XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2020 - 23:34

NAVALNI SABAH ALMANİYAYA APARILIR- Qərb Navalnını tək qoymur, Britaniya Parlamenti təcili araşdırma tələb edir...

Tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnının müalicə üçün Almaniyaya aparılmasına, nəhayət ki, icazə verilib. Navalnının mətbuat katibi Kira Yarmış bildirib ki, uçuş sabah – avqustun 22-də səhər saatlarında baş tutacaq.

Qeyd edək ki, Almaniya Navalnı üçün içərisində həkim briqadasının olduğu təcili yardım təyyarəsi göndərib. İlk başda rusiyalı həkimlər Navalnının xəstəxanadan çıxarılmasına icazə verməmişdilər. Bildirmişdilər ki, Almaniyaya göndərilməsi üçün pasiyentin səhhətinin tam sabitləşməsinə nail olmaq lazımdır.

Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub. Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib ki, xəstənin orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri aşkarlanmayıb.Yaxın ətrafı isə Navalnının zəhərləndiyinə inanır.

Xatırladaq ki, Navalnı bir neçə gün əvvəl Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi hazırda komadadır. Sabah onu Almaniyanın “Charite” xəstəxanasına yerləşdirəcəklər.

Fransız dilindən tərcümədə “Charite” “xeyriyyəçilik” və ya “mərhəmət” deməkdir. Avropanın ən böyük xəstəxanalarından olan “Charite” Berlin Universitetinin nəzdində fəaliyyət göstərir. Klinika Almaniyanın hüdudlarından kənarda da çox məşhurdur.

Əsası 1710-cu ildə qoyulan bu xəstəxana tuan xəstələrinin müalicəsi üçün qurulsa da, sonradan çoxşaxəli tibb mərkəzinə çevrilib. Xəstəxana kompleksində ümumilikdə 3000 çarpayı var, 13 000 işçi çalışır və ildə burada ümumilikdə 800.000 (ambulator, stasionar) pasiyent müalicə alır.

Adi vətəndaşlarla yanaşı, dünyanın dörd bir tərəfindəki məşhurlar da müalicə üçün bu klinikaya gəlir. Məsələn, kansler Angela Merkel 2011-ci ildə “Charite”də diz əməliyyatı keçirib. Almaniyanın hazırkı prezidenti Frank-Valter Ştaynmayer isə bu klinikada öz xanımı üçün böyrək donoru olub.

2014-cü ildə (iki il yarım həbsdən sonra) Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko da burada müalicə alıb. Timoşenkonun müalicəsi öz hesabına olub.

“Mediazona” onlayn nəşrinin təsisçisi Pyotr Verzilov Navalnının “Charite”də müalicəsi üçün şəxsən danışıqlar apardığını bildirib. 2018-ci ilin sentyabr ayında Verzilov özü də oxşar vəziyyətlə üzləşmişdi. Qəfildən özünü pis hiss etmiş, görmə, nitq və hərəkət qabiliyyətini itirməyə başlamışdı. Moskva xəstəxanasında reanimasiya şöbəsində bir neçə gün qaldıqdan sonra “Charite”yə köçürülmüşdü.

Alman həkimlər Pyotrun zəhərləndiyini desələr də, zəhərlənmənin hansı maddə ilə olduğunu təsbit edə bilməmişdilər. Pyotr zəhərlənməsini qisas adlandıraraq, bunu 2018-ci ilin yayında Mərkəzi Afrika Respublikasında üç rus jurnalistin öldürülməsi ilə bağlı apardığı araşdırma ilə əlaqələndirmişdi.

“Twitter”də Verzilov öz simptomlarını Navalnının simptomları ilə müqayisə etdiyini və zəhərlənmələrin çox oxşar olduğunu yazıb.

Bu arada, Britaniya Parlamentinin hər iki palatasının bir qrup üzvü Rusiyanın Londondakı səfirinə Aleksey Navalnının zəhərlənmə iddiaları ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, məlum iddia ilə bağlı təcili olaraq beynəlxalq təhqiqatçıların rəhbərliyi ilə müstəqil araşdırma aparılmalıdır.

Müraciəti imzalayanlar arasında həm hakim Mühafizəkarlar Partiyasından, həm də müxalif Leyboristlər Partiyasından olan aparıcı millət vəkilləri var. Onların fikrincə, müstəqil beynəlxalq araşdırma bu hadisədə Rusiya hökumətinin birbaşa iştirakı ilə bağlı şübhələri aradan qaldırmaq üçün yeganə yoldur.

Tərcümə Strateq.az-ındır