XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 23:33

AB-nin ŞƏRQİ ARALIQ DƏNİZİ SİYASƏTİNDƏ ALMAN VASİTƏÇİLİYİ:problemə qlobal güclər də müdaxilə edirlər - TƏHLİL

Dr. Filiz Cicioğlu 

Anadolu Agentliyi, Türkiyə, 26.08.2020-ci il

 

Bir ölkə Avropa Birliyinə (AB) üzv olmaq istədikdə, Avropa Şurasına müraciət edir. Şura bu müraciəti Avropa Komissiyasına göndərərək “rəyini” (AVIS) alır. Komissiyanın rəyi məcburi olmasa da, bu ənənəvi qaydaya əməl olunur. AB tarixində bu qaydada yalnız bir istisna var: Yunanıstanın üzvlüyə qəbul olunması.

Yunanıstan 1959-cu ildə Türkiyə ilə birlikdə ortaq namizədlik, 1975-ci ildə isə tam üzvlük üçün ittifaqa müraciət etdi. Komissiya onun aqrar ölkə olduğunu və dövlət çevrilişləriylə zəngin tarixini əsas gətirib, üzvlüyə layiq görmədi. Bu mənfi AVİS-ə (rəyə) baxmayaraq, Avropa Şurası siyasi bir qərarla, konvensiyalara əməl etmədən ölkənin üzvlük prosesinə start verdi. Beləliklə, Yunanıstan AB-yə daxil olmaq sahəsində Türkiyədən qabağa keçməyi bacardı, Türkiyə isə birliyin xaricində qaldı.

Yunanıstanı ittifaqa üzv kimi qəbul edərkən, onun bu statusundan Türkiyəyə qarşı istifadə etməyəcəyinə dair söz verən AB bu vədini ən qısa müddətdə unutdu. Afina da qırx illik müddət ərzində Birliyin üzvü olmasından Ankaraya qarşı hər fürsətdə faydalandı. Xüsusilə 1990-cı illərdə AB-nin Türkiyə ilə verdiyi hər qərarda veto hüququndan istifadə edərək qonşusunun AB-yə üzvlük prosesini ləngidən əsas amilə çevrildi.

2000-ci illərin əvvəllərində hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyası (AKP) özəlliklə hakimiyyətinin ilk illərində AB-nin siyasətinə böyük diqqət ayırırdı və bunun fonunda AB ilə danışıqlar prosesinə başladı. Lakin sonrakı dövrdə yaşanan bir çox böhranlar münasibətlərdə gərginliyinin artaraq davam etməsinə gətirib çıxardı. Bu vəziyyəti yaradan faktorlardan biri Cənubi Kipr Administrasiyasının Aİ-yə daxil olmasıdır. Beləliklə, Yunanıstan tərəfində biri də onun “yavru vətəni” Cənubi Kipr ittifaqa əlavə edilmiş oldu. Yunanıstan və Cənubi Kiprin Türkiyə ilə danışıqlar prosesini əngəlləməsinə etiraz etməyən AB-nin institutları və liderləri vaxtaşırı izlədiyi bu siyasəti şübhə altına alır, “yaramaz uşaq” təsiri bağışlayan Yunanıstanı düşdüyü iqtisadi böhranlardan xilas etməyə çalışır və Cənubi Kiprin yaratdığı problemlərlə mübarizə aparır.

AB-nin son illərdə ümumi xarici siyasət yeritməyə məcbur olduğu sahələrdən biri Şərqi Aralıq dənizi regionudur. Şərqi Aralıq dənizində enerji ehtiyatlarının kəşfi və istismarı ilə bağlı mübahisənin kökündə beynəlxalq hüquq baxımından sərhəd məsələsi dayanır. Bu mübahisələr sahilyanı dövlətlər arasında danışıqlar və sazişlərlə həll olunmalıdır. Lakin sahilyanı dövlətlər arasında siyasi problemlər masa arxasında oturub həll yolu tapmağa imkan vermir. Türkiyənin Misir, İsrail və Suriya ilə diplomatik münasibətlərində gərginlik, Şimali Kirp Türk Respublikasının tanınması məsələsində Türkiyənin beynəlxalq səviyyədə təklənməsi, eyni şəkildə Türkiyənin də Şimali Kipri tanımaması və Liviyadakı sabitliyin pozulması Ankara ilə AB arasındakı anlaşılmazlığın əsas səbəbləridir. Bu, Şərqi Aralıq dənizi regionunda razılaşmanın və əməkdaşlığın yaxın zamanlarda baş tuta bilməyəcəyini göstərir.

Sahilyanı ölkələrdən başqa, problemə qlobal güclər də müdaxilə edirlər. ABŞ, Rusiya və Çin ilə yanaşı, AB problemin tərəfləri olan iki üzv (Yunanıstan və Şimali Kipr) və onların danışıqlar apardığı ölkə (Türkiyə) ilə polemikalara da qatılırlar. İttifaqın iki mühərriki gücü olan Almaniya və Fransa problemin subyektinə çevrilirlər. Hər addımda AB-də ümumi xarici siyasət formalaşdırmaq çağırışı ilə çıxış edən və bu səbəbdən Avropa ordusunun yaradılmasının tərəfdarı olan Fransa prezidenti Emmanuel Makronun Aralıq dənizinə marağının bir başqa səbəbi uzun zamandan bəri Almaniyanın ələ keçirdiyi  AB liderliyini bərpa etmək istəyidir.

Hakimiyyətə gəldikdən sonra ölkədə başlayan “sarı jiletli”lərin etirazları Makronu daxili siyasətdə sıxışdırdığı üçün xarici siyasətdə aktivləşməyə vadar edir. Göründüyü kimi, Paris Şərqi Aralıq dənizi məsələsində Yunanıstan, Cənubi Kipr və Misir kimi regional subyektlərlə, həmçinin Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi bölgədənkənar müttəfiqlərlə birgə fəaliyyət göstərir və AB-ni Türkiyəyə qarşı cəbhədə yer almağa inandırmağa çalışır. AB-nin zaman-zaman bu siyasətin orbitinə daxil olması da Ankara ilə Brüssel arasında gərginliyi artırır.

İyulun əvvəlindən etibarən AB-nin sədri postunu tutan Almaniyanın Şərqi Aralıq dənizi regionundakı siyasəti Fransa kimi təcavüzkar və müdaxiləçi deyil. Və ya onun müdaxiləsi daha çox tərəflər arasında vasitəçi rolunu oynamağa yönəlir.

Zənnimizcə, Merkel bir neçə cəhətdən Fransa kimi, Türkiyəyə qarşı sərt mövqe sərgiləməyəcək. Əvvəla, ona görə ki, başını daxili siyasətdə çox ağrıdan qaçqınlar probleminin həllində Türkiyəyə hələ də ehtiyacının olduğu anlayır.

Digər tərəfdən, onun Türkiyə ilə güclü iqtisadi və ticari münasibətləri, həmçinin Türkiyənin çıxaracağı təbii qazdan istifadə ilə bağlı gözləntiləri var. İsrail, Yunanıstan və Cənubi Kipr yanvarın 2-də Afinada Şərqi Aralıq dənizi regionunun təbii qazının Avropaya nəqlinə dair saziş imzalayıblar. Güman edilir ki, bu sazişlə İtaliya, daha sonra isə Fransa da daxil olmaqla Cənubi Avropanın təbii qaza tələbatı ödəniləcək. Almaniya isə öz təbii qazını Rusiyanın “Şimal axını-1” və “Şimal Axını-2” xətləri ilə qarşılayır. Beləliklə, Şərqi Aralıq dənizi regionundan çıxarılacaq təbii qaz Almaniya üçün Fransa qədər vacib deyil; əksinə, o, Rusiyanın təbii qazına alternativdir.

Bundan başqa, əgər buradan hasil olunacaq təbii qaz Almaniyanın “Şimal Axını-2” qaz kəməri vasitəsilə Rusiyadan alacağı təbii qazla rəqabət aparacaqsa, prosesin mümkün qədər gecikməsi rəsmi Berlinin maraqlarına cavab verir.

Xüsusilə Türkiyə ilə Yunanıstan arasında yüksələn gərginliyi azaltmağa çalışan Almaniya kansleri Angela Merkel ilk etapda hər iki tərəflə ayrı-ayrı görüşlər keçirərək bu məqsədinə nail olmuş kimi görünsə də, AB üzvü ölkələrinin liderləri ilə video-konfrans formatlı fövqəladə sammitin ardından keçirdiyi mətbuat konfransında narahatlığını ifadə edərək deyib: “Aralıq dənizinin şərqindəki gərginliklə bağlı ümumi narahatlığımızı bildirdik. Gərginliyi azaltmaq üçün hər cür səy göstərilməlidir; bu vəziyyət çox təhlükəlidir. Yunanıstana və Cənubi Kiprə bildirdik ki, onlarla həmrəyik. Çünki təhlükədə olan şey onların “neytral” mövqelərinə kölgə salan hüquqlarıdır”.

Yunanıstana “Almaniyanın və bütün AB-nın həmrəylik” qarantiyasını bəyan edən oxşar ifadələr Almaniyanın Xarici İşlər naziri Heiko Maasın dünən Yunanıstana səfəri zamanı səsləndirilib.

Problem hələ davam edərkən Almaniyanın iki ölkəni Xarici İşlər naziri səviyyəsində bir-birinin ardınca ziyarət etməsi bu görüşlərdə mümkün həll formullarını gündəmə gətirdi. Birinci düstura görə, Türkiyə-Yunanıstan danışıqlarına Kipr məsələsi də əlavə edilərək daha uzun zamana yayılan müzakirə prosesinə başlanılacaq. Bu düstur Cənubi Kipr Rum Rəhbərliyi və Kipr məsələsində çözümsüzlüyü dəstəkləyən Yunanıstan tərəfindən istənilməyəcəkdir.

İkinci düsturda rum rəhbərliyi ilə Türkiyə arasında gizli danışıqların aparılması nəzərdə tutulur. Aİ-ni dövriyyədən çıxardığı üçün bu düstura üstünlük veriləcəyi gözlənilmir.

Üçüncü düstur isə Türkiyə tərəfindən təklif olunur. Bu təklifə əsasən, bütün bölgə ölkələri bir araya gəlir, Türkiyə və Yunanıstanla eyni masada Şimali və Cənubi Kipr də əyləşir, AB-yə sədrlik edən Almaniyanın başçılığı ilə müzakirələr başlayır. Bu düstur problemin həlli ilə əlaqədar tərəflərin səmimiliyini göstərmək üçün ən uyğun həll variantı kimi görünür.

Sonuncu düsturla əlaqədar olaraq, AB daxilində ən müxtəlif planlar müzakirə olunur. Bunlardan biri, Avropa Sabitlik Təşəbbüsü (ESI) adlı düşüncə mərkəzinin rəhbəri Gerald Knaus tərəfindən irəli sürülüb. Knausun təklifinə əsasən, Şərqi Aralıq dənizi regionunda gərginliyin daha da artması, hərbi münaqişələr, iqtisadi sanksiyalar hər iki tərəfə zərər verir, üstəlik, Türkiyə kimi, Yunanıstan iqtisadiyyatı da böhran içindədir, buna görə də tərəflər bir-iki illiyinə təbii qaz tədqiqatlarına moratorium qoyur və “qazan-qazan” formulu inkişaf etdirilir.

Knaus 1950-ci ildə Avropa Kömür və Polad Birliyini quran Şuman Planına bənzər bir təşəbbüslə, Aralıq dənizinin sahilyanı ölkələrinin rəqabət əvəzinə əməkdaşlığa müraciət edə biləcəyinə və alternativ enerji mənbələrinə dəstək verməklə təbii qaz kəşfiyyatındakı gərginliyin geridə qalacağına inanır. Almaniyanın tərəfləri bu plana inandıran ən yaxşı ölkə olması Knausun digər təklifləri arasındadır. Ancaq bu planın ən əsas problemi tərəflərin güzəştə getməsi ilə bağlı olacaq. Çünki hər iki ölkənin liderləri öz xalqları qarşısında bu mənbələrdən imtina edən bir mövqedə görünmək istəməyəcəklər. Digər bir problem AB-nin həqiqi bitərəf iradə göstərə bilməməsidir.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə