XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 23:50

TƏBİİ QAZIN KƏŞFİNDƏN SONRA TÜRKİYƏ-ABŞ MÜNASİBƏTLƏRİ:ABŞ Türkiyə və Almaniyanın ortaq düşməninə çevrilir

Ərgün Dilər

“Takvim” qəzeti, Türkiyə, 22 avqust 2020-ci il

 

Türkiyə, dünya böhran içində olduğu bir vaxtda çox əhəmiyyətli addımlar atır. Təbii qazın kəşf olunması bunun bir göstəricisidir. Öz marşrutu ilə getmək istəyən ölkənin, qlobal sistemdə öz yerini tutmaq istəyən ölkənin pulu, enerjisi və ordusu olmalıdır. Bunlar olmazsa, mümkün deyil. Türkiyə dövləti əhali və təsir dairəsi olaraq geniş bir coğrafiyaya rəhbərlik edir. 

Qazaxıstandan Bosniyaya, Somalidən Liviyaya qədər Türkiyə öz sözünü deməyi bacarır və bunu ən yaxşı xaricilər bilir.

COVİD-19 ilə başlayan böhran yeni sistemi hələ ki, gətirə bilməyib. Ancaq biz fərqində olmasaq da, bağlı qapılar arxasında böyük anlaşmalar, alışverişlər, görüşmələr həyata keçirilir. Bunlar içində ən önəmlisi isə kəşfiyyat işidir.

Türkiyə kəşfiyyatı ilə xarici kəşfiyyat orqanları çox böyük rəqabət içərisindədirlər. Ən dəyərli məsələ informasiyadır. Bunu isə artıq hər kəs fərqindədir.

Türkiyənin 3 dənizdə –  Aralıq, EgeyQara dənizdə atdığı addımlar dünyanın bütün paytaxt şəhərlərində anbaan izlənilir. İzləyənlərin özləri də elə öz aralarında böyük bir qarşıdurma yaşayırlar. Gəlin, buna bir misal göstərək. Kəşfiyyat orqanları arasında baş vermiş, amma hələ heç kəsin xəbərdar olmadığı bir hadisəni sizinlə bölüşürəm. ABŞ “Nord Stream” (Şimal axını) layihəsi üçün Almaniyaya sərt reaksiya göstərdi. Hətta ABŞ dövlət katibi Maykl Pompeo bir müddət öncə belə bir fikir səsləndirmişdi: “Bunu açıq-aşkar deyirəm. “Türk axını” və “Şimal axını 2” layihələrində bütün ölkələrə sonuncu dəfə xəbərdarlıq edirəm. Ya bu layihələrdən əl çəkin, ya da ortaya çıxacaq böyük bir riski gözə alın. Bu, səssiz yox, ciddi bir xəbərdarlıqdır, nəticəsi çox ağır olacaq”.

Türkiyə Almaniya ilə bir çox məsələdə üz-üzə gəlsə də, bir anda qarşılarına ortaq rəqibləri çıxmışdı.

Sistem hələ öz yerini tapmadığı üçün bu, normal idi. Elə bu problemi də həll edib, aradan qaldırmaq üçün ABŞ və Almaniyanın kəşfiyyat rəhbərləri görüş keçirdi. Almaniya Xarici Kəşfiyyat Xidməti (BND) rəhbəri  Bruno Kahl ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəsmisi Gina Haspel arasında bir müddət öncə tarixi mübahisə yaşandı.

Gina Haspel özündən bir müddət əvvəl həmin kresloda oturan Mayk Pompeodan heç də fərqli davranmadı, eyni münasibəti göstərdi.  Haspel “Şimal axını” layihəsini rədd edirik. Bu, ABŞ-ın beynəlxalq təhlükəsizliyində problem yaradacaq məsələdir.  Rusiya və Almaniya ittifaqına qarşı addım atacağıq. Bu isə uzun müddət davam edən Vaşinqton-Berlin münasibətlərini korlaya bilər” deyə, bildirdi. Bu ifadələr mübahisə zamanı işlədiləsi sözlər deyildi. Bəs elə isə Haspelin həmsöhbəti olan Kahl bu ifadələrə necə münasibət bildirdi?  Bu da çox maraqlıdır. “Almaniyanın öz qərarlarını verə biləcək qədər suveren ölkə olduğunu artıq xatırlatmaq istəmirəm” –  deyə, Kahl Haspelə cavab verib.

Ancaq Vaşinqton Berlini özünün 51-ci əyaləti kimi görür. “Bizim üçün artıq müzakirə edəcək bir məsələ yoxdur” deyə cavab verilib.

Alman mətbuatı gizli görüş zamanı yaranan bu mübahisəni gözardı etsə də, həqiqət ortadadır. Vaşinqton Rusiyadakı Vibborq şəhərini Almaniyanın Qreyfsvalt şəhəri ilə birləşdirən “Şimal Axını”nı öz milli təhlükəsizliyinə hücum kimi dəyərləndirir. Artıq Vaşinqton üçün bu mövzu bağlanıb. Əslində qəribə olan Almaniyanın verdiyi sərt qarşılıq hesab olunur. Almaniya nəyə güvənir? Bu, önəmli sualdır.

Çünki yeni sistem qurulmadı, qurula bilmədi. İndi hər kəs özünə böyük pay götürə bilmək üçün öz gücü nisbətində meydandadır.  İndi Gina Haspelin verdiyi hesabata görə, Almaniya hədəfə alınacaq.  Başda “Deutsche Bank” (Alman Bankı) olmaqla, 20 alman şirkəti və qurumu üçün siyahı hazırlanıb. Aralarında “Wintershall, Ruhrgas”, “N.V. Nederlandse Gasunie” və Fransanın “GDF-SUEZ “ kimi şirkətləri də var. Vaşinqton adı çəkilən bu şirkətlərə ağır zərbə vuracaq.  Əlbəttə bütün bunlar mərhələli şəkildə ediləcək.  Onsuz da bunu açıqlayıblar, yəni gizlin deyil.  Edə biləcəklər, ya yox? Bunu görəcəyik.

Ancaq əsl məsələ bu kimi görünsə də, bu deyil. Əsl məsələ Çindir. Dəfələrlə yazdığım kimi, yenə də Çin.

Almaniyanın Çinlə də gizli əməkdaşlıq etməsi barədə MKİ rəsmi Vaşinqtona hesabat verib. Çinlə Almaniya qarşı-qarşıya gələrkən, bağlanmayan qapılar arxasında çox önəmli razılıqların əldə olunması Vaşinqtonda müsbət qarşılanmadı. Təzyiq daha da artdı.

Enerji isə dünyanın ən önəmli gerçəyidir. ABŞ heç bir zaman ölkələrin enerji müstəqilliyinin olmasına razı deyil. Bu, açıq-aşkardır. Enerji məsələsində yeraltı sərvətlərinə sahib olan ölkələrin ABŞ tərəfindən necə hədəfə çevrildiyini gördük. İndi Almaniya ABŞ ilə qurduğu böyük ittifaqın sonunu gətirəcək “Şimal Axını” layihəsini həyata keçirərkən, yəqin ki, bunu ardını da fikirləşib.

Almaniyanın daxilində müxalifətlərdən bu mövzuda Merkelə ciddi iradlar var. Əgər  Almaniya ABŞ ittifaqından çıxıb, Rusiya və Çinlə yeni bir əməkdaşlığa başlasa, heç kimin təxmin edə bilməyəcəyi hadisələri yaşayacağıq. Bunun mərkəzi də elə Almaniya olacaq.  Pompeo da, Haspel də bunu yaxşı bildikləri üçün Almaniyanı təhdid edirlər.

İngilis coğrafiyaşünası Halford Makinder, dünyanın ürəyinin  Atlantik və Sakit okeana bərabər məsafədə yerləşən Xəzər olduğunu söyləyir. O, qeyd edir ki, kim Şərqi Avropanı idarə etsə, dünyanın qəlbini idarə edər, kim də dünyanın qəlbini idarə edərsə, dünyanı idarə edər.

Elə Zbiqnev Bjezinski də bu fikrə çox da uzaq olmayan bir ifadə səsləndirmişdi. ABŞ diqqətini Rusiyanın Avropanı özünün şəxsi qaz anbarı halına gətirməsindən çox, başqa məsələlərə ayırır. “Şimal Axını”nın həyata keçməsi ilə Ukrayna bundan kənarda qalır. Almaniya Avropanın idarəsini ələ keçirir. Burada əsl önəmli məsələ isə Şərqi Avropanın Almaniyanın nəzarətinə keçməsidir. Başqa sözlə, Çinədək uzanan xəttin qapıları daha da açıla bilər. Məsələ burasındadır.

ABŞ-ın dünya üzərindəki rəqibi Çindir. Ortada qalan hər bir dövlətə də bu səbəbdən təzyiq göstərir. Bizə etdiklərini indi başqalarına da edirlər. Yeni yaranacaq sistem öz yerini alanadək hələ çox belə hadisələrin şahidi olacağıq. Layihənin qarşısını almaq heç də mümkün görünmür. Bu isə qarşıdurmanın miqyasını daha da böyüdəcək.

İndi hər kəsin bir-biri ilə üz-üzə gəldiyi bir vaxtda Türkiyənin dənizlərdə apardığı siyasətlə öz suverenliyini daha da gücləndirməsi və yeni enerji mənbələri kəşf etməsi olduqca önəmli bir hadisədir.

Türkiyə həm müharibə edir, həm də bununla birlikdə irəliləyir. Maliyyə əməliyyatlarını da bu çərçivədən qiymətləndirin. Hücumlara bu pəncərədən baxın. Nə üçün dollar və avro ilə hücuma keçdiklərini də unutmayın. Bu, müharibədir.

QEYD: Belarusda yaranan qarışıqlığa da bu pəncərədən baxın.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə