XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 14:08

Qərblə dialoqa doğru daha bir addım:əfv fərmanında diqqətə alınan və alınmayan nüanslar

efv-1

 

Bayram ərəfəsində yeni əfv fərmanı imzalandı. Novruzu azadlıqda qeyd edəcək 148 nəfər arasında bir neçə siyasi dustaq da var. Ama hələ də həbsxanalarda 100-dən artıq siyasi məhbus azad olunacağı günü gözləyir.

Son əfv fərmanının bu şəkildə çıxması bəzi suallara yol açır: Görəsən, bu fərmanla hakimiyyət qarşıya qoyduğu hədəfə çatdımı? Ən əsası, fərmandan sonra beynəlxalq qurumların Azərbaycana münasibəti dəyişiləcəkmi?

Sözsüz ki, hər bir əfv fərmanı hümanizm aktıdır və ona qiymətin də bu aspektdən verilməsi tələb olunur. Siyasi hədəflər, kiminsə xoşuna gəlib-gəlməmək kimi nüanslar ikinci dərəcəli məsələdir. Fərmana bütün siyasi konyukturalardan  arınmış şəkildə nəzər salsaq, 148 ailəyə bəxş edilmiş sevinc, əlbəttə, ən böyük bayram hədiyyəsidir və təqdirəlayiqdir.

Fəqət o da sirr deyil ki, Azərbaycan hakimiyyəti bu addımı təkcə, məhbus ailələrini sevindirmək üçün verməyib. Başlıca məqsədlərdən biri də ölkəmizə yönələn beynəlxalq təzyiqləri azaltmaq idi. Xüsusilə, prezident İlham Əliyevin ABŞ-a gözlənilən səfəri ərəfəsində bu fərmanın verilməsi mühüm əhəmiyyət kəsb edirdi: ölkə başçısı son bir neçə il ərzində xeyli gərginləşən Qərb-Azərbaycan münasibətlərini yumşaldaraq ABŞ-a səfər etmək istəyir, tərəflər arasında baş tutması gözlənilən danışıqlara xoş övqat körpüsü salmağa çalışır.

Prezident İlham Əliyevin ABŞ səfəri öncəsi Qərbə meylli mövqe nümayiş etdirmək istəyi təkcə əfv fərmanıyla da məhdudlaşmır. Bundan əvvəl onun Türkiyəyə səfəri, Rusiyayla “qanlı düşmən” olan qardaş ölkənin rəhbəri Rəcəb Tayip Ərdoğanla xeyli səmimi görüşmələri və ən çətin anda onunla bərabər olacağına eyham vuran davranışları da əslində buna hesablanmışdı. O, sanki bu jestləriylə iki daş arasında qalan ölkəmizin bacardığı qədər Qərbmeylli siyasət yürütdüyünü “bədən diliylə” anlatmaq niyyətində idi. Türkiyə səfərindən dərhal sonra imzalanan əfv fərmanına bir neçə siyasi məhbusun da əlavə olunması verilən xoş niyyətli mesajların tərkib hissəsidir.

ABŞ-dan gələn reaksiyalara nəzər salanda, əfv fərmanıyla hakimiyyətin öz məqsədinə qismən yaxınlaşdığını da söyləmək olar. İstər ABŞ dövlət katibi Con Kerrinin, istərsə də konqresmen Smitin fərmanla bağlı açıqlamalarında atılan bu addım təqdirlə qarşılanmamışdı. Baxmayaraq ki, hər iki ABŞ rəsmisi bütün siyasi dustaqların azadlığa buraxılmasının vacibliyini də vurğulamışdı.

Sözügedən hümanizm aktı hakimiyyətin Qərblə danışıqlarda, əlaqələri kəsməməkdə maraqlı olduğunu nümayiş etdirir və yəqin ki, rəsmi Bakının atdığı addımlar Azərbaycana qarşı gözlənilən sanksiyaların tətbiqini xeyli yubadacaq da. Nədən ki, bütün beynəlxalq sanksiyalar, adətən, sözün bitdiyi yerdə tətbiq olunur və qarşı tərəfi müzakirə masasına oturmağa məcbur etmək məqsədi daşıyır. Azərbaycan lideri isə əfv fərmanıyla zatən danışıqlara hazır şəkildə ABŞ-a yollanmaq niyyətini ortaya qoydu. Bununla da, imzalanan fərmanla gözlənilən sanksiyaların ən azı vaxtını uzada bildi.

Bütün bu gözləntilərə rəğmən, əfv fərmanının bütün siyasi dustaqlara şamil edilməməsi Azərbaycanın Qərblə münasibətlərini tənzimləməsi perspektivində mühüm əngəl kimi ortaya çıxa bilər. Böyük ehtimalla, vəziyyət sözün bitdiyi nöqtəyə gələndə rəsmi Bakı ondan tələb olunan növbəti addımları da atacaq. Bu mənada əfv fərmanının qərblilərin nöqteyi-nəzərincə yarımçıq verilməsinin rəsmi Bakı üçün həm avantajlı, həm də avantajsız tərəfləri var.

Avantaj bundan ibarətdir ki, Qərbə inteqrasiya mərhələlərlə həyata keçirildiyindən aparılacaq islahatlar da dağıdıcı effekt verməyəcək, tədrici dəyişikliklərlə demokratikləşmə prosesi son hədəfə çatdırılacaq. Beləcə, Rusiyanın aqresiv basqılarını da zərərsizləşdirmək mümkün olacaq.

Avantajsız məqam isə planlaşdırılan bu addımların əks effekt verməsi ehtimalı ilə bağlıdır. Belə ki, istər yeni il, istərsə də Novruz bayramları əfv fərmanlarının verilməsi üçün ən məqbul zamanlar idi. Hakimiyyət bayramların həmrəylik, küsülülərin barışması ənənələrini əsas gətirib bütün siyasi rəqiblərini əfv edə bilərdi və bu da cəmiyyətimiz tərəfindən xoşməramlı addım kimi qiymətləndirilərdi. İndisə bu şans əldən verildi. Bundan sonra beynəlxalq basqılar nəticəsində azadlığa çıxan hər bir siyasi məhbus ictimai rəydə hakimiyyətin geri çəkilməsi assosasiyası yaradacaq və bəlkə də ictimai rəydə təsir gücü zəifləyən iqtidara qarşı mübarizəni stimullaşdıracaq.

Üstəlik, Qərblə yaxınlaşma yolundakı əngəllərin gec aradan qaldırılması siyasi hakimiyyətin ömrünü uzatdığı kimi, üz-üzə qaldığımız iqtisadi böhrandan çıxışımızı da ləngidəcək. Yəni bir tərəfdən tədrici geriçəkilmələr siyasi hakimiyyətin ömrünü uzatdığı halda, başqa bir tərəfdən isə onun əsas sütunu olan iqtisadi durumu yaxşılaşdırmadığı, maliyyə çatışmazlığından doğan sosial problemləri gec aradan qaldırdığı üçün ciddi baş ağrısına səbəb olacaq, ictimai narazılığı artırdığından, hətta təhlükə mənbəyinə çevriləcək.

Hakimiyyətin bu perspektivdən qaçması isə asan görünmür. Çünki neft gəlirlərinin azalmasıyla çətin vəziyyətə düşən ölkə iqtisadiyyatını ayaqda tutmaq üçün beynəlxalq fondların kreditlərinə, maliyyə yardımlarına ehtiyacı var. Öz siyasi xarakterini dəyişməyən, insan hüquqlarına əhəmiyyət verməyən ölkəyə isə ağlı başında olan fondlar və banklar kredit verməz. Zira, beynəlxalq bank və fondlardan götürülən kapitalın geri qaytarıla bilməsi üçün kredit alan tərəfdən əsaslı islahatlara getmək tələb olunur. İqtisadi hüquqlar isə siyasi azadlıqlardan başlayır. Hakimiyyətə qarşı hər hansı tənqidi fikirlərə, korrupsiya faktlarını ortaya çıxartdığına, dinc nümayişlər keçirdiyinə görə vətəndaşlarını həbsxanalarda çürüdən, onlara heç bir mülkiyyət hüququ verməyən dövlət isə heç bir iqtisadi inkişaf perspektivi vəd etmir. Belə xarakterə malik olan siyasi sistem boş-boşuna suyla doldurulmaq istənən dərin çuxura bənzəyir ki, Azərbaycan folklorundan bununla bağlı gözəl bir atalar sözü var: "Quyuya su tökməklə quyu olmaz".

Azərbaycan dibinə tökülən bütün suları əmən bərəkətsiz çuxur olmadığını əməli fəaliyyətilə nümayiş etdirməlidir. Nə yazıq ki, son əfv fərmanı ilə bu məqsədə çatılmadı.

Hər hansı bir əfv fərmanı nə qədər hümanizm aktı olsa belə, bir sıra başqa kriteriyalara da cavab verməlidir. Əks halda, yüksək əxlaqi keyfiyyət olan hümanizm duyğusu öz möhtəvasından ayrılar, tamamilə fərqli dəyərləri qidalandırar. Hümanizm ilk əvvəl hüquq bərabərliyinə zidd olmamalıdır. Eyni cinayəti törədən, eyni ittihama məruz qalan insanlardan biri azadlığa buraxılıb, digəri həbsxanalarda çürüdülürsə, bu, hümanizmdə ayrıseçkiliyə yuvarlanmaq deməkdir. Nə yazıq ki, son əfv fərmanı da bu xüsusiyyətdən xali deyil. İstər eyni etiraz aksiyasında iştirak edən “Nida”çılardan bəzilərinin həbsdə saxlanılıb, bəzilərinin azadlığa buraxılması, istərsə də İsmayıllı hadisəsinə görə həbsə atılan müxtəlif siyasilərə fərqli münasibət bu təzadlı yanaşmanın ən bariz nümunəsidir.

Azadlığa möhtac eyni əməl sahiblərinə göstərilən bu fərqli yanaşmalar ona bənzəyir ki, ac insanlar üçün süfrə açır, onlardan birinə çörək verir, digərini isə qarnını doyurana tamaşa etdirirsən və bu əməlin adını bir də "hümanizm aktı" qoyursan.

İstənilən hümanizm aktı cəmiyyətə müəyyən mesajlar verir, siyasi iradənin gözündə hansı əməlin bağışlanacaq, hansı əməlin isə bağışlanmaz suç olduğunu göstərir. Bu baxımdan Azərbaycanda indiyə qədər qəbul olunan əfv fərmanlarına nəzər salanda qəribə bir paradoksla üzləşirsən. İldə bir neçə dəfə çıxarılan əfv fərmanlarında ən qatı cinayət törətmişlər azad olunduğu halda, konstitusiya hüquqlarına söykənib siyasi mübarizə aparan və buna görə hakimiyyətin qəzəbinə gələnlər gözardı edilirlər.

Hakimiyyətin bu “hümanizm”lə cəmiyyətimizə verdiyi mesajlar qəribə bir mənzərəni ortaya çıxarır. Sanki Azərbaycan insanına təlqin olunur ki, istəsən, dünyanın ən qatı cinayətini törədə, rüşvət ala, ev yıxa, vətənə belə xəyanət edə bilərsən, amma nəbadə, siyasi rejimin mütərəqqiləşməsi haqqında fikirləşəsən. Bu, bağışlanması mümkün olmayan hadisədir və səni ən ağır cəza gözləyir. Bir də ölkədə tuğyan edən cəzasızlıq mühitini buna əlavə etsək, mövcud siyasi hakimiyyətin Azərbaycan xalqına təlqin etdiyi fikirlər qətiyyən ürəkaçan görünmür.

Əlbəttə ki, bu fikirləri dilə gətirərkən, məqsədimiz heç də fərman imzalayan tərəfin adilliyinə, hümanizm duyğusundan uzaq olmasına kölgə salmaq niyyətində deyilik. Səlahiyyət sahibi əfv fərmanı imzalamışsa, deməli, söykəndiyi istinad nöqtəsi həqiqətən də mərhəmət duyğusu olub.

Ölkənin bu qədər problemi varkən, cənab Prezidentin bir də həbsxanalarda kimlərin yatdığını araşdırmaq imkanlarının məhdud olduğunun da fərqindəyik. Onu da anlayırıq ki, məhz buna görə, zati-aliləri kimin mərhəmətə daha layiq olduğunu müəyyənləşdirmək üçün Əfv Komissiyasi deyilən qurum yaradıb. Həmin komissiya da məhbusları saf-çürük etdikdən sonra siyahı hazırlayıb, onun hüzuruna çıxarıb. Siyahıya salınanlar arasında bir neçə siyasi məhbusun olması, mümkündür ki, Prezidentin diqqətindən qaçmayıb və bəlkə də o, əfvə layiq olanların siyahıdakılarla məhdudlaşdığını fikirləşib. Bu mənada ölkə başçısının sözügedən əfv təşəbbüsünü ancaq alqışlamaq olar.

Amma gərək ona bu siyahını təqdim edənlər də öhdələrinə qoyulan məsuliyyəti dərindən anlaya, dustaqları saf-çürük edərkən, yuxarıda zikr etdiyimiz nüansları da nəzərə alaydılar.

 

Heydər OĞUZ

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə