplomatik və iqtisadi körpü ola bilər”. Lakin Yunanıstanın Vaşinqtonla münasibətləri, ABŞ-ın qlobal maliyyə sistemindəki gücü Afina və Dəməşqin güclü iqtisadi tərəfdaşlığını məhdudlaşdıracaq.

İyun ayında ABŞ-da qəbul edilən “Sezar Qanunu” Suriyaya qarşı geniş və sərt iqtisadi sanksiyalar tətbiq edərək, Əsədin Suriya iqtisadiyyatının mühüm sektorlarında (bankçılıq, inşaat kimi) əməkdaşlığı dünya hökumətləri, şirkətləri və ya şəxsləri üçün riskli hala gətirir.

Elzaer qeyd edib: “Xarici siyasətdə fayda potensial xərclər və pis nəticələrdən daha yüksək olmalıdır. ABŞ Yunanıstan üçün əsas müttəfiqdir və bütün Avropa ölkələri kimi, müvafiq qanun və sanksiyalara riayət etməliyik”.

 

Təhlükəsizlik dinamikasının dəyişməsi

Nəticədə, Yunanıstan özünü dünyanın geosiyasi cəhətdən dəyişkən hissəsində tapır. Aralıq dənizində təhlükəsizlik dinamikasının və bölgədəki güc balansının dəyişməsi Afina üçün problem yaradır.

Yunan rəsmiləri yeni reallıqlara meydan oxuyarkən, açıq şəkildə müəyyənləşdiriblər ki, Əsəd hökuməti ilə münasibətlərin yenidən qurulması Yunanıstanın milli maraqlarına təhdidlərin qarşısını almağa kömək edə bilər.

İrəliyə baxaraq, əsas sual Yunanıstan hökumətinin Dəməşqlə yaxınlaşması üçün Vaşinqtondan, Aİ-nin müxtəlif üzvləri və qurumlarından potensial geri dönüş şəklində böyük bir qiymət ödəməyidir.

Necə olursa-olsun, Yunanıstan hökuməti Suriyaya yaxınlaşaraq, Əsəd əleyhinə siyasət mövzusunda Avropa konsensusunu poza bilər. Bu, Suriya rejiminə beynəlxalq birliyə yenidən inteqrasiya etmə üçün bir təkandır.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə